reklam
» » Pullu təhsildə böhran: yüksək qiymət, yarımçıq tələbəlik, təhlükəli rəqəmlər - ARAŞDIRMA

reklam

Pullu təhsildə böhran: yüksək qiymət, yarımçıq tələbəlik, təhlükəli rəqəmlər - ARAŞDIRMA

Son illər Azərbaycan universitetlərində tələbələrin təhsilhaqqı ödənişləri ilə bağlı problemlərin olduğu barədə narahatlıqlar səsləndirilir. Xüsusilə də bölgələrdə azgəlirli ailələrin istedadlı uşaqlarının maddi imkansızlıq ucbatından təhsildən imtinası və ya ali məktəbi yarımçıq qoyması problemləri qabardılır.
Millət vəkili Qənirə Paşayeva bu problemi Milli Məclisdə də qaldırıb. Deputat parlamentdəki çıxışında maddi imkansızlığa görə ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə çıxılmaz vəziyyətlə üzləşən gənclərin sayının artdığını bildirib.
Q.Paşayevanın sözlərinə görə, Azərbaycanın bölgələrində kasıb, gəlirləri aşağı olan o qədər ailə var ki, onlar istedadlı uşaqlarına təhsil vermək imkanında olmurlar: “Bölgələrdə nə qədər kasıb ailələrin istedadlı uşaqları var. Bakıda yataqxanaların sayı az olduğundan ali məktəblərə daxil olmuş gənclərin xeyli hissəsi kirayələrdə qalaraq oxumağa məcbur olurlar. Kasıb ailələr övladlarının həm kirayə, həm yaşamaq, həm də təhsil haqqı ödənişini ödəməkdə ciddi çətinlik çəkirlər və bəzi gənclər bu səbəbdən ali təhsildən imtina edirlər”.

 Q.Paşayeva deyib ki, həmin ailələrin savadlı övladlarının ali təhsil ala bilməsinə daha çox dəstək göstərilməlidir: “Bu, bizi ciddi narahat etməlidir. Biz həmin gənclərə daha çox dəstək göstərməliyik. Çünki bəzi ailələr övladları orta məktəbdə nə qədər yaxşı oxusalar da, bu qədər çətinliyi görüb onlara ali təhsil verməkdən vaz keçirlər və bu cür insanların sayının artması bizi ciddi narahat etməlidir”.

 Təhsil krediti ilə bağlı qanun layihəsi qəbul edilməlidir

 Millət vəkili təhsil krediti ilə bağlı qanun layihəsinin hazırlanmasını təklif edib: “Azərbaycanda ali təhsil alan hər üç nəfərdən təxminən ikisinin ödənişli təhsil aldığını nəzərə alsaq, təhsil kreditləri məsələsinin və bununla bağlı qanunun qəbul edilməsinin nə qədər önəmli olduğunu görə bilərik. Mən təklif edirəm ki, bununla bağlı qanun layihəsi müzakirəyə çıxarılsın. Xüsusilə maddi imkanları zəif ailələrin istedadlı övladlarının ali təhsildən uzaqlaşmaması üçün bu istiqamətdə davamlı addımların atılması vacibdir. Təhsil kreditləri məsələsi bütün ali məktəbləri əhatə edəcək şəkildə yüksək səviyyədə öz həllini taparsa, həmin gənclər bu cür çıxılmaz vəziyyətdə qalmazlar. Aşağı faizlərlə uzun müddətə kredit alaraq təhsilini başa vurub, işləyəndə qaytarmağa başlayarlar və bu, təhsilin də, elmin də inkişafına özünün ciddi müsbət töhfələrini verə bilər”.

 Təhsil haqları 2009-2016-cu illərdə təxminən 4 dəfə artıb

 Təhsil eksperti Kamran Əsədov məsələ ilə bağlı Lent.az-a bildirib ki, Azərbaycan ali təhsil müəssisələrində təhsilhaqqı orta əmək haqqı alan ailənin maddi imkanına uyğun deyil.  

 K.Əsədovun sözlərinə görə, araşdırmalara əsasən bəzi universitetlərdə təhsil haqlarının 2009-2016-cu illərdə təxminən 4 dəfə artdığı məlum olub: “Dünya təcrübəsində təhsilhaqqının ödənilməsi mexanizmi fərqlidir. Məsələn, qonşu Türkiyədə təhsil haqqı 100-500 manat olduğu halda bizim universitetlərdə hətta 6 min manatlıq təhsil haqqı var. Bu, yaxşı hal deyil. Son devalvasiyalardan sonra da təhsil haqlarının yenə artacağı qaçılmaz haldır.

Mənim fikrimcə, tələbə əvvəlcə təhsil almalıdır, sonra təhsil onu qane etdiyi halda təhsilhaqqını ödəməlidir”.

 “Universitetlər bütün xərcləri məhz təhsilhaqqı ilə ödəməyə çalışır”

 K.Əsədovun sözlərinə görə, bu gün yerli universitetlərin problemi odur ki, onlar bütün xərcləri məhz təhsilhaqları ilə ödəməyə çalışır: “Bu da praktik olaraq mümkün deyil. Əgər özəl universitetlərdə təhsil alan tələbə bir təhsil ilində 3000 manat və ya 3000 avro təhsil haqqı ödəyirsə, bu, İsveçrənin aparıcı universitetlərinin təhsil haqlarından çoxdur. İsveçrə vətəndaşının orta əməkhaqqı Azərbaycan vətəndaşının orta aylıq maaşından 8-9 dəfə çoxdur. Bu da sosial baxımdan ədalətli deyil. Buna görə də hər il minlərlə tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə təhsilini yarımçıq qoyur”.

 “Ötən il Texniki Universitetin tələbələrinin 300 min manat borcu qalıb?

 Ötən 2016-2017-ci il tədris ili ərzində Azərbaycan Texniki Universiteti (AzTU) tələbələrinin bu təhsil ocağına 300 min manat borcu olduğunu iddia edən təhsil eksperti  deyir ki, bu da illər üzrə yaranmış bir rəqəmdir: “Digər universitetlərdə də bu hal müşahidə edilib. Bakı Slavyan Universiteti, Xəzər Universitetində də təhsil haqqını ödəyə bilmədiyi üçün universitetə borclu qalan tələbələr var.  Xəzər Universitetində isə bu borcun miqdarı 100 min manat təşkil edir.

 “Son 5 ildə 7 min tələbə təhsil haqqını ödəyə bilmədiyindən təhsilini yarımçıq qoyub”

 Təhsil eksperti bildirib ki, bu gün Azərbaycanda bakalavr pilləsində təhsil alan 160 min tələbə var ki, onların 75%-i ödənişli əsaslarla təhsil alır: “Təxminən 140 min nəfərə yaxın tələbə ödənişli oxuyur. Hər il üçün ali təhsil müəssisələrinə 37 min tələbə qəbul olursa, onun təxminən 2 minə yaxını təhsil haqqını ödəyə bilmir.

 K.Əsədovun fikrincə, bu vəziyyətdə ali təhsilin əlçatanlıq səviyyəsinin aşağı, yoxsulluğun isə müəyyən faiz olduğu ölkədə dövlət ali təhsil müəssisələrində ödənişli təhsilin miqyası azaldılmalıdır: “İndiki vaxtda ödənişli təhsilin miqyası 30-35 faizdən çox olmamalıdır. Bu il təkcə semestr imtahanlarında 4 min tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün imtahana buraxılmayıb. Bu saya həm kolleclər, həm də ali təhsil müəssisələrinin tələbələri daxildir. Universitetlərdə təhsilhaqqından başlamaqla, idarəçilik, tədris prosesində dəyişikliklər  edilməlidir. Universitetlər yüksək təhsil haqqı deyil, keyfiyyətli təhsil ortaya qoymalıdırlar. Elə universitetlər var ki, tələbələrə təhsil haqqını birinci ildən sonra hissə-hissə ödəməyə güzəşt edir, amma əksər universitetlərdə bu güzəşt mövcud deyil.  

 Tələbələrə təhsil haqqını ödəməkdə yardım məqsədi ilə “Maarifçi” Tələbə Kredit Fondu yaradılıb. Ancaq kredit almaq üçün qoyulan şərtlər hamıya uyğun gəlmir. Əvvəlcə bu şərtlər sadələşdirilməlidir. Heç olmasa tələbələr bunun vasitəsilə təhsil haqqını ödəyərək təhsillərini davam etdirə bilsinlər”.

Bəs təhsil ekspertinin bu iddialarına universitetlər nə deyir? Hazırda tələbələrin ali məktəblərə ümumi təhsilhaqqı borcu nə qədərdir və son 5 il ərzində təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq buraxan tələbələrin doğrudan da bu qədər çoxdurmu?

 Bu suallara cavab tapmaq üçün bir sıra dövlət universitetlərinə müraciət etdik.

 “Azərbaycan Texniki Universiteti ən aşağı təhsil haqqı olan ali təhsil müəssisələrindəndir”

 Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat xidmətindən Lent.az-a bildirilib ki, ali məktəbin rektor əvəzi Xalıq Yahudovun şifahi göstərişinə uyğun olaraq tələbələr birdəfəlik ödəmə ilə yanaşı aylıq ödəniş də həyata keçirə bilirlər, buna görə də hazırda tələbələrin universitetə təhsil haqqı borcu demək olar ki, yoxdur. Qurumdan verilən məlumatda qeyd edilib ki, burada  tələbə ödənişli və ya ödənişsiz əsaslarla təhsil almasından asılı olmayaraq, yalnız öz xahişi ilə xaric oluna bilər: Təhsilhaqqını ödəyə bilmədiyi üçün son 5 il ərzində təhsilini yarımçıq qoyan tələbələrin sayı çox kiçik rəqəm təşkil edir. Çünki AzTU ölkədə ən aşağı təhsilhaqqı olan ali təhsil müəssisələrindəndir.

Hazırda AzTU-da 8 fakültə üzrə bakalavr təhsili verilir. Bu fakültələrdə təhsilhaqqı 1600 manatdır. Tələbə aylıq ödəniş sistemi ilə bu məbləği asanlıqla ödəyir”.

 Tələbələrin Pedoqoji universitetə 1 milyon 907 min manat təhsil haqqı borcu var

Azərbaycan Dövlət Pedaqoji Universitetinin ( ADPU) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  hazırda ali təhsilin bakalavriat səviyyəsində təhsil alan tələbələrin ümumilikdə 1 milyon 779 min manat, ali təhsilinin magistratura səviyyəsində təhsil alan tələbələrin isə 128 min manat təhsil haqqı borcu var.

 Həmçinin, ali məktəbdən bildirilib ki, indiyə qədər təhsilhaqqını ödəyə bilmədiyi üçün heç bir tələbənin təhsilini yarımçıq qoyması faktı qeydə alınmayıb: “ADPU-da təhsil haqqını tam ödəməyən tələbə yoxdur. ADPU-nun rəhbərliyi tərəfindən tələbələrə tədris ili dövründə təhsilhaqqını iki dəfəyə ödəməyə icazə verilib. Yəni maddi cəhətdən imkansız olan tələbələr təhsilhaqqının yarı hissəsini tədris ilinin əvvəlindən yanvar ayına kimi, qalan yarı hissəsini isə tədris ilinin sonuna kimi ödəyir”.

BDU tələbələrinin 70-80 faizi təhsilhaqqını tam ödəyə bilir

 Bakı Dövlət Universitetinin rektorun maliyyə məsələləri üzrə müşaviri Məzahir Sultanov Lent.az-da deyib ki, hazırda tələbələrin universitetə nə qədər təhsilhaqqı borcunun olduğunu tam dəqiq rəqəmlə demək mümkün deyil: “Bu rəqəm semestr bitdikdən sonra araşdırılır. Ötən il isə tələbələrin təxminən 1 faizinin təhsilhaqqı borcu qalmışdı. Bizdə belə problemlər çox az yaşanır. Tələbələrin 70-80 faizi təhsilhaqqını tam ödəyə bilir”.

 M.Sultanov deyib ki, təhsilhaqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq buraxan tələbələr olub, amma tək-tük hallarda: “Biz digər universitetlər kimi təhsilhaqqını tədris ili başlayanda, ilk aylarda tələb etmirik. Tələbələrə qış imtahan sessiyasına qədər vaxt qoyulur.  İmtahan sessiyası başlayandan, bitənə kimi təhsilhaqqını ödəyirlər. Elə tələbələr olur ki, təhsilhaqqını 100 faiz ödəyir. Problemi olan tələbələr isə ərizə ilə müraciət edir. Biz də onların ailə vəziyyəti, maddi durumunu nəzərə alaraq, güzəşt tətbiq edirik və tələbənin borcunu hissə-hissə ödəməsi üçün şərait yaradırıq”.

 Tibbi universiteti: “Tələbələrə təhsil haqqını hissə-hissə ödəmək imkanı yaradılıb”

 Azərbaycan Tibb Universitetindən Lent.az-a bildirilib ki, tələbələrin çoxu ödənişi vaxtı-vaxtında edir: “Bəzi tələbələrdə çətinlik baş verdikdə onlar ərizə ilə müraciət edirlər və universitet rəhbərliyi onlar üçün təhsil haqqını hissə-hissə ödəməyə imkan yaradır”.

 Ali təhsil ocağından o da bildirilib ki, təhsilhaqqına görə təhsilini yarımçıq qoyan tələbələr çox az olub: “İndiyə qədər bizdən öz istəyi ilə çıxan tələbələrin əksəriyyəti təhsillərini xarici ölkələrdə davam etdirmək istəyənlər olub”.

Azərbaycan Dillər Universiteti: “Tələbələrimiz kredit almaq hüququndan istifadə edirlər”

Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidmətindən Lent.az-a bildirilib ki, ADU “Maarifçi Tələbə Kredit” Fondunun təsisçilərindən biridir. Həmin fondun məqsədi təhsilhaqqını ödəyə bilməyən aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsi ilə Azərbaycan vətəndaşlarına ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. ADU tələbələri də bu imkanlardan yararlanmaq hüququna malikdirlər. Eyni zamanda, tələbələr təhsilhaqlarını hissə-hissə də ödəyə bilərlər.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin: “Tələbələrin 5 faizi təhsil haqqını ödəməyib”

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) mətbuat xidmətindən Lent.az-a bildirilib ki, təhsilhaqqını ödəyə bilmədiyi üçün universitetdən getməli olan tələbələrin rəqəmi haqda dəqiq məlumat vermək mümkün deyil: “Bu rəqəm tam hazır deyil. Amma bizdə digər ali təhsil müəssisələri ilə müqayisədə təhsilhaqqı o qədər də yüksək deyil. Bu isə ödənişdə problem yaranmamasına zəmin yaradır. Bizim ali məktəb əsasən texniki profilli universitetdir. Burda fakültələr üzrə təhsil haqları 1300-1500 civarındadır”.

 Universitetindən bildirilib ki, təhsilhaqqını ödəyə bilməyən tələbələr üçün də ödənişdə çətinlik yaşamasınlar deyə şərait yaradılıb: “Təhsilhaqqını ödəyə bilməyən tələbələr qış imtahan sessiyasına buraxılır və təhsilhaqqını ödəmək üçün fevral-mart aylarına kimi onlara möhlət verilir. Ödəməyəcəkləri təqdirdə isə növbəti yay imtahan sessiyasına buraxılmayacaqlar”.

Mətbuat xidmətindən verilən məlumatda o da qeyd edilib ki, ödənişli əsaslarda təhsil alan tələbələrdən 95 faizi təhsilhaqqını ödəyib: “Təqribən 5 faiz tələbə hələ ki, təhsilhaqqını ödəməyib. Onlara da 2 ay möhlət verilib ki, təhsilhaqqını ödəsinlər. Bizdə maksimal dərəcədə hər bir tələbənin təhsilini davam etdirməsində maraqlıdır və ödənişlə bağlı problemi olan hər bir tələbənin, xüsusən də tədris prosesində yaxşı nəticələr göstərən və davamiyyət, intizam məsələlərinə diqqət yetirən tələbələrin təhsilini davam etdirə bilməsi üçün hər bir güzəştə hazırdır”.

 



Paylaş:


Müəllif : Tarix:
3-02-2017, 15:35
  
loading...