X
Erməni mühasirəsində olan general mülkündən çıxarılmış sərvət – FOTO » Regionxeberleri.com Erməni mühasirəsində olan general mülkündən çıxarılmış sərvət – FOTO » Regionxeberleri.com

reklam
» » Erməni mühasirəsində olan general mülkündən çıxarılmış sərvət – FOTO

reklam

Erməni mühasirəsində olan general mülkündən çıxarılmış sərvət – FOTO

Lap keçmişdə, nənələrin bir əlləri evdə-eşikdə, biş-düşdə, bir əlləri isə hanada olduğu vaxtlarda elin adəti vardı – ailəyə məxsus bütün gözəgəlimli əşyalar qonaq otağında toplanardı. Otaq xalça ilə döşənər, divarlara xalçalar asılardı. Ailənin sərvəti sayılan digər xalçaları isə büküb, divarın bir küncünə söykəyərdilər...

RegionXeberleri.com lent.az-a istinadla xəbər verir ki, avstriyalı memar Frans Yants Azərbaycan Xalça Muzeyinin layihəsi üzərində işləyərkən ənənələrimizi yaxşı araşdırıb. Şəhərin qonaq otağı – Dənizkənarı Milli Parkda, eyni ilə o vaxt olduğu kimi, xalqın sərvəti sayılan bir xalçanı – Xalça Muzeyini “büküb”, bulvarın bir tərəfinə söykəyib. Bu “xalça”nın da içi nağıllarla doludur...

Azərbaycan Xalça Muzeyinin Şuşa filialı...

Filial 30 il əvvəl yaradılıb. General Səməd bəy Mehmandarova aid XVIII əsrin tarixi-memarlıq abidəsi sayılan mülkdə 246 eksponatla 5 il fəaliyyət göstərib. 1992-ci ildə, Şuşa işğal təhlükəsi yaşayanda filialın o vaxtkı direktoru Hicran Əliyeva eksponatların təxliyə edilməsi üçün Bakıya rəsmi məktub göndərib. O vaxtkı hökumət Şuşanın, şuşalıların taleyinə biganə yanaşdığı kimi, nazirlik də eyni addımı atıb. Məktuba heç bir reaksiya verilməyib...

O vaxtlar Şuşa Mədəniyyət Şöbəsinin müdiri işləmiş Zahid Abbasov xatırlayır:

-Şəhərdə komendant saatı idi, icazəsiz quş da uça bilməzdi. Yaxşı yadımdadır, Şuşa bankını şəhərdən çıxartmaq istəyəndə camaat maşının qabağını kəsib, üsyan etmişdi ki, pul insandan dəyərlidir? Niyə çıxarırsınız? Bu hadisədən bir həftə keçmişdi ki, muzeyin sürücüsü Allahverdi kişi ilə danışdım. Gecə saat ikidə gücümüz çatan eksponatları gizlicə maşına yüklədik. Avtomobilin işığını yandırmadan, səhər 04:30 radələrində Allahverdi kişinin idarə etdiyi maşın Şuşanı tərk edərək, Bərdəyə getdi...

- Axı komendant saatı idi. Avtomobilin şəhərdən çıxması çətin olmadı?

- O vaxt döyüşürdüm, hamı məni tanıyır, hörmət edirdi. Komendantla əvvəlcədən danışıb razılaşmışdım...

- Eksponatları aparan avtomobildə Allahverdi kişidən başqa kimsə var idi?

- Hicran xanımın həyat yoldaşı Barat... Muzeyin açarı Hicran xanımda idi. Ona görə də o vaxt Baratı Bərdədən çağırıb gətirtmişdim...

Allahverdi kişinin idarə etdiyi maşında 246 eksponatdan 183-ü olub – 80 xovlu, 35 xovsuz xalça və xalça məmulatı, 39 zərgərlik nümunəsi, 29 parça və tikmə. Daşınması mümkün olmayan 63 eksponat, əsasən ağır mis əşyalar muzeydə qalıb... Və 1 tikmə, 4 xalça məmulatı – 1 mərfəş, 1 xurcun, 2 cüt corab... Manekenlərin üstündə olduğundan gecə qaranlığında tələsən fədakarlar onları götürə bilməyiblər...

İllər sonra Allahverdi kişi Xalça Muzeyində Şuşa filialının eksponatlarını ziyarət edəndə kövrəlib ağladığını dedilər. Bu əşyalar Allahverdi kişinin Şuşadan çıxartdığı yeganə əşyalar idi, o ailəsinə məxsus şəxsi əşyalarını xilas edə bilməmişdi...

Şuşanı işğal edəndən sonra ermənilər Mehmandarovların mülkünü Diyarşünaslıq Muzeyi kimi istifadə edirlər. Muzeydə qalan 63 eksponatın da orada sərgiləndiyi güman edilir. Filialın müdiri Səbinə Əzizova bildirir ki, əldə etdiyi fotoşəkilləri böyüdüb dəqiqləşdirməyə çalışsa da, eksponatların altında qeyd edilən inventar nömrəsini görmədən, heç nə deyə bilməz:

- Bu yaxınlarda Ermənistan prezidentinin müşaviri Şuşada şəxsi kolleksiyasından ibarət Xalça Muzeyi yaradıb. Müsahibəsində etiraf etdi ki, Şuşa hər zaman xalçaçılıqla məşğul olub. Buranın iqlimi və şəraiti xalçaları qorumağa daha çox imkan verir. Bu arada, onun kolleksiyasına nəzər yetirəndə kifayət qədər Qarabağ xalçası müşahidə edirik. Bizim qədim “Namazlı xalçası”nı “Adsız xalça” adı ilə nümayiş etdirirlər. Digər xalçalarımıza isə erməni dilində müxtəlif adlar veriblər... Məsələn, bizim məşhur Malıbəyli xalçası... Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid edilən Malıbəyli xalçaları adını Şuşanın Malıbəyli kəndinin adından götürüb. Bu kəndin kişiləri heyvandarlıq və əkinçiliklə, qadınları isə xalça və gəbə toxumaqla məşğul olublar. Onların əl işləri bütün Qarabağda məşhur idi. Hətta Malıbəyli xalçası Qarabağın digər xalçaçılıq məntəqələrində də toxunurdu. Bu gün ermənilər Malıbəyli xalçasının orta hissəsindəki kompozisiyanı öz xalça birliklərinin loqosu təqdim edirlər...

Bu gün Şuşanın bir parçasını yaşadan filial bu sehrli şəhər haqqında o qədər söz deyir ki... Səbinə xanım mayın 6-da Şuşanın işğalı münasibəti ilə “Əsirlikdəki incilərin hekayəti” adlı tədbirlərində daha çox məlumat əldə edə biləcəyimi deyib, məni də tədbirə dəvət etdi. Amma tale elə gətirdi ki, muzeyə daha tez getməli oldum. Mayın 5-də, Azərbaycanda ilk dəfə “Xalça Günü” qeyd edilərkən ABŞ-da yaşayan azərbaycanlı Elşad Tahirov Los-Ancelesdə bir hərracda ermənidən aldığı Qarabağ xalçasını Bakıya göndərdi. Lent.az-ın redaksiyası yubatmadan, əsirlikdən qaytarılan xalçanı muzeyə təhvil vermək qərarına gəldi.

Muzey rəhbərliyi xalçanı eksponatların sırasına öz qaydalarına uyğun olaraq, xüsusi təntənə ilə apardılar.

Muzey rəhbərliyi xalçanın gəlişinə o qədər şad idi ki, hətta xalça üzərində elmi tədqiqat işi başlamazdan öncə, mayın 6-dakı tədbirdə onu qonaqlara nümayiş etdirdilər.

Tədbir bitəndən sonra da iştirakçılar xalçanın başına yığılıb, sanki onu danışdırmağa çalışırdılar. Mülahizələr fərqli idi:

- Xalçanın başında ilgək yeri yoxdur, deməli heç vaxt divardan asılmayıb, bu o deməkdir ki, sahibi o vaxt subay olub... Xalçanı toydan sonra oğlanın evindən asardılar...

- İlmələr əzilməyib, üzərində gəzən olmayıb... Zatən yazılı xalçanı ayaqaltına salmazdılar...

- Əsir düşəndə lap təzə olub... Heç işlənməyibmiş...


 




Paylaş:


Müəllif : Tarix:
8-05-2017, 18:56
  


loading...