reklam
» »  “Azərenerji”nin qəpiklərdən qazandığı milyonlar

reklam

 “Azərenerji”nin qəpiklərdən qazandığı milyonlar

“Azerenerji”yə borcunu ödəməsi üçün böyük məbləğdə vəsait ayrılır. 2018-ci ilin dövlət büdcəsindən “Azerenerji” ASC-yə 81,4 milyon manat vəsait ödəniləcək. Bu, “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, “Səngəçal” modul tipli elektrik stansiyasının yaxınlığındakı sahədə tikintisi nəzərdə tutulan 385 kilovatlıq istilik elektrik stansiyası üçün avadanlıqların satınalınmasının həyata keçirilməsi və bununla bağlı texniki dəstəyin göstərilməsi ilə əlaqədar imzalanmış müqavilələr üzrə Finlandiyanın “Wartsila” şirkəti qarşısında yaranmış öhdəliyə görə qalıq borcun ödənilməsi ilə əlaqədar “Azerenerji” ASC-nin nizamnamə kapitalının artırılması üçün 81,4 milyon manat vəsait yönəldiləcək.

Məlumdur ki, dövlətin maliyyə imkanları əvvəlki kimi deyil. Neftin qiymətinin 2 dəfədən çox enməsi maliyyə vəsaitlərinə qənaət etmək məcburiyyətini yaradıb. Həmçinin dövlət investisiya xərcləri də azaldılıb. Belə bir vəziyyətdə bütün istiqamətlərdə maliyyə vəsaitlərinin xərclənməsində səmərəliliyi artırmaq əsas məqsəd olmalıdır. Amma görünən odur ki, dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətindəki səmərəsizlik bu məqsədə çatmağı imkansız edir. Bu cür fəaliyyətlə ölkədə nə sahibkarlıq fəaliyyəti genişlənər, nə biznes və investisiya mühitinin əlverişliliyi artar, nə də rəqabət qabiliyyəti formalaşar.

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə təəssüflə bildirib ki, uzun müddətdir Azərbaycanda xidmət sahələri dövlətin monopoliyasında saxlanılır: “Bunu xidmət sahələrinin vətəndaşlara güzəştli xidmət etməsi ilə izah edirlər. Bu səbəbdən bu xidmət sahələrinə dövlət büdcəsindən vəsait ayrılır. Bəlkə də “Azərenerji”də əhaliyə olunan güzəştlər o qədər yüksəkdir ki, rentabelli işləyə bilmir. Amma məsələ burasındadır ki, “Azərenerji” şirkət olaraq qeyri-rentabelli işləyə bilməz. Çünki hazırda ölkədə ən çox enerji istehsalı mazut və qazın üzərinə düşür. Bu da həmin şirkətə dövlət tərəfindən güzəştli qiymətlərlə satılır. 1 kiloqram mazutdan alınan enerji təxminən 60-70 qəpik civarındadır. Halbuki həmin mazut “Azərenerji”yə 10 qəpiyə satılır.

Şirkət maya dəyərindən 5 qat artıq vəsait qazanır. Onun aldığı xammalla istehsal etdiyi məhsulun dəyəri arasında dəfələrlə fərq var ki, bu zaman da şirkəti qeyri-rentabelli işləyə bilməz. Təəssüf ki, bu şirkətlərdə həm korrupsiyaya, həm də vəsait israfçılığına yol verilir. “Azərenerji”nin və digər qurumların hökumətə təqdim etdiyi hesabatdan da aydın olur ki, səmərəsiz işləyirlər. Yaranmış xərclərini belə bağlaya bilmirlər. “Azərenerji”də bir fəhləyə 3-4 müdir düşür. Buna nə ehtiyac var? Həm “Azərenerji”də, həm Neft Şirkətində, eləcə də digər xidmət sektorlarında ifrat sayda iş yerləri açıblar ki, onlar həmin qurumlara lazım deyil. İsrafçılığın qarşısını almağın bir yolu var, bütün xidmət şirkətləri özəlləşdirilməlidir. Şirkət arxayın olmamalıdır ki, dövlət ona dotasiya verəcək”.

İqtisadçı hesab edir ki, dövlətə məxsus xidmət sahələrində korrupsiya, vəsaitin gizlədilməsi halları mütləqdir: “Özəl şirkət kommersiya sistemində işləyir. Rəhbəri başda olmaqla hər bir nümayəndə şirkətin qeydinə qalır. Şirkətdən oğurlamaq yox, qazandırmaq prinsipi öndə gəlir. Hesab edirəm ki, bütün xidmət sahələri özəlləşdirilməlidir. İnanıram ki, bu zaman həmin şirkətlər rentabelli fəaliyyət göstərə bilər. Son nəticədə xidmətin keyfiyyəti daha yüksək olar. Bu istiqamətdə Azərbaycanda təcrübə də var. Azərbaycanın enerji sistemini fəaliyyəti dayandırılmış “Barmek” şirkətinin rəhbəri Hüseyn Arabul düzəltdi. Bu iş adamını sonra şərləyərək ölkədən qovdular. Əgər xidmət sektorunun hissələrini xarici şirkətə satmaq istəmirlərsə, o zaman ölkə daxilində ixtisaslaşmış şirkətlər yaradıb bu işi onlara həvalə etmək lazımdır.

Sözsüz ki, Azərbaycanda xidmət sektoru ilə məşğul olmaq istəyən sahibkarlar var. Bir sahəni bir sahibkarın monopoliyasına vermək əvəzinə, bir sektorda bir neçə iş adamının fəaliyyət göstərməsinə imkan yaradılmalıdır. Bu zaman rəqabətli mühit formalaşar, abonentlərin də seçim imkanları artar. Azərbaycan dövlət büdcəsi də bu yükdən azad olar. İndiki tariflərlə Azərbaycanda bu xidmətləri həyata keçirən şirkət rentabelli işləyə bilər. Sadəcə, hansısa maraqlar o şirkətləri dövlətin monopoliyasında saxlayır. Hökuməti inandıra biliblər ki, o şirkətlər özəlləşdirildiyi halda özünü doğrultmayacaq, əhaliyə xidmət göstərə bilməyəcək, kəsirləri yaranacaq və sair. Guya bu da sosial problemlərə aparıb çıxaracaq. Halbuki həmin xidmət sektorlarının hamısı özəlləşsə, özlərini indikindən daha yaxşı idarə edərlər, büdcədən də asılı olmazlar”.

“Dotasiya alan bir təşkilatın ofisi nəyə görə Avropa standartlarına uyğun olmalıdır?”

Akif Nəsirlinin sözlərinə görə strateji xidmət qurumları lazım olmadığı halda işçilərin sayını artırır, abonentlə razılaşmaya gedib sayğacdan kənar elektrik enerjisi satırlar: “Bu isə onlara əlavə gəlir qazandırır. Hər yerin sayğaclaşdırılması, eləcə də oğurluğun olmaması barədə deyilən fikirlərin hamısı yalandır. O zaman “Azərenerji”yə daxil olan enerji ilə satdığı enerji arasındakı fərq haradan yaranır? Həm enerjini oğurlayırlar, həm də gələn vəsaiti izafi istiqamətlərə xərcləyirlər. Yerləşdikləri binaları daha müasir formada yenidən qurular. Dotasiya alan bir təşkilatın ofisi nəyə görə Avropa standartlarına uyğun olmalıdır? Əgər dövlət büdcəsindən dotasiya alırsa, həmin qurum bir vaqonda yerləşdirilməlidir. Ta ki, öz vəsaitləri hesabına şərait qurmaq imkanları olana qədər. Rayonlarda “Azərenerji”nin, “Azərişıq”ın alışıb-yanan ofisləri var. Təbii ki, şirkət özəl olsa, gəlirini-çıxarını hesablayar, öz xərclərinə uyğun addım atar. Büdcə hesabına fəaliyyət göstərən şirkət fikirləşir ki, kəsir qalsa da dövlət ödəyəcək. Bu isə onları arxayın salır”.


Paylaş:


Müəllif : Tarix:
18-06-2018, 09:40
  


loading...
Загрузка...