reklam
» » Ağdaşda 12 yaşlı uşağın intiharıyla bağlı YENİ VERSİYA — "İnternet kluba gedirmiş..."

Ağdaşda 12 yaşlı uşağın intiharıyla bağlı YENİ VERSİYA — "İnternet kluba gedirmiş..."

"Uşaq Ləki qəsəbəsində məktəbdə oxuyurdu. Qəsəbədə məscid var. Uşaq həmin məktəbə gedib dini biliklər alırdı. Amma başqa dini təriqətlərin təsirinə düşməkdən söhbət gedə bilməz. Ləkiylə Nehrəxəlil kəndi yaxın olduğu üçün uşaq ora gedirmiş".
Bu fikirləri "Ölkə.Az"-a açıqlamasında Nehrəxəlil kənd icra nümayəndəsinin müavini Ayaz Kərimov 2005-ci il təvəllüdlü kənd sakini Adıgözəlov İsmayıl Çingiz oğlunun ötən gün özünü asaraq intihar etməsinə münasibət bildirərkən səsləndirib.

A.Kərimov bildirib ki, İ.Adıgözəlovun dostları və sinif yoldaşlarıyla bu barədə danışıb:

"Sinif yoldaşları, dostlarıyla dünən danışmışam. Onların dediyinə görə, İsmayıl boş vaxtında axundun yanına gedirmiş. Günortaya qədər məktəbdə oxuyurmuş, həftədə üç dəfə də dini təhsil alırmış. Axund Abdulxaliq Ağammədov onlara quran dərsləri keçirdi. Orada hansısa təriqətin təsirindən söhbət getmir".

A.Kərimov istisna etmir ki, 12 yaşlı uşağın intiharına yaxınlıqdakı internet kluba getməsi də səbəb olub:

"Uşaqlar deyir ki, boş vaxtlarında yaxınlıqdakı internet kluba gedirmiş. Ola bilsin ki oradan da təsir alıb".

Qeyd edək ki, Adıgözəlov İsmayıl Çingiz oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. Onun intihardan əvvəl yazdığı məktub tapılıb. Məktubda qeyd edilir ki, o, ailə üzvlərindən bacısının toy mərasimini ləngitməməyi istəyir:

"Peyğəmbərimin yanına gedirəm. Mənə görə bacımın toy mərasimini ləngitməyin. Bacımın oğlu olsa İsmayıl, qızı olsa Zəhra adı verin".

Əməkdaşımız sözügedən axundla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyevayla əlaqə saxlayıb. O, bu barədə yalnız qurumun elektron ünvanına rəsmi məktub göndərildikdən sonra cavab verə biləcəyini söyləyib.

Xatırladaq ki, faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
 


Paylaş:


Müəllif : Tarix:
5-12-2017, 12:14
  
loading...