» » Sabah Məhərrəm ayı başlayır

Sabah Məhərrəm ayı başlayır

1 Məhərrəm yeni qəməri ilin ilk günüdür. Müsəlmanlar ikinci xəlifə dövründə və Həzrət Əlinin (ə) təklifi ilə İslam Peyğəmbərinin Məkkədən Mədinəyə hicrətini İslami tarixin və təqvimin başlanğıcı olaraq qəbul edib. Məhərrəm ayı özünəməxsus xüsusiyyətləri və həcc ziyarətinin sonu olması, eləcə də son haram ay olması etibarı ilə qəməri təqvimin ilk ayı olaraq müəyyənləşdirilib. Müsəlmanlar üçün yeni qəməri ilinin başlaması və məhərrəm ayının gəlməsi İmam Hüseynin (ə) qanlı və əbədi qiyamını xatırladır.

İslam tarixində məhərrəm ayı bu ayın onuncu günündə yaşanan Aşura hadisəsi ilə inteqrasiya olunub. Bu hadisənin üstündən əsrlərlə vaxt keçsə də, hələ də haqq və həqiqət arxasınca olanların yolunu işıqlandırmağa davam edir. Qəməri ilinin 12 ayının ilk ayını məhərrəm adlandırmağın səbəbi, cahiliyyət dövründə bu ayda döyüşməyi haram bilmələrinə görədir. Bu cür adlandırmanın məqsədi insanların bir biri ilə döyüşməkdən əl çəkməsi, cəmiyyətdə ümumi təhlükəsizlik və əmin-amanlığın hakim olması idi.

Qurani-Kərimin bəzi təfsir alimləri isə ilin dörd ayında müharibəni haram elan etmək sünnəsinin Həzrət İbrahim (ə) dövründə genişlənməyə başladığını qeyd edirlər. Bu qanun cahiliyyət dövründə də bir ənənə olaraq yerini qorudu və İslam dini də bu ənənəni təsdiq edib. Müharibənin haram elan edilməsi əslində uzun müharibələrə son qoymaq və sülhün, əmin-amanlığı təmin etməyin yollarından biri idi. Çünki döyüşçülər ilin dörd ayında silahları yerə qoyaraq düşünmək fürsəti tapır və həmçinin müharibənin sona çatdırılması üçün vasitəçilik etmək qüvvəsi tapırlar. Amma təəssüf ki, zalım Əməvi sülaləsi bu ayda Peyğəmbər ailəsinin qanını axıtmaq və Kərbəla faciəsinə imza atmaq surəti ilə bu ayın hörmətini qırdı.

İslam Peyğəmbərinin pak nəvələrindən olan İmam Rza (ə) məhərrəm ayı haqqında belə buyurmuşdur: "Cahiliyyət dövründə bu ayların hörməti üçün müharibə aparılmırdı, ancaq qəməri 61-ci ilin məhərrəm ayında bizim gənclərimizin qanını axıtdılar və hörmətimizi qırdılar, uşaqlarımızı və qadınlarımızı əsir etdilər, çadırları yandırdılar, taladılar və Allah Peyğəmbərinin sülaləsinin hörmətini sındırdılar."

Qəməri 61-ci ildə və İslam Peyğəmbərinin vəfatının üstündən 50 il keçdiyi bir vaxtda hakimiyyətin zülm və despotizmi və xalqın laqeydliyi üzündən İslam dini, Qurani-Kərim yox olmaq təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. O tarixdə İmam Hüseyn (ə) son səmavi dini yenidən bərpa etmək üçün qiyam etdi.

İmam Hüseyn (ə) Həzrət Fatimə (s.ə) və Həzrət Əlinin (ə) övladı və İslam Peyğəmbərinin nəvəsi idi. Allah rəsulu İmam Hüseyn (ə) haqqında, "Hüseyn məndən, mən də Hüseyndənəm" şəklində buyurmuşdur. İmam Hüseyn (ə) başladığı qiyamla bütün bəşəriyyətə azadlıq və izzətli həyat dərsi verdi, qanı ilə İslam ağacını suvardı və yatmış vicdanları oyatdı.


Paylaş:


Müəllif : Tarix:
21-09-2017, 09:03
  
loading...