reklam
» » “Moskva Nikol Paşinyanı aradan götürə bilər” - TƏHLİL

reklam

“Moskva Nikol Paşinyanı aradan götürə bilər” - TƏHLİL

Ermənistanın yeni baş naziri Nikol Paşinyanın iyulun 11-12-də Brüsseldə NATO sammitində iştirak etmək niyyətində olması haqda xəbər yayılıb. Bu barədə Ermənistanın “Jamanak” qəzeti yazıb. “Ermənistan baş nazirinin NATO sammitində iştirakı çox vacibdir. Ermənistan KTMT üzvü olsa da, rəsmi İrəvan NATO-nu tərəfdaş təşkilat və ölkənin təhlükəsizliyinin təmin olunmasında etibarlı müttəfiq kimi görür”, - deyə Ermənistan hökumətindəki mənbələrdən biri bildirib.

Paşinyan hökumətində NATO artıq Ermənistanın “təhlükəsizliyinin təmin olunmasında etibarlı müttəfiq və tərəfdaş təşkilat” kimi qəbul olunur. Halbuki belə bir təhlükəsizlik qarantını Ermənistana illərdir məhz Rusiya təmin edir. İndi bu reallığın fonunda iddia eləmək ki, NATO Ermənistanın təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaş və etibarlı müttəfiqdir, bu, artıq Rusiyaya arxa çevirmək deməkdir.

Paşinyanın Moskvadan get-gedə uzaqlaşmaq xətti götürdüyü hər keçən gün görünməkdədir. Bir sıra məqamlarda isə Kremli Qərbə meyillənmək, NATO ilə yaxınlaşmaqla şantaj etdiyi açıq sezilir.

Bu barədə “Yeni Müsavat”a şərhində politoloq Qabil Hüseynli bildirdi ki, Nikol Paşinyanın qərbyönümlü siyasətçi olması, hakimiyyətə gəlməsi üçün Qərb fondlarından yardım almasını, hakimiyyətə gələndən sonra qərbmeyilli siyasət yürüdəcəyi vədini verdiyini təsdiq edən faktlar bir-birinin ardınca çoxalır: “Məsələn, o, hakimiyyətə gələrkən Soros Fondundan ciddi surətdə maliyyələşdirildiyi haqda məlumatlar erməni mətbuatında geniş şərh edilirdi. Üstəlik də Paşinyan çəkinib eləmədən Qarabağ klanının axırına çıxacağını bəyan edərək Rusiyaya qarşı olan siyasətçiləri özünün komandasına toplayıb. Paşinyanın başqa yolu da yoxdur. Çünki o, Qərb meylli siyasətdən daha çox yararlanacağı və Ermənistana ciddi investisiyaları cəlb edəcəyi qənaətindədir. Bunu ona Qərb ölkələrində yerləşən, xüsusilə ABŞ-dakı Erməni Milli Konqresi təlqin etməkdədir. Bu fonda erməni diasporunun aparıcı qanadlarından Paşinyana şirnikləndirici vədlər edilir və hətta onun Qərbə üz tutacağı halda ciddi maliyyə qaynaqları ilə təmin olunacağını söz verirlər. Üstəlik, onu hakimiyyətə gətirən elektoral baza da qərbyönümlü siyasətin tərəfdarıdır. Onlar ölkədə demokratik dəyərlərin bərqərar edilməsi və Qərblə möhkəm əlaqələrin qurulmasını istəyirlər.

Belə görünür ki, ABŞ başda olmaqla Qərb ölkələri Paşinyan hakimiyyətini ciddi surətdə müdafiə etmək, Ermənistanı Rusiyadan mümkün qədər qoparmaq niyyətindədirlər. Paşinyanın NATO-nun Bürsseldəki zirvə toplantısına dəvət edilməsi də bu niyyətdən xəbər verir. NATO rəhbərliyi hansı addımı atdıqlarının fərqindədirlər. Paşinyanın Rusiya ilə münasibətlərinin isti olmadığını və onun qərbmeyilli olduğunu NATO və digər Qərb təsisatları fürsət hesab edirlər. Paşinyan da bu vəziyyətdən yararlanmağa çalışır".

Paşinyanın NATO-ya üz tutmasına Rusiyanın necə yanaşacağına gəlincə, politoloq qeyd etdi ki, Moskvanın Paşinyanın şıltqalığına, manevrlərinə dözüm limiti bir gün bitəcək: “Yeni baş nazirin davranışlarının Kremldə artıq narahatlıq və bundan doğan qəzəb yaradacağı gözlənilir. Rusiya Cənubi Qafqazda mövcudluğunun saxlanmasında Ermənistanın əhəmiyyətini bilir. Ona görə də Paşinyan kimisinin gəlib Ermənistanı Rusiyanın əlindən çıxarmasına dözməz. Rusiya Ermənistan kimi hərbi-siyasi plastdarmından çəkiləsi deyil. Paşinyanın Rusiyanı NATO ilə şantaj etməsi və ya Ermənistanın NATO-ya yaxınlaşması Moskvanı hərəkətə gətirə bilər. Nəticədə Ermənistanda qəfildən hakimiyyət çevrilişi baş verməsi istisna deyil. Hətta o da mümkündür ki, Paşinyan hansısa mərhələdə aradan götürülsün”.

Politoloqa görə, N.Paşinyanın Moskvanı narazı salan hərəkətləri Qarabağ məsələsində proseslərin yeni məcraya yön almasına gətirə bilər: “Dağlıq Qarabağ probleminin açarı əlində olan Rusiya bu məsələ ilə bağlı beynəlxalq hüquq normalarına uyğun, haqq və ədaləti özündə əhatə edən mövqe sərgiləyə bilər. Eyni zamanda Azərbaycanın hərbi əməliyyatlara başlayacağı halda bir mərhələyə qədər tamamilə seyrçi qalması variantı da əvvəlki dövrlərdən daha real görünür. Moskva Paşinyana dərs verməyə çalışacaq. Azərbaycana Dağlıq Qarabağın ətrafındakı beş rayonun qaytarılması üçün kart-blanş verilməsi ehtimalı da yüksəkdir. Paşinyanın süqutuna gətirə biləcək bu kimi prosesin də baş verməsi mümkündür. Avqustun sonunda Azərbaycan prezidenti Rusiyaya rəsmi səfərə gedəcək. Vladimir Putinlə danışıqlar aparılacaq. Bu görüşdən ciddi gözləntilər var”.


Paylaş:


Müəllif : Tarix:
25-06-2018, 09:13
  


loading...
Загрузка...