reklam
» » Hüquq müdafiəçiləri ömürlük həbs olunanlardan danışdı

reklam

Hüquq müdafiəçiləri ömürlük həbs olunanlardan danışdı

 Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevral ayında "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalayıb.

Qeyd edək ki, "Ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir.

Keçmiş  SSRİ-də ölüm hökmü almış adamlar ölüm hökmü ləğv olunandan sonra cəzalar 15 və ya 20 il azadlıqdan məhrum edilmə ilə əvəz olunub. Rusiya 15-20 il, Ermənistan 20 il,  Gürcüstan 15 il, Belarusiya 20 il azadlıqdan məhrum edilmə  ilə əvəz olunub.
 Görəsən,  Azərbaycanda bu məsələ niyə hələ də öz həllini tapmır?  Məsələnin ləngimə səbəbləri nələrdir? 



Prezident yanında Əfv Məsələləri Komissiyasının  üzvü, "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev tia.az-a bildirdi ki, Azərbaycanda ölüm hökmü 1998-ci ildə məhrum prezident Heydər Əliyevin təşəbbüsü ilə ləğv olunduqdan sonra ömürlük azadlıqdan məhrum edilmə cəzası ilə əvəzləndi: "O şəxslər ki, ölüm cəzası ləğv edilənə qədər barələrində ölüm hökmü çıxardılmışdı, həmin şəxslərin cəzaları ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəzləndi. 200-dən artıq sayı olan belə şəxslərin barələrində ömürlük azadlıqdan məhrum etmə cəzası var. 
Cinayət məcələssində dəyişiklik edilən zaman qüvvədə olan qanunvericiliyə görə, azadlıqdan məhrum etmə cəzasının maksimal müddəti 15 il idi. Belə bir fikirlər var idi ki, əgər ölüm cəzası ləğv edilirsə, yeni qanun qüvvəyə minənə qədər ölüm cəzasına məhkum olmuş şəxslərin cəzaları 15 illə əvəzlənməli idi. Çünki o zaman Azərbaycanda ən yüksək cəza 15 il azadlıqdan məhrum etmə idi.

Avropa  məhkəməsinin bu məsələləri tənzimləyən bəzi qərarları - ölüm hökmü, ömürlük azadlıqdan məhrum etmə cəzası var ki, buna bir sıra hallarda haqq qazandırır. Amma hüquqi baxımdan müzakirə və mübahisə yaradan məsələlərdi. Hər şeydən əvvəl qanuna istinad etməliyik və qanunda hansı qayda nəzərdə tutulubsa, ona uyğun olaraq hərəkət etməliyik. Bu baxımdan məsələlər həlli, hüquqi baxımından qanunvericilikdə öz təsdiqini tapmışdır. Yəni, barələrində ölüm cəzası çıxarılmıs şəxslər ölüm cəzası ləğv edildiyi üçün ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənmişdir. 2000-ci ildə qəbul edilən yeni cinayət məcəlləsində də cəzalar sırasında ömürlük azadlıqdan məhrum etmə cəzası tam surətdə təsbit olundu və müəyyən müddətdə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olundu. İndi Azəbaycanda müəyyən müddətdə azadlıqdan məhrum etmə cəzasının müddəti 20 ildi. 

Bu o demək deyil ki, barəsində ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilən şəxslər ömrünün sonuna qədər ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olacaq. Qanunvericilik onların əfvlə bağlı müraciət etmək hüququnu tanıyır. Eyni zamanda  digər qaydada cəza qanunvericiliyində institutlar var ki, həmin institutlar vasitəsilə cəzasını dəyişməyə və yüngülləşdirməklə bağlı müraciət etmək imkanları yaradır.

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının əsasnaməsinə görə, şəxs ömürlük azadlıqdan məhrum edilmə cəzasına təyin olunubsa, o cəzanı 10 il çəkdikdən sonra əfv üçün müraciət etmək hüququna malikdir. Əgər onun cəzası əfv olunursa, həmin şəxs barəsində əfv sərəncamı varsa, barəsində ömürlük azadlıqdan məhrum etmə cəzası 25 ildən çox olmayaraq, müddətli azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənə bilər. Azərbaycanda təcrübədən görmüşük ki, bəzi səxslər barələrində ömürlük azadlıqda məhrum etmə cəzası təyin olunmasına baxmayaraq, onlar əfv olunub, azadlığa çıxıblar. Bu məsələlər qanunvercilikdə öz təsdiqini tapıb”. 



Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisin deputatı Çingiz Qənizadə isə TİA.AZ bildirdi ki, Azərbaycanda bu günə qədər bu məsələ açıq qalıb: "Avropa Şurasının 2007-ci il tarxli 15-46 saylı qətnaməsində tövsiyyə olunur ki, bu cür məhkumların cəzası azadlıqdan məhrum etmə ilə əvəzlənsin. 

Mən də bunun tərəfdarıyam və belə hesab edirəm ki, ömürlük azadlıqdan məhrum etmə cəzası Azərbaycan qanunvericiliyinə daxil olunana qədər cinayət törətmiş şəxslər və barələrində ölüm cəzası çıxarılmış şəxslərin cəzası azadlıqdan məhrum etmə ilə dəyişdirilməlidir. Çünki o dövrdə qüvvədə olan ən ağır cəzaya layiq görülmüş insanların cəzası başqa bir cəzayla ömürlük azadlıqdan məhrum etmə cəzasıyla əvəzlənir və bu da məhkəmə qaydasında ola bilər. O vaxt Milli Məclisin qərarı ilə bu məsələ öz həllini tapdı. Hesab edirəm ki, qanunverici orqan olan Milli Məclis məhkəmə hakimiyyətinin funksiyasını yerinə yetirə bilməz.

Bu məsələyə ikili yanaşma var. Bəziləri belə hesab edir ki, ömürlük azadlıqdan məhrum etmə cəzası normaldır və qanunauyğundur. Bir qismi isə hesab edir ki, normal deyil və qanunauyğun deyil. Mən ikinci qism olanlar sırasındayam. Belə hesab edirəm ki, onların cəzası azadlıqdan məhrumetmə cəzası ilə dəyişdirilməlidir. Amma bu məsələ bir gündə və bir neçə insanların fikri ilə deyil, ümumdövlət səviyyəsində həll olunmalıdır. Bu məsələ zaman-zaman qaynaqlanır. Ola bilər ki, bu məsələ bizdə də nə vaxtsa həll olunsun. Amma belə hesab edirəm ki, gecikir”. 



Xatırladaq ki, ömürlük azadlıqdan məhrum edilmiş məhkumlardan Elçin Əmiraslanov, Arif Kazımov, Səfa Poladov Qarabağ müharibəsində fəal iştirak ediblər, dövlət təltifləri alıblar, 20 ildən çoxdur ki, həbsdədirlər. Məmməd Məmmədov cəmiyyətdə "Qarabağ partizanları” adı ilə tanınan dəstənin üzvü olub, 14 ildir ki, həbsdədir. Əli Quliyev, Çingiz Paşayev 27 ildir ki, həbsdədirlər, ağır xəstəliklərdən əziyyət çəkirlər. Şakir Rzaxanov, Namiq Vəliyev, Dəyanət Kərimov, Rauf Eyvazov, Mahir İsmayılov, Murov Şərifov, Vüqar Əliyev, Anar İsmayılov, Səbuhi Məmmədvəliyev, Rahib Məsimov, Rafiq Bayramov, Yaşar Pənahpur, Ceyhun Qəribov, Daşqın Quliyev, Yadigar Baxşəliyev, İntiqam Qayıbov, Azər Əsədov, Yaşar Şahmuradov, Hüseynağa Əmirullayev artıq 20 ildən çoxdur ki, həbsdədirlər. Vüsal Qurbanov, Samir Saniyev, Elmir Nurəliyev, Əmir Muradov, Zaur Süleymanov, Elnur Qəhrəmanov hadisəni törədərkən çox cavan olublar, səhvlərini başa düşüblər.

Arif Kazımov və Səfa Poladovun ağır xəstəliklərdən əziyyət çəkir. Elçin Əmiraslanov 2-ci qrup əlildir, "keçirilmiş ağır, açıq kəllə-beyin tramvasının qalıq əlamətləri, soltərəfli hemiparez, epileptik qıcolma tutmaları” diaqnozu ilə dəfələrlə müalicə alıb.
Səfa Poladov ürəyin xroniki işemik xəstəliyindən əziyyət çəkir. İki dəfə infark keçirib, əlildir. Arif Kazımov da əlildir və müxtəlif ağır xəstəliklərdən əziyyət çəkir. Onlar dəfələrlə müalicə olunsalar da müalicə öz müsbət nəticəsini verməyib.
Bu şəxslərin azadlığa çıxması üçün nələr edilməlidir?
Əliməmməd Nuruyev  Qobustan qapalı həbsxanasında  OMON-çular Poladov Səfa və Kazımov Ariflə bir neçə dəfə görüşüb və onların əfv edilməsi ilə bağlı hüquq müdafiəçiləri tərəfindən məsələ qaldırıldığını bildirdi: "Onların əfv olunub -olunmayacağı hüququ konkret olaraq prezidentə məxsusdur və prezidentin müstəsna konstitusyon hüququndan biridir. Nə zaman kimin əfv olunması ilə bağlı qərarı yalnız prezident qəbul edə bilər”.
 Ə. Nuruyevin sözlərinə görə, bu insanlar baş vermiş hadisəyə görə çox peşmandılar və dəfələrlə əfv üçün müraciət ediblər: "Ailə üzvləri, yaxınları da müraciət ediblər. Cəzalarını da 20 ildi çəkiblər. Mən çox arzu edərdim ki, onlar azadlığa çıxsınlar. Amma təəssüf ki, bu qərarı qəbul edən səlahiyyətli şəxslərdən deyiləm. Hüquq müdafiəçisi kimi də arzu edərdim ki, azadlığa çıxsınlar. Onlar  davamlı olaraq müraciət edirlər. 

Yəqin ki, müraciətlərinə  baxılar, barələrində qanunvericikdə nəzərdə tutulmuş qəbul olan qərarlardan biri qəbul olunar. Onların hər zaman müraciət etmək hüququları var. Eyni zamanda düşünürəm ki, ümumiyyətlə,  cinayət məcəlləsində ömürlük azadlıqdan məhrum etməklə bağlı müəyyən dəyişikliklər edilməlidi. Dəyişiklik hansı istiqamətdə olmalıdır? Fikrimcə, o istiqamətdə olmalıdır k, şəxsə əgər barələrində ömürlük azadlıqdan məhrum etmə cəzası təyin olunubsa, onların eyni zamanda vaxtından əvvəl şərti azad etmə, daha yüngül cəzayla əvəzedilməsi ilə bağlı şans verilsin. Hökmün özündə göstərilir ki, hansi müddətdən sonra onlar vaxtından əvvəl şərti azad etməylə bağlı müraciət edə bilər. Cəzanın yüngülləşdirilməsi ilə bağlı müraciət etmək hüququna malikdirlər.

Bir çox ölkələrin təcrübəsində belədir ki, barələrində ömürlük azadlıqdan məhrum etmə hökmü çıxarılarkən şərti olaraq vaxtindan əvvəl azad etmə, cəzanın dəyişdirilməsi və yüngül cəzaya çevrilməsi ilə bağlı müaraciət etmək hüququ hökmdə əksini tapır. Bildiyim qədər AR Ədliyyə Nazirliyi tərəfindən ömürlük azadlıqdan məhkum edilmiş şəxslərin işlərinin yenidən öyrənilməsi ilə bağlı komissiya yaradılıb. Bununla bağlı dünya təcrübəsi öyrənilir. Güman edirəm ki, bu istiqamətdə qanunvericilikdə dəyişiklilər baş verəcək. Ümumiyyətlə, AR Qanunvericiliyinin əsas istiqamətindən biri ondan ibarətdir ki, cəza təyini ilə bağlı humanistləşmə var. Bu cinayət qanunvericiliyin prinsipidir. 

Bir neçə gün bundan qabaq prezident penitensiar sahənin fəaliyyətinin təkmilləşməsi, eyni zamanda cəzanın humanistləşməsi ilə bağlı müvafiq sərəncam imzalayib. Düşünürəm ki, cəmiyyətin, dövlətin maraqları nəzərə alınmaqla, eləcə də zərəçəkmişin, məhkumun maraqları nəzərə alınmaqla bu istaqamətdə cəza siyasətində, cəzaların təyin edilməsində humanizm prinisipinin əsas götürülməsi onun dərinləşdirilməsi istiqamətində müvafiq dəyişikliklər olunacaq. Ümid edirəm ki, bu dəyişikliklər həm də cəza təyin etmə məsələlərinə, həm də digər məsələlər barəsində qərar qəbul edərkən nəzərə alınacaq”.

Çingiz Qənizadə isə 1996-cı ildə törədikləri əmələ görə Qobustan qapalı həbsxanasında məhkum edilən adıçəkilən məhbuslarla zaman-zaman görüşdüyünü, saxlanma şəraiti zamanı özlərini normal apardıqlarını bildirdi: "Bu şəxslər müsbət xarakterdə olan şəxslərdi. Lakin onların işi hələ də öz həllini tapmayıb. 2000-ci ilə qədər cinayət törətmiş şəxslər Azərbaycan Cinayət  Məcəlləsinin müvafiq maddəsinin sanksiya hissəsində ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmurdu. Ona görə də bu qərar tətbiq olunmalıdır. Belə hesab edirəm ki, 20 ildən sonra onların müraciət etmək hüququ yaranır  və onlar da fərdi qaydada müraciət edə bilərlər. 2000-ci ildə cinayət törətmiş, barələrində ölüm cəzası çıxarılmış şəxslər, ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunarkən, o dövrdə ömürlük azadlıqdan məhrum etmə cəzası olmadığı  üçün həmin dövrdə qüvvədə olan ən ağır- ömürlük azadlıqdan məhrum etmə cəzası verildi. 

Lakin həmin qərar 15 ilə qədər azadlıqdan məhrum etmə ilə əvəzlənə bilərdi. Sonradan qanunvericilikdə  xüsusilə, ağır cinayət törətmiş şəxslərə 20 ilə qədər cəza təyin olunması öz əksini tapdı. Yəni onlara ən yuxarısı 20 ilə qədər azadlıqdan məhrum etmə qərarı verilə bilər. Bu məsələ kompleks şəkildə həll olunmalıdır.

Ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin fərdi qaydada əfv olunması əvvələr olub. Cənab prezident humanist bir şəxsdir. Müxtəlif illərdə, müxtəlif dövrlərdə bəzən bir neçə dəfə əfv fərmanı imzalanıb. Bu, cənab Prezidentin humanistliyindən irəli gəlir. Bəlkə də qonşu respublikalar arasında, keçmiş MDB məkanında ən çox əfv fərmanı imzalayan şəxslərdən biri cənab Prezidentdir. Ola bilər ki, bu şəxslərdən kimsə əfvə düşmə ehtimalı olsun. Bu, mənim fikrim deyil. Qanun buna yol verir. Əgər onların adı əfv siyahısına daxil edilib, cənab Prezidentə təqdim olunacaqsa, belə halda əfv fərmanı gözləmək olar”.  

Xatırladaq ki, Xüsusi Təyinatlı Polis Dəstəsi – "OMON” 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı yaradılmışdı. Ancaq 1994-cü ildən Azərbaycan hökuməti ilə "OMON” arasında münasibətlər kəskinləşdi. 1995-ci il martın 17-də hökumət "OMON”un Bakının 8-ci kilometr qəsəbəsindəki qərargahını ələ keçirdi. Rəsmilər dəstənin qiyam qaldırdığını bildirirlər. Atışmada, rəsmi bilgilərə görə, 22 hərbçi, 7 mülki şəxs, 1 polis əməkdaşı həlak olub, 8 "OMON” əməkdaşı öldürülüb. Hadisə nəticəsində 105 nəfərin yaralandığı bildirdi. "OMON”un rəhbəri Rövşən Cavadov aldığı güllə yarasından DİN-in hospitalında vəfat etdi. Dəstənin qalan üzvləri isə həbs edildi.

Elçin Əmiraslanov Qazax OMON-çu dəstəsinin komandiri olub, Səfa Poladov və Arif Kazımov isə həmin dəstənin döyüşçüləri olub. 1996-cı ildə saxlanılan şəxslərə ölüm cəzası verildi. Sonrada ölüm cəzası ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəzləndi. 16 dekabr 2016-cı ildə onların cəzalarının 20 ili tamam oldu. Onlar 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən bağışlanma ilə 20 ilədək azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi üçün dəfələrlə müraciət ediblər.

Hüquq müdafiəçiləri deyirlər ki, istər Səfa Poladov, istərsə də Arif Kazımovun törətdiyi cinayət əməli onların ömürlük məhkum olmaları üçün əsas verə bilməz. Bundan başqa, hər iki keçmiş OMON-çu yetərli qədər cəzalarını çəkiblər. Səfa Poladov və Arif Kazımov Qarabağda gedən döyüşlərdə şücaət göstəriblər. Onlar döyüşdən birbaşa həbsxanaya salınıblar.

Məlumat üçün onu da bildirək ki, Avropa Şurası Bakıya göndərdiyi ilk siyasi məhbuslar siyahısında olan bu iki şəxsin azad olunmasını hakimiyyətdən rica edib. Avropa Şurası tərəfindən ilk siyasi məhbus hesab edilən 17 nəfərdən 14 nəfəri əfvlə həbsdən azad edilsə də, Elçin Əmiraslanov, Arif  Kazımov və Səfa Poladov hələ də həbsdə saxlanılır.



Paylaş:


Müəllif : Tarix:
1-03-2017, 23:17
  
loading...