reklam
» » Vyana 9-cu dəfə dünyanın ən yaşamalı şəhəri seçilib

reklam

Vyana 9-cu dəfə dünyanın ən yaşamalı şəhəri seçilib

Avstriyanın paytaxtı Vyana doqquzuncu dəfə “dünyanın ən yaşamalı şəhəri” seçilib.İnsan resursları üzrə beynəlxalq konsaltinq mərkəzi “Mercer” tərəfindən tərtib edilən ümumdünya reytinqində şəhərlər həyat keyfiyyəti standartlarına görə sıralanır.

AZƏRTAC xəbər verir ki, builki dünya şəhərlərinin yeni siyahısında ilk onluqda yenə də Avropa şəhərləri üstünlük təşkil edir. Həmin siyahıda Sürix 2-ci, Münxen 4-cü, Düsseldorf 6-cı, Frankfurt 7-ci, Cenevrə 8-ci, Kopenhagen 9-cu və Bazel 10-cu yerləri tuturlar. Qeyri-Avropa şəhərlərindən Oklend (Yeni Zelandiya, 3-cü yer), Vankuver (Kanada, 5-ci yer) və Sidney (Avstraliya, 10-cu yer) də ilk onluqda yer alıblar.

Dünyanın 231 şəhərinin qiymətləndirilməsi əsasında tərtib edilmiş həmin siyahıda şəhərlərin təklif etdiyi ictimai xidmətlər, tibbi və təhsil imkanları, infrastruktur və nəqliyyat, ekoloji durum və yaşıllıqlar, sosial-mədəni tədbirlər diqqət mərkəzində dayanır. Eləcə də hər bir şəhərdə kriminogen vəziyyət, ölkədəki sosial-siyasi inkişafın şəhərə təsiri də qiymətləndirmədə mühüm rola malikdir. Qiymətləndirmə dünyanın müxtəlif şəhərlərində beynəlxalq təşkilatlarda çalışan və ya uzunmüddətli ezamiyyətlərdə olan işçilər arasında aparılan sorğu əsasında tərtib edilir. Ümumilikdə 39 kriteriya üzrə dəyərləndirilmənin aparıldığı ümumdünya reytinqi artıq 20 ildir ki dərc olunur.

Təşkilatın eksperti Ulrike Hellenkamp bildirib ki, Vyana şəhəri ilk növbədə ictimai təhlükəsizliyin səviyyəsi, yaxşı təşkil olunmuş ictimai nəqliyyat şəbəkəsi və həmçinin mədəniyyət və asudə vaxtın təşkili üçün geniş və keyfiyyətli imkanlarına görə respondentlərin rəğbətini qazanıb.

Həyat keyfiyyəti araşdırmasında sonuncu yerdə son illərdə olduğu kimi yenə də İraqın paytaxtı Bağdad şəhəri dayanır.



Paylaş:


Müəllif : Tarix:
21-03-2018, 13:16
  


loading...