reklam
» » Əhməd Vəliyevin “qələminin qırılmasının” sensasion təfərrüatı - İlginc iddialar

reklam

Əhməd Vəliyevin “qələminin qırılmasının” sensasion təfərrüatı - İlginc iddialar

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılması 2015-ci il oktyabrın 17-nə təsadüf etdi. Elə zamanda ki, ölkədə parlament seçkiləri ili idi. Noyabrın 7-də Milli Məclisə seçkilər təyin olunmuşdu. MTN ləğvi və generalların həbsi ilə nəticələnən bu səs-küylü əməliyyat təkcə mahmudovçulara yox, parlament seçkilərinə də təsirini göstərdi. Çünki MTN şefinin siyahısından namizədliyi irəli sürülən adamlar parlamentə buraxılmadı.

Ajiotaj olmasın deyə...

Sirr deyil ki, Azərbaycanda iri fiqurların, yüksək çinli məmurların deputat siyahısı var. Hər bir nazirin öz siyahısından 3-5 namizəd parlamentə buraxılıb. E.Mahmudovun siyahısı üzrə də üç namizəd deputatlıqdan məhrum oldu. Onlardan birinin tanınmış siyasətçi olduğu iddia edilirdi. Başqa bir namizəd Çingiz Əsədullayev idi ki, mandatı ləğv olundu. Üçüncü namizədin isə 2015-dək deputat olmuş “Odlar Yurdu” universitetinin rektoru, “Muğanbank” sahibi Əhməd Vəliyev olduğu iddia olunur. “Gündəm-Xəbər”in media üzərindən yaydığı məlumatlarda bildirilir ki, E.Mahmudovun siyahısı uzundur və onlardan bəziləri MM-də mandat sahibidir. Sadəcə, hakimiyyət Ç.Əsədullayevin mandatının ləğvi, siyasətçinin buraxılmaması və Ə.Vəliyevin də parlamentə düşməməsinin ardınca istəmədi ki, ajiotaj yaransın, MTN şefinə yaxın şəxslərin kütləvi şəkildə “vurulduğunu” medianın gündəminə gətirsin. Ona görə də bəziləri deputat olaraq qaldı və bu, onların sonuncu çağırışıdır. Yəni, iqtidar 2020-ci il seçkilərində həmin deputatları Milli Məclisin həndəvərinə buraxmayacaq. Bu barədə bir qədər sonra, indisə gəlin Ə.Vəliyevin deputatlıq yolunun necə bağlanmasına nəzər salaq:

Bank və təhsil dükanı bağlanır

Əvvəla, keçmiş biznesmen-deputat Əhməd Vəliyevin biznesi çökür. Sabiq millət vəkilinin rəhbəri olduğu “Muğanbank” və “Odlar Yurdu” universiteti yaxın gələcəkdə fəaliyyətini dayandıra bilər. Ə.Vəliyev erasının bitdiyini iddia edən mətbuat qeyd edir ki, ali məktəbin “Təfəkkür” universitetinin taleyini yaşayacağı, bankın da “Zamin bank”, “Bank Standart”ın aqibəti ilə üzləşəcəyi gözləntisi var. Məlumatlara görə, təhsil sektorunda gedən islahatlar və adı rüşvətə bulaşmış, karton diplom istehsal edən təhsil ocaqları qapadılır, devalvasiyadan çökən, kredit verməkdən başqa işi olmayan bankların lisenziyası ləğv olunur. Bu tendensiyanın davamı olaraq Ə.Vəliyevin biznes şəbəkəsi iflas edir. Sabiq millət vəkili Əhməd Vəliyevə bağlı olan təsisatların da bu mənada başı üzərini qara buludlar alıb. Əhməd Vəliyevin birbaşa nəzarətində olan "Odlar Yurdu" Universiteti və "Muğanbank" əvvəlki etimadını itirdiyindən ciddi risklərlə üz-üzədir.

Şərikli bankın arxası...

“Gündəm-Xəbər” yazır ki, indiki halda nə "Odlar Yurdu" Universitetinə, nə də "Muğanbank"a qarşı hansısa təzyiqlərin olduğunu iddia etmək doğru olmazdı. Adıçəkilən hər iki qurumda işlərin "axsaması" sadəcə olaraq Əhməd Vəliyevin adının arzuolunmaz olaylarda hallanmasıdır ki, bu da istər-istəməz həm "Odlar Yurdu" Universitetində, həm də "Muğanbank"da problemlərin yaranması ilə müşaiyət olunur. Məlum "dollar ajiotajı" fonunda digər bankların fəaliyyətində də müəyyən problemlər yaranıb. Amma "Muğanbank"dakı problemlər miqyasına görə digərlərindən fərqlənir. İndi həm dollar ajiotajı, həm də bankın sahibi Əhməd Vəliyev haqda heç də xoş olmayan iddiaların səslənməsi "Muğanbank"a müştəri etimadını sıfıra endirib. Əhməd Vəliyevin formalaşan yeni parlamentdə təmsil olunmaması etimadsızlıq mühitinin formalaşmasında böyük rol oynayıb. Adıçəkilən bank keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla "Odlar Yurdu" Universitetinin rektoru Əhməd Vəliyevin şərikli müəssisəsidir. Onların "Muğanbank"dakı işlərini isə Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovla, Əhməd Vəliyevin kürəkəni, eyni zamanda "Muğanbank"ın Müşahidə Şurasının sədri Elmir Mehdiyev həyata keçirib.

Səhmlər hər şeyi deyir

“Gündəm-Xəbər” qeyd edir ki, səhmdarların bankın nizamnamə kapitalında payı bölməsində payçıların adları göstərilir. Mehdiyev Elmir Maqbet oğlu - 63,50 % (Ə.Vəliyevin kürəkəni, eyni zamanda bankın Müşahidə Şurasının sədri - red.), Vəliyeva Vəfa Əhməd qızı - 12,05 % (Əhməd Vəliyevin qızı - red.), Mehdiyev Maqbet Rəhim oğlu - 13,10% (Ə.Vəliyevin qudası, Tibb Universitetinin dosenti, biologiya elmləri namizədi - red.) Mehdiyeva Fəridə Cahandar qızı - 11.35 % (Ə.Vəliyevin qudası - red.) Yeri gəlmişkən, Ə.Vəliyevin sahibi və rəhbəri olduğu Odlar Yurdu Universitetinin bank hesabları da bu bankdadır. Beləliklə, aydın olur ki, "Muğanbank" Əhməd Vəliyevin hansı açıqlama verməsindən asılı olmayaraq ona və ailə üzvlərinə məxsusdur. Təbii olaraq, həm universitetin, həm bankın lisenziyasının ləğvi aktualdır. Onların “Muğanbank”dakı işlərini isə Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovla, Əhməd Vəliyevin kürəkəni, eyni zamanda “Muğanbank”ın Müşahidə Şurasının sədri Elmir Mehdiyev həyata keçirib. Bankın əsas himayədarı və biznes ortağı sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov olub. Elə adıçəkilən bankın idarəçiliyində də əsas söz sahibləri onların yaxın qohumları - Eldar Mahmudovun köməkçisi, eyni zamanda əmisi oğlu Vüqar Mahmudov və Əhməd Vəliyevin kürəkəni Elmir Mehdiyev söz sahibidirlər. İddia edilir ki, sabiq MTN şefinin “qara pulları” məhz bu bank tərəfindən realizə edilirmiş.

Hansı deputatlar siyahıdadır?

“Gündəm-Xəbər” qeyd edir ki, iqtidarın MTN bandasına bağlı icra hakimləri ilə bərabər bəzi deputatları da araşdırması xəbəri yayılıb. Parlamentdə mahmudovçu deputatların kimliyi haqda müfəssəl bilgilər toplanıb və onların növbəti seçkilərdən məhrum edilməsi qərara alınıb. Eyni zamanda deputatlardan - Nəriman Əliyev, İqbal Məmmədov, Rüfət Quliyev və başqaları barəsində mediada iddialar yayılıb. Habelə, Hacı Salayevin, Əsabil Qasımov və digərlərinin Mahmudovun seçdirdiyi deputatlar arasında adı keçib. Mahmudovun projesində “kölgə kabineti” olub və sıraya bir çox məmur-deputat kontingenti daxil imiş. İddia olunur ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə tabe olmuş icra hakimiyyəti strukturları araşdırılır. Bu strukturlar arasında Eldar Mahmudova boyun əymiş, onunla əməkdaşlıq etmiş, tapşırıqlarını icra etmiş və MTN xətti ilə icra başçısı vəzifəsinə təyin olunmuş məmurlar təftiş edilir. Onların siyahısı hazırlanır və Prezident Administrasiyasına təqdim olunacaq. E.Mahmudovun biznes şəbəkəsi - "AG Bank", "Crystal Plaza" Holdinq, "Crystal Motors", "TOS OİL", "Anar OİL", "Jaguar Motors", "Range Rover Motors", "Maseratti Motors", "İndigo" MMC, Bakı şəhərində 6 dənə tikinti şirkəti, "Turac" və "Xankəndi" restoranları, ölkəyə daxil olan brilliant və qızıl məmulatlarının, eləcə də mobil telefonların monopoliyası, spirtli içki mağazaları, brend saat butikləri olub. Bu biznes şəbəkələrinin deputatlara da əlaqəsi olduğu ortaya çıxıb.

Əhməd Vəliyev kimdir?

Qeyd edək ki, Vəliyev Əhməd Abdulkərim oğlu 29 noyabr 1946-cı ildə Qazax rayonunun Alpout kəndində anadan olub. 1964-cü ildə orta məktəbi bitirərək həmin ili Azərbaycan Dövlət Universitetinin “Mexanikariyaziyyat” fakultəsinə daxil olub. Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun riyaziyyat kafedrasında laborant, baş laborant, laboratoriya müdri, müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 1990-1997-ci illərdə Bakı Sənaye-Pedaqoji texnikumunun direktoru vəzifəsində işləyib. 1995-ci ildə direktoru olduğu texnikumun bazasında Odlar Yurdu Universitetini yaradıb. Əhməd Vəliyev: Fizika-riyaziyyat elmləri namizədi, Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru (Ph.D), Fizika-riyaziyyat üzrə Elmlər doktoru elmi dərəcələrini və Dosent, Professor elmi adlarını alıb. Amerika Riyaziyyatçıları Cəmiyyətinin və Nyu-York Elmlər Akademiyasının üzvü Sosial və pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür. Əhməd Vəliyev yeni təhsil texnologiyalarının tətbiqindəki nailiyyətlərinə görə Fransa İqtisadiyyatına Yardım Assosasiyasının qızıl medalına layiq görülüb. İxtisası üzrə əllidən çox elmi məqalə, bir elmi monoqrafiya, onlarla dərslik və dərs vəsaitinin, eyni zamanda möhtərəm prezidentimiz cənab İlham Əliyevin hələ prezident olmadığı zamanda onun gələcək siyasi taleyi təkcə Azərbaycan üçün yox, dünya siyasi arenasında tutacağı yüksək mövqe, qazanacağı uğurlar haqqında proqnoz verdiyi siyasi publisistika janrında yazılmış “Bəsirət ünvani” adlı kitabın müəllifidir. Kitab latın və ərəb qrafikası ilə Azərbaycan dilində, Prezident seçkiləri qabağı 2003-cü ildə ingilis dilində çap olunub. Bundan başqa Azərbaycanın birinci xanımı, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva haqqında “Adının sahibi” kitabının da müəllifidir. Əhməd Vəliyev III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.


Paylaş:


Müəllif : Tarix:
1-03-2017, 09:32
  


loading...
Загрузка...