reklam
» » “EVİ ALT-ÜST EDƏNDƏN SONRA BAŞA DÜŞÜBLƏR Kİ, SƏHV GƏLİBLƏR” - İntihar edən MTN polkovnikinin bacısı danışdı

reklam

“EVİ ALT-ÜST EDƏNDƏN SONRA BAŞA DÜŞÜBLƏR Kİ, SƏHV GƏLİBLƏR” - İntihar edən MTN polkovnikinin bacısı danışdı

Bildiyiniz kimi, hazırda Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyev və digərlərinin məhkəmə prosesi keçirilir.
Gununsesi.info olaraq mütəmadi həm məhkəmə prosesi, həm də sözügedən cinayət işi ilə bağlı ittiham aktında qeyd olunan maraqlı məqamları diqqətinizə çatdırırıq.
Qeyd edək ki, general-mayor Elçin Quliyevin cinayət işi üzrə ittiham aktında MTN-in əməkdaşı Malik Mustafayevin intiharı epizodu üzrə kifayət qədər ilginc faktları da oxucuların nəzərinə çatdırmışıq.
Məlumat üçün bildirək ki, Elçin Quliyev və İlqar Əliyevin təhqirlərinə məruz qalmasından bezən, MTN-nin Situasiya Mərkəzinin rəis müavini vəzifəsində çalışmış Malik Mustafayev 2014-cü ilin noyabr ayının 3-də yaşadığı Xətai rayonu, H.Aslanov qəsəbəsi, 8-ci dairəvi küçəsi 22 nömrəli qarajın dəmir dirəyindən özünü asıb. İttiham aktında qeyd olunur ki, Elçin Quliyev və İlqar Əliyev təzqiy və təhdid xarakterli əməlləri ilə Malik Mustafayevi özünü öldürmə həddinə çatdırıb.
Bu arada, onu da nəzərinizə çatdıraq ki, Gununsesi.info-ya danışan mərhum Malik Mustafayevin bacısı Hümbətova İradə Nəriman qızı bir sıra qaranlıq məqamlara toxunub.
O, qeyd edib ki, MTN əməkdaşları 11 sentyabr 2014-cü ildə Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 19 b, mənzil 46 ünvanında yaşayan qardaşı Mustafayev Mətləb Nəriman oğlunun evində axtarış apararaq onu şərləyiblər. İ.Hümbətova bildirib ki, 17 sentyabr 2014-cü il tarixdə saat 18 radələrində işdən gələn zaman yaşadığı küçənin bağlandığını, orada içərisində silahlı MTN əməkdaşları olan mikroavtobusu görüb. Ona bildiriblər ki, MTN əməliyyat keçirir, 1 saat sonra küçə açılıb və İ.Hümbətova evinnə gedib. Elə həmin gün axsam saat 22 radələrində 14 nəfərlik qrup qapını döyməmiş həyətə daxil olub. Evdəki ailə üzvlərini içəridən həyətə çıxarıblar.
MTN əməkdaşları əvvəlcə səhvən qonşunun evində axtarış aparmağa giriblər, sonra onlarla bir həyətdə qalan qaynı Tahir Hümbətovun evində axtarış aparıb heç nə tapmayıblar. Daha sonra saat 21 radələrində onların evinə gəliblər. İ.Hümbətova bundan öncə qardaşı Mətləb Mustafayevin başına gələnlərdən anlayıb ki, onların da evinə silah və ya narkotik qoyaraq şərləmək istəyirlər. Buna görə də o, cəld “Qurani Kərim” kitabını götürərək evində qanunsuz heç bir şey olmadığını deyərək, axtarışa yalnız həmin kitabı tapdalayaraq girə biləcəklərini deyib.
Əməliyyata rəhbərlik edən MTN Antiterror Mərkəzindən Ramin Əliyev olub. İstintaq Baş İdarəsindən müstəntiq Elşən Murtuzov, Samir Əliyev digər MTN əməkdaşları ilə birgə evə giriblər. E.Murtuzov Təhsin Ağayevə zəng edib. Ona bildirblər ki, qapıya “Qurani Kərim” qoyublar, imkan vermirlər ki, axtarış aparaq. T.Ağayev onlara deyib ki, onda başqa şey lazım deyil. Evdə axtarış aparın, heç bir şeyə əl vurmayın, sonra çıxın gəlin. Axtarış barədə qərar İ.Hümbətovaya təqdim olunaraq axtarış aparılıb.
Axtarış təxminən, 4 saat davam etsə də, axtarış zamanı evdən heç bir şey tapılmayıb. İ.Hümbətova bildirib ki, əslində, axtarış aparmaqda məqsədləri bu imiş ki, görsünlər Mətləb Musatafayevin imkanı varmı. Yaşadığım mənzil bacımın adına olduğundan öyrənmək istəyiblər ki, 3 otaqlı mənzil M.Mustafayevindir, ya bacısının. Amma görəndə ki, M.Mustafayevin bacısının maddi durumu yaxşı deyil, anlayıblar ki, ev İ.Hümbətovanın deyil. Axtarış aparanlar deyiblər ki, M.Mustafayevə aid sənədləri bizə verin. İ.Hümbətova da deyib ki, Mətləbin sənədləri bizdə nə gəzir?
“Bunlar birinci dəfə gələndə səhvən Binəqədidə həyət evlərindən birinə gediblər. Deməli, həmin küçədə 13 saylı evə gəlmək əvəzinə, səhvən 15 saylı evə gediblər. Həmin ailə də qızına toy eləməyə hazırlaşırmış. Cehiz evin içindəymiş. Qab-qaşığı, mebeli töküb-töküşdürüblər. Heç nə tapmayanda onlara deyiblər ki, Mətləbə aid nə qədər sənəd var verin. Onlar da deyiblər ki, ay kişi, Mətləb kimdir, sənəd nədir? Belə adam tanımıram. Təəccübləniblər ki, necə yəni Mətləbi tanımıram? Evi alt-üst edəndəndən sonra başa düşüblər ki, səhv gəliblər. Ev sahibindən üzr istəyib gediblər. Bu əməliyyatdan sonra onlar rəhbərliyə məlumat veriblər ki, səhv etmişik, başqa ünvanda əməliyyat axtarış tədbirləri həyata keçirmişik”, deyə məhrum MTN polkovniki Malik Mustafayevin bacısı İradə Hümbətova qeyd edib.
Məhkəmədə ifadə verən Mətləb Mustafayev qeyd edib ki, bacısıgilə axtarışa gedəndə müstəntiq Elşən Murtuzov İ.Hümbətovaya qərar göstərib. Qərarda yazılıb ki, 170 nömrəli cinayət işi üzrə təqsirləndirilən, Mustafayev Mətləb Nəriman oğlu odlu silah və döyüş sursatının müəyyən edilməsi istiqmətində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun bacısı və yaxın qohumlarının evlərində odlu silah və döyüş sursatı, partlayıcı maddələrin mənbəyinin saxlanması barədə əməliyyat məlumatı daxil olub. Bunu Elçin Quliyev İstintaq Baş İdarəsinin rəisi Mövlan Şıxəliyevə məktubda bildirib. Onun əsasında müstəntiq E.Murtuzov qərar verib. Qərarda göstərilib ki, İ.Hümbətova və onun qaynı Hümbətov Tahir Əlimurad oğlunun yaşadığı ünvanında şəxsiyyət əlehinə ağır cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşyaların, o cümlədən döyüş sursatı, partlayıcı maddələr, dövriyyəsi qanunla qadağan edilmiş digər əşyaların gizlədilməsinə dəlalət edən kifayət qədər əsas verən dəqiq məlumatlar var.
“Çox maraqlıdır ki, əgər həqiqqətən kifayət qədər məlumat vardısa, nəyə görə evdən heç nə tapmadılar? Sonralar istintaq zamanı mənə məlum oldu ki, bacımgildə istintaq aparılıb. Soruşdum ki, bacımgildə nəyə görə axtarış aparmısınız? Müstəntiq E.Murtuzov dedi ki, görürsən heç nə tapmamışam. Başladı irişməyə. Sonradan öyrəndim ki, MTN əməkdaşları evdən “Samsung” markalı planşet və 7-8 ədəd CD diskləri götürdükdən sonra gediblər. Sonradan o və əri MTN-nin inzibati binasına gedərək həmin əşyaları müstəntiq Elşən Murtuzovdan təhvil alıblar. Qardaşım Malik Mustafayev ona qarşı MTN əməkdaşları tərəfindən edilən qanunsuzluqlara dözməyərək intihar edib”, deyə bildirib.
Onun sözlərinə görə, MTN əməkdaşlarının qardaşı Malik Mustafayevə təsir etmələrinin səbəbi isə Mətləb Mustafayevin Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən işdən çıxarıldıqdan sonra işə bərpa olunması üçün məhkəməyə müraciət etməsindən acığa düşən həmin komitə sədri Kərəm Həsənovun MTN-nin rəhbər vəzifəli şəxsləri ilə yaxın münasibətdə olmasıdır.
Şahid qismində dindirilən Hümbətov Rahib Salman oğlu bildirib ki, 11 sentyabr 2014-cü il tarixdə saat 15-16 radələrində iş yoldaşı, yəni Bakı şəhər Nəsimi rayonu ərazisində fəaliyyət göstərən 33 saylı Mənzil-İstismar Sahəsində işləyən Eşqin Xəlilovla birgə Bakı şəhəri 4-cü mikrorayonun 20 yanvar küçəsində abadlıq işləri ilə bağlı fəhlələrin yanında durub söhbət edən zaman onların yanında “Cip” markalı avtomaşın dayanaraq bir nəfər orta yaşlı, əvvəllər tanımadığı və görmədiyi bir şəxs ona yaxınlaşıb üstündə Milli Təhlükəsizlik Nazirliyi yazılan vəsiqəni göstərərək yaxınlıqda aparılacaq axtarış zamanı hal şahidi kimi iştirak etmələrini təklif edib. Onlar da razılaşaraq avtomobilə miniblər.
“Qızıl Tac” restoranının yaxınlığında yerləşən 5 mərtəbəli binanın yanına gəldikdə binanın 4-cü girişinə yaxınlaşan zaman yaxınlıqda “Hundai” markalı mikroavtobusda bir nəfər qolu qandallı şəxsin oturduğunu, həyətdə isə təxminən, 10 nəfər tanımadığı mülki geyimli şəxslərin gəzdiyini görüb. Onları hal şahidi kimi gətirən şəxs mikroavtobusda qolu qandallı şəxsin binanın 4-cü girişinə gətirilməsi barədə orada olan əməkdaşlara göstəriş verib. Qolları qandallı olan şəxs həmin girişdə birinci mərtəbədə sol tərəfdə yerləşən mənzilin qapısını döydükdə qapını bir qadın açıb. Sonradan ona məlum olub ki, qapını açan şəxs qolu qandallı şəxsin arvadıdır.
O, Eşqin Xəlilov, sonradan adını bildiyi Elşən adlı müstəntiq, sonuncu ilə olan tanımadığı daha iki nəfər şəxs, videokamera ilə çəkiliş aparan bir nəfər şəxs və qollu qandallı olan, sonradan adını bildiyi Mətləb Mustafayev həmin mənzilə daxil olublar. Mənzilə daxil olan zaman müstəntiqin göstərişi ilə Mətləb Mustafayevin qollarındakı qandalı açıblar. Mənzilin qonaq otağında müstəntiq Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin mənzildə axtarış aparılması barədə qərarını oxuduqdan sonra onlara məlum olub ki, həmin mənzilin sahibi əslən Cəbrayıl rayonundan olan Mətləb Mustafayevdir.
Müstəntiq özünü təqdim etdikdən sonra mənzildə silah-sursatın olub-olmaması barədə soruşub, cavabında Mətləb Mustafayev evində silah-sursatın olmasının mümkünsüzlüyünü deyib. Həmçinin silah olacağı halda bunun bir az əvvəl Saray qəsəbəsində qollarını qandallayıb əlinə toxundurduqları tapança ola biləcəyini bildirib. Bundan sonra Mətləb Mustafayev müstəntiqin ona təqdim etdiyi qərarı imzalayıb. Onların mənzilində axtarışa başlanılıb. Mənzildə onlardan başqa daha 7-8 nəfər də olmaqla həmin şəxslər dəhlizdə gəzişiblər. Əvvəlcə qonaq otağında, sonra həmin otağın zirzəmisində, sonra mətbəxdə, daha sonra isə hamam və tualetdə axtarış aparılıb.
Bundan sonra müstəntiqin mobil telefonuna zəng gəlib, həmin danışıqdan sonra onlar müstəntiqin göstərişi ilə yataq otağına keçiblər. Həmin otaqda axtarış aparılan zaman müstəntiq divardakı şkafın yuxarıdan 2-ci rəfində dəsmalların arasından bir ədəd çanta aşkar edərək götürüb. Özü ilə gətirdiyi bir cüt əlcəyi əlinə geyinib aşkar etdiyi çantanı açaraq içərisindən markasını bilmədiyi bir ədəd tapança, bir ədəd tapança darağı və sayını xatırlamadığı patronları çıxarıb. Həmin zaman Mətləb Mustafayev etiraz edərək silahın ona aid olmadığını və silahı onun mənzilinə onlarla gələn əməkdaşların qoyduğunu qeyd edib.
Tapança tapıldıqdan sonra axtarış elə də ciddi davam etməyib, bundan sonra axtarış yalnız mənzilin önündə qaraj kimi istifadə olunan yerdə və Mətləb Mustafayevin ağ rəngli “VAZ 2107” markalı avtomobilində aparılmaqla yekunlaşıb. Axtarışda təxminən, 8-10 nəfərin iştirak etməsinə baxmayaraq, yekunda tərtib olunan protokolu o, Eşqin Xəlilov və müstəntiq imzalayıblar. Mətləb Mustafayev isə protokola imza etməkdən imtina edib, hətta sonuncu protokolun surətini istədikdə müstəntiq onu sonra təqdim edəcəyini bildirib. Bundan sonra müstəntiqin göstərişi ilə Mətləb Mustafayevin qolları yenidən qandalanıb və sonuncu həmin vəziyyətdə yenidən mikroavtobusa mindirilib.
Ertəsi gün isə Eşqin Xəlilovla birgə MTN-nin inzibati binasına müstəntiqin çağırışı əsasında getdikdə sonuncunun təqdim etdikləri hazır protokolları elə binanın girişində imzalamışlar. Həmin iş üzrə məhkəmədə dindirilən zaman da müstəntiqin otağında olmamaqla hazır protokollara imza etdiyini bildirib.
Qeyd edək ki, E.Quliyev, A.Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs ediliblər. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.
Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.
Xatırladaq ki, ləğv edilmiş MTN ətrafında baş verən hadisələrdən sonra nazirliyin Antiterror Mərkəzinin rəisi general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.
 


Paylaş:


Müəllif : Tarix:
19-05-2017, 12:47
  


loading...
Загрузка...