reklam
» » “İsgəndər”i məhv edən İsrailin mükəmməl silahı

reklam

“İsgəndər”i məhv edən İsrailin mükəmməl silahı– “Dəmir günbəz”(Araşdırma)

Stokholmdakı Dünya Problemlərini Araşdırma İnstitutu (SIPRI) 2015-2016-ci illərdə Azərbaycanın əldə etdiyi silahlarla bağlı hesabat hazırlayıb. İnstitut Azərbaycanın əsas silah təchizatçılarının İsrail, Türkiyə və Rusiya olduğunu bildirib.

Qeyd olunur ki, Azərbaycan ötən il İsraildən OPV-62 gözətçi gəmiləri, havadan patrul xidməti üçün Orbiter-1K sursatı, “Barak-8” zenit-raket kompleksləri, EL/M-2080 “Green Pine” hava hücumundan müdafiə sistemləri radarları, LAHAT tank əleyhinə idarə edilən yüngül raketləri, Spike-NLOS unikal raketləri, EL/M-2288 AD-STAR radarları, “Harop” hücum və kəşfiyyat xarakterli pilotsuz uçuş aparatları, “SandCat” zirehli avtomobilləri satın alıb.

Hesabatda o da bildirilir ki, Azərbaycan 2016-cı ildə İsrailə “Dəmir günbəz” hava və raket hücumundan müdafiə sistemi və bu kompleks üçün “Tamir” raketlərini sifariş edib.

Bəs, “Dəmir günbəz” müdafiə sistemlərinin təyinatı, parametrləri nədən ibarətdir? Kompleksin qiyməti nə qədərdir? İndiyədək hansı əməliyyatlarda istifadə edilib? “Dəmir günbəz” neçə ölkənin silahlanmasına daxil edilib?

Regionxeberleri.com Teleqraf.com-un bununla bağlı hazırladığı araşdırmanı təqdim edir:

 
“Dəmir günbəz” hava hücümundan taktiki müdafiə sistemi 4-70 kilometr məsafədə uçan idarəolunmayan taktiki raketlərdən müdafiə olunmaq üçün nəzərdə tutulub. İsrailin “Rafael” kompaniyası tərəfindən istehsal olunub. Hər batareya 150 kvadrat kilometrlik ərazini müdafiə etmək imkanına malikdir. İlk batareya döyüş növbəsinə 2011-ci ilin martında daxil edilib. 2014-cü ilin iyulunda bütün İsrail ərazisində döyüş növbəsinə 9 batareya cəlb olunub. 2014-cü ilin sonunadək “Dəmir günbəz” batareyaları 1200 raketi məhv etməyə müvəffəq olub.

“Dəmir günbəz” necə yarandı?

3 avqust 2005-ci ildə İsrail Müdafiə Nazirliyinin araşdırma və tədqiqat idarəsinin (MAFAT) rəisi, general-mayor Daniel Qold “Dəmir günbəz” proqramı ilə bağlı qərar qəbul edir. Proqram “Dəmir günbəz” sisteminin araşdırılmasını və onun imkanlarının nümayişini nəzərdə tuturdu. 2006-cı ilin fevralında sözügedən proqramın hazırlanması üzərində iş başa çatdırılır. Həmin ilin avqustun 27-də müdafiə naziri Amir Perets “Dəmir günbəz”i “vacib layihə” adlandırır, proqramın inkişafını “fövqəladə proqram” kimi xarakterizə edərək onun icrası üzərində işi sürətləndirməyi tapşırır. Noyabr ayında MAFAT layihəni “Rafael” kompaniyasına həvalə edir və onun genişmiqyaslı icrası istiqamətində şirkətə tapşırıq verir. “Dəmir günbəz” 2007-ci ilin fevralında İsrailin baş naziri Ehud Olmertə təqdim olunur və baş nazir sistemi “qaçılması mümkün olmayan nəsnə” adlandırır.

 
3 iyul 2007-ci ildə müdafiə naziri Ehud Barak “Dəmir günbəz” sisteminin istehsal olunmasını təsdiqləyir. 1 yanvar 2008-ci ildə proqram üzərində iş başa çatdırılır.

Hal-hazırda layihənin konstruktoru və istehsalçısı “Rafael” konserni və İsrail Aerokosmik Sənayesidir (Israel Aerospace Industries – IAI). Qeyd edək ki, sonuncu qurum dövlət təşkilatıdır.

Sınaqdan çıxarılma

2007-c ilin yanvarında “Dəmir günbəz” HƏMAS tərəfindən İsrail ərazisinə atılan “Kassam” raketlərini və 122 millimetrlik “Qrad” mərmilərini uğurla məhv edir. 2009-cu ildə İsrail Müdafiə Nazirliyi “Dəmir günbəz”lərdən ibarət hava hücumundan müdafiə divizionu formalaşdırdığını açıqlayır. Divizion Qəzza sektoru və Livanla sərhəddə yerləşdirilir. Bununla belə sistem döyüş növbəsinə yalnız 2011-ci ilin martında qəbul olunur.

2017-c ilin fevralında İsrail Müdafiə Nazirliyi və “Rafael” konserni “Dəmir günbəz”in növbəti dəfə modernləşdirilməsindən sonra onun sınağını keçirirlər. Əvvəlcə sistemlə birgə ilk dəfə olaraq İsrail və ABŞ-ın ortaq istehsalı olan “Tamir” raketləri də sınaqdan çıxarılır. Daha sonra sınaq zamanı “Dəmir günbəz”in eyni vaxtda və qısa intervalla müxtəlif atəş nöqtələrindən buraxılan müxtəlif növ raketləri məhv edə bilməsi yoxlanılır. Sınağın nəticələri qənaətbəxş hesab olunur.

Batareyanın tərkibi

“Dəmir günbəz” batareyaları üç hissədən ibarətdir. Çoxməqsədli radiolokasiya stansiyasının məqsədi buraxılmış raketlərin dəqiq yerini, məqsədini və uçuş trayektoriyasını müəyyən etməkdir.

Atəşin idarəetmə mərkəzində raketlərin müəyyənləşdirilməsi yeri ilə onun buraxılması anı müəyyənləşdirilir. Bu, təxminən bir neçə saniyə çəkir. “Tamir” raketləri anındaca havaya qalxıb hədəfi məhv edir.

 
Nəhayət, “Dəmir günbəz” kompleksinin “Tamir” raketləri. Raketlərin uzunluğu 3 metr, diametri 160 millimetr, çəkisi 90 kiloqramdır. “Rafael” bildirir ki, “Dəmir günbəz” sistemi 10 kilometrədək hündürlükdə uçan təyyarələri də vurmağa qadirdir.

Müxtəlif qiymətləndirmələrə görə, bir batareyanın qiyməti 50-170 milyon dollar arasındadır. Bir “Tamir” raketinin qiyməti isə 20 min dollardır.

Effektivlik

2012-ci ilədək buraxılan hər raketin qiyməti 30-40 min dollar olub ki, bu zaman effektivlik 100 faiz olub. İsrail ordusunun adı açıqlanmayan polkovniki “Ediot Axronot” qəzetinə müsahibəsində İkinci Livan müharibəsi zamanı (2007-ci il) İsrail ərazisindən 4000 raket buraxıldığını bildirib. O qeyd edib ki, bu zaman maddi itkilər 1,5 milyard dollar təşkil edib. Ancaq “Dəmir günbəz”in sayəsində bu xərc 50-100 milyon dollara enib.

Hansı hərbi əməliyyatlarda istifadə olunub?

“Dəmir günbəz”dən ilk dəfə 2006-cı ilin iyunundan başlayan və bugünədək davam edən Qəzza sektorundakı hərbi əməliyyatlarda istifadə olunur. Bundan başqa “Dəmir günbəz” 2012-ci ilin noyabrın 14-21-də İsrailin həyata keçirdiyi “Bulud dirəyi” və 2014-cü ilin 7 iyul-26 avqustda həyata keçirdiyi “Sarsılmaz qaya” əməliyyatlarında uğurla sınaqdan çıxarılıb.

İxrac

İnternet məlumatlarına əsasən deyə bilərik ki, hal-hazırda “Dəmir günbəz” iki ölkənin silahlanmasına daxil edilib. Bunlardan biri təbii ki, sistemin istehsalçı ölkəsi İsrail, digəri Sinqapurdur.

Digər bir məlumata görə, Koreya Respublikasının silah təchizatı komissiyasının sədri 2011-ci ildə İsrailə səfəri zamanı bu sistemlə maraqlandıqlarını bəyan edib. İki ölkə arasında bu istiqamətdə danışıqlar 2012-ci ildə aktiv şəkildə davam etdirilib. Ancaq Koreya Respublikasının bu sistemi alıb-almadığına dair dəqiq informasiya yoxdur.

2011-ci ilin dekabr-yanvar aylarında ABŞ quru qoşunlarının silahlanmasına İraq və Əfqanıstandakı bazaları qorumaq üçün hava hücumundan müdafiə sisteminin daxil edilməsi barədə qərar qəbul olunur. Gözlənilirdi ki, bu sistem “Dəmir günbəz” olacaq. 2014-cü ilin payızında test üçün bir batareyanın alınmasına dair qərar qəbul olundu.

“Dəmir günbəz”in alınmasına dair İsraillə müqavilə imzalayan azsaylı ölkələrdən biri də Azərbaycandır. Sözügedən müqavilə 2013-cü ildə imzalanıb. 2016-cı ilin oktyabr ayının əvvəli üçün sistem Azərbaycana çatdırılması üçün hazır vəziyyətdədir.

“Dəmir günbəz” 10 “İsgəndər”in 9-nu məhv edəcək”

Qeyd edək ki, 2016-cı ilin sentyabrın 26-da İrəvanda keçirilən hərbi paradda Rusiyanın “İsgəndər” raket kompleksi nümayiş etdirilib. Bunun ardınca Azərbaycanın İsraildən “Dəmir günbəz” sistemi almasına dair məlumatlar yayılıb. Bu fakt ölkəmizin “Dəmir günbəz”i almasında əsas məqsədinin “İsgəndər”i zərərsizləşdirmək olduğunu açıq-aşkar ortaya qoyur.

 
Hərbi ekspert Azad İsazadə 
Teleqraf.com-a bildirib ki, “Dəmir günbəz” qoruduğu əraziyə gələn bütün növ hava hədəflərinə, o cümlədən “İsgəndər” raketlərinə qarşı istifadə oluna bilər.

“Dəmir günbəz” havada sanki qalxan yaradır və qoruduğu əraziyə heç nə keçə bilmir”, deyən A.İsazadə “İsgəndər”in əvvəlki sistemlərdən çox da fərqlənmədiyini vurğulayıb.

Onun sözlərinə görə, fərq yalnız yüksək sürət və radiusdadır, yəni, “İsgəndər” daha uzağa gedə bilməsi ilə fərqlənir:

“Əvvəlki nəsil raketlərdən fərqli olaraq “İsgəndər”in məsafəsi daha uzaqdır. “İsgəndər” özü çox da təhlükəli raket deyil. Onun təhlükəsi nüvə silahı daşımaq imkanının olmasındadır. Nüvə silahı daşıdıqda, “İsgəndər” doğrudan da çox güclü, təhlükəli silaha çevrilə bilər. Amma aydındır ki, Ermənistanda bu silah olsa da, heç kim İrəvana nüvə silahı satası deyil. Digər vaxtlarda “İsgəndər” tutaq ki, hansısa binaya düşsə, həmin binanı partlada, yaxud zərər verə bilər”.

Ekspert qeyd edib ki, “Dəmir günbəz” “İsgəndər” raketlərini birmənalı olaraq havada tutub zərərsizləşdirə bilər:

“Sadəcə, sözsüz ki, söhbət saydan gedir. Birdən-birə 10 raket buraxılsa, “Dəmir günbəz” onlardan ən azı doqquzunu vuracaq. Amma həmişə risk var ki, hansısa bir raket keçə bilər. Amma birdən-birə 10 raketi buraxmaq üçün 3 batareya olmalıdır. Hətta, “Dəmir günbəz” “Hizbullah”ın İsrailə qarşı istifadə etdiyi daha köhnə modifikasiyalı “Skad” raketlərinin çoxunu – 99 faizini havada zərərsizləşdirmişdi, ancaq bir-ikisi hansısa boşluğa düşmüşdü. Amma böyük ziyan vurma bilməmişdi”.



Paylaş:


Müəllif : Tarix:
28-02-2017, 20:09
  
loading...