X
Vətəndaşların gəlirinə qanunsuz müdaxilə: - Məhkəmələrə kütləvi axın başlaya bilər » Regionxeberleri.com Vətəndaşların gəlirinə qanunsuz müdaxilə: - Məhkəmələrə kütləvi axın başlaya bilər » Regionxeberleri.com

reklam
» » Vətəndaşların gəlirinə qanunsuz müdaxilə: - Məhkəmələrə kütləvi axın başlaya bilər

reklam

Vətəndaşların gəlirinə qanunsuz müdaxilə: - Məhkəmələrə kütləvi axın başlaya bilər

Azərbaycanda fiziki şəxslər hesablarına oturulan pulu kartdan çıxardıqları zaman nağdlaşdırdıqları məbləğin 1 faizi nağdlaşma vergisi kimi tutulur. Məsələn, kartında 125 manat pulu olan şəxs hesabından nağd 100 manat çıxarırsa, 1 manat vergi tutulur və hesabında 24 manat qalır.

Vətəndaşları bu sual maraqlandırır: Bu, nə dərəcədə qanunidir, qanunda necə tənzimlənir? Ümumiyyətlə, fiziki şəxslərdən nağdlaşdırmaya görə vergi tutulmalıdırmı?

Sputnik Azərbaycan-ın məsələ ilə bağlı sualını cavablandıran iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov 1 faizlik nağdlaşma vergisinin qanunsuz olduğunu deyir: "Hətta, bununla bağlı mən məhkəməyə də müraciət etmişəm və birinci instansiya məhkəməsində qalib gəlmişəm. Amma bu, o demək deyil ki, iş mənim xeyrimə bitib. Vergilər Nazirliyi Apellyasiya Məhkəməsinə müraciət edəcəyini bəyan edib. Ona görə də məhkəmə qanunu hələ ki qüvvəyə minməyib".

Hüquqşünas qeyd edir ki, bu qanunsuzluğa görə hər bir vətəndaş da onun kimi məhkəməyə müraciət edərək hüquqlarının bərpa olunmasını tələb edə bilər: "Güman edirəm ki, insanların əksəriyyəti mənim məhkəməmin nəticəsini gözləyəcək".

Ekspert vurğulayır ki, hər kəs ancaq qanunla nəzərdə tutulmuş vergini ödəməlidir: "Vergi Məcəlləsində obyekt və subyekt ayrı-ayrı məcəllələr ilə müəyyən olunub. Nağdlaşdırma vergisi üzrə isə heç bir maddə yoxdur. Vergi Məcəlləsinin özünə görə, bu, müəyyən edilməmiş vergi hesab edilir. Məcəllədə nəzərdə tutulmayan vergi olduğu üçün Konstitusiyaya görə, bu vergini vətəndaş ödəməməlidir".

"Eyni zamanda bu, ikiqat vergi tutmaqdır. Vergi Məcəlləsində belə bir bənd var ki, vətəndaşın bir gəlirindən iki eyni növlü vergi tutmaq olmaz. Heç bir vergi ödəyicisi diskriminasiya edilə bilməz. Adi fiziki şəxs yox, fərdi sahibkar olduğu üçün, sanki cəzalandırırlar və vergi tutulur. Bu da diskriminasiyadır. Həmçinin milli valyutamızı vətəndaşa vermək üçün faiz tutulur. Bu da milli dövlət atributları ilə alverdir", — deyir ekspert.

Ə.Həsənov onu da əlavə edir ki, şirkətlər ilin sonunda gəlirləri artıq olursa, həmin gəlirin 20 faizini mənfəət vergisi verməlidir: "Vergi Məcəlləsində deyilir ki, sadələşdirilmiş vergi ödəyənlər mənfəət vergisi ödəmir. Bu zaman sahibkar qazandığı mənfəətin 1 faizini tutmaq şərti ilə pullarını çıxararaq mənfəət vergisindən rahatlıqla yayına biləcək. Bu da onu göstərir ki, bu qanunu hazırlayan vergi mütəxəssisləri heç dövlətə dəyən bilən ciddi ziyanı də nəzərə almayıblar".

Müsahibimizin sözlərinə görə, əgər Apelyasiya Məhkəməsində qalib gəlsə və sonda Ali Məhkəmə də şikayətə baxaraq onun xeyrinə nəticə çıxarsa, bu halda təbii ki, qanun dəyişməli olacaq: "Dövlət özü bu verginin ləğvində maraqlı olacaq. Əks halda, vətəndaşlar məhkəməyə müraciət edərək asanlıqla qələbə qazanacaqlar. Və bu günə kimi hesablarından tutulan nağdlaşdırma vergisini cüzi faizi ilə birlikdə dövlət onlara geri qaytarmalı olacaq".

Hüquqşünas Elyar Həsənov da Sputnik Azərbaycan-a açıqlamasında nağdlaşdırmaya görə 1 faiz vergi tutulmasının qanunsuz olduğunu bildirir: "Vergi qanunvericiliyinin prinsipinə görə, eyni bir vergi obyektindən, yəni hər hansı bir gəlirdən bir dəfə vergi tutulmalıdır. Bir obyektdən iki dəfə vergi tutmaq qanuna ziddir. Məsələn, mənim gəlirim var və bu gəlirin 4 faizini vergi kimi verirəm. Yenidən pulu nağdlaşdıranda məndə olan məbləğin bir faizini verirəmsə, deməli iki dəfə bir gəlir üçün vergi ödəməli oluram. Bu da qanuna ziddir".

Vəkil bununla bağlı dünya təcrübəsindən də misal gətirir: "Nağd ödəniş edəndə satıcı vergidən yayına bilir, amma kartla ödəniş edəndə satıcı vergidən yayına bilmir. Əslində, belə ödənişləri Avropada tətbiq etmək üçün kartla alış-veriş edən şəxslərin ödədikləri pulun 1 faizi bonus kimi geri qaytarılır. Amma bizdə isə əksinədir. Həvəsləndirmə yox, cəzalandırma sistemi tətbiq edilir".

İnsanların kartla əməliyyatlardan qaçma səbəbini izah edən hüquqşünas qeyd edir ki, əsas səbəb vətəndaşların banklara etibar etməmələridir: "Bir günə bank bağlana bildiyi üçün insanların əksəriyyəti pulunu banklarda saxlamır. Bu vəziyyətə etiraz edən şəxslər məhkəməyə müraciət etməlidirlər. Bu məsələnin bir həlli yolu var, o da məhkəmədir".


Paylaş:


Müəllif : Tarix:
25-05-2018, 10:09
  


loading...