» » “Hər döyüşçüyə 100 qram araq...” – Stalinin 526 saylı qərarı

“Hər döyüşçüyə 100 qram araq...” – Stalinin 526 saylı qərarı

1941-ci ilin avqustun 22-də imzalamaq üçün İosif Stalinə qərar təqdim edəndə, əvvəlcədən razılaşdırılmasına baxmayaraq rəhbər qəlyanını tüstülədərək qərarın mətnini bir daha təkrar oxuyur, başını qaldırmadan Dövlət Müdafiə Komitəsinin üzvlərinə sual verir:
- Yoldaşlar, siz əminsinizmi ki...
Stalin vermək istədiyi sualı yarımçıq qoymasına baxmayaraq, kabinetdə əyləşənlər bir ağızdan cavab verirlər:
- Bəli, əminik
Bəli, onlar əmin idilər ki, “100 qram” döyüşçülərə mane olmayacaq.
Modern.az saytı 22 avqust 1941-ci ildə Dövlət Müdafiə Komitəsinin 562 saylı qərarı ilə bağlı yazını təqdim edir.
Hələ Sovet-fin müharibəsi dövründə hava şəraitinin soyuq olması ilə bağlı 1940-cı ilin yanvarında SSRİ-nin Müdafiə komissarı Voroşilov döyüşən ordunun əsgərlərinə hər gün 100 qram araq verilməsinin razılığını Stalindən aldıqdan sonra silahlı qüvvələrin şəxsi heyəti arasında bu norma “narkomun 100 qramı” adı ilə populyarlaşmışdı. Çox yəqin ki, 100 qramın döyüşən ordunun psixoloji durumuna müsbət təsirini nəzərə alaraq Böyük Vətən müharibəsində də bu “ənənə” davam etdirilib.
Artıq 1941-ci ilin iyul ayından ön xəttdə döyüşən əsgər və zabitlərə qeyri-rəsmi tapşırıq əsasında “40 faizlik” norma paylanırdı. Həmin ilin avqust ayında isə Dövlət Müdafiə Komitəsi tərəfindən bu məsələ rəsmiləşdirilib.
Stalinin imzaladığı həmin qərarda aşağıdakı mətn öz əksini tapıb:
“1 sentyabr 1941-ci il tarixdən başlayaraq ön xəttdə olan ordu hissələrinin döyüşçüləri və komandir heyəti hər gün 100 qram miqdarında 40 faizlik araqla təmin edilsin”
Bu qərara uyğun olaraq Müdafiə Komissarlığı əmr hazırlayıb. Əmrə əsasən ön xəttədəki əsgər və zabitlərlə yanaşı döyüş tapşırığını yerinə yetirən təyyarəçilərə, aerodromların texniki mühəndis heyətinə də 100 qram araq normasının verilməsi nəzərdə tutulub.
Araq çəbhə bölgələrinə yaxın məntəqələrə dəmiryolu ilə sisternlərdə daşınıb. Döyüşən ordunu təmin etmək üçün hər ay təxminən 40-45 sistern araq sərf olunub.
1942-ci ilin yazında, müharibənin ən çətin dövründə döyüşçülərə araq verilməsi ilə bağlı qərar Stalin tərəfindən dəyişdirilib. Növbəti qərara əsasən alman qoşunlarına qarşı mübarizədə uğurlar qazanan hissə döyüşçülərinə 200 qram, hücum mövqeyində olan hissələrin şəxsi heyətinə 100 qram, ön xəttdə olan digər əsgər və zabitlərə isə yalnız əlamətdar günlərdə 100 qram araq paylanıb. Əlamətdar günlər Böyük Oktyabr Sosialist inqilabının ildönümü - 7 noyabr, Konstitusiya günü - 5 dekabr, Yeni il - 1 yanvar, Ordu günü -23 fevral, Beynəlxalq zəhmətkeşlər bayramı - 1 may, Ümumittifaq Aviasiya günü - 16 avqust tarixləri nəzərdə tutulub. Bu qərar 6 iyun 1942-ci ildə Stalin tərəfindən imzalanıb.
Cəmi bir neçə aydan sonra 1942-ci ilin noyabrın 12-də sözügedən qərara yenə dəyişiklik edilib. 100 qram araq normasının verilməsi yenidən bütün ön xəttdə olan döyüşçülərə şamil edilib. Arxa cəbhənin hərbçilərinə, o cümlədən yaralananlara həkim icazəsi ilə 50 qram arağın verilməsi qərarda öz əksini tapıb. Zaqafqaziya cəbhəsinin şəxsi heyətinə isə 200 qram portveyn və ya 300 qram çaxır verilməsi nəzərdə tutulub.
 
Qərar 1943-cü ilin aprelin 30-da Dövlət Müdafiə Komitəsində növbəti dəfə müzakirəyə çıxarılıb və aşağıdakılar qərara alınıb:
 
1. 3 may 1943-cü il tarixdən ordu hissələrinin şəxsi heyətinə kütləvi şəkildə gündəlik 100 qram arağın verilməsi dayandırılsın.
 
2. Yalnız hücum əməliyyatı keçirən hissələrin şəxsi heyəti sutka ərzində 100 qram araqla təmin edilsin.
 
3. Ön cəbhənin digər ordu və qoşun hissələrinin şəxsi heyətinə yalnız bayram günlərində 100 qram araq paylanılsın.
 
Hərbçilərin araqla təminat məsələsi ilə birbaşa Mikoyan məşğul olub. İstehsal müəssisələrinin müəyyənləşdirilməsi, istehsal gücünün artırılması Stalin tərəfindən Mikoyana həvalə olunub. Hissələrdə arağın paylanmasına isə birbaşa komandirlər cavabdehlik daşıyıb.
 
Müharibə dövründə döyüşçülərə paylanan arağın həcmi on milyon litrlərlə hesablanır. Təkcə 1942-ci ilin dekabr ayında şəxsi heyətə 5 milyon 690 min litr araq verilib.
 
1945-ci ilin may ayında alman faşizmi üzərində qələbədən sonra silahlı qüvvələrin şəxsi heyətinin 100 qram araqla təmin olunması ilə bağlı qərar ləğv olunub.
 
Sonradan o da məlum olub ki, alman qoşunları da soyuq hava şəraitində “Şnaps” adlı içkidən istifadə ediblər. “Şnaps” meyvə dadı verən, tərkibi 40 faiz spirtdən ibarət olan arağa bənzəyir. Müharibə veteranlarının söylədiklərinə görə, “Şnaps”la rus arağının yalnız bir fərqi olub. “Şnaps” içənlər oxumağa, rəqs etməyə meyl göstəriblər, rus arağını içənlər isə vuruşmağa. Zarafatla deyilən bu ifadədə bəlkə də bir həqiqət də var...


Paylaş:


Müəllif : Tarix:
21-08-2017, 21:50
  
loading...