reklam
» » Əbülfəs Qarayev buna müdaxilə etməlidir - PROBLEM

reklam

Əbülfəs Qarayev buna müdaxilə etməlidir - PROBLEM

 
Yay fəsli gələn kimi hər kəs işdən uzaqlaşıb sakit guşələrə çəkilmək, təbiət qoynunda dincəlmək istəyir. Belə hər kəs əvvəlcə cibinə baxır, dincəlmək üçün bir məkan seçib üz tutur həmin məkana. Kimisi xarici ölkələrə üz tutur, kimisi isə elə ölkəmizin səfalı bölgələrinə.

Ancaq təəssüflə qeyd etmək lazımdır ki, yay fəsli gələn kimi ölkəmizdəki istirahət mərkəzlərinin qiyməti xarici ölkələrinkindən heç də geri qalmır. Hətta başqa ölkəyə gedib dincəlmək daha sərfəli olur, belə deyə bilərik. Ümumiyyətlə, iyul-sentyabr aylarında bölgələrə turist axını güclü olur. Bu aylarda bölgələrdə hotellərdə, hətta fərdi evlərdə yer tapmaq problemə çevrilir, qiymətlər isə ceyran belinə qalxır. Rayonlara üz tutanlar arasında xarici turistlərlə yanaşı, yerli turistlər də üstünlük təşkil edir.

Biz də 4 nəfərlik bir ailənin Azərbaycanın hansısa bir rayonunda dincəlməyinin neçəyə başa gələcəyi ilə maraqlandıq. İlk olaraq turizm şəhəri hesab olunan Şəkidəki qiymətləri araşdırdıq. Məlum oldu ki, burada ən ucuz hotel “Karvansaray”, ən bahalı yer isə “Marxal” hesab olunur.

Şəki şəhəri Turizm İnformasiya Mərkəzinin direktoru Nəsib İmaməliyev bayram ərəfəsində turist çoxluğundan hotellərdə yer olmadığını, ancaq indi boş yer tapmağın nisbətən mümkün olduğunu bildirdi: “Bayram günlərində turistlər həddən artıq çox idi. Turistlər arasında Şəkiyə üz tutanlar daha çox ərəblər və almanlardır. Hazırda da Şəkiyə turist axını davam edir. Məndə olan məlumata görə, iyul, avqust və sentyabr aylarında turist axını daha çox gözlənilir. Bayram ərəfəsində qiymətlərdə bir az artım vardı. Amma indi əvvəlki qiymətlərdir. Şəkidə fərdi evlərin bir nəfər üçün bir günlük səhər yeməyi daxil, qiyməti evin qurulundan asılı olaraq 8-15 manat arasında dəyişir. Hotellərə gəlincə isə ən ucuz hotel "Karvansaray" hesab olunur. Burada bir nəfər üçün bir günlük qiymətlər otağın növündən asılı olaraq 20-50 manat arasında dəyişir. Ən bahalı yer isə ”Marxal" hesab olunur. Burada bir nəfərin bir gün qalmasının qiyməti 170 manatdır. Elə turistlər var ki, deyirlər ki, biz sırf Azərbaycan ailəsində qalmaq, adət-ənənələri görmək istəyirik. Elə adamlar da var ki, ev sahibəsi olmadan tək qalmaq istəyir. Bu zaman evlərin qiymətində 2-3 manat fərq olur".

Fərdi evlərin qiymətinin bir nəfər üçün bir gününün yalnız səhər yeməyi daxil olmaqla, ən ucuz ev variantını, yəni gününün 10 manatdan olduğunu hesablasaq, bu, 4 nəfərlik bir ailəyə 40 manata, bir həftə qalmaq isə 280 manata başa gələcək. Ən lüks evin isə gününün 15 manat olduğunu nəzərə alıb hesablasaq, 4 nəfərlik bir ailəyə bunun 60 manata, 1 həftə qalmağın isə 420 manata başa gəldiyini görərik. “Marxal”da 4 nəfərlik bir ailənin bir gün qalması 680 manat, 1 həftə qalması isə 4760 manata başa gələcək. Bu, yalnızca qalmağın qiymətidir. Gəzmək, haradasa oturub nələrsə yemək, çay içmək, əyləncə yerlərinə getməyin qiymətlərini hələ hesablamırıq.

İsmayıllı rayonunda, İlisu kəndi yaxınlığında yerləşən “Green House” ailəvi istirahət mərkəzində bir nəfər üçün bir günlük qiymətlər isə kotec seçimindən asılı olaraq 60 -120 manat arasında dəyişir. İsmayıllıda 4 otaqlı günlük evlər 70 manatdır. İsmayıllı rayonunda yerləşən “Qaya” istirahət mərkəzində isə bir kottec 4 nəfər üçün nəzərdə tutulub və burada qiymət 1 nəfər üçün 120 manatdır. Hoteldə isə qiymətlər fərqlidir. Bir yataq, bir də qonaq otağı olan nömrə üçün 80 manat, yalnız bir otağı olan nömrə üçün isə 60 manat ödəmək lazımdır. Bu qiymətlərə bir günlük qalmaq və səhər yeməyi daxildir. Xaçmaz rayonu, Nabran qəsəbəsində yerləşən “Palma” İstirahət Mərkəzində isə səhər yeməyi daxil olmaqla, bir nəfərin qalması 60 manata başa gələcək. Gündə 3 dəfə yemək yemək istəsəniz o zaman günə 100 manat ödəməli olacaqsınız.

Qeyd edək ki, bölgələrdə istirahətə getmək istəyirsinizsə, gərək ən azı 1 həftə əvvəldən yer rezerv edəsiniz. Əks halda, gedib qalmağa yer tapmaya bilərsiniz. Təbii, bundan istifadə edən fərdi evlər isə qiymətləri bir az da bahalaşdıra bilər. Bəs qiymətlərin bu qədər yuxarı olması nə ilə əlaqədardır?

“FlyTravel” turizm şirkətinin direktoru Mamed Əliyev bölgələrdəki istirahət mərkəzlərindəki bahalaşmanın səbəbinin dollarla əlaqədar olaraq xarici ölkələrə üz tutanların sayının azalması ilə əlaqədar olduğunu dedi: “Dollar baha olduğuna görə bu il Antalya turları bahadır. Ona görə də ora üz tutanların sayı azalıb. Düzdür, gedənlər də var. Ancaq əksəriyyət daxili turlara üz tutur. Ölkəmizə gələn xarici turistlər də çoxdur. Yəni tələbat var. Misal üçün, Nabranda bir gecə qalmaq 40 manatdır. Ölkəmizə ərəb, iranlı turistlər də çox gəlir. Onlar daha çox Quba, Şəki, Qəbələ tərəflərə gedib qalırlar. Bu sezonla bağlı iş olduğuna görə də 1-2 ay nə işləyib qazandılarsa, odur. Hazırda tələbat çoxdur, buna görə də qiymətlər yüksəkdir”. \\musavat.com\\


Paylaş:


Müəllif : Tarix:
4-07-2017, 10:59
  


loading...
Загрузка...