reklam
» » “ABŞ DÜNYANI DİNİ MÜHARİBƏYƏ SÜRÜKLƏYİR” – “Bu prosesin Qüdsdən başlanması daha da təhlükəlidir”

“ABŞ DÜNYANI DİNİ MÜHARİBƏYƏ SÜRÜKLƏYİR” – “Bu prosesin Qüdsdən başlanması daha da təhlükəlidir”


Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov Qüds böhranı ilə bağlı Ovqat.com saytına müsahibə verib.

– İlyas müəllim, bu gün dünya dövlətlərinin ən çox müzakirə etdiyi məsələlərdən biri Qüdslə bağlıdır. ABŞ prezidenti Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq mənasına gələn məlum qərarı xüsusilə müsəlman xalqlar tərəfindən qınanılır. Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanın çağırdığı İƏT-nın fövqəladə toplantısında Azərbaycan prezidenti də iştirak etdi. Sözsüz ki, beynəlxalq yəhudi lobbilərinin əleyhinə getmək ciddi riskləri gözə almaq deməkdir. Sizcə, Qarabağ problemi olan bir ölkənin bu riski gözə almağa dəyərdimi?
– Xarici siyasət sahəsində hər hansı addımı atmaq, sözsüz ki, müəyyən riskləri gözə almağı tələb edir. Xüsusilə separatizmdən əziyyət çəkən bir dövlətin belə məsələlərdə konkret mövqe ortaya qoyması, əlbəttə, asan deyil. Bununla belə, elə məsələlər var ki, tərəfsiz qalmaq olmur. Trampın Qüdslə bağlı məlum qərarı belə məsələlərdəndir.
Əvvəla, Azərbaycan, əhalisinin əksər hissəsi İslam mədəniyyətinə daxil olan ölkə kimi, Qüdsün beynəlxalq hüquqa zidd şəkildə ilhaqına münasibət bildirməliydi.
İkincisi, toplantını çağıran Türkiyə idi və Azərbaycan öz strateji müttəfiqini tək qoya bilməzdi.
Üçüncüsü, hər bir ölkənin xarici siyasətinin müəyyənləşməsində mənsub  olduğu coğrafiyanın ümumi maraqları mühüm rol oynayır. Bildiyiniz kimi, bizim əhatəsində olduğumuz regional və böyük dövlətlərin hamısı Qüdslə bağlı, təxminən, eyni mövqedən çıxış edirlər. Həm Türkiyə, həm Rusiya, həm də İran Qüdsün İsrailin paytaxtı kimi tanınmasına kəskin qarşı çıxırlar. Azərbaycan da mənsubu olduğu coğrafi və milli-mədəni dairənin maraqlarından çıxış etməliydi.
Üstəlik, Trampın qərarı o qədər qanunsuzdur ki, hətta uzun illər ABŞ-la eyni hərbi alyansda və geostrateji hədəflərdə birləşən Avropa ölkələri belə, açıq şəkildə buna qarşı çıxırlar. İsrailin Baş naziri Brüssel səfəri zamanı Avropa İttifaqına daxil olan ölkələrdən istədiyi dəstəyi ala bilmədi. Belə bir vaxtda rəsmi Bakının tərəfsiz qalması düzgün olmazdı. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti bu addımı təsadüfən atmayıb. Yüz ölçüb bir biçdikdən sonra Türkiyənin çağırışına səs verib.
Digər tərəfdən, Qarabağ məsələsi ilə Qüds problemini eyniləşdirmək səhvdir. Qarabağ həm tarixən, həm də beynəlxalq hüquq normalarına görə, Azərbaycanın suveren hüquqlarına aid məkandır, BMT tərəfindən tanınmış ərazimizə daxildir. Qüds üçün isə eyni sözləri demək mümkün deyil. Əksinə, Qüdsün ilhaqı Qarabağ probleminin həllində bizim əleyhimizə nümunə yaradır. Bu baxımdan da Azərbaycan hakimiyyətinin atdığı addım dövlət maraqlarımıza uyğundur.
– İlyas müəllim, istərdim ki, fikirlərinizi bir qədər də açasınız. İsrail Qüds tələbində niyə haqsızdır?
– Bu sualın iki müstəvisi var. Bunlardan biri tarixi, digəri isə hüquqi amillə bağlıdır.
İsrail deyir ki, Qüds tarixən bizim şəhərimiz olub. Əvvəla, məsələyə bu cür yanaşmaq dünyanı sonu görünməyən müharibələrə sürükləyə bilər. İstənilən ərazinin sahibliyini onun tarixən kimə aid olması müəyyənləşdirmir. Faktiki olaraq həmin yerdə kim yaşayırsa, ərazi də onundur. Tarix yaşanmış hadisədir. Beynəlxalq hüquq isə yaşanmışa yox, bu gün yaşananlara qiymət verir. Əks halda, yaşanmış tarixə əsasən Qüdsün İsrailə aid olduğunu iddia edən ABŞ vətəndaşları eyni məntiqlə qurduqları dövləti hindulara verib Avropaya qayıtmalıdırlar. Beynəlxalq hüquq normalarının olmadığı dövrlərdə yaşanmışlara görə hansısa xalqı günahlandırmaq və ya keçmişin qisasını almaq heç bir qanunla izah edilə bilməz. Ən azı ona görə ki, hüququn fəlsəfəsində özündən əvvəlki dövrü mühakimə etmək ənənəsi mövcud deyil. Keçmişi araşdırmaq tarixin vəzifəsidir, hüququn yox.
Digər tərəfdən, tarixi mənbələr də İsrail və ABŞ-ın tezislərini alt-üst edir. Sionizmin iddialarına görə, Qüdsü, onların sözləriylə desək, Yerusəlimi yəhudilər yaradıb və bu səbəbdən də İsrailin olmalıdır. Tarix isə tamamilə fərqli faktlar ortaya qoyur. Tarixi mənbələr təsdiqləyir ki, Qüds bizim eradan əvvəl 2 mininci ildə yevus xalqı tərəfindən salınıb. Yəhudilər isə bu şəhəri 1000 ildən sonra Davud peyğəmbərin komandanlığı altında işğal ediblər. O zamana qədər isə yəhudilər Mesopotamiyada köçəri həyat sürən maldar xalq idi. Mallarını otara-otara Qüds yaxınlığına qədər gəlib çıxmış, Misir imperiyasının  zəifləməsindən faydalanaraq bu şəhəri zəbt etmişlər. Həmin vaxtlar Qüdsdə yaşayanların Kənan elinə sürgün edildiyi və yevusların sami xalq olduğu bildirilir. Kənan dağları indiki Livan ərazisindədir və burda yaşayan insanlar isə sami millətlərdən olan ərəblərdir. Bu məntiqlə yanaşsaq, Qüdsü elə ərəblər qurub.
Davuq peyğəmbərin bu şəhəri almasıyla tarixdə ilk və yeganə böyük yəhudi imperatorluğu yaradılır və onun oğlu Süleyman peyğəmbərin dövründə ən möhtəşəm dövrünü yaşayır. Süleyman peyğəmbər öldükdən sonra isə bu imperatorluq ədalətsizliklərin və saraydaxili müharibələrin nəticəsində getdikcə zəifləyir. Nəhayət, b.e.ə. 586-ci ildə Babillər tərəfindən tutulur, əhalisinin böyük qismi məhv edilir, sağ qalanlar əsir götürülür və qul kimi Babilistana aparılır. Qüds bir də Pers hökmdarı Kir tərəfindən b. e. ə. 538-ci ildə Babillərdən azad edilir və yəhudilər yenidən oraya köçürülür. Daha sonra Makedoniyalı İsgəndər, onun ölümündən sonra isə Misir hökmdarı I Ptolomey tərəfindən alınan şəhər eramızın 70-ci ilində Roma ordusu tərəfindən ələ keçirilir. 325-ci ildə Roma imperatoru Konstantin şəhərə Yerusəlim adını qaytarır və xristianlığın mərkəzi elan edir. 7-ci əsrə qədər tez-tez müxtəlif hökmdarlar tərəfindən işğal olunan Qüds 638-ci ildə islam xəlifəsi Ömər ibn Xəttab tərəfindən alınır və beləcə, şəhər 3 səmavi dinin mərkəzi halına gəlir.
Qüdsün 3000 illik tarixinə nəzər salsaq, bu uzun ömrünün yarısı 3 səmavi dinə eyni anda ruhani mərkəz olmaqla keçib. Qüds müsəlmanların olduğu qədər xristianların da, yəhudilərin də dini mərkəzidir. İndi hansısa super gücün qalxıb yüzillərlə oturuşmuş ənənəni dəyişməyə çalışması rahat həzm ediləcək məsələ deyil və dinlərarası konflikti qızışdırmağa xidmət edir.
– Bəs indiki problemin təməlləri nə zaman atılıb?
– Qüds tarix boyu müxtəlif dinlər arasında problem qaynağı olub. Şəhərin müsəlmanlar tərəfindən fəth edilməsi isə Qüdsdə uzun müddət stabillik yaratsa da, problemi daha da mürəkkəbləşdirib. Qüds problemi 3 səmavi din arasındakı tolerantlığın yoxluğundan qaynaqlanır. Məsələ burasındadır ki, daha qədim din daha yeni dinin səmavi olduğuna inanmır və yalnız öz müqəddəs kitabının Allah tərəfindən göndərildiyini düşünür. Bu mənada 7-ci əsrə qədər Qüds yəhudilik və xristianlıq arasında qırılma nöqtəsi idisə, 7-ci əsrdən sonra islam da bu konfliktin tərəfinə çevrildi. Müsəlmanlığı həm yəhudilər, həm xristianlar qəbul edə bilmədiklərinə görə zaman-zaman eyni hədəfdə birləşirlər.
Qüdsün müsəlmanlardan geri alınması təşəbbüsü ilk əvvəl səlib yürüşləri zamanı başladı. 1099-cı ildə I səlib yürüşündə Qüds işğal olundu və bütün müsəlman əhali qılıncdan keçirildi. 1187-ci idə şəhər Misir sultanı Səlahəddin Əyyubi tərəfindən geri alındı. Qüdsdəki Diriliş məbədindən başqa bütün kilsələr məscidə çevrildi. 1229-cu ildə II Fridrix şəhəri xristianlara qaytarır, ancaq bu zəfər də uzun sürmür. Şəhər 1244-cü ildə Xarəzmilər tərəfindən yenidən fəth olunur. 1517-ci ildən 1917-ci ilə qədər Qüds Osmanlı imperiyasının ərazisinə daxil olur və tarixinin ən rahat dövrünü bu zaman kəsimində yaşayır. Dörd əsrlik Osmanlı himayəsində Qüds özünün çiçəklənmə dövrünü yaşayır. Osmanlılar bu şəhəri hər 3 dinin həqiqi mərkəzi halına gətirirlər.
Tarixlərə diqqətlə baxsaq, bütün səlib yürüşlərinin Qüds uğrunda olduğunu görə bilərik. Bugünkü Qüds problemi də məhz səlib yürüşünün növbəti mərhələsidir. Sadəcə bu mərhələyə digər yürüşlərdən fərqli olaraq, katolik və ortodoks xristianları deyil, ABŞ və İngiltərənin timsalında protestanlar rəhbərlik edirlər. Protestanlıq isə yəhudiliyə yaxın bir məhzəb kimi tanınır. Hətta onların arasında yevangelistlər deyilən bir cərəyan var ki, bu cərəyanın təmsilçiləri öz düşüncələrinə görə “xristian sionistlər” adlanırlar. Yevangelistlərə görə, İsa peyğəmbər Diriliş məbədində yenidən diriləcək. Bundan sonra dünya hegemoniyası yəhudilərin əlinə keçəcək. Onlar bu düşüncələrini müqəddəs kitabları Bibliyanın Əhdi-ətiq adlanan hissəsindəki bir ehkamdan alırlar. Əhdi-ətiq, bildiyimiz kimi, Tövratdır. Kitabdakı ehkama görə, İsa peyğəmbər Diriliş məbədində zühur edəcək. Qüdsdəki məlum kilsə də adını bu inancdan götürüb. Əhdi-ətiqdə vəd edilən diriliş zamanı yəhudilər Qüdsə toplanmalıdırlar.
ABŞ-da böyük siyasi və iqtisadi gücə sahib olan yevangelistlər xüsusilə 1917-ci ildən bəri addımbaaddım bu siyasəti həyata keçirirlər. Bilirsiniz ki, Qüds İngiltərə tərəfindən məhz bu tarixdə – 1917-ci ildə işğal olunub. Müasir Qüds probleminin evangelist təməlləri də həmin tarixdə atılıb.
İkinci Dünya müharibəsindən sonra isə bu proses daha sürətlənir. 1947-ci ildə Fələstin torpaqlarına yəhudilərin köçürülməsi başlayır. Bir ildən sonra Qüdsün qərb hissəsi İordaniyadan alınır. Buna etiraz edən ərəb ölkələri ilə İsrail arasında yaranan gərginlik tarixə 6 günlük müharibə kimi düşən yəhudi zəfəriylə nəticələnir. Həmin vaxt Qüdsün şərq hissəsini də İsrail işğal edir. Bu tarixə nəzər salanda qəribə bir zamanlama nizamıyla qarşılaşırıq. Qüdsün işğalından 50 il sonra şəhər tamamilə yəhudilərin nəzarətinə keçir. 100 ildən sonra isə ABŞ oranı İsrailin paytaxtı kimi tanıyır. Sanki hər şey keçmiş SSRİ-dəki 5 illik planlar kimi, intizamlı şəkildə həyata keçirilir. Sadəcə 5 illikləri 50 illik planlama əvəz edir.
– Bəs, bu proses beynəlxalq hüquq normalarına niyə uyğunlaşdırılmır? Axı, sirr deyil ki, ABŞ bütün niyyətlərini BMT tərəfindən legitimləşdirə bilir. Qüds probleminin beynəlxalq hüquqda yeri nədir?
– Müasir dövrümüzdə hansısa ərazini ilhaq etmək o qədər də asan deyil. II Dünya müharibəsindən sonra dünyanın böyük gücləri bir daha qlobal faciələrə yol açan konfliktlərə girməmək üçün BMT adlı qurumu yaratdılar. BMT dövlətlərarası münasibətləri nizamlamaq üçün beynəlxalq qanunlar çıxartdı. Bu qanunlarda ölkələrin ərazi bütünlüyü və toxunulmazlığı dəyişilməz prinsiplər kimi tanındı. Yəhudilər İsrailə beynəlxalq qanunlar yaradıldıqdan sonra köçürüldüyündən, ilhaq siyasətlərini legitimləşdirə bilmədilər.
Üstəlik, Qüds problemi yalnız yəhudlərlə müsəlmanlar arasında yaşanan konflikt deyil. Xristianlar da bu məsələdə fərqli mövqedə dayanırlar. Bilirsiniz ki, xristianlığın əsas məbədgahı  Diriliş məbədidir. Diriliş məbədi tarixən müxtəlif xristian məzhəbinin nəzarəti altındadır. Katolik və ortodoks məhzəbləri olan bu cərəyanlar da Qüdsün protestanların dəstəyi ilə yəhudiləşdirilməsini arzulamırlar. Onlardan bəziləri yəhudilərə hətta İsa peyğəmbərin qatilləri kimi baxırlar. Xristian dövlətləri arasındakı bu fərqli mövqelər də yevangelizmin öz niyyətini həyata keçirməsinə, Qüdsün ilhaqının legitimləşdirilməsinə mane olur. İstər katolik Avropasının, istərsə də ortodoks Rusiyasının Trampın son qərarına məsafəli yanaşmasının başlıca səbəblərindən biri bundan qaynaqlanır.
Qüdsün ilhaqının beynəlxalq hüquqdakı yerinə gəlincə, bilirsiniz ki, 1980-ci ildə İsrail Qüdsü özünün paytaxtı elan etdi və parlament başda olmaqla, bir çox dövlət orqanlarını oraya köçürdü. Həmin vaxt BMT TŞ özünün 478-ci qətnaməsilə həmin qərarı tanımadı və Qüdsü həm Fələsitinin, həm də İsrailin ortaq şəhəri elan etdi. Bundan əvvəl də BMT-nin çıxartdığı bir çox qərarlar Qüdsün İsrail tərəfindən ilhaqına yol vermir.
– Bütün bunlara baxmayaraq, Qüdsün yəhudiləşdirilməsi dünyada hansı problemlərə səbəb ola bilər?
– Müxtəlif ölkələrdə ərazilərin bu cür ilhaqı ilk növbədə beynəlxalq hüquqları və bu hüquqların təminatçısı olan qurumları, o cümlədən BMT-ni lüzumsuz hala gətirir. Bu isə qlobal sülhə, stabilliyə kölgə salır. Beynəlxalq hüquq yalnız ABŞ tərəfindən də pozulmur. Artıq bəzi dövlətlərin öz qonşularının əraziləri ilhaq etməsi adi hala çevrilib. Bunlardan biri də Ermənistanın Qarabağı işğalıdır. Bu kimi problemlər dünyanı tədricən böyük müharibələrə sürükləyir. Çünki hüququn bitdiyi yerdə müharibələr başlar. Qüds məsələsi isə gələcəkdə çıxması ehtimal olunan qlobal müharibələrin xarakterini müəyyənləşdirə  bilər. Təəssüf ki, dünya ABŞ tərəfindən nəticə etibarilə ən təhlükəli müharibəyə – qlobal dini münaqişələrə sürüklənir. Bu prosesin 3 səmavi dinin birləşmə nöqtəsi olan Qüdsdən başlanması daha da təhlükəlidir.
Bilindiyi kimi, Qüds ərəbcə “müqəddəs yer” deməkdir. Müsəlmanlar bu şəhərə müqəddəs baxdıqları üçün onu belə adlandırıblar. Yəhudilər isə bu şəhərə Yerusəlim deyirlər. Yerusəlim sami dillərdə “sülh şəhəri” deməkdir. Təəssüf ki, ötən əsrin əvvəllərində ingilislərin əliylə bu şəhər alınıb yəhudilərə hədiyyə edilmək istənildiyi andan Qüdsün hüzuru pozulub. Buranı, guya, sülh şəhəri kimi görmək istəyənlər bitib tükənməyən müharibə meydanına döndəriblər. Bu cür davam edərsə, Qüds heç bir zaman Yerusəlimə, yəni, sülh şəhərinə çevrilməyəcək. Xüsusilə digər səmavi dinlərə tolerant yanaşan, həm xristianlığın, həm də yəhudiliyin peyğəmbərini öz peyğəmbəri kimi qəbul edən islamın bu cür sıxışdırılması dinlərarası dialoqda əsas bağlayıcı telin qırılması anlamına gəlir.
Qüds tarixində İslami tolerantlığı ifadə edən məhşur bir hadisəni fikirlərimə nümunə gətirmək istəyirəm. İslam xəlifəsi Ömər Qüdsü fəth edəndə xristianların indiki Diriliş kilsəsində olur. Kilsənin keşişi onu böyük hörmətlə qarşılayır. Qısa söhbətdən sonra Ömər Xəttab günorta namazını qılmaq üçün kilsədən ayrılmaq niyyətiylə sağollaşır. Keşiş ona namazını kilsədə də qıla biləcəyini söyləyir. Xəlifə bu təkliflə razılaşmır. Bildirir ki, əgər o, namazını burda qılarsa, bir zamandan sonra müsəlmanlar arasında belə bir ənənə yaranar və kilsə məscidə çevrilər. Odur ki, namazını kənarda qılmağa qərar verir. Müsəlmanların bu həssasiyyəti sayəsində Qüds öz adına uyğun şəkildə həm 3 dinin müqəddəs məkanı, həm də sülh şəhəri olur. Yəhudilər də oraya müsəlmanlar hakim olandan sonra ziyarətə gələ bilirlər. Xüsusilə Osmanlı padşahı Sültan Süleymanın vaxtında. Sonrakı dövrlərdə Diriliş kilsəsinin ziyarəti əsnasında 4 fərqli xristian məzhəbinin arasında ciddi mübahisələrin yaşandığı da tarixdən bəllidir. Osmanlı hakimiyyəti illərinə təsadüf edən bu insident zamanı xeyli sayda xristian bir-birini qırır və Qüdsün “sülh şəhəri” imicinə kölgə düşür. Nəticədə sultan işə qarışır və xristian məzhəblərini dialoqa çağırır. Xristianlar bir neçə günlük müzakirədən sonra ədalət bərpa olunsun deyə, öz kilsələrinin açarını könüllü şəkildə Qüdsə yaşayan bir müsəlmana verirlər. Bu gün də həmin açar müsəlman ailəsindədir. Bu fakt öz-özlüyündə müsəlmanların Qüdsə ədalət və əmin-amanlıq gətirdiyinin ən bariz nümunəsidir. Nə yazıq ki, sionistlər Qüdsü mənimsəyərək, bu əmin-amanlığı ortadan qaldırmaq istəyirlər və yalnız müsəlmanlar onların hədəfində deyil. Eyni şəkildə Qüdsdə yaşayan xristianlar da sionizmin bu ilhaq siyasətindən öz nəsibini alacaqlar.
Sionizmin Qüdsü ilhaq etməsi Yaxın Şərqdə və dünyada ciddi insidentlərə yol aça bilər və bu təhlükənin ipucları ötən əsrin əvvəllərində ortaya atılıb. Məlum olduğu kimi, ABŞ-ın məşhur strateqlərindən olan Samuel Hantinqtonun 1990-cı ildə qələmə aldığı “Mədəniyyətlər çarpışması” adlı nəzəriyyəsi var. SSRİ-nin dağılmasından sonra ortaya atılan bu nəzəriyyəyə görə, bundan sonra ortaya çıxacaq dünya müharibələrinin əsas motivi iqtisadi və siyasi deyil, din əsaslı olacaq. Hantinqton dini müharibələrin baş verməsi tarixini də göstərir – XXI əsrin əvvəllərində. Maraqlıdır ki, ABŞ tərəfindən süni şəkildə dini müharibələrin başlamasına start da məhz indi – XXI əsrin başlarında verilir. Zənnimcə, bu müharibələr yalnız müsəlman-yəhudi münaqişəsi çərçivəsində qalmayacaq, xristian dünyasını da əhatə edəcək. Qüdsün qırılma nöqtəsi kimi seçilməsi bu mənada təsadüfi deyil.
 


Paylaş:


Müəllif : Tarix:
17-12-2017, 15:25
  
loading...