reklam
» » Xalçalarımız niyə satılmır? – “Azərxalça” rəhbərliyi cavab tapa bilmir

reklam

Xalçalarımız niyə satılmır? – “Azərxalça” rəhbərliyi cavab tapa bilmir

Azərbaycan xalça istehsalı sürətlə artsa da, istehsal edilən xalçaların satışında problemlər müşahidə olunur.

Regionxeberleri.com-un BakuPost-a istinadən məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin açıqladığı hesabatlardan da aydın görünür. Məsələn, 2017-ci ilin yanvar-sentyabr aylarında ölkədə 408,4 kv.m xalça toxunub. Bu, 2016-cı ilin anoloji dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur. Ancaq 2017-cı il oktyabrın 1-ə anbarlarda bundan 3 dəfə çox – 1275,4 kv.m xalça qalıb. Bu il yanvar-sentyabr aylarında xalça istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə artaraq 1118,7 kv.m olub.

Ancaq anbarlarda istehsal edilən xalçalardan 57 faiz çox , yəni 1762,1 kv.m mal qalıb. Bu ilin yanvar-sentyabr ayları ilə keçən ilin anoloji dövrünü müqayisə etmək, anbarlarda qalan xalçanın həcmi də 38 faizdən çox artıb. Yeganə təsəlliverici məqam odur ki, keçən il anbarlarda toxunan xalçalardan 3 dəfə çox mal olubsa, bu il anbarlarda toxunan xalçalardan 57 faiz çox mal qalıb. Yəni az da olsa, bir az müsbət meyl qeydə alınıb.

Ancaq bunu anbarlardan qalan xalçaların həcminin ili-ildən sürətlə artması fonunda təsəlliverici hal kimi qəbul etmək mümkünsüzdür. Qeyri-neft sektorunun inkişafını diqqətdə saxlayan Azərbaycan hökuməti bu istiqamətdə xalça istehsalının artmasına da xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, dövlət başçısı regionlara səfərləri zamanı xalça istehsalı müəssisələrinin açılışında iştirak edir, xalçaçılarla görüşür. Bu müəssisələr "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti filialları qismində yaradılır. Həm də belə müəssisələr dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına yaradılır.
 
Qeyd edək ki, "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti Prezident İlham Əliyevin 5 may 2016-cı il tarixli 2032 saylı sərəncamı ilə yaradılıb. Cəmiyyətin əsas vəzifəsi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən ibarətdir.

"Azərxalça"-nın rəsmi saytında qeyd edilir ki, ilkin mərhələdə "Azərxalça" ASC-nin Füzuli (Horadiz), Ağdam (Quzanlı), Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz və Qəbələ rayonlarında filiallarının yaradılması nəzərdə tutulub , 2016-2017-ci illərdə bu rayonlarda binaların tikintisi başa çatdırılıb, filiallar fəaliyyətə başlayıb. Hazırda cəmiyyətin Füzuli, Şəmkir, Quba, Xaçmaz, Ağdam, İsmayıllı, Qəbələ, Ağstafa, Qazax və Tovuz filiallarında ümumilikdə 830 nəfər toxucu və inzibati-texniki işçi çalışır. O da nəzərə çatdırılır ki, Prezidentin sərəncamlarına uyğun olaraq, 2018-ci ildə Bakı və Naxçıvan şəhərlərində, Abşeron, Lənkəran, Biləsuvar, Kürdəmir, Qobustan, Şabran, Goranboy və Tərtər rayonlarında xalça istehsalı emalatxanaları yaradılacaq. Bundan əlavə, Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin yaradılması nəzərdə tutulub. Bu sahəyə göstərilən yüksək diqqət və qayğının nəticəsidir ki, Prezident İlham Əliyevin 28 fevral 2018-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib.
Bəs əsas vəzifəsi həm də xalça və xalça məmulatlarının ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili olan "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti ötən 2 ildə bu istiqamətdə üzərinə düşən vəzifəni niyə yerinə yetirə bilmir? Niyə dövlətin vəsaiti hesabına tikilən müəssisələrdə istehsal edilən xalça həcmi sürətlə artsa da, bu malların əksəriyyəti anbarlarda qalır? BakuPost bu suallarla "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinə müraciət edib. Ancaq şifahi, daha sonra qurumun mətbuat xidmətinin rəhbərinin istəyi nəzərə alınaraq yazılı formada göndərilən suallara cavab almaq mümkün olmayıb. 3 gün ötsə də, "Azərxalça" rəhbərliyi xalça ixracı, satışı sahəsində yaranan problemin səbəbləri və bu problemlərin həlli yolunda hansı addımlar atmağa planlaşdırdıqlarına aydınlıq gətirə bilməyib…


Paylaş:


Müəllif : Tarix:
14-11-2018, 11:09
  


loading...
Загрузка...