X
Kardioloqlardan ilginc açıqlamalar: sini ürəkli səfir, 2 milyonluq əməliyyat və ölümlərin 50 faizinin səbəbi... » Regionxeberleri.com Kardioloqlardan ilginc açıqlamalar: sini ürəkli səfir, 2 milyonluq əməliyyat və ölümlərin 50 faizinin səbəbi... » Regionxeberleri.com

reklam
» » Kardioloqlardan ilginc açıqlamalar: sini ürəkli səfir, 2 milyonluq əməliyyat və ölümlərin 50 faizinin səbəbi...

reklam

Kardioloqlardan ilginc açıqlamalar: sini ürəkli səfir, 2 milyonluq əməliyyat və ölümlərin 50 faizinin səbəbi...

Bakı Ürək Mərkəzində Azərbaycanda ürək xəstəliklərinin profilaktikasında, erkən diaqnostikasında və açıq ürək əməliyyatlarının icrası sahəsində əldə olunmuş nailiyyətlərə həsr olunan mətbuat konfransı keçirilib.

 Konfransda ürək Mərkəzinin rəhbərliyi ilə yanaşı Azərbaycan Kardiologiya Cəmiyyətinin sədr müavini, S.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri, professor Tofiq Cahangirov və M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin cərrahı, professor Fuad Abdullayev də iştirak edib. Mütəxəssislər bu xəstəliklərin dünyada və ölkədə geniş yayıldığına diqqət çəkərək maraqlı məqamlara toxunublar. 
 


Xəstəliklərin "padşahı” - 57,8 insanın dünyadan köçməsinə səbəb olan xəstəlik

Rəşad Mahmudov qeyd edib ki, Azərbaycanda ötən il baş vermiş ölümlərin 57,8 faizinin səbəbi ürək-damar xəstəlikləri olub. Onun sözlərinə görə, bu problem bütün dünya üçün aktuallığını qoruyur: "Bu qədər önəmli xəstəliklə mübarizə səhiyyə sisteminin də, dövlətin də prioritet istiqamətlərindəndir.
Bu gün ölkəmizdə sahəyə ayrılan diqqət, xüsusən kadr potensialının hazırlanmasında son illərdə görülən işlərlə postsovet məkanında ilk yerdəyik. İcbari tibbi sığorta sahəsində aparılacaq islahatlarla birlikdə bu potensialı daha da artıracağıq. Kadr potensialı əlimizdə varkən maddi-texniki bazamız da göz qabağındadır".

"Heç kim öz ölüsünün donor olmasını istəmir”

Ürək transplantasiyasından danışan cərrahlar – R. Mahmudov və Fuad Abdullayev ilk növbədə Yaxın Şərq ölkələrində və eləcə də Azərbaycanda ən böyük problemin donor olduğunu vurğulayıblar. 

Rəşad Mahmudov bildirib ki, Azərbaycanda ən böyük problemlərdən biri ürək donoru tapmaqdır: "Hesab edirəm ki, bu istiqamətdə cəmiyyətdə maarifləndirmə, təbliğat işləri aparılmalıdır. İnsanlarda donor olmaq istəyi formalaşdırmaq lazımdır”.
 


Professor Fuad Abdullayev isə qeyd edib ki, donor problemi təkcə Azərbaycanda deyil, əksər müsəlman ölkələrində mövcuddur: "Ürək transplantasiyasını etməkdə texniki cəhətdən problem yoxdur. Anadangəlmə ürək qüruslarının əməliyyatı ürək köçürülməsindən qat-qat çətindir. Əsas problem donor problemidir. Bəzi müsəlman ölkələrində - xüsusən İranda, Türkiyədə bu problem 50 faiz həll olunub. Müsəlmanın mentalitetinə görə, öz yaxınını yarılmış vəziyyətdə basdırmaq qəbul edilmir. Ona görə də donor problemi yaşanır. Bunu həll etsəydik, ürək transplantasiyası rahatlaşardı”.

Hər 5 nəfərdən biri...

Professor Tofiq Cahangirov Avropa və ABŞ-da ürək xəstəlikləriylə bağlı statistikanı açıqlayaraq, erkən müayinələrin vacibliyini qeyd edib:
 
 
 
"Bu gün Avropa ölkələrində 14,9 milyona qədər insan ürək çatışmazlığından əziyyət çəkir. ABŞ-da isə bu rəqəm 5,6 milyona bərabərdir. Bu onu göstərir ki, get-gedə 40 yaşdan yuxarı dünyada hər 5 nəfərdən biri artıq ürək çatışmazlığından əziyyət çəkir. Buna görə də xəstəliyin vaxtında aşkarlanması vacibdir ki, ağırlaşmaların qarşısı alınsın”.

Çantayla gəzən süni ürəkli insanlar və ürək köçürülmüş səfir...

Konfransda Rəşad Mahmudov ürək əməliyyatları ilə bağlı maraqlı faktlar açıqlayıb: "Ölkəmizdə uzun illər səfir işləmiş şəxs olub ki, o, daim bizim müşayiətimizdə idi. Ona 1985-ci ildə İtaliyada ürək köçürülmüşdü. Həm də ölkəmizdə səfir işləyirdi. 10 il burada səfir oldu. 

Ürək köçürülmədən əlavə, süni ürək qoyulması da var. Bu, ürəyin tamamilə çıxarılıb, yerinə süni aparatın yerləşdirilməsidir. Amma Azərbaycanda tətbiq olunan üsul mədəcik köməkçi cihazlarıdır. Bu insanlar aktiv şəkildə həyatına davam edən insanlardır.
 


Bu müalicə üsulu insanın həyatının keyfiyyətini aşağı salan bir şey deyil; tam tərsinə, yüksəldən müalicə üsullarındandır. İlk mərhələdə süni görünən köməkçi mədəcik aparatları illər keçdikcə kiçilib və artıq ovcumuza belə yerləşir. Bu xırda aparatlar yaradanın bizə bəxş elədiyi ürəyin böyük gücünü həyata keçirir, iİnsanın yaşamasına şərait yaradır. Süni ürək dediyimiz aparat isə tamamilə fərqlidir. O qoyulduqda, ürək tamamilə çıxarılmış olur. İnsanlar öz günlük həyatına çox zaman yanlarında çanta gəzdirərək davam edirlər. Ürək köçürülənə qədər çanta həmin insanların daim yanlarında olur. 
Sol mədəcik ürək çatışmazlığının son mərhələsində sol mədəciyə cihaz taxılan insanların 24 aylıq nəticələri ilə sadəcə dərman müalicəsinə gedənlərin 24 aylıq nəticələri müqayisə olunub. Ortada ciddi fərq olub. Dərman müalicəsi gedənlərin yalnız 8 faizi yaşayıb”.
 


Ən böyük problem – yuxu arteriyalarında daralma

R. Mahmudovun sözlərinə görə, bu gün minlərlə insan yuxu arteriyalarında darlıq problemi ilə üz-üzədir: "Hər gün minlərlə insan üzərində bu təhlükə ilə yaşayır. Buna görə də ölkəmizdə Səhiyyə Nazirliyi ilə birgə ciddi şəkildə proqram başladılıb ki, gələcəkdə yuxu arteriyalarının zamanında müayinələrinin aparılaraq, bu xəstəliyə gətirib çıxarmasına yol verilməsin. Çünki bu, əlilliyə və ölümə səbəb olma nöqteyi-nəzərindən ikinci sırada yer alır”.
 

Bakı Ürək Mərkəzində əməliyyat olunmuş 2,5 yaşlı Zəhra Ağalarova
 

Minimal invaziv cərrahiyyə nədir?

Mütəxəssislər bu gün ölkədə ürək əməliyyatları zamanı xüsusi üsuldan istifadə edildiyini vurğulayırlar: "Minimal invaziv cərrahiyyə artıq sinə sümüyünün açılmadan bəlli dəliklərdən girərək əməliyyat edilməsidir. Bu, ölkəmizdə və dünyada da geniş yayılıb. Təsadüfi deyil ki, ürək cərrahiyyəsində ölüm faizi 50-ci illərdə 98 faiz ikən, indi 0-2,5 faiz arasında dəyişir. Bu qədər təhlükəli xəstəliklərdən əziyyət çəkən insanların 98 faizini xilas etmək mümkündür yəni”.

Robot cərrahiyyəsi
 
Картинки по запросу robotik cərrahiyyə

Konfransda dünyada tətbiq edilən, amma hələ də Azərbaycana gəlib çıxmayan cərrahiyyə üsullarından da söz açılıb. Mütəxəssislər bildiriblər ki, dünyada artıq xeyli yayılan robotik cərrahiyyə hələ ki, ölkəmizdə tətbiq edilmir. R. Mahmudov robotik cərrahiyyənin Azərbaycanda yalnız icbari tibbi sığortanın tətbiqindən sonra baş tutacağını bildirib: "İnsan əlinin funksiyalarını yerinə yetirə biləcək hərəkətlərə sahib robotik uclar dünyada daha çox istifadə olunmağa başlayır. Lakin ölkəmizdə tətbiq olunmur. Bunun səbəbi isə texniki tərəf deyil, maliyyə məsələsidir. Çünki hələ bu, xüsusən, icbari tibbi sığortanın uzun illərdən bəri tətbiq olunduğu ölkələrdə maliyyəsi çox yüksək olduğuna görə çox az mərkəzlərdə tətbiq olunur. Bunun bir xəstəxana tərəfindən alınması üçün oradakı illik əməliyyat sayının bəlli bir rəqəmləri keçməsi lazımdır ki, həm də iqtisadi cəhətdən uyğun olsun. Robotik əməliyyatların ürək cərrahiyyəsində deyil, ginekologiya və urologiyada da daha çox tətbiqi imkanları var. Azərbaycanda bir neçə mərkəzdə bu mövzu ətrafında müzakirələr aparılır. 

Bunun ölkəmizdə tətbiq edilməməsinin tək səbəbi maliyyədir. Çünki bu, sığorta tərəfindən ödənilmədikcə tətbiqi çətin olacaq. Qiyməti o qədər yüksəkdir ki, onun xəstə üçün tətbiqi astronomik rəqəmlərə gətirib çıxara bilər”.
 


Cərrahlar robotik əməliyyatla bağlı konkret rəqəm açıqlamasalar da, sözügedən robotun servis xidmətinin maliyyəsinin illik 2 milyon ABŞ dolları olduğunu qeyd ediblər.

Cərrah-robotun dünyada geniş yayılmasının tək səbəbinin sadəcə insan marağı olduğu vurğulayan Rəşad Mahmudovun sözlərinə görə, burada xüsusi heç bir şey yoxdur: "Robotik cərrahiyyə xəstəliyin müalicəsinə keyfiyyətcə heç bir təsir göstərmir. Sadəcə ölkənin səhiyyə xərclərinin qat-qat artdığını sübut edən rəqəmlər var. Amma ölkələr çoxu bunu özü üçün reklam vasitəsi kimi istifadə edir. Çünki adı üstündədir - robot! İnsanların robota marağı var. Amma inanın ki, o robot onu yaradan insanın beyni qədər inkişaf edə bilməz. Çünki robot xüsusi hallarda hərəkət edə bilmə keyfiyyətinə malik deyil. Robotik əməliyyat sadəcə imkan verir ki, həkim başqa otaqda oturaraq əli joystick üzərində işləsin və əməliyyatını həyata keçirsin. Robotun da komandasını insan verir. Robot özü həyata keçirmir”.

Mütəxəssislər əməliyyatlardan sonrakı reabilitasiya dövrünə də toxunublar. 

Mətbuat konfransından sonra Bakı Ürək Mərkəzində təşkil olunan mediatur zamanı reabilitasiya keçən insanlarla tanışlıq olub. Mərkəzin mütəxəssisləri reabilitə dövrünün əməliyyat olunmuş insan üçün önəmindən danışıb: "Əməliyyatdan sonra insanların həm psixoloji, həm sosial, həm də fiziki durumlarını bərpa etmək lazımdır. Sual ola bilər ki, niyə. Əvvəllər hansısa kardioloji əməliyyatlardan sonra xəstələrə istirahət verilirdi. Həmin xəstələr gedirdi, aylarla evdə qalırdı, bunun nəticəsində isə onlar bu qədər zaman kəsiyində cəmiyyətdən uzaqlaşırdı. Özünəqapanmalar yaranırdı. Sonrakı təhqiqatlar göstərdi ki, tam əksinə olmalı imiş. Yəni ürək əməliyyatı olan xəstə daim hərəkətdə olmalıdır. Bundan sonra artıq kardioreabilitasiyanın bir fundamental dövriyyəsi başladı. Bununla maraqlanmağa başladılar. Hətta elə ölkələr var ki, kardioreabilitasiyanı məcburi hala salıblar. Bu zaman 30 faiz ölüm və ikinci infarktların qarşısı alınır”.

Könül Xasıyevanın xilaskarı olan aparat
 


Daha sonra mərkəzin əməkdaşları jurnalistlərə bir müddət əvvəl ağır vəziyyətdə olan sənətkar Könül Xasıyevanın müalicə aldığı aparat barədə məlumat veriblər: "Könül Xasıyevanın xilaskarı bu apartdır. Bu aparatın funksiyası yırtıqları konservativ müalicə etməkdir. İstər boyun, istər bel nahiyəsində yırtıqların hətta əməliyyata göstəriş olarsa belə, müalicə etməyə qadir bir sistemdir. Xüsusilə Amerika, Kanada və Avropa ölkələrində bir çox önəmli hospitallarda tətbiq edilən sistemdir. Ölkəmizdə də var”.
 
 



Paylaş:


Müəllif : Tarix:
18-07-2017, 18:52
  


loading...