reklam
» » “Gazprom Armenia”ya qarşı ittiham - Nikol Paşinyanın davam edən şousu

reklam

“Gazprom Armenia”ya qarşı ittiham - Nikol Paşinyanın davam edən şousu

Ermənistanda hakimiyyətə gələn yeni siyasi qüvvə şou göstərməkdə davam edir. Əslində, rəsmi Yerevan Kremllə “siçan-pişik” oyunu oynayır. Yeni hökumət Moskva tərəfindən əzizlənməyə cəhd göstərir. Bunu isə Rusiyanın Ermənistandakı maraqlarına qarşı çıxmaqla reallaşdırmağa səy edir. Ermənistan hakimiyyəti hesab edir ki, bu yolla özünü Moskvaya yedirdə, yaxud qəbul etdirə bilər.

Ötən gün Ermənistanın Dövlət Gəlirləri Komitəsi “Gazprom Armenia” şirkətində iri maliyyə pozuntularının olduğu barədə məlumat yayıb. Qurum şirkətin həm də böyük maliyyə vəsaitlərini vergidən yayındırdığını bildirib. Məlumata əsasən, 2016-cı və 2017-ci ildə “Gazprom Armenia” şirkəti gəlir və əlavə dəyər vergiləri barədə saxta məlumatlar təqdim etməklə dövlətə vergi öhdəliklərindən milyonlarla dollar az vergi ödəyib. Aparılan yoxlamaların nəticələrinə əsasən, vergi, rüsum və başqa məcburi ödəmələrdə yayınmalarla bağlı cinayət işi başlanılıb. Hazırda dövlətə vurulan ziyanın məbləği və təbii qaz istehlakı sahəsində korrupsiya halları araşdırılır. “Gazprom Armenia” bu ittihamı gülünc adlandıraraq ünvanına söylənilənləri təkzib edib. Şirkət Ermənistanda ən böyük vergi ödəyiciləri olduqlarını xatırladıb: “Komitənin belə davranışı “Gazprom Armenia”nın nüfuzunu və normal fəaliyyətini təhdid edir”. Şirkət qeyd edib ki, 2018-ci ilin ilk 9 ayı ərzində 62 milyon dollar vergi ödəyib. Qeyd edək ki, 1997-ci ildə təsis edilən “Gazprom Armenia” Qapalı Səhmdar Cəmiyyəti Rusiyanın “Gazprom” Qapalı Tipli Səhmdar Cəmiyyətinin törəmə müəssisəsidir. Ötən ilin əvvəllərində “Gazprom Armenia”nın nizamnamə payı 80 faizdən 100 faizə çatıb. Əvvəllər şirkətin payının 20 faizi Rusiyanın “Gazprom” şirkətinə məxsus idi. İndi isə “Gazprom” şirkəti həmin 20 faizlik payı da “Qazprom Armenia”ya vermək qərarına gəlib. Rusiya hökuməti də şirkətin bu qərarını təsdiqləyib. Bu qərardan sonra “Gazprom Armenia” Rusiyadan Ermənistanın daxili bazarına təbii qazı təkbaşına nəql edir. Bununla da onun ölkənin daxili bazarında inhisarçı olmaq hüququ tanınıb. Yeri gəlmişkən, 2013-cü ildə “Gazprom”la “Gazprom Armenia” arasında 2014-2018-ci illərdə Ermənistana 2,5 milyard kubmetr təbii qazın tədarük edilməsinə dair müqavilə imzalanıb. 2016-cı ilin aprelində isə tərəflər müqaviləyə əlavəni imzalayıblar.

Deməli, dekabrın 9-da Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Ölkə üçün çox vacib siyasi kampaniya ərəfəsində rəsmi Yerevanın Moskvaya qarşı bu addımı nə ilə bağlı ola bilər? İrana qarşı sanksiyalar fonunda belə bir yoxlama niyə aparılır? Əvvəla, Rusiya münaqişə vəziyyətində olduğu Ukraynaya təbii qazın min kubmetrini 270-280 dollara, ən yaxın müttəfiqi Belarusa 140 dollara, Ermənistana isə 150 dollara satır. Bununla belə, Ermənistan Rusiyadan “mavi yanacağ”ın qiymətini ucuzlaşdırmasını istəyir. Əks halda, İranı Moskvaya alternativ olaraq göstərir. “Gazprom Armenia”nın baş direktoru Qrant Tadevosyan bildirib ki, Ermənistan təbii qazı İrandan Rusiyadan aldığından 10 faiz ucuz idxal edə bilər. Onun sözlərinə görə, bundan baha qiymət sərfəli deyil: “İranın min kubmetr təbii qazının istiliyi 7900 kilokalori, Rusiyanınkı isə azı 8200 kilokaloridir. Bu isə Rusiyanın təbii qazının daha çox istilik verməsi deməkdir. Əgər Rusiya qazın min kubmetrini 150 dollara satırsa, onda keyfiyyət göstəricisi aşağı olan İranın “mavi yanacağı”nın 135 dollara idxal edilməsi sərfəli olar”. O, bu istiqamətdə İran tərəfi ilə danışıqların davam etdiyini də vurğulayıb. Qrant Tadevosyan qeyd edib ki, hazırda Ermənistan hökuməti 2018-ci ildən sonra qazın qiymətinə dair Rusiya ilə danışıqlar aparır. Ermənistanın energetika strukturları naziri səlahiyyətlərini icra edən Qareqin Baqramyan isə bildirib ki, İran onlara Rusiyadan aldıqlarından 10 dollar baha qiymət təklif edir. Onun sözlərinə görə, İran ölkəsinin energetika təhlükəsizliyinin təmin edilməsində ikinci təbii qaz mənbəyidir: “Biz hələlik İrandan da qiymətlə bağlı sərfəli təklif almamışıq”.

Göründüyü kimi, Ermənistanın energetika təhlükəsizliyi, əsasən, Rusiya və İrandan asılıdır. ABŞ isə Moskvaya və Tehrana qarşı sanksiya tətbiq edib. Yerevan ABŞ-ın sanksiyasına düşəcəyini bəhanə edərək İran və Rusiyadan ucuz qiymətə təbii qaz almağa cəhd göstərə bilər. Tərəflərin açıqlamalarına əsasən, Ermənistan hökumətinin “Gazprom Armenia”nı məhkəməyə verəcəyini ehtimal etmək olar. Bu, Rusiya ilə oyun, alver üçün yeni bir amil ola bilər. Baş nazir səlahiyyətlərinin icra edən Nikol Paşinyan hökuməti və onu dəstəkləyən siyasi qüvvələr özlərini Kremlə qəbul etdirmək üçün qaz məsələsini siyasi legitimliklə mübadilə edə bilər. Bu, həm də dekabrda keçiriləcəyi gözlənilən Rusiya Prezidenti Vladimir Putinlə Nikol Paşinyanın görüşünə hazırlıqdır. Yerevan qiymət məsələsində Moskvanı güzəştə getməsi üçün fakt qarşısında qoymağa çalışır.

Bu arada Ermənistanın keçmiş baş naziri Karen Karapetyanın himayədarlığı ilə yaranan “Biznes Armenia” (əvvəllər Ermənistanın İnkişaf Fondu adlanıb) Fondunun direktoru Avak Avakyan istefa verib. Bundan başqa, Fondun daha 11 əməkdaşı işdən azad edilib. Belə ehtimal edilir ki, Nikol Paşinyan səmərəsiz fəaliyyətinə görə Fondu bağlaya da bilər. Ona görə də bir məsələni vurğulamaq istərdik. Karen Karapetyan “Gazprom Armenia”nın yetirşdirməsidir. 1996-cı ildən Ermənistanın energetika sahəsində yüksək vəzifələr tutub. 2001-2010-cu illərdə isə “ArmRosQazprom”un baş direktoru, 2012-2016-cı illərdə isə “Qazprom Mejreqionqaz”ın baş direktorunun müavini vəzifəsində işləyib. Odur ki, “Biznes Armenia” ilə bağlı başlamış ixtisar, kadr dəyişikliyi kampaniyasını da dolayı yolla Ermənistan-Rusiya münasibətlərinin gərginliyi kontekstindən dəyərləndirmək olar.

Əslində, paşinyançıların Kremlə qarşı olduğunu Ermənistanda fəaliyyət göstərən rusiyayönümlü təşkilatlar daha yaxşı hiss edir. Onlardan biri Ermənistan Kommunist Partiyası dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərini boykot edəcəyini açıqlayıb. Partiya buna səbəblərdən biri olaraq Ermənistanda fəaliyyət göstərən Rusiya şirkətlərinə qarşı cinayət işlərinin başlamasını göstərib.

Qarşıdan soyuq havalar, qış gəlir. Seçkiqabağı kampaniya keçirilir. Hökumətin isə bu tədbiri keçirməsi üçün maliyyə problemi var. Ona görə də noyabrın 14-də Ermənistan hökuməti ilə Avropa İttifaqı, İsveç, Almaniya və Britaniya səfirləri arasında “Ermənistanda seçki prosesinə dəstək haqqında” proqram imzalanıb. Həmin sənədə əsasən, Aİ 1,5 milyon avro, Almaniya 700 min avro, Britaniya 500 min funt-sterlinq, İsveç isə 1,5 milyon kron (165 min dollar) məbləğində yardım edəcək. Belə bir şəraitdə “Gazprom Armenia”nın timsalında Rusiyanın “Gazprom” şirkətinə qarşı ittihamdan həm də “pul iyi” gəlir. Ona görə də belə saymaq olar ki, Ermənistan hakimiyyəti üzləşdiyi maliyyə çətinliyini aradan qaldırmaq üçün ölkədəki təbii qaz inhisarçısını belə silkələyir. Hər halda Yerevandakı xəmir hələ su aparır.


Paylaş:


Müəllif : Tarix:
16-11-2018, 15:36
  


loading...
Загрузка...