» » Nazirlik Şıxov sakinlərinin müraciətinə REAKSİYA VERDİ - Karxanaların yaratdığı toz dumanı...

Nazirlik Şıxov sakinlərinin müraciətinə REAKSİYA VERDİ - Karxanaların yaratdığı toz dumanı...

Az əvvəl redaksiyamıza müraciət edən Şıxov sakinlərinin gileyi ilə bağlı informasiyanı diqqətinizə təqdim etmişdik. Qeyd edək ki, sakinlər daş karxanalarının fəaliyyətindən narazılıq edirdilər.

Bununla bağlı DİA.AZ-a reaksiya verən Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirdilər ki, nazirlik bu kimi şikayətlərə əvvəllər də rast gəlib və dəfələrlə əhalinin narazılıqları ilə bağlı büvafiq tədbirləri görüb.

Konkret şikayətə gəlincə isə, ETSN-dən bildirildi ki, sözügedən ərazidə yerləşən karxanalar keçən əsrin 60-ci illərindən və tam qanunlara uyğun şəkildə fəaliyyət göstərir: "Bu şikayələ bağlı bizim nazirliyin "qaynar xətti"nə də anoloji şikayət daxil olub. Bildirək ki, həmin ərazidə "Şahinbağ" əhəngdaşı yatağı yerləşir. 60-cı illərdən istismar olunur. Ərazidə 1 MMC olsa da, 3 ərazidə istismar işləri həyata keçirilir ki, onlar da qanunvericiliyə uyğun qaydada fəaliyyət göstərən mişar daşı karxanalarıdır.

Problemin əslində əsas səsəbi son illərdə inşa olunan evlərin karxanaların sərhədlərinə qədər yaxınlaşmasıdır. Normativdə isə yaşayış yerləri ilə karxanalar arasında mühafizə zolaqları saxlanılmalı idi. Amma nədənsə yeni yaşayış yerlərinin salınmasında bu faktor nəzərə alınmayıb".

Nazirlikdən DİA.AZ-a verilən açıqlamada o da vurğulandı ki, amma buna baxmayaraq yenə də ETSN olaraq mütəmadi şəkildə karxanalara müvafiq xəbərdarlıqlar edilir. Onlara küləkli havada işləməmək və işlər görüldüyü zaman sulama prosedurlarını qaydasında həyata keçirmək tövsiyyə olunur".

Xatırladaq ki, DİA.AZ-a yazan şikayətçilər bildirirdilər ki, Şıxov ərazisində yerləşən daş karxanalarının fəaliyyət zamanı yaratdığı toz dumanlarından giley edirdilər: "Belə ki, Şıxov ərazisində yerləşən və hər birinin arxasında konkret bir məmurun dayandığı daş karxanalarının havaya buraxdığı toz dumanı təkcə evlərimizin, zar-zor yetişdirdiyimizin ağacları, qurutmaq üçün sərdiyimiz paltarları toza qərq etmir, həm də həyatımızı qaraltmaqdadır. Həmin toz dumanında nəfəs almaq olduqca çətindir. Nəfəsimiz kəsilir. Artıq uşaqlarımızda bunun ciddi fəsadları yaranıb. Biz dia.az vasitəsilə Əmək və əhalinin sosial müdafiəsi Naziri Səlim Müslümovdan və Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovdan xahiş edirik ki, yaşayış yerləri ilə iç-içə olan həmin daş karxanalarının bağlanması üçün addım atsın. Yoxsa bu gün minlərlə vətəndaşın səhhətində ciddi problemlər yaranacaq".

Nazirlikdən isə dia.az-a bildirdilər ki, hətta yeni yaşayış yerlərinin qanunlara uyğun formada salınmamasına rəğmən yenə də ETSN mütəmadi olaraq ərazidə monitorinqlər həyata keçirir və əhalini narahat edə biləcək hər hansı faktın qarşısının öncədən alınması üçün müvafiq addımları atmaqdadır.


Paylaş:


Müəllif : Tarix:
21-08-2017, 15:23
  
loading...