reklam
» » “VOSMOY” BAZARINDA “YORĞAN” DAVASI – Yığılan pulu kim bölə bilmir?

reklam

“VOSMOY” BAZARINDA “YORĞAN” DAVASI – Yığılan pulu kim bölə bilmir?

 Adı MTN generallarının kriminal dosyelərində hallanan, “leş” qalmaqalları və müəmmalı yanğınlarla gündəmə gələn “Vosmoy” bazarında (Nizami rayonu, Naxçıvanski küçəsindəki “Ticarət Mərkəzi №4” ASC) bu dəfə də kiçik ticarət köşklərini sökərək yüzlərlə obyekt sahibini küçəyə atıblar.

Oktyabrın 25-i səhər saatlarından bazarda xırdavat və geyim alveri ilə məşğul olan ticarətçiləri zorla işlədikləri yerdən çıxararaq mallarını bazarın arxasındakı boş əraziyə daşıyıblar. Əsasən, geyim bazarında aparılan söküntü işlərinə polis əməkdaşları da cəlb olunub. İki gün öncə isə söküntü ilə razılaşmayan, yerindən çıxmaq istəməyən obyekt sahibləri ilə bazar rəhbərliyi və polis arasında qarşıdurma baş verib. Yolu bağlamaqla obyektlərinin sökülməsinə etiraz edən şəxsləri döyərək ərazidən uzaqlaşdırıblar. Hətta qarşıdurma zamanı halı pisləşən, ürəyi gedənlər də olub ki, onlar üçün təcili yardım çağırılıb.

Bunu virtualaz.org-a obyekti sökülən şəxslər bildirib. Onların sözlərinə görə, obyekti sökülən 350-dən çox şəxsin təxminən yarısı bu gün öz yerlərinə qaytarılıb. Qalanların isə taleyi sual altındadır.

“Bu boyda kişilərik, cibimizdə 20 qəpik pulumuz yoxdur…”

Bazarda sökülən köşklərin yeri görünürdü, sanki gediş-gəliş olan küçə genişlənmişdi. Amma bu obyektlərin yerini sayı çoxalmış səyyar satıcılar doldururdu. Çiynində qalaq-qalaq pal-paltar gəzdirən kim, əlində kolbasa, limon, çanta satan kim… Bunlar “haqqın yolu”nu tapanlar idi, hələ də çıxarıldıqları yerə geri qaytarılacaqlarına ümid edənlər də var idi.

Obyekti sökülənlərin bir hissəsi isə ortada qalmış mallarını torbalara yığmaqla məşğul idi. Narazı satıcılara yaxınlaşmışdıq ki, xırdavat satan qadın od püskürdü: “Bütün bazarın şikayəti var, kimin yoxdur ki? Mənim də yerimi dağıdıblar. Saçımı yolmuşam, özümü çırpıb öldürmüşəm, gətirib atıblar bura. İşləməyə imkan vermirlər!”

Bazara mətbuat nümayəndələrinin gələrək çəkiliş etdiklərini elə ilk dəqiqələrdən rəhbərliyə çatdırmışdılar. Bunu bizi qarabaqara izləyən qara papaqlı, qara gödəkçəli oğlandan da hiss etmişdik. Bazar rəhbərliyi obyekt sahiblərinin gözünü necə qorxutmuşdusa, nəzarətçinin yanında şikayət etməyə çəkinirdilər. Onun yaxınlaşdığını hiss edən satıcı qadın da “valı dəyişir”: “Şikayətimiz-zadımız yoxdur. Əvvəl mallarımızı yığıb obyekti dağıştmışdılar, sonra qaytardılar…”

Bizi izləyənin gözündən yayınıb bazarın arxa tərəfinə keçirik. Bura əsl anbarı xatırladır. Obyekt sahibləri sökülən köşklərin salamat hissələrini bura yığaraq üstünü örtmüşdülər. Mallarını daşıyıb aparanlarla yanaşı, sona qədər dirənib geri qayıtmağa ümidli olanlar da var idi. Amma var-gəl edən satıcılardan birinin bəd xəbərlə qayıtması hamının əhvalını dəyişir: “Deyirlər, dağılışın, “veşinizi” də yığın aparın, geri qaytarmayacağıq!”

Sonuncu xəbər bayaqdan ağzına su alıb susan satıcıları qızışdırır. Özünü Emil kimi təqdim edən şikayətçi artıq neçə gündür ki, evə çörək pulu aparmadığını deyir: “Bizi işləməyə, bir tikə çörək qazanmağa qoymurlar. Deyirlər, yolu bağlamısınız, çıxın buradan. Bu gün bəzilərini yerlərinə qaytarıblar, qalanlara da deyiblər ki, bazarda yer veriləcək. Harada yer verəcəklər, bazarda boş yer var ki? Kimi çıxarıb məni onun yerinə qoyacaqlar? 150 nəfər qalmışıq küçələrdə. Bu yol həmişə belə olub da, indi yadlarına düşdü? Başa düşürük, yol düzəldirlər, bəs biz nə edək? Bu boyda kişilərik, cibimizdə 20 qəpik pulumuz yoxdur…”

“Bir metr yerə görə 20- 25 manat haqq alırdılar bizdən”

Başqa bir obyekt sahibi isə iki gündür ac yatdığını deyir: “Bizim qazancımız gündəlik alverdən çıxır, əgər heç nə satmırıqsa, çörək pulumuz olmur. İnanın, iki gündür dərddən, əsəbdən ac yatıram. Məni fikir alıb ki, bu obyekt ləğv olunsa, uşaqlarıma nə yedirəcəyəm. Onsuz da vəziyyətimiz yaxşı deyildi, axır vaxtlar elə bazar rəhbərliyinə işləyirdim, qazancım ancaq yer puluna çatırdı. Zarafat deyil e, bir metr yerə görə 20-25 manat gündəlik haqq alırdılar bizdən”, – deyə şikayətçi dillənir.

Digər şikayətçilər deyirlər ki, bazar rəhbərliyinə dəfələrlə müraciət etsələr də, onlarla görüşüb dinləmək istəməyib. Amma Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun qəbulunda olublar. Şikayətçilər deyirlər ki, icra başçısı “yoluna qoyacağıq” deyib vəd versə də, hələ də onlara kömək edən yoxdur.

Obyektlərdən yığılan pulu bölə bilmirlər

Adının çəkilməsini istəməyən obyekt sahibindən öyrənirik ki, bazarda dava “yorğan” davasıdır. Bazarın yeni rəhbərliyi ilə Nizami Rayon İcra Hakimiyyəti obyektlərdən yığılan kirayə pullarını bölə bilmir: “Bazar rəhbərliyi bizdən yığıdığı pulu icra hakimiyyətinə vermir, ya da az verir. Ona görə də, icra hakimiyyəti buraları sökdürür. Arada biz qalmışıq, biz çörəkdən olmuşuq”, – deyə həmsöhbətimiz bildirir.

Şikayətçilər bildirirlər ki, hər yerdə kamera olduğundan, çoxu şikayət etməyə çəkinir. Hətta narazıların bir çoxunu polis əməkdaşları bazardan kənarlaşdırıb. Həqiqətən də, bazarda şəkil çəkməyə başlamışdıq ki, bazar rəhbərliyi və polis əməkdaşları burada çəkiliş aparmağın qadağan olunduğunu dedilər.

Özünü Rəhim, Famil kimi təqdim edən və bazarın işçiləri olduqlarını bildirən şəxslər söküntünün Nizami Rayon İcra Hakimiyyətinin göstərişi ilə aparıldığını dedilər: “İcra hakimiyyətinin göstərişidir, ona görə sökmüşük. Bura yoldur, yoldan təcili yardım, yanğınsöndürən maşın keçməlidir. Həmin şəxslərin də obyektləri yola mane olduğuna görə sökülüb”.

214406_src

214407_src

214405_src

214408_src

214410_src






Paylaş:


Müəllif : Tarix:
28-10-2017, 21:00
  


loading...
Загрузка...