reklam
» » İmpiçment Trampın qapısını döyür...

reklam

İmpiçment Trampın qapısını döyür...

ABŞ prezidentinin komandasında “satqın axtarışı” başladılıb


ABŞ-ın yeni prezidenti Donald Trampın komandasının bəzi üzvlərinin Rusiya kəşfiyyatı ilə əlaqələri üzə çıxıb. ABŞ kəşfiyyatı əlindəki məlumatları yavaş-yavaş mediaya ötürməyə başlayıb. Kəşfiyyat strukturlarının apardığı təhqiqat isə hələ davam edir.

D.Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinn istefa verib. Fəaliyyətə başlamasının bir ayı tamam olmayan Flinnın istefa verməsinə səbəb Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla telefon danışığı olub. İddialara görə, Flinn hələ vəzifəsinin icrasına başlamazdan əvvəl, 35 rusiyalı diplomatın ABŞ-dan deportasiyası qərarı verilən zaman səfirlə telefonla danışıb və bu zaman səfirə bildirib ki, Tramp vəzifəsinin icrasına başladıqdan sonra Rusiyaya qarşı sanksiyaları yumşaldacaq. Bu telefon danışığı ABŞ Federal Təhqiqatlar Bürosu tərəfindən dinlənilib və yeni müşavirə qarşı ciddi kompromata çevrilib. Qeyd edək ki, ABŞ qanunlarına görə, səlahiyyəti olmayan şəxslərin dövlətin adından diplomatik danışıqlar aparması qadağandır.
Flinn əvvəlcə bu iddiaları təkzib etsə də, sonradan belə danışığının ola biləcəyini etiraf edib. Və ardınca istefa verdiyini açıqlayıb.


Artıq Konqresdə ciddi şəkildə Trampın Rusiya ilə əlaqələrinin araşdırılması məsələsi qaldırılıb və bu tələblərə bir sıra respublikaçılar da dəstək verir. Proses impiçmentlə yekunlaşması ehtimalını yaradırmı? İmpiçmentin yeni prezidentin qapısını döymək üzrə olduğunu söyləmək olarmı?


Politoloq Elçin Mirzəbəyli bildirdi ki, şübhəsiz, bu cür hadisələr Rusiya ilə əlaqələri barədə çoxsaylı şayiələrlə üz-üzə qalan Donald Trampın vəziyyətini daha da ağırlaşdırır. Amma bu o demək deyil ki, belə hadisələr Trampla Rusiyanın ayrı-ayrı siyasiləri arasındakı əlaqələri ortaya çıxaracaq, yaxud Trampın Rusiyanın adamı olduğunu sübuta yetirəcək. ABŞ-da hansısa ölkənin adamının prezident olması mümkün deyil. Sistem buna imkan verməz: “Düşünürəm ki, Trampın Rusiya ilə əlaqələrinin ifşasına yönəlmiş addımların arxasında daha dərin maraqlar və hədəflər var. Ola bilsin ki, belə ittihamlar məhz Trampın Rusiyaya qarşı daha sərt siyasət yürütməsi üçün, məqsədyönlü şəkildə körüklənir. Yəni hər dəfə belə məlumatlar ortaya çıxdıqda Tramp özünü müdafiə üçün Rusiyanın ünvanına daha sərt ittihamlar səsləndirir. Bu fikrin təsdiqi üçün Donald Trampın Krımın ilhaqı ilə bağlı seçki kampaniyası zamanı səsləndirdiyi fikirlərə və bu barədə verdiyi son açıqlamalara nəzər salmaq yetərlidir. Mümkündür ki, hansısa dairələr Trampın özünümüdafiə psixologiyasından çıxış edərək Rusiya ilə münasibətlərinə yenidən baxa biləcəyini düşünürlər. Yaxud ABŞ-ın strateji hədəfləri bunu tələb edir.


İmpiçmentə gəldikdə isə zənnimcə, ilk növbədə bunun həyata keçirilməsi mexanizmi haqqında danışmaq lazımdır. Qeyd edim ki, impiçment sözü ilk dəfə ABŞ Konstitusiyasında öz əksini tapıb. ABŞ-da impiçmentə zəmin yaradan əsa amil vətənə xəyanətlə bağlıdır. ABŞ Konstitusiyasının 3-cü müddəasında qeyd olunur ki, Birləşmiş Ştatlara xəyanət yalnız ABŞ-a qarşı müharibə aparmaq və yaxud ABŞ-a qarşı müharibə aparanlara qoşulmaq, onlara kömək etmək və dəstək vermək sayılır. Göründüyü kimi, hələlik Trampı bu müddəada qeyd olunan cinayətlərdə ittiham etmək çox çətindir. ABŞ-da impiçment prosesi bir neçə mərhələni keçir:


ABŞ Konqresinin Nümayəndələr Palatasının hüquq komitəsi impiçment təşəbbüsü ilə çıxış edir;


Konqresin Nümayəndələr Palatası məsələni müzakirə etdikdən sonra səs çoxluğu ilə konkret şəxsə qarşı detallı və konkret ittihamlar irəli sürür;

Senat impiçment haqqında təşəbbüsə məhkəmə işi kimi baxır; Daha sonra Senat impiçment təşəbbüsünün hər maddəsi üzrə ayrı-ayrılıqda qərar qəbul edir. Senatorlardan 2/3-nin səs verdiyi təqdirdə konkret şəxsə qarşı ittiham irəli sürülür.


Göründüyü kimi, impiçment proseduru olduqca mürəkkəbdir, hətta belə bir təşəbbüs olacağı təqdirdə belə, bütün mərhələlərdən keçəcəyi inandırıcı görünmür. Bu baxımdan, Donald Trampın yaxın zamanlarda impiçment edilə biləcəyini inandırıcı hesab etmirəm".


AMİP-in beynəlxalq əlaqələr katibi Elşən Mustafayev isə bildirdi ki, Trampın seçilməsindən sonra bu qələbəni həzm edə bilməyən güclərin ona qarşı başladığı kampaniya bu gün də davam edir. Məsələnin maraqlı tərəfi də odur ki, Tramp atdığı bəzi addımlarla özünə qarşı hücumları daha da stimullaşdırır. Görünür, bu barədə də düşünməyə məcbur olacaq: “Konqres və Senatda respublikaçıların üstünlüyü olsa da, öz partiyasının bir çox nümayəndələri bu addımlara görə Trampa qarşıdırlar. Onsuz da öncədən də onun və komandasının Rusiya ilə, xüsusilə də Putinlə isti münasibətlərinin olması ittihamları gündəmdə idi. İndi də komanda üzvlərindən birinin belə səbəblərlə istefası yaxşı heç nə vəd etmir. Hesab edirəm ki, impiçment məsələsi indiki durumda istənilən vaxt mümkün olan variantdır. Amma bu bəlkə də ən sonuncu sırada duran variantdır. Bu gün ABŞ prezidentinə impiçment tətbiq etmək yüksək siyasi dairələr üçün, hətta demokratların özləri üçün mümkün olsa da, o qədər də arzulanan deyil. Bu, ABŞ-ın nüfuzuna ciddi xələl gətirəcək bir addım ola bilər. Daha məqsədəuyğun variant Trampı idarəetmə ənənələrini özündən əvvəlki prezidentlər kimi davam elətdirməyə məcbur etməkdir. Hazırda impiçment hədələri, KİV-lər vasitəsilə basqılar, kütləvi etirazlar da məhz buna xidmət edir. Düşünürəm ki, möveyində tədricən yumşalma etməklə proseslərin impiçment səviyyəsinə gəlməsinə Tramp da imkan verməyəcək. Niyə tədricən deyirəm? Ona görə ki, seçki öncəsi sərgilədiyi ritorikasını, vədlərini bir anda 180 dərəcə dəyişəcəyi inandırıcı görünmür. Amma tədricən bir müddət sonra əsas gücləri qane edəcək bir xəttə gəlib çıxmaq daha real görünür”.



Paylaş:


Müəllif : Tarix:
16-02-2017, 09:21
  
loading...