reklam
» » "AXA MBASK" qanunun tələblərinə tam əməl etmir - Sığortaçılığa yeni baxış, yoxsa...?

reklam

"AXA MBASK" qanunun tələblərinə tam əməl etmir - Sığortaçılığa yeni baxış, yoxsa...?

Bu gün ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin bir qismi "İcbari sığortalar haqqında" Qanunun tələblərinə tam şəkildə əməl etmir, sığortaçının savadsızlığından, qanunları yetərincə bilməməsindən yararlanaraq və ya müqavilələri sadə vətəndaşların başa düşəcəyi dillə tərtib etməməklə üzərlərinə düşən öhdəliklərdən boyun qaçırmağa çalışırlar. Halbuki sığortaçı ilə sığorta şirkəti arasında müqavilənin bağlanmasının əsas məqsədi gözlənilməz hadisələr baş verən zaman risklərin azaldılmasına xidmət etməkdir.

Düzdür, bir neçə il öncə ilə müqayisə apardıqda bu gün sığorta bazarında müəyyən canlanma müşahidə olunur, sığorta şirkətlərinin bu sahədə mövcud olan neqativ halların bir hissəsini aradan qaldırdıqlarının şahidi oluruq. Lakin buna rəğmən, hələ də sığorta müqaviləsinin tərtib olunması, sığorta ödənişinin verilməsi, həmçinin sığorta şirkətlərinin operativliyi ilə bağlı ciddi nöqsanlar qalmaqdadır. Buna misal olaraq, bu sətirlərin müəllifinin üzləşdiyi problemi qeyd edə bilərik.

Belə ki, bir neçə gün öncə, daha dəqiq desəm, mart ayının 3-də 2010-cu ilin istehsalı olan "Nissan Tiida" markalı avtomobil aldım və onu adıma keçirmək məqsədiylə Baş Dövlət Yol Polisi İdarəsinə üz tutdum. İdarədə zəruri sənədləri təqdim etdikdən sonra avtomobilimin dövlət qeydiyyat nişanını dəyişməklə, onu adıma keçirdim. Baş Dövlət Yol Polisi İdarəsində bildirdilər ki, sözügedən avtomobilin icbari sığorta müqaviləsində maşının köhnə nömrəsi qeyd olunduğundan bu barədə sığorta şirkətinə məlumat verib, müqavilədə zəruri dəyişiklik etməliyəm. Əks halda dövlət yol polisi əməkdaşları tərəfindən cərimələnə, icbari sığorta müqaviləsi qüvvədə olmadığı üçün radara düşə və ya mənim günahım ucbatından qəza baş verərsə, problemlə üzləşə bilərəm. Odur ki, dərhal sahibi olduğum avtomobilin dövlət qeydiyyat nişanının dəyişdirilməsi ilə bağlı sığorta şirkətinə - "AXA MBASK" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinə məlumat verdim. Telefonla əlaqə saxladıqda qarşı tərəf sahibi olduğum nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ön və arxa hissəsinin fotoşəklini çəkib "WhatsApp" vasitəsiylə onlara göndərməyimi xahiş etdi. Məhz bu cür də etdim. Həmçinin bildirdim ki, yaxın günlərdə rayona getməliyəm, magistral yollarda isə quraşdırılan radarlar və ya yol polisi əməkdaşları sığorta müqaviləsinin qüvvədə olmaması səbəbindən mənə cərimə tətbiq edilə bilər. Bu səbəbdən də prosesin bir qədər tez həyata keçirilməsini xahiş etdim.

Məsələnin maraqlı tərəfi ondadır ki, adıçəkilən sığorta şirkətinin əməkdaşı xahişimi nəzərə alıb problemin ən qısa zamanda həll olunacağına dair söz versə də, proses nə az, nə çox düz bir həftəyə yekunlaşdı. Halbuki bu iş o qədər də qəliz proses olmadığından təxminən, 3-5 dəqiqə vaxt aparır. Bunun üçün sadəcə "AXA MBASK" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə 11.07.2017-ci il tarixdə bağlanan və hələ müddəti bitməmiş 34J4VT5U2G37E nömrəli icbari sığorta müqaviləsində avtomobilin dövlət qeydiyyat nişanını - 90KH274 yenisi ilə əvəz etmək lazım idi. Lakin bu sadə proses düz bir həftə vaxtımı aldı. Bu müddət ərzində təbii ki, cərimələnəcəyimdən ehtiyat etdiyim üçün rayona səfərimi təxirə saldım, yol hərəkəti qaydasını pozmasam belə, DYP əməkdaşlarını gördükdə istər-istəməz həyəcanlanırdım. Şükürlər olsun ki, martın 3-dən bu yana heç bir qəza hadisəsinə səbəb olmamışam. Əks halda kiminsə avtomobilinə zərər vursaydım bütün maddi məsuliyyət üzərimdə qalacaqdı...

Gördüyünüz kimi, məhz bu faktın özü "Sığortaçılığa yeni baxış" devizi ilə fəaliyyət göstərən "AXA MBASK" sığorta şirkətinin "İcbari sığortalar haqqında" Qanunun tələblərinə tam əməl etmədiyini, üzərinə düşən vəzifəni operativ şəkildə həyata keçirmədiyini deməyə əsas verir. Halbuki sözügedən qanunun 8-ci maddəsində deyilir ki, icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Müvafiq əmlakla bağlı bu Qanunla nəzərdə tutulmuş icbari sığorta təminatının əldə edilməsi barədə icbari sığorta müqaviləsi bağlanmışdırsa, bu Qanunun Xüsusi hissəsində başqa cür nəzərdə tutulduğu hallar istisna olmaqla, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, bu Qanunun 8.4-cü maddəsi nəzərə alınmaqla, müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda bu Qanunla sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya istifadəçisinə şamil edilir. Yəni bu, o deməkdir ki, 90KH274 dövlət nömrə nişanlı avtomobilin sığorta müqaviləsi həmin nəqliyyat vasitəsi qeydiyyat nişanını dəyişdirdikdə belə, qüvvədədir. Təbii ki, əgər 1 illik müddət tamam olmayıbsa. Qeyd etdiyim kimi, "AXA MBASK" sığorta şirkəti isə bu prosesi düz bir həftəyə yekunlaşdırdı.

Bu arada, onu da nəzərinizə çatdıraq ki, sığorta mübahisələri ilə məşğul olan ekspertlərin fikrincə, buna bənzər məqamlar əksər sığorta şirkətlərində müşahidə olunur. Ən acınacaqlı hal isə avtomobilə dəymiş ziyanı sığorta şirkətindən almaq istəyərkən, yəni sığorta ödənişi zamanı yaşanır. Belə ki, bir sıra sığorta şirkətləri müxtəlif bəhanələr gətirməklə dəymiş ziyanın az bir hissəsini ödəməyi təklif edirlər. Bu isə haqlı olaraq vətəndaşların narazılığına səbəb olur. Bu kimi halların qarşısını almağın yollarından danışan mütəxəssislər hesab edirlər ki, sığortalı - avtomobil sahibi mütləq müqavilə qaydalarından və şərtlərindən xəbərdar olmalıdır. Bunun üçün isə vətəndaş sığorta şirkəti ilə arasında bağlanan müqaviləni sonunadək oxumalıdır. Düzdür, bu gün əksər müqavilələr bir neçə səhifədən ibarət olsa da və xırda şriflərlə tərtib edilsə də, hər bir avtomobil sahibi sonradan əlavə problemlərlə üzləşməmək üçün səbrlə həmin müqaviləni diqqətlə incələməlidir. Çünki bəzi sığorta şirkətləri müştərilərinə öz mənafelərinə uyğun şəkildə müqavilə hazırlayıb təqdim edirlər. Odur ki, bunun qarşısını almağın yeganə yolu müqavilələri sonadək oxumaqdır.

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Hurriyyet.org
 


Paylaş:


Müəllif : Tarix:
10-03-2018, 10:41
  


loading...
Загрузка...