reklam
» » Zığ bələdiyyəsi 10 milyonluq torpağa nə üçün sahib çıxmır? - İTTİHAM VAR

reklam

Zığ bələdiyyəsi 10 milyonluq torpağa nə üçün sahib çıxmır? - İTTİHAM VAR

Zığ Bələdiyyəsinin ərazisində yaşayan bir qrup sakinin bələdiyyənin fəaliyyətsizliyinə qarşı etirazı ötən həftə mətbuatın gündəminə çevrildi. Sakinlər Zığ bələdiyyəsinin balansında boş torpaq sahəsi olduğu halda, onların torpaq sahəsi almasiyla bağlı müraciətlərinə baxılmamasından narazıdırlar.

Onlar qeyd edirlər ki, Suraxanı rayonu Zığ Bələdiyyəsinə məxsus 7,2 ha torpaq sahəsi uzun müddətdir ki, “Araz-İnşaat LTD” MMC tərəfindən qanunsuz olaraq zəbt edilərək, hasarlanıb və inşaat firmasının istifadəsindədir.

Zığ Bələdiyyəsi mülkiyyətində olan torpaq sahəsinin qanunsuz zəbtinə göz yumur

Sakinlərin sözlərinə görə, dəfələrlə müraciət etsələr də Zığ Bələdiyyəsi, mülkiyyətində olan zəbt edilən həmin torpaq sahəsini “Araz-İnşaat LTD” MMC-nin qanunsuz sahibliyindən geri tələb etmir.

Şikayətçilər qeyd edirlər ki, Azərbaycan Respublikasının vətəndaşı və Zığ sakinləri kimi yaşadıqları ərazidən fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi əldə etmək hüququna malikdirlər.

Adətən ailə tərkibinin sayı artanda, evlənmək, ailə qurmaq yaşına çatan şəxslər fərdi yaşayış evi tikmək üçün bələdiyyədən torpaq sahəsi almaq üçün müraciət edirlər və çox hallarda onların müraciətləri baxımsız qalır, müxtəlif bəhanələr gətirilir.

Vətəndaşın fərdi yaşayış evi tikdirməkdən ötrü boş torpaq sahəsi almaq üçün hansı hüquqları var? Vətəndaş bələdiyyənin balansında olan boş torpaq sahəsini almaq üçün hansı hüquqi prosedurlardan keçməlidir?

Suallarımızı tanınmış hüquqşünas, “Çalxan” Hüquq firmasının rəhbəri Qurban Məmmədova ünvanladıq.

Vətəndaş mülkiyyətinə müxtəlif təyinatlı torpaq sahələri ala bilər

Qurban Məmmədov:

- Hər bir vətəndaş, eləcə də hüquqi şəxslər mülkiyyətlərinə müxtəlif təyinatlı torpaq sahələri ala bilər və ev, yüksək mərtəbəli, çoxmənzilli binalar tikdirə bilər. Bu hüquq Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsində təsbit edilib. Həmin maddədə göstərilib: “Hər kəsin mülkiyyət hüququ vardır; III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər; V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur; VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər”.

Torpaq mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər

“Torpaq Məcəlləsi”nin 48-ci maddəsinin 2-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər”.

“Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Qanunun 6.1-cı maddəsində deyilir: “Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.

Yaşayış üçün kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar ayrılmalıdır

Həmin Qanunun 7-ci maddəsində göstərilir:

“7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqlar xüsusi mülkiyyətə verilə bilər:

7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar;

7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar;

Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqlarının haqqı ödənməlidir

7.3. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub-olmamasından asılı olmayaraq, haqqı ödənilməklə aşağıdakılara verilir:

7.3.1. fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına;

7.3.2. fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına və onların kooperativlərinə;

7.3.3. sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə.

Bələdiyyələr bəhanə gətirirlər: guya torpaq yalnız hərrac yolu ilə satılmalıdır

Yeri gəlmişkən, son vaxtlar vətəndaşlarımızın tez-tez rast gəldikləri bəzi problemlərlə bağlı qanunvericinin mövqeyini də diqqətinizə çatdırım. Bələdiyyələr çox vaxt onların ərazilərində yaşayan vətəndaşların müraciətlərinə mənfi cavab verirlər. Müxtəlif bəhanələr gətirirlər: guya torpaq yalnız hərrac vasitəsilə satılmalıdır, yaxud prezidentin hansısa fərmanı ilə torpaq satışı qadağandır və ya 2-3 sotdan çox və ya az sata bilməzlər və s..

Əvvəla, həmin Qanunun 8-ci maddəsinə əsasən, “8.0. Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir:

Mərkəzdə 4 sotadək, regionlarda 12 sotadək verilə bilər

8.0.1. fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Naftalan, Xankəndi, Şəki və Yevlax şəhərlərində - 0,07 hektaradək, digər rayon mərkəzlərində -0,08 hektaradək, qəsəbə və kəndlərdə - 0,12 hektaradək; 8.0.2. fərdi bağ evlərinin tikintisi üçün - 0,12 hektaradək;

Qanunun 9-cu maddəsinə əsasən, 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.”

5 il daimi qeydiyyatla yaşayana bələdiyyə hərracdan kənar torpaq satmalıdır

Görürsünüzmü, qanunverici deyir ki, torpaq, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə hərracdan kənar satılmalıdır.

Bəzi bələdiyyələr, məsələn, Məhəmmədli bələdiyyəsində belə bir hal olub, torpağı öz ərazisində yaşayan vətəndaşlardan gizli satırlar. Halbuki, Qanunun 9.3-cü maddəsinə əsasən, “9.3. Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır... 9.7. Bələdiyyələr satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yeri göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatları seçicilərə çatdırırlar”.

Qanunda edilmiş çox vacib bir dəyişikliyi də oxucularınıza xatırlatmaqda fayda görürəm. Həmin Qanuna 9.8-ci bənd əlavə edilib. Orada deyilir: “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır”.

Gənclərimiz evsizdir, dəllallar torpaq alverindədir

Bu çox mühüm və vaxtında edilən əlavədir. Çünki yüz minlərlə gəncimiz evsiz-torpaqsız olduğu halda, bəzi dəllallar millətin torpaqlarını satmaqla milyonlar sahibi olur, gənclərimiz isə torpaqsızlıqdan, evsizlikdən vaxtında ailə qura bilmir, torpaqsız, evsiz evlənənlər isə sonradan çox böyük sosial problemlər yaşayır və bir çox ailələr məhz bu üzdən dağılır.

Bir çox bələdiyyə sədrləri, icra hakimiyyətlərinin nümayəndələri, məmurlar, iş adamları müxtəlif maxinasiya və qanunsuz yollarla hektarlarla torpaq sahələrini dədələrinin malı kimi “Çin səddi” ilə divara alıb saxlayır. Nə əkir-biçir, nə də istifadə edir. Sadəcə olaraq, pul lazım olanda tort kimi dilim-dilim edib satır. Buyurun, bu da sizə “uğurlu, qabiliyyətli iş adamı”.

Hörmətli Prezident məhz belələrinin ələ keçirdikləri torpaqların sosial rifah namiə geri qaytarılmasının vacibliyini dəfələrlə vurğulayıb.

Rüşvətxor məmurlar ordusu öz ciblərini güdürlər deyə...

- Bələdiyyə zəbt edilmiş torpaq sahələrini qanunsuz sahiblikdən azad edərək Zığ sakinlərinin boş torpaq sahəsi istəyini təmin edə bilərmi?

- Əvvəla, qeyd edim ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16-cı maddəsinə əsasən, “16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır.

16.2 maddəsinə əsasən isə, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır.

Çox təəssüf ki, büdcəmizin indiki problemli, bələdiyyələrin maliyyə sıxıntısı çəkdiyi bir vaxtda, bələdiyyələr qanunun bu maddəsinə əməl etmir, vətəndaşların uzun illər qanunsuz olaraq zəbt edərək istifadə etdikləri torpaq sahələrini onların mülkiyyətinə verib vergiyə cəlb etmirlər. Bu çox böyük səhvdir, tezliklə aradan qaldırılmalıdır. Bunun da səbəbi o deyil ki, vətəndaşlar bunu istəmirlər, əksinə, vətəndaşlar böyük həvəslə haqqını ödəyib on illərlə onları təqib edən bu problemi həll eməyə hazırdırlar. Sadəcə, rüşvətxor məmurlar ordusu: bələdiyyə sədrləri və onları o vəzifəyə təyin edən İcra hakimiyyətləri öz ciblərini güdürlər deyə, bi problem on illərdir ki, öz həllin tapmır.

Zığ bələdiyyəsinin fəaliyyətsizliyindən korrupsiya iyi gəlir

O ki qaldı Zığ bələdiyyəsinin qeyd etdiyiniz torpaqla bağlı sərgilədiyi hərəkətsizliyə, buradan korrupsiya iyi gəlir. Yəni, ya yuxarıdan, yüksək vəzifəli şəxslərdən kimsə və ya kimlərsə bu torpaq alverində iştirakçıdır, maraqlıdırlar, ya da bələdiyyənin özü bu qanunsuzluğu edib deyə, indi də hərəkətsizlik göstərir. Ancaq, Qanunun 23-cü maddəsinə (bələdiyyə torpaqlarından istifadəyə və onların mühafizəsinə nəzarət) əsasən,”23.2.Bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarəti bələdiyyələr həyata keçirirlər.

Bakı Şəhər İcra Hakimiyyətinin qanunsuz rolu rəsmi sənədlərlə təsdiq edilir

Çox təəssüf ki, ölkəmizdə bələiyyələr formal fəaliyyət göstərdiklərinə görə, İcra Hakimiyyətləri tərəfindən onların hüquq və vəzifələri mənimsənildiyindən, Qanunun bu müddəaları işləmir. Onu da xüsusi qeyd edim ki, heç də bütün bələdiyyələr Zığ bələdiyyəsi kimi fəaliyyətsiz deyil. Bu gün onlarla bələdiyyə var ki, məhkəmələrdə öz torpaqlarının qorunması barədə iddialar qaldırıblar. İndiki halda, görünür Suraxanı rayonunda bizim bilmədiyimiz proseslər gedir və ya Suraxanı rayonuna “kuratorluq” edənlər elə bu qanunsuzluğun arxasında duranlardır. Yoxsa, Prezidentin göstərişlərinə bunca laqeyd qalmaq üçün gərək qurd ürəyi yeyəsən. Bu sahədə Prezidentin apardığı siyasət Suraxanı rayonunda, sadəcə, boykot edilir. Təsəvvür edirsinizmi, rəsmi sənədlərlə sübut edilir ki, haqqında söhbət gedən torpaq sahəsi Zığ bələdiyyəsinin mülkiyyətindədir. Bələdiyyə isə yaxasını kənara çəkir ki, torpaq onun deyil. Söhbət isə dəyəri 8-10 milyon dollar olan torpaq sahəsindən gedir. Sizcə, kimin qorxusundan və ya kimə görə, Zığ bələdiyyəsi onun büdcəsinə daxil olmalı olan bu qədər puldan imtina edir? Ağzıgöycəklər dərhal Prezident ailəsinin adını hallandıracaq və ya ona işarə edəcəklər. Halbuki, bu məsələdə Bakı Şəhər İcra Hakimiyyətinin qanunsuz rolu rəsmi sənədlərlə təsdiq edilir. Şübhə etmirəm ki, baş verənləri Prezident şəxsən bilsə, çoxlarının “başı çiyinlərində qalmayacaq”.

- Bələdiyyənin fəaliyyətsizliyi hansı qanunsuz əməli yaradır?

- Qanunun 26-cı maddəsinə (bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət) əsasən, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.”

Zığ bələdiyyəsinin sədri, ən azı, səhlənkarlıq edir. Onun hərəkətsizliyi üzündən bu torpaqla bağlı bələdiyyəyə hər il milyonlarla ziyan dəyir. Demək ki, adam yerində deyil.

Burada əsas rol Ədliyyə Nazirliyinin “Bələdiyyələrlə iş mərkəzi”nə düşür. “Məkəz” bu problemi bilirmi? Bilirsə, Ziğ bələdiyyəsinin sədrindən öz vəzifələrini icra etməyi niyə tələb etmir?

***

Məşhur “Dədə Qorqud” filmində dediyi kimi: "Torpaq qorunmursa, əkilməyinə, əkilmirsə, qorunmağına dəyməz". Min illərdi belədir. İnsanlar bir qarış torpaq üçün qan tökür, düşmən olur, müharibələr törədir...

Amma Azərbaycanda bəhrəli, yararlı torpaqları nəinki səmərəli istifadə edilir, əksinə, torpaq alveri ilə halal harama çevrilir.

Bəlkə də, Azərbaycan insanın yaşadığı indiki iqtisadi böhranın, sosial sıxıntıların başlıca səbəbi bu əvəzsiz nemətin yararsız olunmasıdır. Qorqud Dədəmizin təbirincə desək, torpaq becərilməyəcəksə, bunca günahların bədəlini kim ödəməlidir?! Bələdiyyələrin öz funksiyasını icra edə bilməməsinə Ədliyyə Nazirliyi niyə müvafiq tədbirlər görmür?

Mövzuya qayıdacağıq.


Paylaş:


Müəllif : Tarix:
13-06-2017, 16:51
  
loading...