reklam
» » Ülvi Mansurovun “Azərpoçt”dan istefasına dair yeni iddialar - yeyinti ittihamı

reklam

Ülvi Mansurovun “Azərpoçt”dan istefasına dair yeni iddialar - yeyinti ittihamı

“Azərpoçt” MMC-nin baş direktoru Ülvi Mansurovun vəzifəsindən istefa verməsi ilə bağlı xəbərlərə hələ də rəsmi reaksiya yoxdur. Xəbərdə qeyd olunurdu ki, Ü. Mansurov öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşıb, baş direktor vəzifəsinin icrası isə müvəqqəti olaraq Sübhan Kazımova həvalə olunub.

Ülvi Mansurov “Azərpoçt” MMC-yə rəhbər vəzifəsinə bu ilin mart ayında gətirilmişdi. Bu vəzifəyə gətirilməzdən öncə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini, həmçinin “Texnikabank”ın İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

“Yeni Müsavat”a daxil olan məlumata görə, əslində Ülvi Mansurov “Azərpoçt”a rəhbər vəzifəsinə gətirildikdən sonra öz işindən razı qalmayıb. Bildirilir ki, Mansurov bu sahəyə yad adam olub. Ona görə də poçt sahəsində, Qəmbər Bəybalayevdən qalan qarışıq sistemdə çalışa bilməyən Mansurov hələ daha əvvəl istefa vermək qərarına gəlib. Hətta məlumata görə, o, vəzifəyə təyin olunduqdan bir müddət sonra işini tərk edib. Lakin sonradan geri qayıdıb. Oktyabrın 1-dən etibarən isə Mansurov ərizə yazaraq qəti şəkildə istefasını verib.

“Azərpoçt”un adı daha öncə “MTN işi” məsələsində çox hallanmışdı. Məlum olduğu kimi, “MTN işi” əsnasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (İndiki Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) çalışan xeyli sayda yüksək vəzifəli şəxslər korrupsiya faktı üzrə istintaqa cəlb olunmuşdu. Nazirlikdəki korrupsiya ilə bağlı həbs olunanlardan biri də “Azərpoçt” MMC-nin keçmiş baş direktoru Qəmbər Bəybalayev idi. İstintaq sənədlərinə əsasən, Qəmbər Bəybalayev ifadəsində deyib ki, ona qarşı irəli sürülən mənimsəmə ittihamları üzrə özünü təqsirli bilmir. Çünki nazirliyin rəhbərliyi “Azərpoçt” MMC üzərindən pulların 35 faizlik “otkat” və xərclərin şişirdilməsi yolu ilə mənimsənilməsini təşkil etsə də onun özü həmin pullardan pay götürməyib.

İstintaqda nazirliyin hazırda həbsdə olan aparat rəhbəri Vidadi Zeynalov da demişdi ki, “Azərpoçt”dan əsasən ayda 30 min manat olmaqla, “haqq” alırdı və pulların 5 faizini də Bəybalayevə verirdi.

Bütün bu ifadələr göstərir ki, “Azərpoçt”da nə qədər böyük oyunlar oynanılıb. Məlumata görə, məhz bu hadisələrdən sonra yaranmış mühitdə Mansurov işləmək istəməyib.

Əldə etdiyimiz məlumata görə, “Azərpoçt”da sistemin yenilənməsi ilə bağlı xəbərlər dolaşsa da əslində konkret addımlar atılmayıb. Planlaşdırılıb ki, “Poçt-Bank” adlanan bank yaradılsın. Bu bank rayonlar da daxil olmaqla, pul köçürmək, kredit ödəmək və digər bu kimi əməliyyatları həyata keçirəcəkmiş. İş ingilis mütəxəssislərə tapşırılıb. Lakin hələ ki bununla bağlı da heç bir konkret iş görülməyib. Mənbəmiz bildirib ki, hələ keçmiş nazir Nadir Əhmədovun dövründə buna bənzər bank yaradılması planlaşdırılıb. Bankın yaradılması üçün pul da ayrılsa da, korrupsiya əməlləri nəticəsində bu pul da aidiyyəti üzrə xərclənməyib. Hazırda da bu məsələ ilə bağlı istintaq işinin davam etdiyi bildirilir.

Bütün bunlara baxmayaraq, “Rabitə işi” üzrə korrupsiya və irihəcmli mənimsəmə ittihamı ilə həbs edilən yüksək vəzifəli şəxslərin bir çoxu azadlığa buraxılıb. Azadlığa buraxılmayanların isə cəzaları xeyli azaldılıb. Məhkəmə bu qərarını onların dövlətə vurduqları zərəri bütünlüklə ödəmələri ilə əsaslandırıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən “Rabitə işi” üzrə təqsirləndirilən şəxslərin hamısından 119 milyon 468 min pulun müştərək qaydada alınaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına keçirilməsi haqqında qərar qəbul edilmişdi. Bu zərərin ödənməsindən sonra nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq direktoru Beytulla Hüseynov və onların yaxınlarına məxsus xeyli sayda əmlakın üzərindən həbs götürülüb.

Xatırladaq ki, V.Zeynalov da daxil olmaqla, iş üzrə həbs edilən 10-dan yuxarı şəxsdən əlavə, Bakı və rayonların rabitə qurumlarından həmin şəxslərə bağlı onlarla insan işdən çıxarılıb. Onların arasında rayon rabitə qurumlarının rəislərindən tutmuş, mühəndislərə qədər çoxsaylı işçilər var.


Paylaş:


Müəllif : Tarix:
30-11-2017, 09:31
  


loading...
Загрузка...