reklam
» » Hacı Məmmədov niyə gizli şəkildə dəfn olundu...

Hacı Məmmədov niyə gizli şəkildə dəfn olundu...

Dekabrın 3-də müalicə olunduğu Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsindəki kamerasında asılmış meyiti aşkar olunan Hacı Məmmədovun ölümü ilə bağlı söz-söhbətlər heç şübhəsiz ki, xeyli müddət davam edəcək. Adam oğurluqları, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş sabiq polkovnik-leytenant Hacı Məmmədovun günlərin birində müəmmalı şəkildə öləcəyini ehtimal edənlər az deyildi.

2015-ci il dekabrın 20-də Bakı İstintaq Təcridxansında saxlanıldığı kamerada MTN-in Antiterror Mərkəzinin (ATM) rəis müavini vəzifəsində çalışmış polkovnik İlqar Əliyevin asılmış meyiti aşkar olunmuşdu. Ekspertiza rəy vermişdi ki, İlqar Əliyev boğularaq dünyasını dəyişib. Həmin vaxt Penitensiar Xidmətdən belə açıqlama verilmişdi ki, İlqar Əliyev mələfəni boynuna dolayıb, bir ucunu da kameranın pəncərəsindəki dəmir barmaqlığa bağılayıb və özünü asıb. 2 il sonra bir neçə gün fərqlə adı İlqar Əliyevdən də artıq məşhur olan digər arestant - Hacı Məmmədov da eyni şəkildə həyatla vidalaşdı. Bəs niyə Penitensiar Xidmət rəhbərliyi İlqar Əliyevdən sonra kameralardakı pəncərələrdən məhkumların asılması üçün əlverişli şəraiti aradan qaldırmayıb?

İlqar Əliyevi də əvvəlcə ata yurdunda - Göyçayda dəfn edəcəkləri anons edilmişdi. Sonradan isə belə olmadı. Onu “Qurd qapısı”ndakı qəbiristanlığın əldən, ayaqdan uzaq bir yerində dəfn etdilər.

Hacı Məmmədovu da əvvəlcə ata-anasının dəfn edildiyi Saray qəsəbəsindəki qəbiristanlıqda basdırmaq istəyirdilər. Ailəsindən də dəfnin Saray qəbiristanlığında baş tutacağı deyilirdi. Amma belə olmadı. Hacı Məmmədovu gizli şəkildə başqa bir qəbiristanlıqda dəfn ediblər.

Hacı Məmmədov ölümündən əvvəl asılıb, yoxsa sonra?

Azərbaycanda bu suala dəqiq cavab verə biləcək məhkəmə tibb ekspertləri var. Yetər ki, həmin ekspertlərə gördükləri işi sərbəstcəsinə yerinə yetirmək və gəldikləri nəticəni bölüşmək üçün rəyə köçürmələrinə imkan verilsin. Ölümlə əlaqəli cinayət işlərinin araşdırılmasında məhkəmə tibb ekspertlərinin rəyləri müstəsna rol oynayır. Müasir məhkəmə təbabəti ölümlə əlaqəli sualların böyük əksəriyyətinə dəqiq cavab verə bilir. Hacı Məmmədov kamerasında boğazından asılmış vəziyyətdə aşkar olunub. Belə hallarda ibtidai istintaqın araşdırdığı əsas suallardan biri də odur ki, şəxs özünü asıb, yoxsa ölümündən sonra onu asıblar?

Bunun üçün məhkəmə tibb ekspertləri meyiti müayinə edərkən mərhumun boyununda yaranan stranqulasiya şarimına xüsusi diqqət verirlər. Əgər şəxs özünü asıbsa, onun boyununa keçirilmiş kəndirin, mələfənin, məftilin ilgəyi əsasən onun boynunun ardından üzü yuxarı istiqamətlənir. Boyununda kəndirin sıxılması nəticəsində damarlarının şişkinliyi nəzərə çarpır. Və ən əsası həmin hissədə qansızmalar olur. Bu, qan dövranı zamanı əmələ gələn təzyiqin nəticəsində kəndirin sıxdığı hissədən keçən damarlarda yaranan keçməzlik üzündən yaranan şişkinlik, qansızma şəkilində meydana gəlməsidir. Bu simptomlar asılmış vəziyyətdə aşkarlanan şəxsin boynuna ilgək keçrilənə qədər sağ olmasını söyləməyə əsas verir. Yəni adam asılmazdan əvvəl sağ olub, ürəyi çırpınıb.

Belə deyilsə, asılmış vəziyyətdə aşkar olunan şəxsin boynunda qansızmalar, damarların şişkinliyi olmayıbsa, deməli, şəxsi əvvəlcə öldürüblər, sonra isə cinayətin izlərini itirmək üçün asıblar. Hacı Məmmədovun ölümü ilə bağlı veriləcək rəydə “nə yazılacaq” sualı hələlik açıqdır. İlqar Əliyevin ölümündən sonra cinayət işinin xitam olunması faktı ortalıqda olduğundan nəticənin necə olacağını da indidən təxmin etmək çətin deyil.

Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nəsimi rayon şöbəsinin rəisi Ceyhun Allahverdiyev Hacı Məmmədovun meyitinin müayinəsindən danışarkən deyib ki analizlər götürülüb: “Meyit müayinə olunub, lazımi analizlər götürülüb və Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon Şöbəsinə təhvil verilib. Meyiti mən müayinə etmişəm. Mərhumun ağciyərində şiş var idi. Bunun xərçəng xəstəliyi olub-olmadığını deyə bilmərəm. Hazırda analizlərin cavablarını gözləyirik. Cavab gələndən sonra onun tam xəstəliyi və nədən dünyasını dəyişdiyini açıqlayacağıq. Analizlərin cavablarını alandan sonra xəstəlikləri dəqiqləşəcək və bu barədə ictimaiyyətə açıqlama verəcəyik”.

Hacı Məmmədovun gizli dəfn olunmasının səbəbini onun əməllərində axtarmaq lazımdır. Niyə ailəsi onun valideynlərinin uyuduğu məzarlıqdan kənar bir məkanda dəfninə razılıq verib?

Bu sualın cavabına gəlincə, onun xeyli adamın həyatını qaraltması ilə izah olunur.

1995-ci il sentyabrın 19-da Bakıda “Azərmebelsənaye” konserninin prezidenti Nazim Paşayev və onun sürücüsü Natiq Abbasovu oğurlamışdılar. Bu, Hacı Məmmədovun bandasının ilk adam oğurluğu işi idi. Hər halda, istintaq sənədlərində belədir. Oğurluqdan sonrakı 2 ay ərzində H.Məmmədov N.Paşayevin qardaşları ilə danışıq aparmış, onlardan 500 min dollar pul tələb etmişdi. N.Paşayevin qardaşları 120 min dollar toplayıb H.Məmmədova vermək istəsələr də, məbləğin azlığı H.Məmmədovu qane etməmişdi. Nazim Paşayevi, sürücüsü Natiq Abbasovu Xızı rayonundakı meşəyə aparıb orada güllələmişdilər.

1997-cı ildə Cavid Manafovu oğurlayıb, ailəsini intizarda qoymuşdular. Həmin vaxt xəbəri eşidən Manafovun nənəsinin ürəyi dözməyib ölmüşdü.

Hacı Məmmədovun dostluq etdiyi Vaqif Qədimovun oğlu İlham Qədimzadənin oğurluğundan sonra atası tələb olunan məbləği ödəmək istəməmişdi. Oğlunun qulağının bir hissəsini ona göndərəndən sonra isə tələbi yerinə yetirmişdi. Belə cinayətlərin altına imza qoymuş birinin məzar yerinin hamının bildiyi bir məkanda olması heç də uyğun məsələ deyil. Azından ona görə ki, oğurlanan, Hacı Məmmədovun dəstəsinə daxil olan killerlərin öldürdüyü şəxslərin yaxınları bu gün də sağdır. Bu adamların içindəki qisas almaq istəyinin ötən illər ərzində səngiməsinə kimsə qarantiya verə bilməz. Hacı Məmmədov həbsdə olduğu illərdə ona əlləri yetmirdi. İndi isə onun nişanəsi olan qəbri tikiləcək və bütün qəzəb selinin həmin qəbirə yönələ biləcəyini ehtimal etmək çətin deyil. Bu baxımdan onun qəbir yerinin gizli saxlanılması başadüşüləndir.

Hacı Məmmədovun ölümünü istəyənlər vardı?

2005-ci ildə “Qara kəmər” əməliyyatı keçiriləndən sonra üzə çıxdı ki, Eldar Mahmudov bu əməliyyatdan daha çox öz məqsədlərinə çatmaq üçün istifadə edir. H.Məmmədovu gah DİN-in Cinayət Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirovun, gah da sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin üzünə qoydular. Sonradan isə H.Məmmədova hökm oxundu və E.Mahmudov onu 10 ildən artıq tam qanunsuz olaraq MTN-in istintaq təcridxanasında faktiki olaraq girov kimi saxladı. E.Mahmudov vəzifədən çıxarılandan dərhal sonra H.Məmmədov vəkil tutub danışmaq istədiyini bəyan etdi. Düzdür, ona bu imkanı tanımadılar. E.Mahmudovun vəzifədən çıxarılmasından 2 ildən artıq müddət ötsə də, H.Məmmədov faktiki olaraq yenə də MTN-də saxlanıldığı illərdəki kimi “məhbəs içində məhbəsdə” saxlanılırdı. Onun danışmaması, bildiklərini ortaya çıxarmaması üçün sanki tədbirlər görülürdü. H.Məmmədov dünyadan getdi, özü ilə torpağın altına bildiyi sirləri də apardı. Amma nə vaxtsa onun bildiklərinin ortaya çıxması da istisna deyil...

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov 2005-ci il martın 10-da artıq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib. H.Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib.

2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib. Z.Nəsirovun cəzası bu ilin mart ayında 15 illik cəza ilə əvəz edilib və cəzasının çəkilməmiş hissəsi bağışlanaraq azadlığa buraxılıb. \\musavat.com\\


Paylaş:


Müəllif : Tarix:
6-12-2017, 09:21
  
loading...