Azərbaycanda 4 uşağı xəstəxanalıq edən xəstəlik - Valideynlər mütləq oxusun! » Regionxeberleri.com Azərbaycanda 4 uşağı xəstəxanalıq edən xəstəlik - Valideynlər mütləq oxusun! » Regionxeberleri.com

reklam
» » Azərbaycanda 4 uşağı xəstəxanalıq edən xəstəlik - Valideynlər mütləq oxusun!

reklam

Azərbaycanda 4 uşağı xəstəxanalıq edən xəstəlik - Valideynlər mütləq oxusun!

Cənub bölgəsində 4 azyaşlı uşaq xəstəxanaya yerləşdirilib. Buna favizm – qanın parçalanması xəstəliyinin səbəb olduğu bildirilib.

Bəs favizm xəstəliyinin ilkin əlamətləri necədir? Kimlərdə daha çox bu xəstəliyə rast gəlinir və xəstəlik hansı hallarda üzə çıxır?

Regionxeberleri.com Lent.az-a istinadən bu suallara aydınlıq gətirməyə çalışıb.

Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Uşaq şöbəsinin rəhbəri, tibb elmləri doktoru, professor Mireldar Babayev Lent.az-ın suallarını cavablandıraraq bildirib ki, qanda leykositlərin normal fəaliyyəti üçün çoxlu fermentlər var:

“Təqribən 20-yə yaxın ferment var və onlardan ən əhəmiyyətlisi Qlükoza 6 Fosfat Dehidrogenaz fermentidir. Bu fermentin çatışmazlığı nəticəsində eritrositlərin möhkəmliyi itir. Oksidan tərkibli preparatların və ya qida məhsullarının təsirindən leykositlər, yəni qırmızı qan kürəcikləri parçalanır. Beləliklə də, parçalanmanın nəticəsi olaraq favizm dediyimiz xəstəlik yaranır”.

Bu xəstəlik əsasən oğlan uşaqlarına keçir

M. Babayev məlumat verdi ki, ferment çatmazlığı irsi ötürülür: “Bu, irsi bir xəstəlikdir və əgər valideynlərdə varsa, övladlara da keçir. Əsas da oğlanlara. Qızlara keçmə riski çox aşağıdır. Bunun isə öz genetik izahı var. Paxlalı yeməklər, dəqiq desək, at paxlası qəbul edəndən sonra dediyim təsir mexanizmi işə düşür və qırmızı qan kürəcikləri parçalanır. Bu, paxla qəbulundan təxminən 3-4 saat, yarım gündən sonra baş verir”.

Xəstə saralmağa başlayır

“Qanın parçalanmasının ilkin simptomu kimi xəstə saralmağa qanın səviyyəsi aşağı düşür. Sidik tündləşməyə başlayır, kola rəngində, hətta ondan da tünd olur. Xəstənin vəziyyəti çox ağırlaşır. Belə xəstələrə təcili yardım göstərilməsə, qan parçalanmasından tələf olur. Xəstəliyin ağırlığı isə qəbul edilən qidanın miqdarından asılıdır. Müəyyən dərmanlar var ki, onların qəbulundan sonra qan parçalanır və onlarda da eyni vəziyyət özünü göstərir. Həmçinin bu, insanda həmin fermentin defisit faizindən də asılıdır. Bu defisit nə qədər yüksək olursa, o zaman əlbəttə xəstəliyin gedişi bir o qədər ağır olur”.

Xəstələr həkimə gec çatdırılarsa, tələf olar

Professor vurğulayır ki, belə xəstələr həkimə gec çatdırılsa, sözsüz ki, tələf olacaqlar: “Həkimə çatdırıldığı zaman xəstələrə ilk yardımımız ondan ibarət olur ki, parçalanmış qanın əvəzini qan köçürmə ilə bərpa edək. Digər tərəfdən parçalanan qan damarları, böyrək damarlarını tutub anoreya (sidiyə getmənin dayanması) yaradır, biz bunu aradan qaldırırıq. Bundan ötəri ilk növbədə yuyucu məhlullardan istifadə olunur. Eyni zamanda qanın parçalanmasının nəticəsində sarılığın yaranmasına səbəb olan bilirubinin qanda miqdarı artır. Onun orqanizmə göstərdiyi toksiki təsir nəticəsində xəstənin tələf olma riski çox yüksəkdir. Bu, eyni zamanda beyinə təsir edib, gələcəkdə ağıl zəifliyinə çatan ağırlaşmalar yarada bilir. Parçalanmış qan hemotransfuziya yolu ilə bərpa olunduqdan, parçalanan məhsul qandan çıxdıqdan sonra  və onu yaradan səbəb - dərman, paxla və sair bədənə daxil olmadıqca, tədricən xəstə özünə gəlməyə başlayır. Belə xəstələrə vaxtında, dəqiq yardım göstərdikdən sonra onlar normal həyata qayıda bilir”.

Zamanında bu fermentin varlığı yoxlanmalıdır

"Uşaqlarda bu xəstəliyi vaxtında təyin etmək çox gözəl olardı" deyən M.Babayev vurğulayır ki, bunun üçün Elmi Tədqiqat Hemotologiya İnstitutunda laboratoriya var: “Laboratoriya xəstəliklərin aşkara çıxarılması ilə məşğul olur. Bizdə aparılan testlər həmin defisiti aşkara çıxarır və diaqnoz qoyulur. Diaqnoz qoyulduqdan sonra biz profilaktik tədbirlər hazırlayırıq. İlk növbədə valideyn məlumatlandırılır. Həmin gemolizi yarada bilən dərmanların siyahısını valideynlərə veririk ki, bu dərmanlardan istifadə etmək olmaz, vaksinlər həyati göstəriş üzrə aparılmalıdır, paxla yeməkləri qətiyyən olmamalıdır. Bu da gələcəkdə dediyimiz halın qarşısını alır. Hər bir valideyn zamanında uşağında bu fermentin olub-olmamasını yoxlatdırsa və aşkara çıxarsa, övladını gələcəkdə baş verə biləcək ağır fəsadlardan qoruyar”.

Cənub bölgəsində bu xəstəliyin üzə çıxması təəccüblü deyil

Həkim məlumat verir ki, Cənub bölgəsində bir neçə uşaqda eyni zamanda xəstəliyin üzə çıxması təsadüfi deyil: “Çünki biz hər il bunun şahidi oluruq. May ayı gələndə bilirik ki, bu xəstəlik Cənub bölgəsində baş verəcək. Çünki orada paxlalı yeməklərə çox üstünlük verirlər. Onların qida rasionlarının bir hissəsi paxla yeməkləridir. Yəni Azərbaycanın digər bölgələrində paxladan o qədər də istifadə olunmur. Bir də ki, bu bölgədə digər bölgələrə nisbətən leykositlərin ferment defisiti daha yüksəkdir. O nöqteyi-nəzərdən Cənub bölgəsində dünyaya gələn uşaqlarda bu fermentin yoxlanılması müsbət hal olar, uşaqların ölümlə üz-üzə qalmaq riskini sıfıra endirər”.


Paylaş:


Müəllif : Tarix:
18-05-2018, 16:51
  


loading...