reklam
» » Azərbaycanın vəkil problemi...

reklam

Azərbaycanın vəkil problemi...

 Tahir Kərimli: Bu gün Azərbaycanın elə rayonu var ki, orada ümumiyyətlə vəkil yoxdur

Hüquqşünas: “Bu, sadəcə, kiminsə məhkəmə salonlarından uzaqlaşdırılması məsələsi deyil, dövlətçilik problemidir”.

Azərbaycanda nümayəndəlik institutunun fəaliyyətini məhdudlaşdıran qanun layihələrinin Milli Məclisin (MM) 20 oktyabr tarixli iclasının gündəliyindən çıxarılmasına baxmayaq, yenidən gündəliyə daxil edilib. Milli Məclisin oktyabrın 31-də keçiriləcək iclasının gündəliyinə 3 məsələ əlavə olunub.

Bunlar Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklərdir. Hər üç sənədə təklif olunan dəyişiklik nümayəndələrin fəaliyyətinin qadağan olunması ilə bağlı məsələdir.

Bununla da, iclasın gündəliyindəki məsələlərin sayı 38-ə çatıb.

Qeyd edək ki, hər üç sənədə nəzərdə tutulan eyni dəyişiklik parlamentin oktyabrın 20-də keçirilən plenar iclasının gündəliyindən çıxarılmışdı. Spiker Oqtay Əsədov buna səbəb olaraq layihələrin müzakirəyə hazır olmadığını bildirmişdi.

İclasdan bir neçə gün sonra isə məsələnin müzakirəsinin MM-in yaz sessiyasına qədər təxirə salındığı açıqlanmışdı.

Ali Məhkəmənin sədri tərəfindən oktyabrın 6-da Mülki Prosessual və İnzibati Xətalar məcəllələrinə, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər barədə qanun layihələri təqdim edilib. Dəyişikliklərdə mülki və inzibati məhkəmə proseslərində nümayəndələrin iştirakına qadağa qoyulması, bu prosesdə yalnız Vəkillər Kollegiyanın üzvlərinin iştirakı təklif olunur.

Qeyd edək ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun daxil olmaqla üç qanuna təklif olunan dəyişikliklərin gündəlikdən çıxarıldığını bildirən spiker Oqtay Əsədov məsələ ilə bağlı qıza açıqlama verməklə kifayətlənərək bildirmişdi ki, buna səbəb qanun layihələrindəki çatışmazlıqdır.

Bəzi media orqanları yazmışdı ki, qanunlara dəyişiklik edilməməsinin səbəbi Azərbaycanda vəkillərin sayının az olmasıdır. Bununla əlaqədar olaraq qərara gəlinib ki, əvvəlcə vəkillik institutu inkişaf etdirilməli, vəkillərin sayı artırılmalı, sonra nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılmalıdır. 

Qeyd edək ki, parlament iclasından əvvəl bir qrup hüquqşünas Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədova

və Milli Məclisin üzvlərinə müraciət ünvanlamışdılar. Onlar nümayəndəlik institutunun ləğv edilməsini nəzərdə tutan layihənin müzakirəsindən imtina etmək xahişini irəli sürmüşdülər. Məhz bundan sonra layihədən gündəlikdən çıxaması maraq doğururdu.

Tanınmış vəkil Qurban Məmmədov isə “Yeni Müsavat”a bildirdi ki, məsələ tam gündəlikdən çıxarılmamışdı: “Sadəcə, parlamentin 20 oktyabr tarixli iclasına salınmamışdı. Amma mütləq qəbul ediləcək, gec də olsa. Bunları maraqlandıran insanların keyfiyyətli hüquqi yardım almaq hüququ deyil, mənim kimi arzuolunmaz şəxsləri işsiz qoymaq, ölkəni tərk etməyə məcbur etmək və ya çörəklə imtahana çəkib sındırmaq, alçaltmaqdır. Ancaq qanun qəbul ediləndən sonra çıxacaq problemləri hesablamayıblar”.

Q.Məmmədov əlavə etdi ki, gündəmə çıxarılan təklif ümumiyyətlə, heç bir siyasi, iqtisadi, sosial, hüquqi əsası olmayan bir təklifdir: “Bu yolla adamların məhkəməyə çatımlılığını məhdudlaşdırmaq, Ali Məhkəmənin iş yükünü azaltmağa çalışırlar. Təklifin qəbulu Avropa Məhkəməsinə müraciətləri 3-4 dəfə artıracaq. Ən əsası, hüquq müdafiəsi sahəsində rəqabətin aradan qalxması vəkilliyin inkişafına mənfi təsir göstərəcək”. Vəkil dedi ki, bu sahədə həqiqətən də problemlər var: “Hüquqdan xəbəri olmayanların, keçmiş polis, prokurorluq işçilərinin nümayəndəlik etməsi bir çox hallarda vətəndaşların hüquqlarının pozulmasına, onlara ziyan vurulmasına səbəb olur. Ancaq bu problemlərin həlli yolu hüquqşünasların nümayəndəlik fəaliyyətinin qadağan edilməsi, bir çox savadsız, satqın vəkilə zorən müştəri yaratmaq deyil. Hüquq elmləri doktorunun vəkili olmadığına görə Ali Məhkəmədə şəxsən öz hüququnu və ya nümayəndə kimi başqasının hüququnu qoruya bilməməsini necə izah etmək olar? Xüsusilə qeyd edim ki, mən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul oluram, VÖEN-im var və qeydiyyatdan məhz hüquqi xidmətlər göstərmək üçün keçmişəm, vergi ödəyicisiyəm. Məqsəd mənim kimi adamları iqtisadi baxımdan sıxıb ram etmək, ölkəni tərk etməyə məcbur etmək, həm də məhkəmə iştirakçılarının hamısını nəzarətdə saxlaya bilməkdən ibarətdir. Qanun qəbul olunsa, bu, dəhşətli nəticələr doğuracaq. Bu dəyişikliyə əl atmaqla ölkədə hüquqsuzluq mühiti yaradılır, insanların hüquqa, məhkəməyə inamı itirilir. Bu isə çox qorxulu nəticələr doğuracaq, ölkəni tərk edənlər, intiharlar, dağılan ailələr artacaq, başsız qalan qadınların və körpələrin sayı çoxalacaq. Bu məsələ, sadəcə, kiminsə vəkillikdən, məhkəmə salonlarından uzaqlaşdırılması məsələsi deyil, dövlətçilik problemidir”.

“Azərbaycanda Nümayəndəlik institutunu ləğv etməyə hələ ki, ehtiyac yoxdur. “Vəkil və vəkillik fəaliyyəti haqqında”qanuna təklif edilən dəyişikliyə əsasən, hüquqi şəxslər yenə də nümayəndəlik institutunun fəaliyyətindən yararlana biləcək. Nümayəndəlik institutunun xidmətindən fiziki şəxslər yararlana bilməyəcək. Yəni fiziki şəxslərlə bağlı bütün məhkəmə çəkişmələrində ancaq vəkillər iştirak edə biləcək, nümayəndələr deyil”.

Bunu isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlamasında deyib. Deputat bildirib ki, qanuna nəzərdə tutulan dəyişiklik Azərbaycanda vəkil qıtlığı yaranmasına yol açacaq: “Bu gün Azərbaycanda vəkillərin sayı Avropa ölkələri ilə müqayisədə dəfələrlə azdır və bu, istər-istəməz müəyyən problemlər yaradacaq. Vəkil çatışmazlığı problemini orataya çıxaracaq. Bu gün Azərbaycanın elə rayonu var ki, orada ümumiyyətlə vəkil fəaliyyət göstərmir və yaxud da həddən artıq azdır. Qanuna dəyişikliklər qəbul olunduqdan sonra fiziki şəxslər məhkəməyə müraciət zamanı ərizə yazmaq və ya iddia qaldırmaq üçün vəkil tutmalı olacaq və bu da bir sıra problemlər yaradacaq. Çünki bölgələrdə vəkillər həddən artıq azdır. O zaman vətəndaş digər rayonlarda fəaliyyət göstərən vəkillərə müraciət etmək zorunda qalacaq ki, bu da əlavə problemlər yaradacaq. Ona görə ki, heç də əhalinin bütün təbəqəsi vəkil tutmaq və onun xidmətindən yararlanmaq imkanına malik deyil. Onların imkanı buna yol vermir. Bu da öz növbəsində bir sıra problemlərə yol açacaq. O baxımdan mən əhalinin aztəminatlı təbəqəsi üçün dövlət hesabına vəkillərin tutulmasını təklif etdim. Hesab edirəm ki, bu mütləq lazımdır”.





Paylaş:


Müəllif : Tarix:
26-10-2017, 13:42
  


loading...
Загрузка...