X
Xəzərin hüquqi statusu “su altından” çıxır » Regionxeberleri.com Xəzərin hüquqi statusu “su altından” çıxır » Regionxeberleri.com

reklam
» » Xəzərin hüquqi statusu “su altından” çıxır

reklam

Xəzərin hüquqi statusu “su altından” çıxır

Politoloq: “Xəzərin statusu ilə bağlı hazırkı proseslər əvvəlkindən xeyli dərəcədə fərqlənir”

Xəzəryanı ölkələrin zirvə görüşünün tarixi məlum olub. Qazaxıstanın xarici işlər naziri Qayrat Əbdrəhmanovun mətbuata verdiyi açıqlamaya görə, görüş bu ilin avqust ayının ilk yarısında Aktauda keçiriləcək.

Sammitdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanacağı gözlənilir. Məlumat üçün qeyd edək ki, 20 ildən artıqdır ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı sahilyanı dövlətlər danışıqlar aparsalar da, nəticə əldə olunmur. Xüsusilə də məsələ ilə bağlı İran və Rusiya razılığa gələ bilmirlər. Nəticədə 20 ildən çoxdur ki, Xəzər dənizinin dibi bölünməz olaraq qalır.

Bəs Xəzərin statusu bu dəfəki görüşdə müəyyən olunarsa, Azərbaycan üçün nəticə necə olacaq?

“Yeni Müsavat”a danışan politoloq Nəzakət Məmmədova bildirib ki, Xəzərin hüquqi statusu məsələsi beş Xəzəryanı dövlət arasında SSRİ-nin süqut etməsindən sonra yaranmış ən böyük problemlərdən biri idi:

“Xəzərin statusu ilə bağlı hazırkı proseslər əvvəlkindən xeyli dərəcədə fərqlənir. Azərbaycanın Xəzər siyasəti, dənizin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması layihələri Rusiyanın ixrac kəmərləri üzərində monopoliyasını aradan qaldıraraq, İranın alternativ marşrut kimi rolunu zəiflədə bildi. Lakin İranın beynəlxalq təcridinin güclənməsi, İran və Rusiyaya qarşı ABŞ sanksiyaları, Azərbaycanın Xəzər neft və qazını beynəlxalq transmilli şirkətlərlə bərabər istismar edərək alternativ tranzit kəmərlərlə dünya bazarına çıxarması İran və Rusiyanı güzəştə getməyə məcbur etdi. Xüsusilə İran və Türkmənistan Azərbaycanı beynəlxalq məhkəmələrlə təhdid edirdi. Halbuki Azərbaycanın mövqeyi beynəlxalq dəniz hüququna dair konvensiyalara, normativ-hüquqi bazaya tamamilə uyğundur. 1994-cü ildən sonra Azərbaycana qarşı İran və Rusiyanın təxribatlarının, təzyiqlərinin böyük əksəriyyəti Xəzərin hüquqi statusu, dənizin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması məsələsində Azərbaycanın inadlı, prinsipial mövqeyi ilə bağlı olub. Lakin son dövrlərdə İran və Rusiyanın ABŞ-ın təzyiqləri ilə üzləşməsi onları Xəzər dənizi məsələsində geri çəkilməyə vadar edib. Xüsusilə İran 2018-ci ilin ilk günlərində daxili iğtişaşlarla silkələndikdən sonra Xəzər dənizi ilə bağlı xeyli güzəştlərə getməyə məcbur oldu. Bunun səbəbi o idi ki, Azərbaycan prezidenti İlham Əliyev Bakıda SOCAR və BP-nin rəhbərlik etdiyi konsorsium arasında Azərbaycanın ən böyük neft yataqlarının 2050-ci ilədək istismarına dair saziş imzaladı.

Mövcud “Əsrin müqaviləsi” 2024-ci ildə başa çatırdı və Britaniyanın transmilli neft şirkətinin Xəzərdə 2050-ci ilədək qalması, eləcə də Çindən Britaniyayadək uzanan, prezident İlham Əliyevin “Böyük İpək Yolunun dəmir magistrallar üzərində bərpası” adlandırdığı Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi də İranı güzəştə getməyə vadar etdi. Belə ki, ehtimallara əsasən, Mossad və Mərkəzi Kəşfiyyat İdarəsinin İrandakı iğtişaşlarda iştirakını məhz Britaniya kəşfiyyatı İrana ötürüb. İngiltərənin xarici işlər naziri Boris Consonun hadisələrdən qısa müddət əvvəl Tehrana səfər etməsinin bununla bağlı olduğu versiyası var. Belə bir şəraitdə İran İngiltərənin Xəzərdə neft maraqlarına qarşı gələ bilməzdi və güzəştə getməyə məcbur idi".

Politoloq bildirib ki, Azərbaycanın Çindən Londonadək uzanan qlobal nəqliyyat-kommunikasiya layihələrində, həm də BP ilə neft-qaz sahəsində əməkdaşlığı regionda öz maraqlarını Azərbaycan vasitəsilə uzlaşdıran İngiltərə ilə yaxın münasibətləri olan İranı da Xəzər məsələsində əvvəlki mövqeyindən geri çəkilməyə məcbur edir:

“Bundan sonra Xəzərin hüquqi statusu məsələsində İranın daha güzəştli mövqedə durması gözlənilə bilər.

Azərbaycan Cənub Qaz Dəhlizinin dörd əsas qolundan biri olan TANAP-ın açılışını etdi və prezident İlham Əliyev Əskişəhərdəki açılışda qeyd etdi ki, layihənin sonuncu mərhələsi olan TAP üzrə işlərin 75 faizi görülüb.

Bunlar ölkəmizə qarşı İran və Rusiya tərəfindən ən müxtəlif təhdidlərlə müşahidə olunur. Üstəlik, bu iki ölkənin əbədi müttəfiqi hesab etdiyi Ermənistan ABŞ-dakı yəhudi lobbisi və onun təsirində olan Amerika Erməni Milli Assambleyasının səyləri nəticəsində çevrilişdən sonra İran və Rusiyadan üz döndərərək Qərbə doğru üz tutub. Bu, Ermənistanı sadiq müttəfiq kimi itirməkdə olan İran və Rusiyanın öz diqqətini daha çox Azərbaycana yönəltməsinə səbəb olub.

Azərbaycan, Rusiya və Qazaxıstanın mövqeyi indiyədək hüquqi status məsələsində daha çox uzlaşıb və beynəlxalq hüquqa uyğundur. İran və Türkmənistan isə qeyri-konstruktiv mövqe tutub və onların mövqeyi Beynəlxlaq Dəniz Hüququna dair normativ-hüquqi bazaya yox, daha çox öz milli maraqlarına uyğun olub.

Lakin bundan sonra İranın əvvəlki mövqeyindən geri çəkiləcəyi inandırıcı hesab oluna bilər. Çünki ABŞ nüvə sazişindən çıxdıqdan sonra İngiltərə və Avropa Birliyi ölkələrinin yardımına möhtac qalan İran Xəzər məsələsində müqavimət göstərməklə öz regional və beynəlxalq mövqelərini gücləndirə bilməz. Üstəlik, dediyimiz kimi, Ermənistan istiqamətindən ABŞ tərəfindən sıxışdırılmaq təhlükəsi ilə üzləşən İran Xəzər qonşuları ilə münasibətləri kəskinləşdirməklə özünü təcrid edə bilər.

Yaxın Şərqdə ABŞ, İsrail, Səudiyyə Ərəbistanı tərəfindən sıxışdırılan, regional ambisiyaları üçün hərbi büdcəsinə milyardlarla dollar ayıran İran sosial problemlər zəminində başlayıb xalqların azadlıq mübarizəsinədək gedib çıxa bilən daxili iğtişaşlardan narahat olmalı, qonşularla, xüsusən Azərbaycanla münasibətlərdə, o cümlədən Xəzər məsələsində güzəştli mövqe tutmalıdır".




Paylaş:


Müəllif : Tarix:
13-07-2018, 08:51
  


loading...