» » “BİOİL” MMC-nin sədri Kazımov Nizami Firudin oğlundan 3 milyon dollar niyə tələb olunurdu? - İSTİNTAQ AKTINDAN

“BİOİL” MMC-nin sədri Kazımov Nizami Firudin oğlundan 3 milyon dollar niyə tələb olunurdu? - İSTİNTAQ AKTINDAN

 
«Təzadlar» bildirir ki, 29 dekabr 2016-cı ildə Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi altında “Texnikabank”ın işi ilə bağlı 2008-ci ildə MTN-nin Baş İstintaq İdarəsində (rəis Mövlam Şıxəliyev) aparılmış istintaq hərəkətləri bəhanəsilə alınan rüşvətlərin qurbanlarının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub. "Təzadlar" iş üzrə təqsirləndirilən MTN-nin Baş İstintaq İdarəsinin şöbə rəisi Vüsal Hicran oğlu Ələkbərovun "İttiham Akt"ını əldə edib...
Xatırladırıq ki, Ələkbərov Vüsal Hicran oğlu Az. Res. CM-nin 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirləndirilir (cinayət işi-162006082).
“Təzadlar” həmin cinayət işi ilə bağlı vacib epizodları təqdim edir:
““Ittiham Aktı”
Azərbaycan Respublikasının Baş Prokurorluğu Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi
Ələkbərov Vüsal Hicran oğlunun Az. Res. CM-nin 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair 162006082 nömrəli cinayət işi
“Təsdiq edirəm”
Azərbaycan Respublikasının Baş Prokuroru, 1-ci dərəcəli Dövlət ədliyyə müşaviri Zakir Qaralov
Azərbaycan Respublikasının Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi, istintaq qrupu rəhbərinin müavini, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Eldar Əhmədov, 162006082 nömrəli cinayət işi üzrə Ələkbərov Vüsal Hicran oğlunun Az. Res. CM-nin 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair kifayət qədər sübut toplandığına görə və Azərb. Res. CPM-nin 289-cu maddəsini rəhbər tutaraq “İttiham Aktı”nı tutdum. Cinayət işi ləğv olunmuş MTN-nin müvafiq strukturlarında sahibkarlıq fəaliyyəti subyektlətrinin fəaliyyətinə qanunsuz müdaxilələr və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələbləri pozulmaqla telefon danışıqlarının dinlənilməsi, SMS mesajlarının izlənilməsi barədə mütəxəssis aktına əsasən Az. Res. CM-nin 308.2 və 309.1 maddələri ilə başlanılmış 152006057 saylı cinayət işindən 19.11.2016-cı il tarixdə təqsirləndirilən şəxs Ələkbərov Vüsal Hicran oğlunun barəsində mütəşəkkil dəstədə dəfələrlə hədə-qorxu tətbiqi ilə külli miqdarda rüşvət alınması, külli miqdarda özgə əmlakını hədə-qorxu ilə tələb edilib ələ keçirilməsi, istintaq sübutlarının saxtalaşdırılması, hakimiyyətdən və qulluq mövqeyindən sui-istifadə edilməsinin, hakimiyyət həddinin və qulluq səlahiyyətlərinin aşılmasının ağır nəticələrə səbəb olması faktları üzrə Az. Res. CM-nin 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.3-cü maddələri ilə ayrılmışdır. Belə ki, sahibkarlar və ayrı-ayrı vətəndaşlardan daxil olan çoxsaylı müraciətlərlə əlaqədar həyata keçirilən istintaq hərəkətləri nəticəsində MTN-nin bir sıra baş idarə, idarə, şöbələrinin rəhbərləri və digər əməkdaşlarından ibarət olmaqla çoxsaylı cinayətlərin törədilməsi məqsədi ilə yaradılan sabit mütəşəkkil dəstə tərəfindən vəzifə səlahiyyətlərini aşma, gizli qaydada telefon danışıqlarına qulaq asmaqla məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakının gizli talanması, Bakı şəhəri və respublikanın müxtəlif bölgələrində iş adamlarının izlənilərək nazirliyin inzibati binalarına gətirilib qanunsuz azadlıqdan məhrum edilməsi, rüşvət alınması, quldurluq, hədə-qorxu ilə onlara məxsus külli miqdarda nağd pulun, daşınar və daşınmaz əmlakın tələb edilib ələ keçirilməsinə dair kifayət qədər sübutlar toplanmışdır”.

“BİOİL” MMC-nin sədri Kazımov Nizami Firudin oğlundan 3 milyon dollar niyə tələb olunurdu?

“...Cinayət işinin materiallarına əsasən Ələkbərov Vüsal Hicran oğlu, 2008-ci ilin noyabr ayından 2009-cu ilin iyun ayınadək olan dövrdə Bakı şəhərində MTN-nin İstintaq Baş İdarəsinin ibtidai istintaq İdarəsinin 2-ci şöbəsinin rəisi vəzifəsində xidmət edərkən qabaqcadan cinayət əlaqəsinə girib əlbir olduğu digər şəxslərlə mütəşəkkil dəstədə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə “Texnikabank” ASC-nin “Bakı” filialının müdiri Yusifov Zal Zakir oğlu və digərləri haqqında istintaq qrupunun rəhbəri kimi icraatında ibtidai istintaqı aparılan 613 saylı cinayət işi üzrə 03.10.2008-ci il tarixli qərarla Az. Res. CM-nin 178.3.1 178.3.2 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş “BİOİL” MMC-nin sədri Kazımov Nizami Firudin oğlunu 2008-ci ilin noyabr ayının əvvəllərindən etibarən səlahiyyətləri çərçivəsində saxlanıldığı MTN-nin Müvəqqəti saxlama yeri və İstintaq Təcridxanasından istintaq hərəkətlərinin aparılması üçün xidməti iş yerinə gətirtdirərək barəsində cinayət təqibinə xitam verilib həbsdən azad olunması müqabilində 3 milyon ABŞ dollar məbləğində nağd puldan ibarət külli miqdarda rüşvət istəmişdir, əks təqdirdə 12 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağı ilə hədələmiş, həmin ilin noyabr ayının axırlarında yarısı dərhal, yarısı isə 5 ay ərzində ödənilməklə həmin qərarları nəğd 2 milyon ABŞ dollar verilməsi şərti ilə qəbul etməyə razılaşmış, 03 dekabr 2008-ci il tarixdə Nizami Kazımovun kürəkəni Nadirli Samir Tahir oğlundan MTN-nin inzibati binasının yaxınlığında qara rəngli çantada 1 milyon ABŞ dollar əskinaslarında nağd pulu şəxsən alaraq onun həbsdən ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciətində iştirak edib şərait yaratmaqla və 2009-cu ilin fevral ayından iyun ayına kimi şəxsən Nizami Kazımovun özündən “Qələbə” dairəsində və Nazirliyin inzibati binasının yaxınlığında 5 dəfəyə 150 min, 280 min, 300 min, 200 min və 70 min ABŞ dollar əskinazlarında olmaqla 1 milyon ABŞ dollarını da əlavə nağd alaraq onun barəsində cinayət təqibinə 13.06.2009-cu il tarixli qərarı ilə təqsirliliyinin sübuta yetirilməməsinə görə Az. Res. CPM-nin 39.2 –ci maddəsinə əsasən xitam verməklə ümumilikdə xidməti vəzifələrinin icrası ilə əlaqədar Nizami Kazımovdan 1.618.200 manata bərabər 2 milyon dollar əskinaslarında külli miqdarda rüşvəti şəxsən nağd alaraq fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuşdur…

“Vüsal Ələkbərov Səfərov Hüseyn Nəriman oğlunu 2008-ci ilin oktyabr ayının əvvəllərində barəsində cinayət təqibinə xitam verilməsi müqabilində 2 milyon ABŞ dolları istəmiş, əks təqdirdə azadlıqdan məhrumolunma cəzasına məhkum olunacağı ilə hədələmişdir”

Vüsal Ələkbərov həmin qrupda 2008-ci ilin oktyabr ayından 2009-cu ilin may ayınadək olan dövrdə qulluq səlahiyyətlərindən qanunlara zidd oalaraq istifadə etməklə “Texnikabank” ASC-nin “Bakı” filialının müdiri Yusifov Zal Yusif oğlu və digərləri haqqında istintaq qrupunun rəhbəri kimi icraatında ibtidai istintaqı aparılan 613 saylı cinayət işi üzrə 03.10.2008-ci ildə Az.Res. CM-nin 178.3.1, 178.3.2 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş “Kapitalbank”ın “Tərəqqi” filialının müdiri işləmiş Səfərov Hüseyn Nəriman oğlunu 2008-ci ilin oktyabr ayının əvvəllərindən etibarən səlahiyyətləri çərçivəsində saxlanıldığı MTN-nin Müvəqqəti saxlama yeri və İstintaq Təcridxanasından istintaq hərəkətlərinin aparılması üçün xidməti iş yerinə gətirtdirərək barəsində cinayət təqibinə xitam verilib həbsdən azad olunması müqabilində 2 milyon ABŞ dolları istəmiş, əks təqdirdə azadlıqdan məhrumolunma cəzasına məhkum olunacağı ilə hədələmiş, həmin ilin dekabr ayında 1 milyon 650 min ABŞ dollarını dərhal, qalanını isə H.Səfərov həbsdən azad edildikdən sonra ödənməklə həmin qərarları 2 milyon dollar verilməsi şərti ilə qəbul etməyə razılaşmış, 15 dekabr 2008-ci ildə H.Səfərovun oğlu R.Səfərovdan MTN-nin inzibati binasının yaxınlığında qara rəngli “Nike” markalı yol çantasında 1 milyon 650 min dollar pulu şəxsən alaraq 19 dekabr 2009-cu il tarixli qərarı ilə H.Səfərovun barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verərək dərhal həbsdən azad etmiş, 2009-cu ilin aprel ayında 350 min dollar əvəzinə 500 min dollar tələb etməsinə baxmayaraq 350 min dollar pula razılaşaraq 2009-cu ilin aprel ayında pulu nağd şəkildə sellofan torbada Hüseyn Səfərovun özündən MTN-nin inzibati binasının yaxınlığında şəxsən almış, bundan sonra 2009-cu ilin may ayında hər birinin dəyəri 6500 manat olan iki ədəd, cəmi 13 min manat dəyərində “Vertu” markalı telefonları istəyib onları xidməti otağında H.Səfərovdan şəxsən alaraq onun barəsində cinayət təqibinə 13 iyun 2009-cu iltarixli qərarı ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verməklə, ümumilikdə H.Səfərovdan 2 milyon dollar rüşvət, həmçinin 13 min manat dəyərində 2 ədəd “Vertu” mobil telefon aparatını rüşvət kimi almışdır…
***
Sonradan iş üzrə zərərşəkənlərdən biri Səfərov Hüseyn Nəriman oğlu Baş Prokurorluğa təqdim etdiyi ərizə və şikayətlərində göstərib ki, Bakı şəhərində “Əmanətbank”ın Səbail filialında müdir, 1995-ci ildən Respublika Əmanət Bankın İdarə Heyətinin sədri, 1998-ci ildən Vergilər Nazirliyində Abşeron, Binəqədi, Xəzər rayonları Vergi İdarələrinin rəisi, nəhayət, 2004-cü ildən 2009-cu ilin dekabr ayınadək “Kapitalbank”ın “Tərəqqi” filialının müdiri olub. 1 oktyabr 2008-ci ildə onun mobil nömrəsinə tanımadığı nömrədən zəng gəlir və onu MTN-ə dəvət edirlər. MTN-nin İstintaq Baş İdarəsinin şöbə rəisi Vüsal Ələkbərov onu qəbul edir. V.Ələkbərov əvvəlcə Mahir adlı müstəntiqə onun ifadəsinin alınmasını tapşırır, sonra isə hədə-qorxu gələrək “Biz nə deyirik, onu da yaz, problem yaratma, hər şeyi düz danış” deyir. V.Ələkbərov ona “Texnikabank”ın “Bakı” filialının müdiri Zal Yusifovla əlbir olduğunu deyir. H.Səfərov isə onun Zal Yusifovla heç bir əlaqəsinin olmadığını bildirdikdə V.Ələkbərov deyir ki, “İndi Zal üzünə durar, sən də görərsən”. H.Səfərov orada öyrənir ki, sən demə, Zal Yusifovun barəsində cinayət işi istintaq olunur, həmin istintaq qrupunun da rəhbəri Vüsal Ələkbərovdur. Ona bildirirlər ki, sən Zal Yusifovla əlbir olub filiala övladların və digər tanışlarının vasitəsilə qoyulmuş əmanətləri mənimsəmisən... H.Səfərov deyir ki, həmin filiala onun qızları S.Seyidova 100 min dollar, G.Məmmədova 30 min, oğlu R.Səfərov isə 125 min dollar əmanət yerləşdirib. Növbəti gün Vüsal Ələkbərov nə qədər pul verə biləcəyini soruşur.

Vüsal Ələkbərov Hüseyn Səfərovla müntəzəm olaraq görüşür, ondan dəfələrlə 2 milyon dollar verməyi tələb edir və...

H.Səfərov pulunun olmadığını dedikdə V.Ələkbərov ona 2 gün ərzində vəkili vasitəsilə 2 milyon dollar pul tələb edir... H.Səfərov bu qədər pulu verə bilməyəcəyini dedikdən 2 gün sonra Səbail rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay həbs qərarı çıxardılır... Həbsdə olduğu müddətdə Vüsal Ələkbərov müntəzəm olaraq onunla görüşür, ondan dəfələrlə 2 milyon dollar verməyi tələb edir. H.Səfərov and içib bildirir ki, onun pulu yoxdur, heç bir günahı da yoxdur. Bu zaman V.Ələkbərov ona konkret olaraq deyir ki, verməsən, buradan çıxa bilməyəcəksən, ömrünün axırınacan burada çürüyəcəksən. Bundan əlavə, H.Səfərova bəlli olur ki, onun bacısının qaynı Nizami Kazımovu da tutublar, ondan da 2 milyon dollar pul tələb ediblər. N.Kazımov xəstəliyi ilə əlaqədar həbsdə qalmağa dözə bilmədiyindən Vüsal Ələkbərova həmin məbləği verib azad edilir. Vüsal Ələkbərov isə H.Səfərova 2008-ci ilin dekabrında görüşərək “Bax sənin qohumun Nizami pulu çatdırdı deyə çöldədir, sən isə içəridə qalacaqsan” deyir. H.Səfərov xəstəliyi ilə bağlı içəridə qala bilmədiyini, həmçinin V.Ələkbərovun təzyiqlərinə dözə bilmədiyini bildirərək vəkili vasitəsilə ailəsinə xəbər göndərir ki, təcili olaraq 2 milyon dollar pul tapsınlar... Vüsal Ələkbərov Nizami Kazımov azad ediləndən 1 həftə sonra öz xidməti otağından Hüseyn Səfərovun oğlu Rüstəmə zəng vurub pulu soruşur. Rüstəm Səfərov pulun bir qismini tapdığını bildirir, oğlunun ad günündən 1-2 gün qaba yəni 14-15 dekabr 2008-ci il tarixdə Rüstəm və kürəkəni Məmməd Məmmədov MTN-nin binasının yanında pulu Vüsal Ələkbərova verirlər. Vüsal Ələkbərov pulu alandan sonra Hüseyn Səfərovu yanına gətirdir, əlində “Nike” markalı, qara rəngli çantanı adını və xarici görünüşünü xatırlamadığı iki nəfərlə birlikdə gətirdiyini xatırlayır. V.Ələkbərov H.Səfərova çantada 1 milyon 650 min dollar pul olduğunu və onun oğlu Rüstəm Səfərovdan aldığını, həmçinin pulun qalan hissəsini buraxılandan dərhal sonra gətirməyi ona tapşırır.
Pul verildikdən sonra səhəri gün H.Səfərovun yanına həkim çağrılır və ona ağır xəstəliyinin olması barədə akt tərtib edilir. Şərtə görə onu həmin gün buraxmalı olduqları halda, ləngidirlər. H.Səfərov səbəbini soruşanda V.Ələkbərov Eldar Mahmudovu nəzərdə tutaraq Rəhbərlik deyib ki, hələ gözləsin!”deyir.
19 dekabr 2008-ci ildə H.Səfərov Vüsal Ələkbərovun kabinetində olarkən Eldar Mahmudovun onun buraxılması barədə komandasını gözləyirlər. Bu zaman Vüsal Ələkbərov İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyevə zəng edir, danışıqlardan məlum olur ki, nazir Eldar Mahmudov onun azadlığa buraxılmasına razılıq verib. Elə həmin gün saat 18:00-da onu buraxırlar. O, evdə olarkən onun ailə üzvlərinə məxsus “BMW-X6”, “Xyundai”, “Lexus”, “Range Rover” maşınları, evdə olan bütün qızıl-zinət əşyaları satılmış, bir nəfər borc müqaviləsi ilə 300 min manat (təxminən 400 min dollar, digər qohumlardan da külli miqdarda borc pul yığılaraq, cəmi 1 milyon 650 min dollar kürəkəni Məmməd Məmmədov və oğlu Rüstəm Səfərov MTN-nin binası yaxınlığında Vüsal Ələkbərova vermişlər.
Bundan sonra bütün ailə üzvləri bankdan kredit götürərək 350 min dollar pulu V.Ələkbərova çatdırmışdır və Vüsal Ələkbərov istifadəsində olan mobil telefonlarından H.Səfərova dəfələrlə zəng edərək işə xitam verilməsi üçün qalan pulun çatdırılmasını demişdir. Hətta pul iki dəfəyə çatdırıldığından o, H.Səfərovdan əlavə 500 min dollar tələb etmişdir. H.Səfərov yalvarandan sonra 350 min dollara razılaşmış, həmin pulu təxminən 3-4 ay sonra, 2009-cu ilin aprel ayında MTN-nin arxa buraxılış məntəqəsinin qarşısında oğlu Rüstəmlə birlikdə Vüsal Ələkbərova vermişdir. Yalnız bundan sonra 2009-cu ilin iyun ayında H.Səfərovun barəsində cinayət təqibinə xitam verilmişdir. Bunu V.Ələkbərov ona zəng edərək bildirmiş, o da MTN-ə gedib qərarla tanış olmuş, imza edərək qərarın surətini götürüb qayıtmışdır. ...MTN-də olarkən Nizami Kazımov da oraya xitam qərarını almaq üçün gəlibmiş. O, H.Səfərova bildirmişdir ki, barəsində seçilmiş cinayət təqibinə xitam verilməsi üçün o da V.Ələkbərova iki milyon dollar rüşvət verməli olmuşdur, həmin pulun alınması nazir Eldar Mahmudovun göstərişi və MTN-in baş istintaq darəsinin rəisi Mövlam Şxəliyevin tələbi ilə olmuşdur. Hətta o, həbsdən buraxılan gün Mövlam Şixəliyev onu kabinetində qəbul etmiş, “Sən içəridə yatmağa layiq adam deyildin, belə şeylər də olur...”, - deyərək təsəlli verir. Vüsal Ələkbərov isə ona bildirir ki, o, aldığı pulları nazir E.Mahmudovun göstərişi və idarə rəisi Mövlam Şxəliyevin tələbi ilə alıb, heç bir vaxt onların xəbəri olmadan özbaşına hərəkət etməzdi. Nəhayət, barəsində cinayət işinə xitam veriləndən sonra Vüsal Ələkbərov H.Səfərova zəng edərək (2009-cu ilin may ayı) ondan iki ədəd “Vertu” markalı telefonları tələb etmişdir, nəticədə H.Səfərov birinin dəyəri 6500 manat olan iki ədəd telefonu (1300 manata) H.Əliyev sarayının yaxınlığındakı dükanlardan alaraq V.Ələkbərovun MTN-dəki xidməti otağında ona vermişdir. Bundan əlavə, MTN əməkdaşları evində axtarış apararkən ona məxsus “Vinçester” markalı ov tüfənginə aid sənəd gördüklərindən Vüsal Ələkbərov 2009-cu ilin yay aylarında metronun “Gənclik” stansiyasının yaxınlığındakı pivəxanadan H.Səfərovdan həmin tüfəngin ona verilməsini tələb etmişdir. H.Səfərov həmin tüfəngi evdən götürərək “Qələbə” dairəsinə getmiş, V.Ələkbərov ağ rəngli “Nissan Xtrail” markalı avtomaşında oraya gəlmiş, tüfəngi ondan qəbul etmişdir. Bundan sonra onlar birlikdə həmin avtomaşınla “Dəniz” vağzalının qarşısına getmiş, Vüsal orada həmin tüfəngi özünün dediyinə görə, Hava Nəqliyyatında Baş Polis İdarəsində işləyən qardaşına vermişdir.
Bütün yuxarıda qeyd edilənlərdən belə nəticə çıxır ki, həqiqətən də V.Ələkbərov Hüseyn Səfərovu qorxudaraq etmədiyi cinayəti onun boynina qoyaraq ona qarşı cinayət təqibi başlamış, sonra onun azad edilməsi, barəsində olan cinayət işinə xitam verilməsi müqabilində 2 milyon dollar və digər qiymətli əmlakları ələ keçirməklə cinayət əməli törətmişdir...

Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevin iki üzlü qərarı…

Sual olunur: əgər həmin 2 milyon dollar əmanətçilərə vurulan ziyanın ödənilməsi üçün idisə, niyə akt tərtib edilərək və müstəntiqin qərarı ilə xüsusi hesaba mədaxil edilmirdi və nəğd şəkildə, özü də gizli formada MTN-nin inzibati binasında Vüsal Əfəndiyev tərəfindən qəbul olunurdu?
İkincisi, H.Səfərov həqiqətən də cinayət törətmişdisə, vurduğu ziyanın ödənilməsi onun cinayət məsuliyyətindən tamamilə azad edilməsinə əsas verirdimi? Bu ziyanın ödənilməsi, sadəcə, onun cəzasını yüngülləşdirə bilıədi və s.
Üçüncüsü və ən vacibi: MTN polkovniki Vüsal Ələkbərov H.Səfərovun barəsində olan cinayət təqibinə xitam vermək üçün əvvəl guya onun ağır xəstə olduğunu sübut edən həkim rətini işə tikib istədiyinə nail olur... Bir müddət keçəndən sonra isə cinayət təqibinə xitam verilməsi barədə rəsmi qərar hazırlayarkən isə əvvəlki həkim rəyini unudur, bu dəfə qərara yazır ki, onun həbsdən buraxılmasına səbəb odur ki, guya H.Səfərov “Texnikabank”ın Bakı filialına qoyulmuş vətəndaş əmanətlərini mənimsəmişdir(?) və indi onun həyat yoldaşı tərəfindən “Texnikabank”a əmanət qoymuş bir neçə nəfərin mənimsənilmiş əmanətlərinin qaytarılması üçün həmin 2 milyon dolları onlara ödənilmişdir... Nə qədər gülməli, saxta və saxta olduğu qədər də oyuncaq bir istintaq!
***
Xatırladaq ki, H.Səfərov bu cinayət işində zərərçəkmiş kimi tanınmışdır. Onun ayrı-ayrı şəxslərdən alınaraq V.Ələkbərova verilmiş 2 milyon dollar pulu və digər maddi əmlakları özünə qaytarılmalıdır.

MTN general Mövlam Şıxəliyev “Bərəkət İnşaat”ın sahibindən 1 milyon manat rüşvəti necə tələb edib?

Cinayət işində zərərçəkənlərdən biri də “AQ İnşaat”, “İnşaatçı”, “ABM EV”, “Bərəkət İnşaat” MMC-lərin sahibi Qurbanov Akif Teymur oğludur. “İttiham Aktı”ndan aydın olur ki, Akif Qurbanovun “Texnikabank” ASC-nin İdarə Heyətinin sədri Etibar Əliyevlə yaxın münasibətləri olmuşdur. O, 18.10.2012-ci ildə “Buta Palace”də bir toy mərasimində olarkən 1990-cı illərdən tanıdığı MTN-nin Baş İstintaq İdarəsinin rəis, general Mövlam Şıxəliyevlə rastlaşır, ondan dostu Etibar Əliyevin MTN-də aparılan cinayət işi ilə maraqlanır... Bu zaman Mövlam Şıxəliyev Etibar Əliyevin ünvanına nalayiq söyüşlər işlədəndə Akif Qurbanov ona sərt cavab qaytarır, “Bu sənin vəzifənə, şəxsiyyətinə yaraşmır” deyir... Bu hadisədən 2 gün sonra-20 oktyabr 2012-ci ildə MTN-nin Rövşən adlı müstəntiqi Akif Qurbanova zəng edərək onu Mövlam Şıxəliyevin şöbə rəisi Vüsal Ələkbərovun yanına çağırır... A.Qurbanov 21 oktyabr 2012-ci ildə qardaşı Münasib Qurbanovun ofisində olur, oradan dostu Məhəmməd Məmmədovun maşını ilə MTN-ə gedir... Burada olduqca aqressiv qarşılanan Akif Qurbanovu, nəhayət, MTN-də Baş İstintaq İdarəsinin rəis müavini Təhsin Ağayev qəbul edir, ona açıq şəkildə bildirir ki, “Rəis Mövlam Şıxəliyev tapşırdı ki, sən təcili olaraq 1 milyon dollar gətirməlisən…”. Akif Qurbanov burada şantajla qarşılaşır, ona deyirlər ki, “Sən dövlət əleyhinə işləyirsən, Etibar Əliyevi müdafiə etmək üçün adam yığırsan, mitinq keçirirsən” və sair... Akif Qurbanov isə bildirir ki, onun “Texnikabank”la bağlı hər hansı cinayəti yoxdur, sadəcə, kredit götürüb mənzil tikintisinə sərf edib, krediti də vaxtında qaytarıb, ona görə də bir manat da verməyəcək... Nəhayət, bu təzyiq və təhdidlərə dözməyən Akif Qurbanov 2013-cü ilin yanvarında Vüsal Ələkbərova zəng edərək pulu topladığını bildirir, 1 milyon manat pulu “Briz-L” Klinikasının qarşısında ona vermişdir...
***
Zərərçəkmiş Akif Qurbanov Mövlam Şıxəliyevlə üzləşmə zamanı ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiqləmişdir...
- Kazımov Nizami Firudin oğlundan hədə-qorxu ilə 2.000.000 ABŞ dolları rüşvət necə alınıb?
- Bəs Mədətov Elşən İsmayıl oğlundan hədə-qorxu ilə 250.000 ABŞ dolları rüşvəti hansı bəhanə ilə alıblar?
-Qurbanov Mehrac Qurban oğlundan hədə-qorxu ilə alınan 200.000 ABŞ dolları rüşvət kimə çatdırılıb?
- Rzayev Namil Heydər oğlundan hədə-qorxu ilə alınmış 500.000 ABŞ dolları rüşvətdən Mövlam Şıxəliyevin xəbəri olubmu?
- Sultanov Bahəddin Abdulla oğlundan hədə-qorxu alınmış 370.000 ABŞ dolları rüşvətin tapşırığı kimdən gəlib?
- Salahov Müsənnif Hilal oğlundan hədə-qorxu ilə 600.000 manat rüşvətin alınması necə sənədləşdirilib?
-Qurbanov Akif Teymur oğlundan hədə-qorxu ilə 1.000.000 manat məbləğində əmlakın hədə-qorxu ilə tələb edilib alınmasında Baş İstintaq İdarəsinin rəisi, general Mövlam Şıxəliyevin rolu necə olub?


Paylaş:


Müəllif : Tarix:
10-01-2017, 12:31
  
loading...