reklam
» » Elçin Quliyev niyə hədəfə gətirilir? - Generala qarşı hücümların pərdəarxası

Elçin Quliyev niyə hədəfə gətirilir? - Generala qarşı hücümların pərdəarxası

Avqustun 3-də Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin “Mercedes-Gelandawagen” markalı avtomobillə törətdiyi və iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ətrafında başlanmış müzakirələr səngimək bilmir.
Nail Allahverdiyevin artıq həbs olunmasına baxmayaraq, təkcə sosial şəbəkələrdə yox, ölkənin ən önəmli media resurslarında belə, özü də ölkənin ən populyar siyasətçiləri səviyyəsində qızğın polemikalar, deyişmələr, qarşılıqlı ittihamlar günbəgün artır. Açıq-aşkar görünür ki, bu hadisəyə baxışda tərəflər iki cəbhəyə bölünüblər: bir tərəf nəvənin harın davranışlarında onun valideynlərini, xüsusən də babası Əli Həsənovu suçlu sayır və onun cəzalandırılmasının gərəkliliyini vurğulayır, digər bir qism isə Əli Həsənovun müdafiəsinə qalxaraq, ona qarşı ittihamlara cavab verirlər…
Əlbəttə, bu prosesdə hər iki tərəfi haqlı göstərən arqumentlər də az deyil.
Əvvəla, Nail Allahverdiyevin bu sayaq böyüməsində və dəbdəbəli həyat tərzi sürməsində, şübhəsiz, onun valideynlərinin böyük mənəvi məsuliyyət payı var və məhz valideynlərinin, o cümlədən babası Əli Həsənovun vəzifəsinin gücü hesabına yaradılan imtiyazlı həyat sayəsində, o, bu cür “çərçivəsiz” böyüyüb, yaşayıb və indi də həyatın ədalət divanının biçdiyi cəzanı çəkməyə məhkumdur.
Ancaq eyni zamanda, bu prosesdə baş vermiş faciədən birbaşa Əli Həsənova qarşı media və sosial şəbəkələrdə “qara piar” kampaniyasının başladılması üçün istifadə edildiyi faktı da ortadadır…
İşin daha ilginc və bizim də diqqətimizi çəkən digər mühüm tərəfi isə getdikcə bu prosesə başqa bir nüfuzlu vəzifə sahibinin – Nail Allahverdiyevin qayınatası, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin adının da süni şəkildə qatılması və hücumların ağırlıq mərkəzinin də tədricən məhz ona tərəf yönləndirilməsi cəhdləridir.
Baxmayaraq ki, Elçin Quliyevlə Əli Həsənov yenicə – cəmisi 1 ay əvvəl qohum olublar və bu haqda da mətbuatda məlumat gedib, ancaq Nail Allahverdiyevin törətdiyi qəzaya görə indi sosial şəbəkələrdə “vəzifədən çıxarılması tələb edilən məmurlar” sırasında Əli Həsənovla yanaşı, Elçin Quliyevin də adı çəkilməyə başlayıb. Halbuki Elçin Quliyevin özünün 4 övladı olsa da, indiyədək bir dəfə də olsun onların adları mənfi planda hallanmayıb. Əksinə, qısa epizodlarda qızlarının olduqca nəcib və tərbiyəli gənclər kimi böyüdükləri, onlardan birinin – Aliyənin yüksək balla “ADA” Universitetinə, oğlu Məhəmməd Quliyevin isə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olduğu qeyd edilib, vəssalam.
Bununla belə, general Elçin Quliyevin adının bu hadisə ətrafında medianın gündəminə gətirilməsi və az qala, Nailin tərbiyəsinə cavabdeh əsas fiqur kimi təqdim edilməsi faktı ortadadır və bu da səbəbsiz deyil…
Qeyd edək ki, Strateq.az-ın əməkdaşı bu mövzuda araşdırma apararkən, DSX rəisinə qarşı yazılanların heç də təkcə jurnalistlərin və müxalif kəsimin marağından qaynaqlanmadığı, əksinə, işin arxasında konkret maraqlı qüvvələrin durduğu haqda mötəbər mənbələrdən sensasiya sayılacaq məlumatlar əldə edib.
Bu məlumatlarda deyilir ki, əslində media vasitəsi ilə DSX rəisinə qarşı hücumların təşkili qəzadan əvvəl planlaşdırılıbmış və hətta bir neçə sayta elə həmin gün Elçin Quliyevin yaxın vaxtlarda vəzifəsindən uzaqlaşdırılacağı barədə informasiya da ötürülübmüş, ancaq kürəkəninin keçirdiyi qəza, bir növ, DSX rəisinə hücum üçün lap “göydəndüşmə” olub: “Söylədiklərimi yoxlamaq üçün araşdırma aparsanız, görərsiniz ki, qəzadan 4-5 saat əvvəl bir neçə saytda Dövlət Sərhəd Xidmətinin Müdafiə Nazirliyinə birləşdiriləcəyi və Elçin Quliyevin də vəzifəsini itirəcəyi xəbəri yayıldı. Üstəlik, xəbərdə o da vurğulanırdı ki, guya, Elçin Quliyevdən prezidentə və vitse-prezidentə şikayətlər edilib və o, məhz bu şikayətlərin “təsdiqlənməsi” səbəbindən yaxın vaxtlarda işdən çıxarılacaq… Elə bu xəbərlərin yayıldığı axşam da bu qəza oldu və ertəsi gün Nailin Əli Həsənovun nəvəsi və Elçin Quliyevin kürəkəni olması faktı media manşetlərini “bəzədi”, sonra da sosial şəbəkələr vasitəsi ilə Prezidentdən Nailin qohumları olan hər iki şəxsin cəzalandırılması tələb edildi…”
Onu da qeyd edək ki, mənbənin general Elçin Quliyevin hədəf seçilməsinin səbəbləri haqda söylədikləri də xeyli düşündürücüdür və Azərbaycan Silahlı Qüvvələrində cərəyan edən bəzi hadisələrə işıq salmaq baxımından çox əhəmiyyətlidir: “Azərbaycan həm xaricdən, həm də daxildən kritik bir mərhələyə daxil olur. Bu mərhələnin tələblərini, xüsusən də xarici güc mərkəzlərinin Azərbaycana mümkün təzyiqlərini nəzərə alan Prezident İlham Əliyev yaxın gələcəkdə daha çox özünün irəli çəkdiyi, sədaqətlərinə, etibarlarına əmin olduğu generalların Silahlı Qüvvələrdə əsas mövqeləri tutmasına çalışır. Ancaq hakimiyyət içərisində bir əli xaricin ətəyində olan müəyyən qüvvələr var ki, onun bu istəyinə əlaltdan maneçilik törətməyə can atır, prosesi sabotaj etməyə, üzərində durula biləcək mümkün “milli kadr”ları ləkələməyə, ictimai rəydə hörmətdən salmağa çalışırlar. Bu gün adı hədəf seçilən DSX rəisi Elçin Quliyev də prezident İlham Əliyevin xeyli güvəndiyi, sədaqəti sınaqdan çıxarılmış və qarşıdakı dönəmdə üzərinə böyük yük qoyulacaq gənc və ən perspektivli generallarından sayılır. O, Azərbaycanın Ali Hərbi Məktəbinin yetirməsidir, yəni, necə deyərlər, Silahlı Qüvvələrimizdəki azsaylı “milli kadr”lardandır. Hətta Səfər Əbiyev vəzifədən çıxarıldıqdan sonra Müdafiə naziri postuna ən real namizəd idi. Ancaq 2013-cü ildə maraqlı qüvvələr çox məharətlə bu prosesin qarşısını almağa müvəffəq oldular. İndi də DSX sədrinin mövqeyinin getdikcə gücləndiyini görüb, eyni ssenariləri təkrar işə salıblar…”.
Mənbəmizin dediyinə görə, Prezident İlham Əliyevin son 3 ay ərzində DSX ilə bağlı verdiyi fərman və sərəncamlar, qanunvericiliyə edilən əlavə və dəyişikliklər general Elçin Quliyevə yüksək etimadın göstəricisi olmaqla yanaşı, həm də prezidentin bu qurumu gücləndirmək istəyindən qaynaqlanır: “Ötən ilin “Aprel hadisələri” Azərbaycan Silahlı Qüvvələrinin zəif və güclü tərəflərinin öyrənilməsi üçün həm də yaxşı test idi. Bildiyim qədərilə, 4 günlük savaş zamanı özünü kifayət qədər doğruldan qurumlardan biri DSX olub. Bu qurumun korrupsiyaya qurşanmaması, mükəmməl hərbi-texniki təchizatı, müasir hərbi texnologiyaya yiyələnmək və onu operativ idarə etmək bacarığını ortaya qoyması, digər qurumlarla çevik və təhlükəsiz əlaqəni təmin etməsi, yüksək nizam-intizamı ölkə rəhbərliyinin də diqqətini çəkib və artıq son 3 ayda həm qanunvericilikdə, həm də strukturda edilən əsaslı dəyişikliklərlə DSX səlahiyyət və funksional baxımından xeyli genişləndirilib və gücləndirilib. Faktiki, DSX indi düşmənlə təmas nöqtələrində Müdafiə Nazirliyinə paralel, onun gücünə güc qatacaq mühüm bir güc strukturuna çevrilib, tərkibindəki komandanlıqların sayı artırılıb, onlara əlavə səlahiyyətlər verilib və s. Görünür, Dövlət Sərhəd Xidmətinin bu cür “böyüməsi” Silahlı Qüvvələrimizdəki “köstəbək”ləri və onların bağlı olduqları çevrələri ciddi narahat edir. Əmin olun ki, general Elçin Quliyevin adını mənfi planda ictimai rəyə sırımaq istəyənlər də məhz həmin “köstəbək”lər və onların arxasında duranlardır… ”.
Qeyd edək ki, mənbəmiz DSX-da həyata keçirilən və Silahlı Qüvvələrimizin gücünə güc qatan yeniliklərlə bağlı bizə daha detallı informasiyalar verib və növbəti günlərdə bu haqda oxucularımıza ətraflı bəhs edəcəyik.


Paylaş:


Müəllif : Tarix:
15-08-2017, 09:06
  
loading...