reklam
» » Tramp Ərəbistana niyə getmişdi? - Səfərin pərdəarxası məqamları

Tramp Ərəbistana niyə getmişdi? - Səfərin pərdəarxası məqamları

ABŞ prezidenti Donald Tramp ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib. Tramp səfər zamanı Ərəb-İslam-Amerika Sammitində iştirak edib. ABŞ prezidentinin ilk xarici səfərini uzaq Ərəbistana etməsi dünyanın ən çox müzakirə olunan mövzusuna çevrilib. Bir çoxları hesab edir ki, Trampın ilk səfəri müsəlman ölkəsinə yox, Vatikana olmalı idi.

Kifayət qədər geniş müzakirələrə səbəb olan bu səfərinin əsas məqsədi, pərdəarxası məqamları nədən ibarətdir?

 Politoloq Qabil Hüseynli AzVision.az-a bildirib ki, ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri Vaşinqton-Ər-Riyad arasındakı strateji müttəfiqliq əlaqələrini möhkəmləndirəcək.

"Eyni zamanda, Tramp demək olar ki, müsəlman ölkələrinin əksəriyyətini bir araya gətirə bildi və müsəlman dünyası ilə ABŞ - xristian dünyası arasında körpü yaratmağa çalışdı. Bəziləri bunu "Müsəlman NATO”sunun yaradılması kimi, bəziləri isə müsəlmanlar arasında sünni-şiə qarşıdurmasının gücləndirilməsi kimi xarakterizə edir. Amma, belə hesab etmək mümkündür ki, bütün müsəlmanların bir araya gətirilməsi baxımından səfərin əhəmiyyəti olduqca böyükdür. Bununla belə Trampın simasında ABŞ-ın buna sadiq qalıb-qalmayacağını söyləmək çətindir. Çünki, Trampın əsas məqsədi Səudiyyə Ərəbistanına 350 milyard dollarlıq silah satmaq idi ki, buna da nail oldu”.

Q.Hüseynli hesab edir ki, Tramp və yaxud hər hansı bir üçüncü dövlətin nümayəndələri, müsəlman ölkələri arasında həmrəylik yaratmaq kimi ağsaqqalıq missiyasını öz üzərinə götürməməlidir: "Müsəlman dövlətləri öz aralarındakı mübahisəli, xüsusilə məzhəb ayrılıqları ilə bağlı məsələləri bir dəfəlik aradan götürməlidir. Bu məsələdə Səudiyyə Ərəbistanı və İran əsas proseslərə fon verir. Güman edirəm ki, bu məsələlərdə iki dövlət arasındakı münasibətləri nizama salmaq müsəlman dünyasında həmrəyliyə nail olmaq kimi məsələni həll edərdi. Amma, təəssüflər olsun ki, bu görünmür. İranın özü də bu sammitə dəvət edilməmişdi. Ona görə də bu tədbiri ələ salan müxtəlif rəylər verir. Məsələnin qaydaya qoyulması üçün müsəlman dünyası, necə ki, Bakıda İslam Həmrəyliyi Oyunları keçirildi, bu şəkildə müxtəlif siyasi, idman, mədəni tədbirlərində birlik nümayiş etdirməlidirlər. Məzhəbçilik qətiyyətlə aradan qaldırılmalıdır. Məzhəbçiliyə yön verən İran və Səudiyyə Ərəbistanı anlamalıdır ki, Tramp və ya bir başqası olsun, məzhəbçilik ideologiyası ilə müsəlmanları birləşdirmək mümkün olmayacaq. Bununla belə müsəlman dövlətlərinin bir araya gəlməsi baxımından Trampın Səudiyyə Ərəbistanına səfəri və orada keçirilən sammit olduqca əhəmiyyətlidir”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə qeyd edib ki, Yaxın Şərqdə ABŞ və İngiltərə siyasətini Səudiyyə Ərəbistanı həyata keçirir: "OPEC-də neftin qiymətinin qalxıb-enməsi, dolların məzənnəsinin müəyyən olunmasıda Səudiyyə Ərəbistanın mövqeyinin qeyri-adi dərəcədə əhəmiyyəti var. ABŞ-ın dünya siyasətində oynadığı rolda, xüsusilə neft siyasətinin əsas açarlarından biri Səudiyyə Ərəbistanıdır. ABŞ prezidenti Donald Tramp ilk xarici səfərini Səudiyyə Ərəbistanına etməklə mesaj verir ki, bu ölkə ABŞ üçün nə qədər əhəmiyyətlidir. Çünki, ABŞ neft siyasətini Səudiyyə Ərəbistanı vasitəsilə müəyyən edir. Təsadüfi deyil ki, sammitə dəvət edilənlər neft ölkəsi olan müsəlman dövlətləri idi”.

Partiya sədrinin sözlərinə görə, Səudiyyə Ərəbistanın bütün ordusu ABŞ-ın, neft sənayesi isə Böyük Britaniyanın nəzarəti altındadır: "Yəni, faktiki olaraq Tramp ABŞ-ın bir ştatına gedib. Səudiyyə Ərəbistanı İsraillə ən xoş münasibətdə olan ölkədir. Səudiyyə Ərəbistanı İranın və Suriyanın, yəni şiə siyasi gücün qarşısında duran ən radikal əks məzhəbə sahib olan dövlətdir. Ona görə də bu səfər islam dünyasını parçalamaq, İranı blokaya salmaq, Suriyadakı hadisələrdə irəliləyiş əldə etmək üçün bir mesaj idi”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə xatırladıb ki, Tramp seçki kampaniyası dövründə həm müsəlmanlar, həm də Səudiyyə Ərəbistanı əleyhinə fikirlər söyləyib:

"O, deyirdi ki, Amerikanın dəstəyi olmadan Səudiyyə Ərəbistanı bir gün də mövcud ola bilməz. Trampın seçki kampaniyasında nə deməsindən asılı olmayaraq onun Səudiyyə Ərəbistanına səfəri uğurlu alındı. Birincisi, Tramp Ər-Riyadda dünya tarixində bənzəri olmayan böyük silah anlaşmasına imza atdı. Bu anlaşmaya görə, Amerika 10 il ərzində Səudiyyə Ərəbistanına astronomik məbləğdə – 350 milyard dollar civarında silah və müxtəlif hərbi avadanlıqlar satacaq. Bu anlaşma Səudiyyə Ərəbistanının hərbi imkanlarını dəfələrlə artırmağa və Fars körfəzində əsas gücə çevrilməsinə şərait yaradacaq. Tramp üçün isə bu anlaşma onun xarici və daxili siyasətdə ilk böyük uğuru sayıla bilər. Çünki, bu anlaşma hesabına Amerikanın gəlirləri artracaq və onminlərlə yeni iş yerləri açılacaq”.

Politoloq bildirib ki, Trampın Səudiyyə Ərəbistanına səfərinin ikinci hissəsi Ərəb-İslam-Amerika Sammitində iştirak etmək idi: "Reallıqda isə söhbət Ər-Riyadda "İslam NATO”su deyilən qurumun yaradılmasının təməlinin atılmasından gedirdi. Bu ideya Trampa məxsus deyil. Ondan əvvəl Barak Obama administrasiyası da bu ideyanı dəstəkləmişdi. Əslinə qalsa ideyanın müəllifi Malayziyanın keçmiş baş naziri Mahatir Muhammaddır. O, bu təklifi 2005-ci ildə irəli sürüb. Daha sonra təşəbbüsü Səudiyyə Ərəbistanı ələ alaraq Malayziya baş nazirinin ideyasını reallığa çevirmək üçün praktik addımlar atmağa başladı. Səudiyyə Ərəbistanında Trampın da iştirak etdiyi toplantıya 40 dövlət başçısı və baş nazir qatıldı. ABŞ özü yeni yaranan quruma üzv olmayacaq. Ancaq aydındır ki, Vaşinqton "İslam NATO”suna hər cür dəstək verəcək. Alyansın lideri isə şəksiz Səudiyyə Ərəbistanıdır. Misir, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri də yeni təsis olunan qurumda ön planda olacaqlar”.


Paylaş:


Müəllif : Tarix:
23-05-2017, 23:18
  
loading...