reklam
» » Dollarla krediti olanların başları dərddədir... - Eskpert izahat verir...

reklam

Dollarla krediti olanların başları dərddədir... - Eskpert izahat verir...

Xəbər verdiyimiz kimi, ötən gün Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı da qərar qəbul etdi.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsini şərh edən Konstitusiya Məhkəməsinin qərarı belədir: “422-ci maddənin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz”.

Yəni, xarici valyutada götürülmüş kreditlər ödəniş edilən günə olan kurs ilə ödənilməlidir. Əgər bank güzəşt tətbiq etməyibsə, hansı məzənnə ilə kredit götürməsindən asılı olmayaraq borc sahibləri indiki məzənnə ilə ödəniş etməlidir. Bu isə o deməkdir ki, dollar kreditləri üzrə müqavilə şərtlərinin dəyişdirilməsi yalnız bank ilə müştərinin birgə razılığı nəticəsində mümkündür.

Vaxtı keçmiş kreditlər sektorun ən köklü problemlərindən biri hesab olunur. Ümumən, 12 milyard 170,7 min manat kredit qoyuluşunun 14,6 faizi, başqa sözlə, 1 782,1 milyon manatı vaxtı keçmiş sayılır. Vaxtı keçmiş kreditlərin həcmi 2 milyard manata yaxındır. Onların ümumi kredit portfelində payının 15 faizə yaxın təşkil edir. Bu isə çox ciddi faktordur. Demək olar ki, hər ay sözügedən kreditlərin həcmi üzrə artım dinamikası nümayiş olunur. Ekspertlər hesab edir ki, bu problem mövcud olduğu müddətdə, bank sektorundakı digər müsbət dinamikaları davamlı saymaq mümkün deyil.

Məlumat üçün qeyd edək ki, cari ilin avqustun 1-nə əhalinin banklardakı əmanətlərinin həcmi 8 milyard 49,5 milyon manat təşkil edib ki, bunun da xarici valyutada olan hissəsi 5 milyard 15,6 milyon manat, milli valyutada əmanətlərin həcmisə 3 milyard 33,9 milyon manata bərabər olub. Xarici valyutada əmanətlər bütün əmanətlərin 62,3 faizini, milli valyutada əmanətlər isə 37,7 faizini təşkil edib. Ümumiyyətlə, hesabat dövründə əhalinin milli valyutada əmanətlərinin həcmi 19,8 faiz artıb ki, dollarlaşma səviyyəsi bu ilin əvvəlindəki 66,5 faizdən 4,2 faiz aşağı düşüb.

Məlumdur ki, müştərilərin əksəriyyətinin ödəmə qabiliyyəti çox aşağıdır. Təkcə bank deyil, borcalanlar da kredit riski daşıyır. Kreditor həmişə öz müştərisinin ödəmə qabiliyyətinə şübhə ilə yanaşır, çünki o da öz növbəsində maliyyə çətinliklərinin olmayacağına dair tam təminat vermir. Kredit borcunun qaytarılmaması riskinin sığortalanması ikitərəfli kreditləşmə riskini azaldır. Sığorta pulların banka qayıtmasına təminat verir. Borcalan isə kreditlə bağlı daha loyal şərtlər əldə edir. Azərbaycan praktikasından kreditin qaytarılmaması riskindən sığorta -bəzən kredit məsuliyyətindən sığorta adlanır. Bir qayda olaraq sığortanın təşkili məsələləri ilə bank özü məşğul olur, amma bəzi borcalanlar müstəqil şəkildə sığorta şirkətlərinə müraciət edirlər.

Hər götürülən krediti üçün sığorta haqqı çıxılır. Ödənilən məbləğlər sığorta şirkətlərinin xalis mənfəəti hesab olunur. Çünki bu günə qədər problemli kreditlərin həlli prosesində sığorta şirkətlərinin iştirakına şahid olmamışıq. Maraqlıdır, mövcud vəziyyətdə borcalanın kreditin əsas hissəsini götürdüyü məzənnə ilə ödəməsi, yaranmış əlavə xərcin isə sığorta şirkətləri tərəfindən qaytarılması mümkündürmü?

İqtisadçı-alim Vüqar Bayramov “Cümhuriyət” qəzetinə bildirib ki, bu, müştəri ilə sığorta şirkəti arasında bağlanmış müqaviləyə əsasən müəyyənləşir: “Sözügedən məsələ o hallarda mümkündür ki, məzənnə dəyişikliklərindən yaranan fərqin sığortada şirkətləri tərəfindən ödənilməsi nəzərdə tutulsun. Əgər məzənnə dəyişikliklərindən yaranan fərqin sığorta şirkəti tərəfindən ödənilməsi nəzərdə tutulmayıbsa və yalnız kredit götürən şəxsin həyat və sağlamlığının sığortalanması həyata keçirilibsə, o zaman sığorta şirkəti yaranan fərqi ödəmir. Çünki sığorta şirkətinin məsuliyyəti müqaviləyə əsasən müəyyənləşir. Həmçinin kredit götürülən zaman həm vətəndaşın, həm də sığorta şirkətlərinin öhdəlikləri yaranır. Bu baxımdan, əgər müqavilədə məzənnədəki dəyişikliklərin yaratdığı fərqin və ya ziyanın ödənilməsi ilə bağlı qeyd varsa, bu halda müştəri sığorta şirkətindən kreditin ödənilməsini tələ edə bilər. Əgər belə bir qeyd yoxdursa, o zaman sığorta şirkəti həmin fərqin ödənməsinə məsul deyil”.

“2018-ci ilin bütün aylarında problemli kreditlərin həcmində artım qeydə alınıb”

Ekspert qeyd edib ki, problemli kreditlərin həcminin azaldılması, valyutada olan kreditlərin ödənilməsi yalnız vətəndaşlar üçün deyil, həm də maliyyə bank sektoru üçün çox vacibdir: “Bu məsələdə dövlət dəstəyinin və güzəştinin həyata keçirilməsi çox vacibdir. Çünki bankların maliyyə imkanları əvvəlki dövrlərlə müqayisədə xeyli azalıb. Eləcə də müştərilərin ödəmə qabiliyyətində azalmalar var. 2018-ci ilin bütün aylarında problemli kreditlərin həcmində praktik olaraq artım qeydə alınıb. Bütövlükdə rəsmi qeydiyyata alınmış problemli kreditlərin həcmi 18 milyard manatdır.

Qeydiyyatdan keçməyən problemli kreditlər də var. Buna görə də, dövlətin dəstəyinə və güzəşt mexanizminin tətbiq edilməsinə ehtiyac var. 2015-ci ildə xarici valyutada olan kreditlərə güzəştlərin verilməsi ilə bağlı təkliflər paket hazırlayıb hökumətə təqdim etmişdik. Biz üçtərəfli mexanizmin tətbiqini təklif edirdik. Söhbət fərqin üç tərəf - hökumət, banklar və müştəri arasında bölüşdürülməsindən gedir. Praktik olaraq, bu zaman yaranan fərqin üçdə birini dövlət, üçdə birini banklar, üçdə birini isə müştəri özü qarşılayır. Bunun özəlliyi ondan ibarət idi ki, hər bir tərəf yaranan fərqin az bir hissəsini, yəni, üçdə birini qarşılayır. Güman edirik ki, bu mexanizmin tətbiqi yenə də aktualdır”.

Vüqar Bayramov hesab edir ki, məlum qərardan sonra da problemin həlli dövlətin dəstək mexanizmini tətbiq edilməsi ilə həyata keçirilə bilər: “Qənaətimcə, Konstitusiya Məhkəməsinin qərarı dövlətin dəstək mexanizmini verməsini heç də qadağan etmir. Maliyyə Nazirliyi, eləcə də Mərkəzi Bank istənilən zaman belə bir güzəşt təklifi edə bilər. Eyni zamanda banklarla müştərilər arasında da güzəştin tətbiq edilməsi razılaşdırıla bilər. Sığorta müqavilələrinin böyük əksəriyyətində məzənnədə yaranan fərqin ödənilməsi sığorta şirkətinin öhdəliyinə daxil edilməyib. Bu baxımdan, sığorta şirkətləri tərəfindən bu fərqin ödənilməsi inandırıcı görünmür. Bu gün həyat keçirilməsi lazım olan tədbir üçtərəfli mexanizmin tətbiqinə nail olmasından ibarətdir”.


Paylaş:


Müəllif : Tarix:
26-09-2018, 09:19
  


loading...
Загрузка...