reklam
» » Azərbaycanda yeni mərkəz yaradılacaq - FOTO

reklam

Azərbaycanda yeni mərkəz yaradılacaq - FOTO

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə "Formal məşğulluq sosial hüquqların reallaşdırılmasının şərti kimi" mövzusunda konfrans öz işinə başlayıb.

Regionxeberleri.com Trend-ə istinadən bildirir ki, tədbirdə Azərbaycan Baş nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, BƏT-in Məşğulluq siyasəti departamentinin direktoru xanım Azita Berar Avad və sektor müdiri Frederik Lapeyre, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, beynəlxalq ekspertlər iştirak edirlər.

Konfransı giriş sözü ilə açan S.Müslümov vurğulayıb ki, makroiqtisadi sabitlik və iqtisadi sahədə əldə olunmuş nailiyyətlər Azərbaycan Hökumətinə əhalinin sosial rifahının yaxşılaşdırılmasına istiqamətləndirilmiş siyasi məqsədlərin reallaşdırılmasına imkan yaradıb: "Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə təsdiq edilmiş "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri" və sosial yönümlü dövlət proqramları gələcək illərdə Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətiliyinin artırılması və institusional islahatların davam etdirilməsi, iqtisadiyyatın müasir tələblərə cavab verən işçi qüvvəsi ilə təmin olunması, əmək bazarında çevik siyasətin həyata keçirilməsi yolu ilə əhalinin məşğulluq imkanlarının artırılması, sosial dialoqun gücləndirilməsi, səmərəli sosial müdafiə sisteminin qurulması və ən əsası əmək məhsuldarlığı səviyyəsinin yüksəldilməsi istiqamətində ölkənin inkişaf prioritetlərini müəyyənləşdirib".

Bü gün qeyri-formal sektorun həm əhalinin məşğulluğuna, həm də bütövlükdə ölkələrin iqtisadiyyatına ciddi təsir göstərməklə əmək bazarının müstəqil seqmentinə çevrildiyini vurğulayan nazir bildirib ki, qeyri-formal məşğulluğun dünya iqtisadiyyatında payının getdikcə artması bu məsələyə hökumətlərin, sosial tərəfdaşların, beynəlxalq təşkilatların və tədqiqatçıların artan marağına səbəb olur, bu sahədə yeni innovativ yanaşmaların müəyyənləşdirilməsini zəruri edir: "Dünya Bankı və BMT-nin İnkişaf Proqramı tərəfindən aparılan tədqiqatlar göstərir ki, son dövrlərdə, əksər ölkələrdə milli sərvətin strukturunda nəzərə çarpacaq dəyişikliklər baş verir. Bu, özünü iqtisadiyyatda aksentin orta hesabla hər ölkənin ümumi sərvətinin 16 faizini təşkil edən fiziki kapitaldan ümumi sərvətin 64 faizini təşkil edən insan kapitalına yönəldilməsində büruzə verir. Məhz bunun üçün də, əmək münasibətlərinin rəsmiləşdirilməsi, vətəndaşların əmək və sosial hüquqlarının qorunması məsələsinə, bu sahədə mövcud olan problemlərin həllinə insan inkişafı kontekstində və BƏT tərəfindən 21-ci əsrin əvvəllərində irəli sürülmüş Layiqli Əmək Konsepsiyası prizması altında baxılması dünyanın bütün ölkələrində olduğu kimi Azərbaycan üçün də olduqca əhəmiyyətlidir".

S.Müslümov vurğulayıb ki, əmək bazarında qeyri-formal əmək münasibətlərinin mövcudluğu, milli qanunvericilikdə dəqiq müəyyən olunan hüquq pozuntusu olaraq, ölkədə əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə mənfi təsir göstərir, layiqli əməyin dəstəklənməsi və nəticə etibarı ilə əmək məhsuldarlığının yüksəldilməsi üçün çətinliklər yaradır. Bunu dərk edərək, Azərbaycan Hökuməti sosial tərəfdaşları, vətəndaş cəmiyyətinin nümayəndələrini və elmi tədqiqtçıları cəlb edərək, problemin tezliklə aradan qaldırılması üçün birgə səyləri səfərbər edib zəruri addımlar atır: "Qeyd olunan hədəflərə nail olmaq üçün dövlət orqanları arasında koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə Azərbaycan Prezidentinin 17 mart 2017-ci il tarixli sərəncamı ilə aidiyyəti dövlət orqanlarının, Azərbaycan Həmkarlar İttifaqlarının və Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının rəhbərləri səviyyəsində Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası və Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılıb. Katibliyin funksiyasının həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib".

Nazir bildirib ki, sığorta prinsipinə əsaslanan və iqtisadi fəallığı təşviq edən sosial təminat sisteminin qurulmasını ehtiva edən pensiya islahatları, icbari tibbi sığorta sisteminin tətbiqi, müstəqil işsizlikdən sığorta sisteminin yaradılması əmək münasibətlərinin leqallaşmasına, məşğulluq sahəsində dövlət siyasətinin həyata keçirilməsinə nəzarətin gücləndirilməsinə imkan yaradacaqdır: "Azərbaycanda 2014-cü ildən fəaliyyət göstərən əmək müqavilələrinin elektron qeydiyyatı sistemi əmək hüquqlarının təminatına dövlət nəzarətinin səmərəli təşkilinə, əmək müqavilələrinin bağlanmasında formal yanaşmaların aradan qaldırılmasına, işçinin hazırkı əmək və gələcək sosial təminat hüquqlarını sual altında qoyan qeyri-rəsmi məşğulluq hallarının qarşısının alınmasına böyük imkanlar yaradıb. Sistemdəki dəyişikliklər ölkənin əmək bazarındakı prosesləri izləməyə və təhlil etməyə, lazımi addımların atılması üçün təkliflər hazırlamağa imkan verir. Onu da deyim ki, bu sistem Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən "İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti - 2017 Mükafatları" müsabiqəsində İKT-nin tətbiqi üzrə Azərbaycana ilk mükafatı qazandırıb".

Qeyri-formal məşğulluğa qarşı kompleks yanaşmanın formalaşdırılması və səmərəli mexanizmin işlənib hazırlanmasında sosial tərəfdaşların aktiv iştirakını önə çəkən S.Müslümov BƏT-in əsas prinsipini təşkil edən üçtərəflilik (tripartizm) prinsipi əsasında həyata keçirilməsi məqsədilə Azərbaycanda sosial tərəfdaşların - hökumətin, həmkarlar ittifaqlarının və işəgötürənlər konfederasiyasının sosial-iqtisadi və əmək münasibətləri sahəsində maraqlarını tənzimləyən Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya yaradıldığını xatırladıb.

S.Müslümov vurğulayıb ki, dünya tədqiqatçıları tərəfindən özünüməşğuluğun qeyri-formal məşğulluğu yaradan əsas sektor kimi qiymətləndirilməsinə baxmayaraq, onun hüquqi prosedurlar çərçivəsində səmərəli təşkili əmək bazarının inkişafı baxımından əmək qabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin edilməsinə yönəldilən ən vacib tədbirlərdən biridir. Tədricən ünvanlı yardım sistemindən özünüməşğulluq sisteminə keçid əməkqabiliyyətli aztəminatlı vətəndaşlar arasında ələbaxımlılığın qarşısını alacaq, onlarda sahibkarlıq fəaliyyətini stimullaşdıracaq, biznesə və qeyri-formallıqdan formal iqtisadi münasibətlərə maraqlarını artıracaq.

Baş nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Ə.Əhmədov Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlərdən bəhs edib. Baş nazirin müavini əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsinin və qanuni mənafelərinin qorunmasının, işçilərin sosial müdafiəsinin gücləndirilməsinin bu siyasətin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. Ə.Əhmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2017-cı il 17 mart tarixli sərəncamı ilə yaradılan Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyəti də bu məqsədə yönəlib. Komissiyanın qarşısında duran əsas vəzifələrdən biri də qeyri-formal məşğulluq hallarının aradan qaldırılması üçün dövlət orqanları arasında koordinasiya olunmuş siyasət müstəvisində çevik və səmərəli tədbirlərin reallaşdırılmasıdır. Hər bir işçi işəgötürən tərəfindən əmək münasibətlərinə cəlb olunarkən ilk növbədə bu münasibətlərin rəsmiləşdirilməsi təmin edilməlidir. Əks halda qeyri-formal məşğulluq halı yaranır ki, bu da işçinin əmək və ümumən sosial hüquqlarının kobud şəkildə pozulmasına, o cümlədən onun gələcəkdə pensiya hüququndan məhrum olmasına, işəgötürənin isə işçi qarşısında qanunvericilikdə nəzərdə tutulmuş öhdəliklərdən, digər tərəfdən vergi, sosial və digər məcburi ödənişlərdən yayınmasına şərait yaradır.

Baş nazirin müavini diqqətə çatdırıb ki, Azərbaycanda əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı rəylər əsasında yenilənmiş Tədbirlər Planının layihəsi hazırlanaraq Komissiyanın iclasında təsdiq edilib. Eyni zamanda Komissiyanın qanunvericilik və idarəetmə, iqtisadi fəaliyyət sahələri üzrə işçi qrupu yaradılıb. Komissiya yanında Qeyri-Rəsmi Məşğulluqla Mübarizə Mərkəzinin yaradılması, müvafiq sahədə beynəlxalq təcrübənin öyrənilməsi də qərara alınıb. Ə.Əhmədov, həmçinin əmək münasibətləri tənzimlənməyən işçilərin aşkar edilməsi və onların əmək fəaliyyətinin rəsmiləşdirilməsinin təmin edilməsi yönündə görülən işlərdən bəhs edib, sahibkarlarla görüşlər təşkil edildiyini, onlar arasında əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı maarifləndirmə işlərinin aparıldığını bildirib.

O, həmçinin pensiya qanunvericiliyində edilmiş son dəyişikliklərin, eyni zamanda "İşsizlikdən sığorta haqqında" qanunun qəbul olunmasının digər mütərəqqi cəhətləri ilə yanaşı, əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün stimullaşdırıcı rol oynadığını da bildirib. Ə.Əhmədov hazırda keçirilən konfransın müvafiq sahədə fəaliyyətin qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və mütərəqqi metodlar əsasında təkmilləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

S.Mehbalıyev əmək bazarında inkişaf meyllərinə zidd olan qeyri-formal əməyə qarşı mübarizənin AHİK-in əsas fəaliyyət istiqamətlərindən biri olduğunu bildirib. O, qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidin təmin olunması prosesində həmkarlar təşkilatlarının sosial tərəfdaşlıq müstəvisində gördüyü işləri diqqətə çatdırıb. M.Musayev qeyri-formal əmək münasibətlərinin əmək məhsuldarlığının artmasına, rəqabətqabiliyyətli məhsul istehsalına maneə olmaqla, işəgötürənlərin iqtisadi mənafelərinə də ciddi zərbə vurduğunu önə çəkib. O, sahibkarlarla aparılan işlərdə bu mövzunun həmişə diqqətdə saxlandığını qeyd edib. Formal məşğulluğun layiqli əməyin başlıca təminat forması olduğunu diqqətə çatdıran xanım A.B.Avad əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi istiqamətində Azərbaycanda aparılan fəal dövlət siyasətinin BƏT tərəfindən rəğbətlə qarşılandığını, ölkəmizdə bu sahədə görülən işlərə BƏT-in həmişə yaxından dəstək vermək əzmində olduğunu bildirib.

Konfransda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidi təşviq etmək üçün Azərbaycanda aparılan siyasət, bu sahədə tənzimləyici hüquqi baza, fəaliyyət mexanizmləri, həyata keçirilən tədbirlər barədə təqdimatla çıxış edib. Verilmiş məlumatlar əsasında müzakirələr aparılıb.

Daha sonra xanım A.B.Avad qeyri-formal məşğulluq hallarının aradan qaldırılması və belə hallardan formal məşğulluğa keçidin asanlaşdırılması üçün rəhbər prinsipləri və siyasi təlimatları diqqətə çatdırıb. O, habelə BƏT-in 204 saylı Tövsiyəsinin vacibliyini vurğulayıb.

Tədbirdə BƏT-in mütəxəssisləri Frederik Lapeyre tərəfindən formal məşğulluqda müsbət təcrübələr və Fərid Heqazi tərəfindən müəssisələrin formalaşmasında uğurlu iş praktikaları və sosial dialoqun rolu, habelə AHİK və ASK nümayəndələri tərəfindən qeyri-formal məşğulluqdan formal məşğulluğa keçid, sosial dialoq və konsensus quruculuğu üzrə Azərbaycan təcrübəsi barədə təqdimatların edilməsi və müzakirələrin aparılması nəzərdə tutulub.






 


Paylaş:


Müəllif : Tarix:
7-09-2017, 13:00
  


loading...
Загрузка...