reklam
» » “Əlil uşağımı Nizami Qocayevin otağından sürüyərək çıxardılar” - Bir ananın fəryadı

reklam

“Əlil uşağımı Nizami Qocayevin otağından sürüyərək çıxardılar” - Bir ananın fəryadı

Gəncə İcra İdarəsinin rəisi Nizami Qocayev və Kəpəz məhkəməsinin sədri Vəli Abdullayevdən şikayət edən əlil anası Sevil Allahverdiyeva yazaraq bildirib ki, əlil övladı haqqında verilən məhkəmə qətnaməsi 13 ildir ki icra olunmur

Şikayətçi Sevil Allahverdiyevanın məktubunu təqdim edirik:

Bütün İctimaiyyətə, media nümayəndələrinə, sosial şəbəkə istifadəçilərinə, eləcə də Ədliyyə Naziri və Məhkəmə Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova

M Ü R A C İ Ə T

Mən bu muraciətimlə burdan ictimaiyyətə, sosial şəbəkə istifadəçilərinə, media nümayəndələrinə səslənirəm, xahiş edirəm, mənə kömək edin! Siz güclüsüz, mən əminəm ki, Sizlərin ictimai qınayıcı təsirləriniz nəticəsində xəstə uşağın müalicələrinin aparılması və alimenti barədə 13 ildir icra olunmayan məhkəmənin icra sənədləri icra olunacaq və əlil övladım müalicə olunacaq!

08.05.2001-ci il təvəllüdlü övladım anadangəlmə-ortopedik xəstədir, xəstəlikləri məhkəmə tibbi komissiyon ekspertizanın rəyi ilə təsdiq olunub, “Hipermobil” sindromundan əziyyət çəkir. 7 ildir müalicə xərcləri, 13 ildir isə alimenti barədə məhkəmələrin icra sənədlərini Gəncə icra orqanı icra etmir. Uşağa kənar xidmət və xüsusi qulluq tələb olunduğu üçün işləyə bilmirəm, xəstə uşağa baxıram.Müalicə ilə bağlı qərarlar icra olunmadığı üçün uşaqda şəkər xəstəliyi yaranmış, əziyyət çəkdiyi digər xroniki xəstəlikləri fəsadlaşmışdır. Bu barədə tibbi sənədləri Ədliyyə Nazirliyinə, Gəncə icra orqanına illərdir təqdim edirəm, yenə icra etmirlər.Bu azmış kimi,üstəlikdə uşağa fiziki təzyiq edirlər. Gəncə icra idarəsinin rəisi Nizami Qocayev 31 oktyabr 2016-cı ildə öz vəzifə otağında uşağın üzünə, başına, üstünə uşağa aid fəxri fərmanları, təltifləri (uşaq 10-cu sinifdə oxuyur,əlacıdır, əqli qüsuru yoxdur,sınaq imtahanlarından 650 bal toplayır, 9 illik təhsil bazasını qırmızı şəhadətnamə ilə bitirib) ataraq uşağın özündən gedib uzun müddət yerdə hərəkətsiz qalmasına səbəb olan insanlıqdan uzaq hərəkət etdi. N.Qocayevin ən qəddar əməli isə, uşağı və məni otağından israrla qovması oldu: huşunu itirib yerdə uzanan uşağa da su verməyə, ona ilk yardım etməyə belə, imkan vermədi. Bu necə insafsız adamdı, anlaya bilmədim.Uşağı, sürüyə-sürüyə öz işçiləri ilə birgə qonşu otaqda yerləşən Ədliyyə Nazirliyinin Regional Ədliyyə şöbəsinin otağına apardıq. Orada elə öz işçilərinin, regional idarənin işçilərinin köməkliyi ilə Təcili Tibbi Yardım çağırıldı və uşağa o otaqda tibbi yardım göstərilib, uşağın özünə gəlməsinə çalışdıq.Hadisəni Daxili İşlər Nazirliyinin 102 xidməti araşdırdı, N.Qocayevin işini keçirtdilər Gəncə şəhər prokurorluğuna. Prokurorluğun,N.Qocayevin bu hərəkəti barədə qəbul etdiyi qərarında Qocayev öz izahatında yazır ki, “anasının deməsinə görə uşaq xəstədir”. N.Qocayev bu ifadəsiylə, borclunun təsiri altında olduğunu göstərir və uşağın xəstəliklərini şübhə altına alan fikirlər söyləyir, bir ilə yaxındır ki, o idarədə rəis işləyir, hələ bilmir ki, onun idarəsinin icraatında mənim sağlamlığı məhdud olan (əlil) övladımın xəstəliklərinin xərclərinin ödənilməsini onun idarəsi, özü icra etmir. Prokurorluğa yazdıqları izahatlarında N.Qocayev, icra məmuru Orxan Hacıyev etiraf edirlər ki, həqiqətən uşağın müalicə xərclərini və alimentini icra etmirlər.

Qeyd edim ki, N.Qocayevin avqust 2016-cı ildə ilk dəfə qəbulunda olanda mənə və övladıma dedi ki,yeganə Azərbaycanda hüquqşunasam ki, MTN-də 3 il həbsdə yatıb, bəraət alıb, sonra da vəzifə almışam. Özünün, İsmayıllı hadisələrində orada polis rəisi işləməsindən, oradan çıxarıb gətirib bu idarəyə rəis qoyulmasından ağızdolusu bizə danışırdı. N.Qocayev avqust ayında mənə dedi ki, mən mülki hüququ bilmirəm, mənimki cinayət işidi, onu yaxşı bilirəm. Belə bir adamı necə mülki işlərin icrasının təmini ilə bağlı idarəyə rəis qoyublar, anlamadım.

Bundan əlavə, 23 dekabr 2016-cı ildə aliment borcları ilə bağlı mülki (borcların ödənilməsi ilə bağlı illərdir Gəncə məhkəmələrinin hakimləri borclunun avtomaşınlarının, mülklərinin üzərinə həbs qoyurlar, sonra da əsassız yerdən həbsdən azad edirlər ki, müalicə xərcləri, aliment borcları mənə ödənməsin,mən isə o qərarları apellyasiyada ləğv elətdirməklə illərimi keçirirəm, uşaqda müalicələrdən kənarda qalır) işə Gəncə şəhəri Kəpəz rayon məhkəməsində mənim iştirakım olmadan baxmaq istəyən hakim Nuru Quliyevin və məhkəmənin böyük məsləhətçisi Aqil adlı oğlanın hərəkətlərindən məhkəmənin Sədri Vəli Abdullayevə müraciət edərkən, Vəli bəy, öz işçilərinin hərəkətlərini araşdırmaq əvəzinə, sağlamlıq imkanları məhdud olan, anadangəlmə ortopedik (əlil) uşağa və mənə qışqırdı, dəhlizdə kobud hərəkətlər etdi. Bu azmış kimi, Vəli Abdullayevin bu kobudluğundan bərk qorxub huşunu itirib yerdə hərəkətsiz qalan əlil uşağa çağırdığım təcili tibbi yardımın həkiminə təzyiq etdi, uşağı ayıltmaq üçün xəstəxanaya aparmasına mane olmağa çalışdı ki, məsələ böyüməsin.Təcili tibbi yardımın həkimi isə, məhkəmə sədrinə qışqıraraq etiraz etdi ki, xəstə uşaqdı, ayıltmaq üçün xəstəxanaya aparmalıyam,mənə mane olma. İki polis işçisinin köməyilə uşağı V.Abdullayevdən zorla alıb qaçırtdıq xəstəxanaya ki, orada ayıltsınlar.Polislərin köməyi ilə uşağı həkim xəstəxanaya təhvil verdi, prokurorluğa məlumat verildi, uşağın xəstəxanada ürəyinin kardioqramması çəkildi, dərman verdilər, özünə gəldi.İzahatımız alınarkən Kəpəz rayon polis İdarəsinin rəisi Azər Tağıyev məni qəbul etdi, sonra məhkəmə sədrindən xahiş etdi ki, baxılacaq işi dayandırmayın, bu xahişdən sonra iş saatı qurtarsada, gecə məhkəmədə işimizə baxıldı. Məhkəmə Hüquq şurası tərəfindən “Hakimlərin Etik-Davranış Kodeksi” müəyyən olunub. Həmin Kodeksin müddəalarına görə, hakimlər vətəndaşlarla mədəni danışmalı, davranmalı,hər hansı bir narazılığa yol verməməlidirlər. Qanunvericiliyin mənasına görə, məhkəmələr digər iddia tələblərindən fərqli olaraq uşaqların hüquq və mənafelərini hər şeydən üstün tutmalıdırlar.Amma, məhkəmə sədri V.Abdullayevin hərəkəti,həmin məhkəmədə övladımın hüquqları ilə bağlı keçiriləcək bütün məhkəmələrində ədalətli məhkəmə aktı qəbul olunacağını şübhə altına alır.Belə məhkəmə sədrinin əməli, ölkədə hakimlərə, məhkəmələrə olan inamı, etibarı itirir. Belə Məhkəmə Sədri olar?! Vəli bəy, niyə mənim uşağıma tibbi xidmət göstərən həkimə mane olur ki, uşağı xəstəxanaya aparma? Sağlamlığı məhdud övladıma nəsə olsaydı, V.Abdullayev qanundan, hüquqdan özünü qoruya, qurtara bilərdimi?! Məhkəmə Sədri V.Abdullayevin barəsində prokurorluqda olan material Məhkəmə Hüquq Şurasına göndərilib. Hər iki hadisələrdən sonra uşaq mütəmadi nevropatoloqun müalicələrində qalıb, tez-tez yaddaşı itir, əsəb gənginliyi, iztirab keçirir. Uşaq nevroloji dərman pereparatları qəbul edir, psixoloqun seanlarına göndərilir.

Qeyd edim ki, illərdir qətnamələri icra etməyən icra orqanı, rəis Nizami Qocayev, Gəncə şəhəriNizami rayon məhkəməsinin hakimi Gündüz Şirinov, Kəpəz Məhkəməsinin Sədri Vəli Abdullayev əlbir olub, icra olunmayan aliment və müalicə xərcləri üzrə auditorun hesabladığı 21 min manatdan çox borcun mənə ödənilməməsi üçün borclunun əmlaklarının üzərinə həbs qoyub, təcili də həbsdən azad edən qərardadlar qəbul edirlər.Təkcə hakim Gündüz Şirinov borclunun 5 ədəd avtomaşına həbs qoyub, 2 aydan sonra da həbsdən əsassız olaraq azad edib ki,əmlaklar borca yönəlməsin.Belə insafsızlıq, Allahsızlıq olar?

İcra işinə mane olan şəxslərdən biri də, həmin, Gəncə icra idarəsinin keçmiş icra məmuru, indi isə Vəkillər Kollegiyanın üzvü, vəkil Əliyev Elnur Eldar oğludur,o icra zamanı borclunun əmlaklarının həbsdən azad olunmasına çalışır. Kimə “dirəniş” göstərir, əlil uşağa?

İllərdir, Ədliyyə nazirliyinə qəbullara gedib-gəlirəm, nazir müavini V.Zahirovun 2012-ci ildə qəbulunda olmuşam, hər ay 400 manat və yığılan borclar ödənilməli olduğu halda, şikayətlərdən sonra, ildə 1 və ya 2 dəfə 200,300,500 manat ödəyirdilər. 2012-ci ildə məcbur olub, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsini, Gəncə şəhəri üzrə icra idarəsini İnzibati-İqtisad Məhkəməsinə verdim, xəstəliklərdən əziyyət çəkən balamın müalicələri və alilmenti barədə iqtisad məhkəməsi 15.08.2014-cü il tarxili Qərarla Gəncə icra orqanının üzərinə öhdəlik qoydu ki, 3 qətnaməni icra edin. Amma, Gəncə icra idarəsinin icra məmuru Orxan Hacıyev və onun rəisi N.Qocayev nə iqtisad məhkəməsinin Qərarını, nədə ki,icra etməyib yığılıb üst-üstə qalan borcları mənə ödəmirlər.İcra məmuru O.Hacıyev,onun rəisi N.Qocayev alimenti ödəməkdən boyun qaçıran uşağın atasının təsiri altındadır, N.Qocayev mənə deyirki, uşağın atası deyir mənim uşağım xəstə zad deyil, deyirəm ki, ay Nizami müəllim, uşağın xəstəliklərinə məhkəmə hüququ qiymət verib.Müalicə xərci,aliment kəsib,niyə icra etmirsiz, auditor hesablayıb ki, 21 min manat icra etmədiyiniz borc yığılıb, o borcun mənə ödənilməsini təmin edin, uşağı aparım İrana, xaricə, müalicə elətdirim. Mən icra orqanını təzədən məhkəməyə verib,icra məmuru haqqında xüsusi qərardad çıxarıtdırım, niyə məcburi icra tədbiri görmürsüz: xeyli miqdarda borcu olan borclunun ölkədən çıxışına məhdudiyyət qoyulması üçün məhkəməyə təqdimat vermirsiz?!

Nizami Qocayevin idarəsinin icra etmədiyi qətnamələr:

1)Samux rayon məhkəməsinin qanuni qüvvədə olan 09.02.2004-cü il tarixli icra sənədi

2)Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvədə olan 06.09.2012-ci il tarxili icra sənədi.

3)Bakı Apellyasiya məhkəməsinin qanuni qüvvədə olan 06.11.2013-cü il tarixli icra sənədi.

İllərdir ədliyyə nazirliyinə, yuxarı orqanlara etdiyim şikayətlər səmərə vermədiyi üçün 2015-ci ildə Avropa Məhkəməsinə şikayət etməyə məcbur oldum. Bu şikayətimdən sonra İcra məmuru O.Hacıyev hər ay 400 manatı və icra etmədiyi borcları ödətdirmək əvəzinə 2015-ci ilin mayında borcluya izahat yazdırıb, borcluya aylıqdan əlavə, hər ay 100 manat artıq pul ödətdirməklə, 21 min manatdan çox borcu hissə-hissə, ayba-ay mənə verilməsiylə icra işini icra etmiş hesab edir. Axı belə bir məhkəmə aktı yoxdur ki, qətnamələr üzrə yığılan 21 min manat borc hər ay 100 manat ödənilməklə icra olunsun. Qanunvericiliyə görə, 3 qətnamənin icrası o zaman icra olunmuş hesab olunur ki, ödənilməmiş borclar mənə tam ödənilsin. İcra məmurunun bu hərəkəti qanuna özbaşına müdaxilə etməsi kimi anlaşılır.

Uşaq təcili və kompleks müalicə almalıdır. Təkbaşına müalicəni qarşılamaq imkanım yoxdur. Məhkəmələr uşağın atasını uşağın müalicəsində iştirakına cəlb ediblər. Uşaq hüquqları haqqında qanunun 9-cu maddəsinə görə hər bir uşağın həyat və sağlamlığının mühafizə edilməsi hüquqi vardır. Dövlət uşaqların həyatının mühafizəsi və sağlam inkişafını təmin edir. Ailə məcəlləsinin 75, 81-ci maddələri valideynin xəstə uşağının saxlanmasında və müalicəsində iştirakını nəzərdə tutur. Lakin qanunla uşağın müalicəsində valideynin iştirakını nəzərdə tutsa da, bunu təmin etmək dövlətin vəzifəsi olsa da, dövlətin icra məmuru bu iştirakı təmin etmir.Baxmayaraq ki, müvafiq dövlət qurumları, ədliyyə nazirliyi, nazirliyin İcra baş idarəsi uşağın durumunun ağırlığından xəbərdardırlar.

Mənim üçün bu qətnamələrin icrasına nail olmağımın mümkünsüzlüyü onu göstərir ki, mənim qanunla qorunan və qanunda nəzərdə tutulan,uşağımın müalicəsi və alimenti üçün maneəsiz istifadə hüququna müdaxilə olub. Qətnamələri vaxtında icra etməməklə icra məmurları əsaslı bir səbəb olmadan mənim əsaslı olaraq almağa ümid bəslədiyim pulun ödənilməsinə mane olublar.

Cənab Ədliyyə Naziri iki quruma rəhbərlik edir: Həm V.Abdullayevin Sədrlik etdiyi məhkəməyə, hansı ki, hakimlərin hərəkətindən ona şikayət olunur, həm də İcra Baş İdarəsinin tabe olduğu Nazirliyin Ədliyyə Naziridir. Xahiş edirəm, cənab Nazir mənə cavab versin, sağlamlığı məhdud uşağımın müalicə xərcləri və alimenti niyə 13 ildən çoxdur icra olunmur? Gəncə İcra orqanı mənim övladımın uşaqlığını əlindən aldı, onu vaxtlı-vaxtında müalicə olunmaq hüququndan məhrum etdi, bundan nazirin xəbəri var?

Qeyd edim ki, dövlət tibb müəssisələri uşağı müalicə etməkdən imtina etmiş, imtina barədə utanmadan tibbi sənədlərə açıq-aydın yazmışlar. İcra orqanı müalicə xərclərini,borcları ödəmir ki, uşağı aparım xaricə müalicə elətdirim,ölkədə müalicəsini aparmaq mümkün deyil.

Bir daha,İctimaiyyətə, KİV nümayəndələrinə, sosual şəbəkə istifadəçilərinə, Ədliyyə Naziri və Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciət edirəm,mənim əlil övladımın müalicə olunması üçün məhkəmə qətnamələrinin icrasına dəstək olun, mənə kömək edin, xüsusi olaraq ədliyyə nazirindən xahiş edirəm, məni təcili qəbul etsin. (bastainfo.com)


Paylaş:


Müəllif : Tarix:
18-01-2017, 13:06
  


loading...
Загрузка...