reklam
» » Mərhum generalın xanım köməkçisi Gəncə olayına görə istintaqa çağırıldı

reklam

Mərhum generalın xanım köməkçisi Gəncə olayına görə istintaqa çağırıldı

Gülnar Muradova ölkə rəhbərliyinə müraciət edəcək

Gəncə hadisələri ilə bağlı xəbərlərə görə cinayət təqibinə məruz qalan baş redaktorun işində yeni gəlişmə var. "Criminal.az” saytının baş redaktoru Anar Məmmədovla bağlı fakt üzrə başlanmış cinayət işi 5 aydır davam edir.
Həmin cinayət işinə görə Gəncə şəhər Baş Polis İdarəsinin sabiq rəisi, mərhum general-mayor Rasim Musayevin köməkçisi olmuş polis əməkdaşı Gülnar Muradova da şahid qismində istintaqa çağırılıb.

G.Muradova Meydan TV-yə bildirib ki, Bakı şəhər Prokurorluğunun müstəntiqi, istintaq qrupunun rəhbəri Cavid Abbasov zəng edərək təcili şəhər prokurorluğuna gəlməyini deyib: "İki gün əvvəl Cavid Abbasov zəng edərək Bakı Prokurorluğuna çağırdı. Bildirdim ki, atam xəstə olduğundan ancaq noyabrın 19-da gələ bilərəm. Lakin bu gün atamın vəziyyəti ağır olduğundan hələ də Bakıya gedə bilməmişəm. Cavid müəllim zəng edərək məni öz xoşumla gəlməsəm, polis vasitəsilə gətiriləcəyimlə hədələdi. Onun mənə təzyiqinə görə ölkə başçısına və Birinci vitse-prezidentə teleqram vuracam”,-deyə G.Muradova bildirib.

2018-ci il iyul ayının 3-də, saat 20.30-da Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Сinayəti törətdiyi guman edilən Yunis Səfərov dərhal həbs edilib.
Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci və 228-ci maddələri ilə cinayət işi başlanılaraq prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Hadisə ilə bağlı əksər mətbuat orqanları, internet saytları məlumatlar yayıblar, E.Vəliyev və mühafizəçinin öldüyü barədə xəbərlər tirajlanıb. 9 iyul 2018-ci ildən başlayaraq müxtəlif online xəbər saytlarının baş redaktorları prokurorluğa dəvət edilib, dindirilib. Həmin xəbər saytlarının Azərbaycan ərazisində yayımlanması bloklanıb. Baş Prokurorluq 9 iyul 2018-ci ildə məlumat yayaraq bəyan edib ki, Y.Səfərovun icra başçısına və mühafizəçisinə qarşı törətdiyi məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı ilə əlaqədar bəzi kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər tərəfindən internet informasiya resursları vasitəsi ilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayılıb.

Beləliklə, faktla bağlı CM-nin 214-2 və 281.1-ci maddələri ilə cinayət işi başlanıb. Baş Prokurorluq bildirib ki, "criminalaz.com” və "bastainfo.com” internet saytlarının internet informasiya resurslarına məlumatları yerləşdirməyə məsul olan vəzifəli şəxslərinə ötən dövr ərzində "Kütləvi informasiya vasitələri” haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərini pozduqlarına görə Baş Prokurorluq tərəfindən iki dəfə rəsmi xəbərdarlıq edilmələrinə baxmayaraq, həmin qanunun tələblərini qərəzli şəkildə yenidən pozaraq, 3-6 iyul 2018-ci il tarixlərdə dərc edilmiş müxtəlif başlıqlı məqalələrdə ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq məqsədilə bilə-bilə yalan məlumatlar, eləcə də yayılması qanunla qadağan edilən informasiyalar daxil edərək yayımlayıblar.
Həmin faktlarla bağlı Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Bakı Şəhər Prokurorluğuna tapşırılıb. Aparılan araşdırmalarla "topxeber.az” və "fia.az” internet saytlarının vəzifəli şəxsləri tərəfindən "Kütləvi informasiya vasitələri” haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinin kobud şəkildə pozulması, cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olan, konkret faktlara əsaslanmayan, sensasiya xarakterli məlumatların məqsədli şəkildə yayılması müəyyən edilib.

Bununla əlaqədar, internet saytlarının rəhbərləri Baş Prokurorluğa dəvət edilərək, onlardan "Prokurorluq haqqında” Qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduqları internet saytlarında sensasiya naminə informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə dövlətin rəsmi qurumlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparmadan qanunazidd əməllərini davam etdirəcəkləri təqdirdə barələrində cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəkləri barədə rəsmi xəbərdarlıq edilib.
"Bastainfo.com”, "criminalaz.com”, "topxeber.az” və "fia.az” internet saytlarının internet informasiya ehtiyatına müraciətlərinin məhdudlaşdırılması və digər məhdudiyyətlərin tətbiqi üçün müvafiq tədbirlərin görülməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edildiyi bildirilib.


Paylaş:


Müəllif : Tarix:
19-11-2018, 23:19
  


loading...
Загрузка...