reklam
» » Amaliya Pənahova ilə vida mərasimi keçirilir - FOTO + YENİLƏNİB

reklam

Amaliya Pənahova ilə vida mərasimi keçirilir - FOTO + YENİLƏNİB

Hazırda Akademik Milli Dram Teatrında xərçəng xəstəliyindən dünyasını dəyişən 73 yaşlı xalq artisti Amaliya Pənahova ilə vida mərasimi keçirilir.

Mərasimdə mərhum aktrisanın ailə üzvləri, sənət dostları, həmkarları, eləcə də mədəniyyət naziri Əbülfəs Qarayev, Bakı meri səlahiyyətlərini icra edən Eldar Əzizov da iştirak edir.

Mərasimə qatılan əməkdar artist Teymur Əmrah Amaliya Pənahovanın vəfatının böyük itki olduğunu bildirib: “Yaxınlarına, ailəsinə səbr diləyirəm. Böyük itkidir. Azərbaycan teatrına töhfələr verib. Allah rəhmət eləsin”.

Xalq artisti Nurəddin Mehdixanlının sözlərinə görə, Amaliya Pənahova ömrünün son gününədək teatr üçün fədakarlıqlar edən sənətkar olub: “Hər zaman gənclərə dəstək olub, yanlarında olub. Çox çətin dövrdə Bakı Bələdiyyə Teatrını yaratdı, sənətdən uzaqlaşan şəxsləri ora dəvət etdi. O həm sənətçi, həm də insan olaraq özü üçün yaşamayıb. Amaliya Pənahovanın yeri hər zaman görünəcək. O, fiziki mənada uzaqlaşıb. Amaliya xanım hər zaman bizimlə olacaq”.

Əməkdar artist, rejissor Elxan Qasımov xalq artisti ilə dostluqlarının 56 il davam etdiyini vurğulayıb: “Qardaşlıq edirdik. Bir çox rolları ifa etmişik. Azərbaycan teatr sənəti dahi sənətkarlarla doludur. Amaliya Pənahovadan bir daha gəlməyəcək. Şübhəsiz ki, onun yeri cənnətdir. Onun həmkarı kimi deyirəm, səni burada çox sevirlər, Allah da səni elə sevsin”.

Xalq artisti Rafael Dadaşov açıqlamasında bildirib ki, Amaliya Pənahova onun üçün bir məktəb olub: “Mən hamını başa düşürəm. Artıq nəsil, yaş etibarı ilə mənə üz tutursuz. Cavanların təcrübəsi, səlahiyyəti yoxdur ki, nəsə desinlər. Amaliya Pənahova ilə müştərək işlər görmüşük. Onunla səhnədə olanda mən özümü yığışdırırdım. Çalışırdım ki, ona layiqli tərəf müqabilim olum. Şəxsən mənim üçün o, bir məktəb idi. Amaliya xanım gözəl ömür yaşadı. Hər dəfə rastlaşanda mənə heyfsləndiyini deyirdi. Çünki o, rəhbəri olduğu Bakı Bələdiyyə Teatrında məni görmək istəyirdi. Nəsil qalmadı! Kimdən danışacağıq? Ağız dolusu danışacaqlarımız adamlar azdır. Pərişanam! Kədərliyəm, Allah rəhmət eləsin!”.

Xalq artisti Firəngiz Mütəllimova səhnəyə ilk addım atdığı illərdə A. Pənahova ilə tərəf müqabili olduğunu söyləyib: “Fədakar aktrisa idi. Hamı onun nailiyyətlərindən xəbərdardır. Nə qədər tamaşalarda rol alıb. Bilirdim ki, xəstədir. Amma inanmırdım. Onun belə getməyni gözləmirdim. Həyatı sevən bir qadın idi. Allah rəhmət eləsin. Teatr sevən insanlar çox az qalıb”.

Xalq artisti Flora Kərimova bunun onun üçün gözlənilməz olduğunu bildirib: “Ürəyim ağzımdan çıxır. Gözləmirdik. Yavaş-yavaş dənlənirik. Belə insanlarım əvəzi olmur. Boşluğu heç kim doldura bilmir. Ancaq ortabablar yerini tuta bilir. Çox danışa bilməyəcəm”.

Akademik Milli Dram Teatrının rəhbəri Azərpaşa Nemətov mərhum aktrisa ilə 10 gün bundan öncə görüşdüyünü bildirib: “Dövrümüzün ən gözəl aktrisası ilə vidalaşırıq. Bizim üçün çox ağrılıdı. Onu institut illərindən tanıyırdım. O vaxtlar ən məşhur tələbə idi. Amaliya xanımı rejissor Tofiq Kazımov kəşf etmişdi. Biz onunla tez-tez zəngləşirdik, görüşürdük. Son 10 gün bundan əvvəl "AzDram"a gəldi, teatrı gəzdi. Sakit dayanmırdı, hər zaman yenilik etmək istəyirdi. Sənətə böyük izlər buraxıb. Bu gün Amaliya Pənahova əbədiyyətə qovuşur. O, böyük bir epoxanın sənətkarı olub. Mən ailə üzvlərinə, əzizlərimə başsağlığı verirəm. Biz çox məyusuq. Ruhu şad olsun”.

***

Xalq artisti dəfn olunmaq üçün Qurd Qapısına aparılıb.

 


















 


Paylaş:


Müəllif : Tarix:
9-11-2018, 13:15
  


loading...
Загрузка...