reklam
» » Mübariz Mənsimov kimdir ?

reklam

Mübariz Mənsimov kimdir ?

 
Kim ki, öz əməli işi və bacarığı sayəsində müəyyən uğur qazanır və həmin uğur getdikcə düşmən münasibətdə olan şəxslərin kefinə soğan doğradıqca, həmin adama qarşı kompramatlar axtarmağa başlayırlar. Hal-hazırda ürəyi Azərbaycan eşqi ilə döyünən, ermənilərə sonsuz nifrət bəsləyən həmyerlimiz Mübariz Mənsimova qarşı son dövrün ən iyrənc kompaniyası gedirdi. Onun müflis olduğunu bəyan edir və bunu sevinclə qarşılayırdılar.
İlk növbədə onun fəaliyyəti gözdən salınır və ailəsinin zəngin həyat tərzi sürdüyü gündəmə gətirilir. Qardaşının sürdüyü maşınlar və yaşadığı ev manşetə çıxarılır. Birincisisi, Mübariz Mənsimovun ailəsində 7 şəhid və ən yaşlısı 21 yaşında olubdur. Hansı imkanlı adamın və ya məmurun ailəsində bu qədər sayda şəhid var? İkincisi, Qarabağın işğalı ilə heç cürə barışmayan Mübariz Mənsimovun tarixi bir bəyanatı var: ”Şirkətimdə üçüncü nəsil erməninin olduğunu eşitsəm, dərhal qovaram”. Halbuki Azərbaycanda buna oxşar bəyanatla rastlaşmaq mümkün deyil. Üçüncüsü, Mənsimov qardaşlarının dəbdəbəli həyat sürməsi barəsində məqalələrin yerləşdirilməsi sistematik xarakter aldığı nadanlıqdan xəbər verir. Onların qazancı buna imkan verdiyi üçün istədikləri kimi yaşaya bilərlər.
Mübariz Mənsimov Azərbaycan bayrağı olmayan tədbirə ayağını basmaz! Erməni terroru sənədli filmini bütün Türkiyə TV-lərində yayan, Xocalı soyqırımını Türkiyənin ən prestijli film salonlarında nümayişə çıxaran, Bodrumun mərkəzində Qız Qalası inşa etdirən, İstanbulun ən mərkəzi yerlərində Azərbaycan parkları saldıran Mübariz Mənsimov neçə-neçə sənət nümayəndələrini, o cümlədən imkanı olmayan sadə adamların müalicəsini, indiyədək Türkiyənin Ali təhsil ocaqlarında təhsil alan 18 min tələbənin təhsil haqqını şəxsi vəsaitinə ödəyir, şəhid ailələrinə, əlillərə, yaradıcı adamlara yardım göstərir, Vətən qarşısında xidmət göstərmiş bəzi adamların övladlarını mənzil ilə təmin edir.
“Palmalı” şirkətinin 25 ölkədə ofisi var və uzun müddətdir ki, həmin binalarda Azərbaycan bayrağı dalğalanır. Bu hamımız üçün qürurdur. Hazırda şirkətdə 45 min adam, onlardan 30 mini dənizçilik sektorunda çalışır. 220 tanker (onlardan 90-ı içarəyə götürülübdür) müxtəlif dənizlərdə neft məhsullarının daşınması ilə məşğuldur. Xüsusilə qeyd etmək lazımdır ki, bu yeganə şirkətdir ki, sifariş etdiyi gəmilərinə Azərbaycanın siyasi, dövlət, ictimai, elm, mədəniyyət, ədəbiyyat, təhsil sahəsində xidmət göstərmiş və Vətən uğrundə şəhid olmuş qəramanlarımızın adlarını verir. Halbuki bəzilərinin adına ölkəmizdə keçə belə yoxdur. Belə bir qayğı və nümunə yalnız “Palmalı” şirkətindədir.

Belə bir yaxşılıqları unudanlar və ümumiyyətlə bu yaxşılıqların müqabilində Mübariz Mənsimovu tənqid etmək düşmənə xas olan əlamətdir, manqurtluqdur. Hazırda hamımız əl-ələ verib qeyrətli, namuslu, ləyaqətli, vətənpərvər, qayğıkeş iş adamına dəstək olmalı və onu bütün şər kompaniyalardan müdafiə etməliyik.
Biznes fəaliyyəti işgüzar şəxsiyyətini tamamlayan bu cür sahibkarlar hər bir dövrdə ətrafdakı adamların ağrılı problemlərinə məlhəm olur. Bir çoxlarından fərqli olaraq, Mübariz Mənsimovun özünəməxsus xarakter üstünlüyü də ondadır ki, onun məxsus olduğu xalqın mənəvi ağrılarını olduğu kimi duymağı bacarır.
Azərbaycanlı sahibkar zaman, məkan şəraitinə uyğun olaraq, təbiət, cəmiyyət və təfəkkür qanunlarını bilməklə iş görən, davranan və ya müəyyən fikir söyləyən bir şəxsdir. Onun gerçək fəaliyyəti və davranışı həqiqi, həyati, mövcud olan və ya cəmiyyətin qanunları əsasında gerçəkləşə bilən iş prinsipinə uyğunlaşıbdır.
Çalışdığı sahədə müəyyən qərara gəlmək və nəyisə seçmək üçün Mübariz Mənsimov ətrafda baş verən hadisələri anlayır, yaşadığı dünyanı, insanı və onların əməllərini dərk edir, nəhayət, o özünün məqsədini hamıya çatdırmağı çalışır.
Şəxsiyyətinə, xasiyyətinin xüsusiyyətlərinə görə hər bir insan cəmiyyətdə mühüm rol oynayır, davranış xəttini seçir. Burada iki əks mövqe mövcuddur: eqoizm - xudbinlik, ancaq özünü sevmək, öz şəxsi maraqlarını başqa adamların; bütövlükdə cəmiyyətin mənafeyindən üstün tutmaq, ikinci mövqedəki alturizmdir - öz şəxsi mənafeyini unudub, başqalarının qeydinə qalmağa, öz maraqlarını bütövlükdə cəmiyyətin mənafeyinə tabe etməyə hazır olmaq. Əlbəttə, bunlar ifrat xudbin və ifrat alturist xasiyyətlər haqqında təsəvvür yaradır. Mübariz Mənsimov xasiyyət etibarilə ifrat alturist sayılır və onun bu nadir xasiyyəti övladlarına keçibdir. Mənsimovlar nəsli öz şəxsi mənafelərini unudub, başqalarının qeydinə qalmağa, öz maraqlarını isə bütövlükdə cəmiyyətin mənafeyinə tabe etdikləri bizim hamımıza agahdır. Mübariz Mənsimov istər məişətdə, istərsə də öz iş yerində olanda ətrafda olan adamların qayğılı problemlərinə biganə qala bilmir. Sadəcə olaraq o, bütün bunlara göz yuma bilmədiyindən özünü dağa-daşa vurur və çətin alınan işləri yoluna qoyandan sonra rahat nəfəs alır. Məhz bu kübar xasiyyətinə görə ətrafdakılar ona humanist adam kimi baxırlar.

Xeyirxah hərəkətlərə üstünlük verən adamın xarakterində səxavətlik xüsusiyyəti böyük üstünlük təşkil edir. Paxıllığa zidd olan xüsusiyyətlərdən biri səxavətdir. “Səxavət” peyğəmbərlərin, imamların və onların yolunu düzgün gedənlərin məşhur sifətlərindəndir. Rəsuli-Əkrəm (s.ə.) buyurub: “Səxavət behişt ağaclarındandır. Onun budaqları Yerin üzərinə səpələnmişdir. Hər kəs o budaqları tutsa (yəni hər kəs bu sayənin altında qərar tapıb səxavəti göstərsə) behiştə yaxınlaşar. Səxavətli şəxs Allah dərgahına yaxın və cəhənnəmdən uzaqdır”.
Allahın bir çox elçiləri və onların tərəfdarları əksəriyyət şəkildə birmənalı olaraq bildiriblər ki, xeyriyyəçiliklə məşğul olan hər bir şəxs (əlbəttə xeyriyyəçiliklə məşğul olan bir dövrdə İslama zidd olan hərəkətlərə yol verməyən təqdirdə) üçün Cənnətin qapıları açıqdır.
9 uşaqlı, kasıb ailənin yetirməsi olan Mübariz Mənsimov 1968-ci il mart ayının 22-də Masallı rayonunun Miyankü kəndində anadan olub. Atası Qurban Mənsimovun istəyi ilə Bakıda Ali Hərbi Məktəbə daxil olan Mübariz üç il ərzində kəşfiyyat sahəsinin incəliklərini öyrənib. 1985-ci ildə Almaniyaya göndərilən M.Mənsimov nə az, nə çox, düz dörd il sonra öz arzusu ilə hərbidən təxris olunur. Erməni generalla davaya çıxan Mübarizin dedikləri: “Məhz o erməninin üzündən hərbi sahədən uzaqlaşdım. Mənə qarşı çox böyük haqsızlıq etdilər. Ailəmdə yeddi şəhid var və ən yaşlısı 21 yaşındadır. Şirkətimdə üçüncü nəsil erməni olduğunu eşitsəm, dərhal qovaram”.
Bu bir şans idi: “Ya azad ol, ya tamam yan” ...
Hərbi karyerası bitdikdən sonra həyatın “qara üzü”nü görən Mübariz aşpazlıqla məşğul olur. İki ilə yaxın aşpaz kimi fəaliyyət göstərir. Başa düşür ki, daxili potensialı onu daha böyük zirvələrə apara bilər. Aşpaz olmaq, bu arzu yox, məcburiyyət idi. Beləcə Mübariz həyatının ən riskli qərarını verir. Yoldaşları ilə birgə 150 tonluq balıqçı gəmisini kirayə götürür.
Onun xatirələrindən: “O gəmiləri heç kim almaq istəmirdi. Sibirdən gəmi aldıq. Gəminin çayın xaricində çalışması qeyri-mümkün idi. O gəmini risk altında İstanbula gətirmək qərarına gəldik. Yolda batma ehtimalı 80 faiz idi. Batmadı, duzla təmir etdirib, bu şəkildə gəmi sahibi olduq. Ucuz aldıq gəmini, dəyəri 100 dollar idisə, 10 dollara götürmüşdük. İşləri böyütməyimdə isə əlaqələrimin təsiri olmadığını söyləyə bilmərəm. Hər iş adamı kimi ətrafımdan dəstək gördüm”.
O gündən bəri gərgin iş tempinə uyğunlaşan milyarder gündən-günə böyütdüyü “Palmali” Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olan “Palmali”nin sahibi bunu Rusiyada özəlləşdirmənin nəticəsi sayır. 20 ildə illik dövriyyəsi 3 milyard dollarlıq olan holdinq yaradan cənab Mənsimovun bir neçə il öncə Türkiyə vətəndaşlığını qəbul etdiyi deyilir. “Beşiktaş”a olan marağı ilə qardaş ölkədə diqqəti çəkən azərbaycanlı oliqarxın bir müddət klub başçılığı üçün namizəd olduğu da danışılırdı. Ancaq “Palmali”nin rəhbəri bunu təkzib etmişdi.
Xatırladaq ki, “Palmali” Şirkətlər Qrupunun bu gün Azərbaycanda, Rusiyada, Bolqarıstanda, Yunanıstanda – ümumilikdə 25 ölkədə ofisi var. Hazırda şirkətin tabeliyində 30 min nəfər təkcə dənizçilik sektorunda çalışır. Qrupun fəaliyyət sahəsindəki digər şirkətlər də hesaba qatılanda işləyənlərin sayı 45 mini keçir.
“Palmali” 129 gəmisi ilə Aralıq dənizi , Ağ Dəniz, Qara Dəniz arasında Rusiya neftinin 75 faizini daşıyır. “Palmali”nin ən böyük müştərisi dünyaca məşhur olan “BP” şirkətidir. Şirkətlər Qrupunun kirayəyə götürülən gəmilərlə isə donanma sayı 220-ni ötür.
Mübariz Mənsimov xüsusi olaraq türk gəmi sahibiləriylə işləməyə üstünlük verir. 2005-ci ildə onun kirayəyə götürdüyü gəmi sayı 20 olub, indi isə bu rəqəm 70-ə çatır. Onun 99 faizinə sahib olduğu “Palmali” Şirkətlər Qrupunun dənizçilik şirkəti 6 milyard dollaradək varidata malikdir. Ancaq buna qarşılıq 50 faiz nisbətində maliyyə borcu var. “Palmali”nin ayrıca Rostovda öz adına işlətdiyi və Azərbaycanda inşası davam edən bir daha bir limanı Bakıdakı sərmayələri üçün tikilir.

Azərbaycanlı iş adamı indi inşaat sahəsindəki təcrübəsini Türkiyəyə daşımağa hazırlaşır. “Gazeteport” saytının yazdığına görə, Mübariz Mənsimov iqamətgahlar və xəstəxana proyektlərinə girişəcəyini də açıqlayıb. Onun proyektləri arasında Türkiyədə ediləcək iqamətgah inşaatlarının yanında Aralıq dənizində tikilməsi planlaşdırılan bir kottec tipli otel layihəsi də var.
Bundan başqa, Dövlət Neft Şirkəti ilə ortaq olan “Palmali” bir müddət əvvəl “Tekfen inşaat”ın 50 faiz hissəsini 520 milyon dollara satın alıb. Türkiyə mətbuatı yazır ki, cənab Mənsimovun bu cəhdi onun qardaş ölkədə inşaat sahəsində irəliləmək mənasını verir. Bu razılaşma qarşılığında “Palmali” və “SOCAR” ortaqlığı 5 il ərzində “Tekfen İnşaat”a 37 milyard dollarlıq iş verəcək.
Mübariz Mənsimov “PalMedia” adlı şirkətin nəzdində 5 milyon dollar sərmayə ilə “Pal FM” radiosu və “Palhaber” adlı xəbər portalı da qurub. Bundan sonrakı sərmayələrini Türkiyədə edəcəyini söyləyən Mənsimov Rusiya, Azərbaycan və Türkiyədə 500 milyon dollar həcmində sərmayə planladığını da söyləyib. O, bu sırada ən böyük payı Türkiyəyə qoyacağını deyib. Bunun ilk addımı kimi 25 ölkədə ofisi olan qrupun bütün rəhbərliyini İstanbulda toplanacaq və beləcə bütün sərmayələr Türkiyədən istiqamətləndiriləcək.
Onu da deyək ki, Mübariz Mənsimov Azərbaycanda futbolun inkişafına da maraq göstərir və artıq neçə illərdir ki, “Xəzər Lənkəran” futbol klubuna sponsorluq edir. Onun Lənkəranda inşa etdiyi “Palsüd” şirkəti isə ölkə südçülük bazarında önəmli paylardan birinə sahibdir.
Bax beləcə... Bu da sadə bir azərbaycanlı gəncin həyat hekayəsi...
Görəsən kasıb əyalət ailəsinin övladı olan Mübariz nə vaxtsa, düşünərdimi ki, dünyanı fəth edəcək, adı ali tirbunalarda çəkiləcək? Necə ki, Eynşteyn deyir: “Sən mənə istinad nöqtəsini göstər, mən sənin üçün yer kürəsini fırladım”.
Ümumiyyətlə, saleh əməllər artıq Mənsimovlar ailəsinin xasiyyətinə, adətinə çevrilibdir. Adət ona deyərlər ki, əvvəlcə düşünülmüş, ixtiyari bir iş görülsün, uzun təcrübələr, çoxlu təkrarlar nəticəsində vərdişə keçsin, tam vərdiş edildikdən sonar iradənin iştirakı olmadan qeyri-ixtiyari icra edilsin və xasiyyətə çevrilsin. Xasiyyət nə təbiidir, nə də qeyri-təbii, bəlkə insan elə yaranmışdır ki, istədiyi xasiyyətə yiyələnə bilər, məcazına uyğun gəlsə tez olar, gəlməsə gec; müxtəlif insan təbəqələrində təsadüf edilən xasiyyətlər əvvəlcə iradi, ixtiyari şəkildə aşılanır, sonra təcrübə, təkrar, vərdiş nəticəsində xasiyyətə çevrilir. Aparılan bir çox müşahidələr belə bir nəticəyə gətirmişdi ki, uşaqlar və cavanlar əvvəl hansı xasiyyətdə olmalarına baxmayaraq, başqa xasiyyətdə olanlarla dostluq etdikdə, ya onların tərbiyəsinə verildikdə, geyimdə, işdə, davranışda onların xasiyyətini qəbul edərlər. Çox güman ki, XIX əsrin sonunda, XX əsrin əvvəllərində Azərbaycanda bir çox kübar nəslin nümayəndələri, xüsusən də neft milyonçuları; Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Muxtadir Muxtarovun səxavətləri sayəsində, gözəl xeyriyyəçilik ənənəsi yaranmış və həmin ənənə bir çox insanların geninə keçmişdir.
Onlar heç kimin göstərişi olmadan, başqasının tövsiyəsini almadan, yalnız öz şəxsi əqidəsinə, aldığı əxlaq tərbiyəsinə arxalanıb xeyirxahlıqla məşğul olmağa başlamış və səxavətli əməlləri ilə on millərlə insanları sevindiriblər. Bundan savab nə ola bilər?
Bizim cəmiyyətdə cürbəcür xarakterli insanlar yaşayıb fəaliyyət göstərirlər. Təəssüflər olsun ki, çoxlu maliyyə vəsaiti əldə etmiş məmurların azda olsa müəyyən hissəsi eqoist, ambisioz, təkəbbürlü, naqis, israfçı, öz şəxsi mənafeyini ən ülvi məqsədlərdən üstün tutan adamlardır. Belə adamlar cəmiyyət arasında, xüsusən də imkansız insanlar arasında ümidsizlik halqası yaradırlar. İmkansızların dərdinə şərik olanların sayı az, ortada yeyib kənarda gəzənlərin sayı isə çox olduğundan, mənəviyyat ardınca gedən insanlar ələ keçdikdə onların qədirlərini bilmək və qayğısına qalmaq lazımdır. Onlar nadir və çox nəcib insanlardır.

Əsl xeyriyyəçi ümumxalq mənafeyi güdməli, ümumbəşəri dəyərlərə arxalanmalıdır. Mübariz Mənsimovun həyata keçirdiyi xeyirxah işləri yalnız Yeri, Göyü yaradan o əbədi Allahın adı ilə görür. O, əlinə düşən bütün ruzi-bərəkətin də Ulu Tanrı tərəfindən yetirilməsinə, azacıq olsun şəkk-şübhə etmir. Müqəddəs amal uğrunda kim öz səy və bacarığını nümayiş etdirirsə, Allah həqiqətən də həmin şəxsə yardımçı olur.
Xeyirxah insanlar heç bir çətinliklərə əhəmiyyət verməyib vicdanlarının səsi ilə öz işlərini həyata keçirirlərsə, deməli Allah qarşısında olan ən müqəddəs işi icra etmiş olurlar. Birinci İmam Həzrət Əli (ə.) buyurub ki, “Yurdsuzlar və fəqirlər Allahın elçiləridir, hər kim onlara kömək etsə, Allaha kömək edir, hər kim onları incitsə Allahı incidir”.

Vəkil Rövşən Qasımov


Paylaş:


Müəllif : Tarix:
2-10-2018, 21:24
  


loading...
Загрузка...