reklam
» » Ölkədə ətin qiymətini kim və niyə qaldırır...

reklam

Ölkədə ətin qiymətini kim və niyə qaldırır...

Novruz bayramı yaxınlaşdıqca bazar və mağazalarda ət və ət məhsullarının qiymətində bahalaşma müşahidə edilir. Son günlər mal əti ilə yanaşı toyuq əti və yumurtanın da qiyməti qalxıb. Bahalaşma yerindən asılı olaraq, 20 qəpik ilə 1 manat 50 qəpik arasındadır.

Toyuq ətinin bahalaşması mağazalarla bazarlarda fərqlidir. Mağazalarda bahalaşma 20-50 qəpik arasında dəyişirsə, bazarlarda artım 1 manatdan yuxarıdır.

Bəs bahalaşmanın səbəbi nədir? Bu artım nə vaxtadək və hansı həddə kimi davam edəcək?

“Yeni Müsavat”ın müxbiri qiymətlərlə bağlı son durumu öyrənmək üçün bazar və marketlərə baş çəkib.

Qeyd edək ki, marketlərdə mal ətinin qiyməti 11.50-12.50 manat arasında dəyişir. Sümüksüz ətin kiloqramı isə 13 manatdır. Qoyun ətinin kiloqramı 11-12 manatdan təklif olunur. Qəssablarda isə mal əti 10.50-11 manata təklif olunur. Sümüksüz ətin bir kiloqramının qiyməti 12 manatın üzərindədir.

Diqqətçəkən məqamlardan biri də odur ki, mərkəzdən uzaqlaşdıqca ətin qiyməti də ucuzlaşır. Məsələn, Bakının mərkəzində kiloqramı 11.50 manata satılan ət ətraf rayonlarda, 10.50 -11 manata, Bakı kəndlərində- Maştağada 10.50, Balaxanıda isə 10 manata satılır.

Quş ətinin qiymətinə gəlincə, marketlərdə müxtəlif şirkətlərə məxsus yerli dondurulmuş toyuq ətlərinin kiloqramı 4.50 -5 manat arasında dəyişir.

Bazarda isə diri şəkildə toyuqlar 6-7 manata satılır. Bu qiymətə 1 manat da əlavə etsəniz, toyuğu gözünüzün önündə kəsib təmizləyirlər.

Yumurtanın qiymətinə gəlincə, qısa bir müddət ərzində qiymətlər 12 qəpiyə kimi düşsə də, hazırda yenidən 15-17 qəpik arasında dəyişir. Təbii ki, söhbət fabrik yumurtasından gedir. Çünki kənd yumurtasının bir ədədi 25-30 qəpiyə təklif olunur.
Qiyməti kim qaldırıb?

Toyuq ətinin və yumurtanın bahalaşma səbəblərinə gəlincə, satıcılar qiymətlərin quş əti istehsalçıları tərəfindən qaldırıldığını iddia edirlər. Onların fikrincə, bayramla əlaqədar bahalaşma davam edəcək. Çünki tələbat artıb.

Broyler firmalarını birləşdirən Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev isə qiymətlərin qalxmasına görə satış mərkəzlərini ittiham edir. Onun sözlərinə görə, toyuq ətinin qiyməti mağaza rəhbərləri tərəfindən süni yolla artırılıb.
Məhsulun arxasındakı məlumat kağızı mağazada vurulduğundan qiyməti də onlar təyin edirlər. Toyuq məhsulunun topdansatış qiymətində heç bir qiymət artımından söhbət gedə bilməz.

Aydın Vəliyevin sözlərinə görə, yerli istehsalın maya dəyəri xaricdən idxal edilən məhsullardan daha baha başa gəlir: “Bu gün bizdə yem xaricdən alındığı üçün yumurtanın bir ədədinin qiyməti 14-15 qəpiyə başa gəlir. Yumurta 11 qəpiyə satılanda istehsal həddən artıq çox, tələbat isə az idi. Məcburən qiymətləri endirdik. İri təsərrüfatlar yemi xaricdən birbaşa özləri alırlar. Onlar üçün yumurtanın maya dəyəri nisbətən ucuz olur, xırda təsərüfatlar isə yemi 2 və 3-cü əldən aldıqları üçün nisbətən yumurtanın maya dəyəri baha başa gəlir. Bizdə isə yumurta maya dəyərinə, hətta ondan aşağı satılır”.

A.Vəliyevin bildirdiyinə görə, topuq ətinin maya dəyəri 3.80, 3.90 manatdır: “Lakin bazarlarda 4.20 manata, 4.50 manata da toyuq əti satılır. Ümumiyyətlə, bizdə quş əti maya dəyərindən yuxarı satılmır. Mağaza qiymətləri ilə bizim satdığımız mallar arasında 30-40 faiz fərq var. Başqa müsəlman ölkələrində bayramqabağı hər şeyin qiyməti enir, amma bizdə qaldırırlar. Bu, bizim milli mentalitetimizdənir”.

Mal ətinin bahalaşma səbəbini öyrənmək üçün Bakının Nizami rayonunda satış həyata keçirən qəssablar arasında sorğu keçirdik.

Elxan adlı qəssabın sözlərinə görə, qiymətlərin artması alıcılığı kəskin azaldıb: “Qiymətlər artandan sonra alıcılıq azalıb, insanlar daha qənaətlə ət alırlar. 3 kiloqram ət alan indi bir kiloqram alır, bir kiloqram alanlar isə heç almır. Bahalaşmanın səbəbi odur ki, ölkədə heyvan azdır, tələbat isə çox. Əvvəllər heyvanlar Gürcüstandan, Dağıstandan gəlirdi, indi idxal da azalıb. Əldə olan heyvanları da daha çox restoranlar alır və qıtlıq yaranır. İkinci səbəb odur ki, yem bahadır. Ot presinin qiyməti 4 manatdır. Görün bir heyvanı saxlamağın xərci nə qədər çıxır”.

Başqa bir qəssab isə deyir ki, 6 ay öncə ətin kiloqramı 8 manat idi, indi isə 11 manatdır: “Bahalaşmanın əsas səbəbi yemin, yoncanın, arpanın, otun baha olmasıdır. Əgər 4 ay öncə 1000 manata 140 kiloqramlıq bir dana ala bilirdiksə, indi həmin pula heç 100 kiloqramlıq dana almaq mümkün deyil”.

Bazarda yaşanan bu durumu dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, həm quş ətinin və yumurtanın, həm də mal və qoyun ətinin bahalaşmasının bir neçə səbəbi var: “Bu, həm də hökumətin atdığı səhv addımların nəticəsidir. Biz bu barədə öncədən xəbərdarlıq etmişdik ki, xaricdən gələn quş ətinin rüsumları qaldırılarkən, yerli istehsal artmayıbsa, tələbatı ödəmək qabiliyyətində deyilsə, bu, sadəcə, yerli istehsalçılara bir imkan yaradacaq ki, heç nə etmədən, sadəcə, xaricdən gətirilən quş ətinin bahalaşmasından istifadə edərək öz məhsullarını bahalaşdırsınlar. Qiymət artımının səbəblərindən biri budur. İkincisi təbii ki, bayramlarla əlaqəlidir. Bayram öncəsi ət məhsullarına tələbat artır, yerli istehsalın da yetərincə zəif olması səbəbindən tələbat tam ödənilmir. Bu da qiymət artımına səbəb olur. Bayram öncəsi qiymətlərin qalxması Azərbaycanda çox pis bir ənənədir. Xaricdə isə bunun tam əksidir, bayramda qiymət endirimləri olur”.

İqtisadçının sözlərinə görə, mal və qoyun ətinin bahalaşmasının səbəblərindən biri də Azərbaycan hökumətinin ötən il pambıq sevdasına düşməsi oldu: “Pambıq əkinləri əsasən heyvan yemi üçün nəzərdə tutulan örüş sahələrində pambıq əkilməsi yemin qiymətini bahalaşdırdı. Yemin qiymətinin qalxması isə mal və qoyun ətinin qiymətini də artırdı.
Digər səbəb isə ölkədə ümumi inflyasiyanın artması və qiymət artımıdır. Bu, istehsalçıları məcbur edir ki, öz gəlirlərinin artması üçün qiyməti qaldırsınlar. Bir neçə bir-biri ilə bağlı olan səbəblər var ki, bu seqmentdə qiymət artımına təkan verdi. Yaxın gələcəkdə bu prosesin sürətlənməsi ehtimalı da var. Bu, həm manatla bağlı gözlənilən məzənnə itkisi, eləcə də mövsümi amillərlə bağlı ola bilər".


Paylaş:


Müəllif : Tarix:
7-03-2017, 09:20
  


loading...
Загрузка...