reklam
» » Öz suçunu vətəndaşa yükləyən sığorta şirkətləri: SİSTEM DƏYİŞMİR

reklam

Öz suçunu vətəndaşa yükləyən sığorta şirkətləri: SİSTEM DƏYİŞMİR

Ölkənin sığorta bazarında problemlər artır.

Məlumdur ki, hazırda sığorta sistemi əhali arasından etibarlı hesab olunmur və bu sahədən ciddi narazılıqlar var. Şirkətlərin qeyri-şəffaf fəaliyyəti, müqavilə öhdəliklərinin ağırlığı və süründürməçilik insanları bezdirib. Bugünlərdə Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyi (Birlik) sığorta şirkətlərinin xidmət səviyyəsi və müştərilərə  yanaşması üzrə formalaşmış reytinqinin noyabr ayı üçün olan nəticələrini açıqlayıb.

Sorğunun nəticələrinə görə noyabr ayı üzrə müştərilərin ən razı qaldığı sığorta şirkəti “A-Qroup Sığorta” şirkəti olub. “A-Qroup Sığorta” 26 balla reytinq cədvəlində birinci yerə və yenə də “Standard İnsurance” -9 balla sonuncu yerə sahib olub. Cədvəldə ikinci yeri 24 balla “Atəşgah Sığorta” şirkəti tutur. 3, 4 və 5-ci yerin sahibləri olan  “Qala Həyat Sığorta”, “Paşa Sığorta”və “Xalq Sığorta” şirkətləri müvafiq olaraq 3, 1 və 1 bala malikdirlər.

Sorğunun nəticəsində 24 balla ikinci yeri tutan “Atəşgah Sığorta” özü əhalinin ən çox narazı olduğu sığorta şirkətlərindən biri və bəlkə də birincisidir. Xatırladaq ki, bir müddət öncə “Atəşgah Sığorta”da baş verən qanunsuzluqları Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev ictimailəşdirmişdi. “Atəşgah" Sığorta Şirkəti ilə bağlı eybəcərlikləri deməyə məcburam. Demək istədiyim budur ki, şirkətlərə, komitələrə, nazirliklərə ayrı-ayrılıqda fikir bildirmək siyasətçi kimi bizə uyğun deyil. Hər məsələyə kompleks və sistemli yanaşmağın tərəfdarıyam. "Atəşgah" SŞ-nin isə qanunsuzluqlarda, vətəndaşları incitməkdə, qanunları ayaq altına salıb tapdamaqda, orada işləyənlərin çoxmərtəbəli və mürəkkəb korrupsiya piramidasında batdığını nəzərə alaraq bunu yazıram”-deyə, Razi Nurullayev fikrini bildirmişdi. AXCP sədrinin bu sözləri sosial şəbəkədə, KİV-də geniş paylaşıldı və məlum oldu ki, “Atəşgah Sığorta”dan narazı olan insanların sayı kifayət qədər çoxdur.
Belə fəaliyyətlə aparılan sorğuda 173 respondentin səslərinin 24-nü “Atəşgah Sığorta”nın aldığını nəzərə alsaq, digər yerləri tutan şirkətlər haqqında danışmaq mənasız görünür. Qeyd edək ki, Birliyin keçirdiyi sorğuda heç bir bal toplamayan şirkətlər 6-16-ci yerdə qərarlaşıblar. Bunlar - “Amrah Sığorta”, “Qala Sığorta”, “Naxçıvan Sığorta”, “Atəşgah Həyat Sığorta”, “Paşa Həyat Sığorta”, “Bakı Sığorta”, “AzRe Təkrarsığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Rəvan Sığorta”, “İpək Yolu Sığorta”, “Axa Mbask Sığorta”dır.

17-22-ci sıralarda mövqe tutan şirkətlər mənfi ballara sahibdir. Bunlar isə - “AzərSığorta DSKŞ” -  -2 bal, “Meqa Sığorta” -  -2 bal, “AzSığorta” -  -3 bal, “Günay Sığorta” -  -4 bal, “AtaSığorta” -  -6 bal və “Standard İnsurance” -  -9 bal toplaya bilib.

Əslində, keçirilən bu sorğu sığorta bazarının real durumunu, bu sahənin acınacaqlı vəziyyətdə olduğunu ortaya qoyur. Ekspertlər də hesab edir ki, sığorta bazarında ciddi islahatlar aparılmasa, bu sahədə müsbət inkişafa ümid etmək olmaz.

“Sığorta sistemində islahatlar “dünən”, yəni artıq çoxdan başlamalı idi. Sığorta sistemində sadəcə problemləri saymaqla bitməz. Sığorta sistemində problemlərin həll olması üçün bu sahədə şəffaflığın bərqərar olması vacibdir. Sığorta sistemi şəffaf olmayanda, bu, biznes mühitini geriyə çəkən əmsala çevrilir. Əgər sığorta sistemi şəffaf olmayacaqsa, biznes mühitini də bərpa etmək mümkün olmayacaq” - İqtisadçı-alim Fuad İbrahimov sığorta bazarını bu cür şərh edir.

 
Bütün bunların nəticəsidir ki, əhali sığorta şirkətlərinə inanmır, etibar etmir. Mümkün qədər sığorta şirkətləri ilə əlaqədə olmaqdan imtina edir. Avtomobil sığortası məcburi olduğu üçün sürücülər sığorta şirkətlərindən yayına bilmir. Əslində bu məcburiyyət sığorta şirkətlərinin deyildiyi kimi qeyri-şəffaf işləməsinə münbit şərait yaradır. Hazırda sığorta şirkətləri “onsuz da müştərimiz var, nə istəsək edə bilərik” prinsipi ilə çalışırlar ki, əslində problemin başlıca səbəbi də məhz budur.

Ekspertlər sığorta şirkətlərinin bu yanaşmasına görə yaranan problemlərinin həlli mexanizmini isə belə izah edir: “Bu gün qanunvericilikdə sağlam rəqabət fonu yaransa və sığorta şirkətləri görsə ki, müştərilər artıq başqa istiqamətdə gedir, ancaq o zaman məcbur olub xidmət göstərəcəklər. Hazırda isə sığorta şirkətləri rahatdır, müştəri bazaları var. Müştəri bazası isə qanunvericiliyin tələbinə uyğun olaraq özlərinin müraciəti ilə formalaşır. Ona görə də xidmət yoxdur. Xidmət səviyyəsinin artırılması üçün  sağlam mühit olmalıdır. O da ki yoxdur”.

 
İqtisadçı-ekspert Natiq Cəfərli isə sığorta bazarındakı durumu belə şərh edir: “Sığorta bazarında rəqabətlilik və bir neçə iri şirkətin hegemonluğu var. Bu sektorda çox vaxt vətəndaşlara normal xidmət göstərilmir. Bununla bağlı sosial şəbəkələrdə və mediada çoxsaylı məlumatlar yayılır. Söhbət ondan gedir ki, sığorta şirkətləri rəqabətli şəraitdə işləməyə öyrəşməyiblər və vətəndaşdan, müştəridən daha çox öz mənafelərini güdməyə çalışırlar”.

Sığorta bazarında baş verən problemləri tənzimləmək, şəffaflığı təmin etmək isə birbaşa Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) işidir. Sığorta bazarını tənzimləmək üçün isə ilk növbədə bu bazarda monopoliya aradan qaldırılmalı və rəqabətli mühit yaradılmalıdır. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq, sığorta bazarına nəzarət edən mövcud requlyator MBNP “Sığorta bazarını inkişaf etdirmək” kimi məsul vəzifə daşıyır. Yəni, həyata keçirəcəyi strateji və taktiki tədbirlər vasitəsilə sığorta bazarını inkişaf etdirməyə ilk növbədə requlyator məsuliyyətlidir. Hələlik isə görülən işlərin müsbət nəticəsi hiss olunmur. Bu isə özü-özlüyündə bu bazarda olan problemləri daha da dərinləşdirir. Nəticədə isə uduzan tərəfi sığorta xidmətindən istifadə etməyə məcbur olan vətəndaşlar olur.


Paylaş:


Müəllif : Tarix:
6-12-2018, 22:44
  


loading...
Загрузка...