reklam
» » "Min manatı şirinlik kimi verdim" - mühafizəçi olmaq istəyənlərin başına gələnlər

"Min manatı şirinlik kimi verdim" - mühafizəçi olmaq istəyənlərin başına gələnlər

Vətəndaşları işə düzəltmək adı ilə aldatmaqda təqsirləndirilən mühafizə şirkətinin vəzifəli əməkdaşının məhkəməsi davam etdirilib.

Regionxeberleri.com Musavat.com - a istinadən xəbər verir ki, "Azər mühafizə" MMC mühafizə şirkətinin Şirvan bölməsinin sabiq rəisi Namiq Məhərrəmovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş şəxslər ifadə verib.

Zərərçəkmiş Ceyhun Mirzəyev söyləyib ki, təqsirləndirilən şəxsi tanıyır. O, mühafizə şirkətinə işə düzəlmək üçün pul verdiyini söyləyib: "Şirvanda Namiq Məhərrəmovla görüşdük. Sonra şirkətin Bakıdakı ofisinə gəldik. Pulu verdik, qəbz aldıq. 70 manat formaya çıxdılar. İşə başladım. Amma maaş ala bilmədim. Pulumu tələb edirəm".

Digər zərərçəkmiş Ceyhun Mirzəyevin qardaşı Cavid Mirzəyev də ifadə verib. O, işə düzəlmək üçün 3 min manat pul verdiyini söyləyib. Amma bir neçə ay sonra maaşlar gecikib:

"Mən qardaşımdan bir müddət əvvəl işə başlamışdım. 2 min baş ofisdə verdim. Min manat da Namiqə. Sonradan maaşlar gecikdi, problemlər yarandı".

Müşfiq Əliyev isə zərərçəkmiş kimi ifadəsində göstərib ki, əsgərlikdən gələndən sonra iş axtararkən dostlarından mühafizə şirkətinə işçi axtarıldığını öyrənib: "İş axtarırdım. Əsgərlikdən də yeni gəlmişdim. Dedilər ki, depozit qoyub, bunun qarşılığında da maaş alacağam. 2800 dollar bankdan götürdüm. 2 minini baş ofisdə depozit kimi qoydum. 1000 manatı da şirinlik kimi verdim. Namiq dedi ki, kimlərəsə şirinlik veriləcək".

Məhkəmədə digər ifadə verən zərərçəkmişlər də işə düzəlmək üçün 1000 manat şirinlik verdiklərini söyləyiblər.

Zərərçəkmiş Elnur Bağırov isə ifadəsində göstərib ki, 2014-cü ildə işə düzəlmək üçün şirkətə müraciət edib: "1000 manat depozit qoydum. Deyirdilər ki, çıxmaq istəsəniz qoyduğunuz pulu götürəcəksiniz. İki ay işlədim. Ayda 500 manat maaş aldım. Sonra 4 ay işləsəm də pul almadım. Axırda da bildik ki, bu fırıldaqdır".

Bildirək ki, 2015-ci ildə Daxili İşlər Nazirliyinin yaydığı məıumata görə, Namiq Məhərrəmov işə düzəltmək adı ilə vətəndaşları aldatdığına görə həbs edilib.

Məlumata görə, "Azər Mühafizə" MMC və "Qala" BTX MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləri ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini ələ keçiriblər.

Zərərçəkmiş şəxslərin sayı isə 5200 nəfərdən çoxdur.

Namiq Məhərrəmov Cinayət Məcəlləsinin 162-1.2-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, eyni əməllər təkrar törədildikdə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, Namiq Məhərrəmov bu iş üzrə axtarışda olarkən istintaqdan yayınmışdı. Bu səbəbdən Namiq Məhərrəmovun barəsində axtarış elan olunub. Daha sonra həbs edilib, işi ayrıca icraata verilib.

İttiham aktına əsasən, Namiq Məhərrəmov vətəndaşları mühafizə işinə düzəltmək adı altında aldadaraq, onların 180 min 615 manat pulunu dələduzluq yolu ilə mənimsəyib.


Paylaş:


Müəllif : Tarix:
7-12-2017, 13:05
  
loading...