reklam
» » Azərbaycanda şiş xəstəlikləri artır – Həkimlərdən SOS xəbərdarlığı

reklam

Azərbaycanda şiş xəstəlikləri artır – Həkimlərdən SOS xəbərdarlığı

Ölkəmizdə onkoloji xəstələrin sayı artıb. Nəinki ölkəmizdə, demək olar ki, dünyada onkoloji xəstələr getdikcə çoxalır. Bu günlərdə Azərbaycanda rəsmi qeydiyyatda olan onkoloji xəstələrin statistikası açıqlanıb.
Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli "Trend"ə deyib ki, 2016-cı ilin məlumatına görə, ölkədə 43 927 nəfər onkoloji xəstə qeydiyyatdadır. 2015-ci ildə isə Azərbaycanda belə xəstələrin sayı 40 653 olub. Onun sözlərinə görə, 2015-ci ildə 10 183 nəfərə, 2016-cı ildə isə 10 807 nəfərə ilk onkoloji diaqnoz qoyularaq qeydiyyata götürülüb. Baş onkoloq əlavə edib ki, 2013-cü ildən indiyədək Azərbaycanda 620 uşaq onkoloji xəstəliyə görə qeydiyyata götürülüb.

Ötən il ərzində 121 uşaq ilk dəfə olaraq onkoloji diaqnozla qeydiyyata alınıb. A.Kərimli əlavə edib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da ən çox təsadüf olunan onkoloji xəstəlik traxeya-bronx-ağciyər xərçəngidir. Bu xəstəlinə ən çox kişilərdə rast gəlinir. Prostat vəzin xərçəngi də kişilər arasında rast gəlinən onkoloji xəstəliklər sırasında ilk yerləri tutur. Qadınlar arasında isə daha çox süd vəzisi və uşaqlıq boynu xərçəngi müşahidə olunur.

A.Kərimli bildirib ki, 2015-ci ildə ilk dəfə 1693 nəfər qadına süd vəzisi xərçəngi diaqnozu qoyulubsa, 2016-cı ildə bu rəqəm 1770 nəfər olub. Baş həkim qeyd edib ki, 2015-ci ildə profilaktik baxış zamanı 506, 2016-cı ildə 522 nəfərdə onkoloji xəstəliklər aşkarlanıb. Lakin onkoloq onkoloji xəstələrin ümumi sayını əhalisi getdikcə artan Azərbaycan üçün o qədər də böyük rəqəm saymayıb.
O, eyni zamanda Azərbaycandakı onkoloji xəstələrin sayının digər ölkələrlə müqayisədə aşağı olduğunu söyləyib: “43 927 rəqəmi ilk baxışdan böyük görünə bilər. Amma demoqrafik göstəriciləri nəzərə almaq lazımdır. Artıq Azərbaycanda əhalinin sayı 10 milyona yaxınlaşır. Əhali artdıqca isə yalnız onkoloji deyil, digər xəstəliklərin göstəriciləri üzrə də artımın olması gözləniləndir”.

Maraqlıdır, Azərbaycanda onkoloji xəstəliklər niyə artır? Bu nə ilə bağlıdır, hava, qida, yoxsa tamamilə başqa səbəblər var?
 
Tibb elmləri doktoru, professor Adil Qeybulla xərçəng xəstəliyi yaradan səbəblərin çoxsaylı olduğunu dedi: “Bu xəstəlik bütün dünyada artmaqdadır. Əslində bu, bütün dünya əhalisinin çoxalması, ekoloji problemlər, qidalanma, insanların həyat tərzlərinin, adətlərinin dəyişməsi və s. ilə bağlıdır. Ona görə də bu məsələyə qlobal bir problem kimi yanaşılmalıdır. Əlbəttə ki, hər bir ölkə özünün təhlükəsizlik və genofondun qorunması məqsədilə müvafiq addımlar atmalıdır. Məsələ budur ki, bu gün bütün dünyada konservləşmiş qidaların, fast-foodların istifadəsi insanların çəkisini artırır. Həddən artıq çəkiyə malik olmaq isə ürək üçün böyük riskdir. Həmçinin maddələr mübadiləsi pozulur. Hər bir insanda xərçəng əleyhinə müdafiə sistemi var. Kökəlmə nəticəsində bu sistem normal çalışmır. Bundan başqa, insanlar az hərəkətlilik durumundadırlar. Çox qidalanma, keyfiyyətsiz qidalanma, qidalarda, fast-foodlarda həddən artıq xüsusi kanserogen maddələrin olması, bundan başqa, insanların az hərəkət etməsi bu xəstəliyin əsasını təşkil edir. Zərərli vərdişlər, alkoqollu içkilər, siqaret bu gün dünyada artan statistikanı göstərir. Təəssüflər olsun ki, qadınlar arasında siqaret çəkən və alkoqollu içki qəbul edənlərin sayı Azərbaycanda da, dünyada da artmaqdadır. Təbii ki, bu cür həyat tərzi, qidalanma rejimi vəziyyəti bu həddə çatdırmağa kömək edir. Xərçəng xəstəliyinə bir səbəb də avtomobillərdəki tullantılardır. Bakıda avtomobillər həddindən artıq çoxdur. Bu avtomobil tullantıları havada xərçəng gətirən maddələri toplayır. Bu cür səbəblər həddən artıq çoxdur. Bunları sadalamaqla qurtarmaq mümkün deyil. İdmanla məşğul olmaq, qidalanmaya fikir vermək, çox hərəkət etmək, az yemək , bir sözlə, sağlam həyat tərzinə keçmək onkoloji xəstələrin sayının azalmasına səbəb ola bilər”.
 
Təbii üsullarla müalicə həkimi Seyfəddin Əsəd isə bu xəstəliyin artmasına səbəb kimi şüalı müayinə aparatları və kimyəvi tərkibli dərmanları göstərir: “Xərçəng xəstəliyinin faizi bütün dünyada artır. Təbii ki, burada düzgün qidalanmama, az hərəkətlilik, sosial şəbəkələrin geniş yayılması və insanların şüalanması rol oynayır. Uşaqlar var ki, 18-20 saat qulaqcıqlar qulağında, görüntülər, oyunlar da telefonunda olur. Eyni zamanda təbii ki, ətraf mühitin radiasiyası, xəstələrin müayinəsi də təsir edir. Vaxt var idi rentgen bizim ən qorxduğumuz müayinə idi. Bu gün MRT və digər güclü şüası olan müayinə aparatları var. Təbii ki, insanlar məcbur olanda bu cür şüalı müayinələrdən keçməlidir. İnsanlar var ki, 2-3 ayda bir dəfə rentgendən və bu kimi digər şüalı müayinələrdən keçir və xərçəng xəstəliyinə ildırım sürəti ilə yaxınlaşır. Eyni zamanda buna səbəb olaraq müxtəlif kimyəvi tərkibli dərmanları da göstərmək olar. Görürük ki, bir dərmanı 40-50 ildən sonra yığışdırırlar. Deyirlər ki, bu dərman orqanizm üçün zərərli və xərçəng törətməyə meyllidir. Təbii ki, 50 ildən sonra artıq iş işdən keçmiş olur. Dünyada və Azərbaycanda onkoloji xəstələrin müayinəsi çox sürətlə artır. Əvvəllər bu aparatlar yox idi. İndi aparatlar vasitəsilə insanın harasında xərçəng varsa, onu göstərir. Əvvəllər bu mümkün olmurdu. Ona görə də bu gün insanlar özlərindən şübhələnəndə profilaktik müayinəyə gedirlər. Müayinələr artdıqca da bu cür xəstələrin sayı da bilinir. Ancaq təbii ki, xərçəng xəstəliyinin həm müalicəsində, həm də müayinəsində inqilabi yeniliklər var. Xərçəng xəstəliklərinin elə yerləşməsi var ki, onların peyvəndi var. Bir daha qeyd edim ki, ətraf mühitin radiasiyası, havasızlıq, düzgün qidalanmamaq, qidalarda süni qatqıların çoxluğu xərçəng xəstəliyinin faiz etibarı ilə artmasına gətirib çıxarır”. (musavat.com)


Paylaş:


Müəllif : Tarix:
3-05-2017, 10:58
  


loading...
Загрузка...