reklam
» » Erməni sensasion açıqlamasını təkzib etdi - Tağıyevin dostunun əsl siması/ FOTOFAKT

Erməni sensasion açıqlamasını təkzib etdi - Tağıyevin dostunun əsl siması/ FOTOFAKT

 


Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Avanesyanın dünən Azərbaycanla bağlı verdiyi sensasion açıqlama təkzib olunub.

BakiPost.az xəbər verir ki, diaspor rəhbəri "APA”da öz adından yayılan "Azərbaycanın işğal olunmuş rayonları geri qaytarılmalıdır” məzmunlu xəbərlə bağlı şərh verib. O, öz "Facebook” hesabında belə bir açıqlama vermədiyini yazıb. Əlavə edib ki, bu, ona qarşı təxribatdır:"Azərbaycan Kütləvi İnformasiya Vasitələrində mənim adımdan açıqlama yayılıb. Öz tərəfimdən tam məsuliyyətimlə bəyan edirəm ki, bu, mənə qarşı təxribatdır. Harada doğulmasından və yaşamasından asılı olmayaraq "Dağlıq Qarabağ Respublikası” və Ermənistan Respublikası hər bir erməni üçün ən dəyərli varlıqdır. Yalnız erməni xalqının həmin regionda təhlükəsizliyinin tam təmin olunması şərti ilə hansısa kompromislərdən danışmaq olar.

Ən əsası mən yazılanlardan fərqli olaraq Ermənistan rayonu olan Vartaşyanın Calut kəndində anadan olmuşam”.

Erməni sensasion açıqlamasını təkzib etdi


"APA”dan isə BakiPost.az-a bildirilib ki, Aşot Avanesyanın verdiyi açıqlamanın səs yazısı mövcuddur və həmin səs yazısı bir qədər sonra yayımlanacaq.


Qeyd edək ki, mətbuatda Kiyevdəki Azərbaycan Cəmiyyətinin sədri Rövşən Tağıyevin Ukraynada yaşayan ermənilərlə, xüsusilə də Ukrayna Erməniləri Konqresinin sədri Aşot Avanesyanla dostluq münasibətləri ilə bağlı məlumatlar və fotolar yayılıb. R. Tağıyev məsələ ilə bağlıBakiPost.az-a MÜSAHİBƏsində Aşot Avanesyanın Azərbaycanı öz vətəni hesab etdiyini və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulayıb. Daha sonra isə Aşot Avanesyanın adından R. Tağıyevin fikirlərini təsdiqləyən açıqlama yayılıb. Açıqlamada deyilir: "Mənim rəhbərlik etdiyim konqresin mövqeyi bundan ibarətdir ki, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması şərti ilə sülh əsasında son qoyulmalıdır. Bizim hazırda vətəndaşı olduğumuz Ukraynanın da ərazi bütövlüyünə təcavüz olub, biz həmişə bu məsələ ilə paralel Azərbaycanın da ərazi bütövlüyünün bərpası məsələsini qaldırırıq. Azərbaycanın işğal olunmuş rayonları geri qaytarılmalıdır. Biz bunu dəfələrlə Ermənistan rəsmiləri ilə, deputat qrupları ilə görüşlərimizdə tələb etmişik. Azərbaycan mənim vətənimdir, mən orada Oğuz rayonunda doğulmuşam. İndi də biz ailə olaraq Azərbaycanı özümüzə vətən hesab edirik. Biz istəyirik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun”.


Bütün hallarda Aşot Avanesyanın yaydığı açıqlamadan görünür ki, R. Tağıyevin dostluq etdiyi erməni diaspora rəhbəri Azərbaycanın ərazi bütövlüyünü tanımır, o, əsl erməni millətçisidir.


Paylaş:


Müəllif : Tarix:
10-01-2017, 11:44
  
loading...