reklam
» » Təhsil Nazirliyi bu problemi çözə bilmədi... - Narazılıq var

reklam

Təhsil Nazirliyi bu problemi çözə bilmədi... - Narazılıq var

Orta məktəblərin rus bölməsində I siniflərə qəbul hələ də ciddi problem olaraq qalır. Övladlarının rus bölməsində təhsil almasını istəyən valideynlər məktəblərdə boş yer tapmaqda çətinlik çəkirlər. Yeni tədris ilinin başlanmasına isə çox az bir vaxt qalıb. Valideynlərin hələ də üz tutduqları təhsil müəssisələrindən rus bölməsində yerlərin məhdud olduğu bildirilir. Əlacı kəsilən valideynlər məsələni necə yoluna qoyacaqlarını bilmirlər. Bəziləri isə məcburən məktəbəqədər təhsil müəssisəsinin rus bölməsindən gələn övladlarını Azərbaycan bölməsinə yerləşdirir.

Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə bununla bağlı çox sayda şikayətlər gedir, amma problemin həlli ilə bağlı hər hansı dəyişiklik baş vermir. Məsələ burasındadır ki, artıq aidiyyatı qurumlar da problemin ciddiliyini anlayaraq, valideynlərə uşaqlarını Azərbaycan bölməsində yerləşdirmələri üçün çağırışlar edirlər. Maraqlıdır ki, ötən və ondan əvvəlki illərdə bu il kimi sözügedən məsələdə problem yaşanmamışdı. Rus dilində təhsilə bu qədər maraq və ehtiyac nədən irəli gəlir, bunu anlamaq həm asan, həm də çətindir. Təhsil Nazirliyinin bu günlərdə açıqladığı məlumata görə nazirliyə 2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 165 780 uşağın qəbulu ilə bağlı ərizə ilə müraciət edilib. Onlardan 15 032 şagird rus bölmələrində təhsil almaq üçün müraciət edib.

Ekspertlərin fikrincə, problemin kökündə rus bölməsinə kadr çatışmazlığı və nazirliyin vaxtında bu məsələni yoluna qoymamasıdır. Yəni nazirlik vaxtında rus bölməsinə şagird qəbulunun planını düzgün sistemləşdirməli idi ki, bu bölmə üçün kadr çatışmazlığında da hər hansı çətinlik yaranmasın. Bəllidir ki, hazırda 1-ci sinfə qəbul məktəbəhazırlıq qruplarından aparılır. Yəni, uşaqlar məktəbə, uşaq bağçasında məktəbəhazırlıq qrupundan yola salınır. Bu isə nazirliyə imkan verir ki, hər bir bölmə üzrə potensial şagird sayını müəyyənləşdirsin.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov “Cümhuriyət”ə açıqlamasında rayonlarda belə bir problemin olmadığını bildirib.

Qurum rəsmisi fikrini belə izah edib ki, faktiki paytaxtda rus bölməsinə qəbulla bağlı problem hələ də qalmaqdadır. Amma bununla bağlı statistika Bakı Şəhər Təhsil İdarəsindədir. Bakı Təhsil İdarəsi ilə əlaqə yaratmaq isə mümkün olmayıb.

“Karyera” Tədris və Araşdırmalar Mərkəzinin direktoru, tanınmış təhsil işçisi Elşən Qafarovun sözlərinə görə, I siniflərin rus bölməsinə qəbulla bağlı problem aktual olaraq qalır və məcburən uşaqlar Azərbaycan bölməsinə qəbul edilir:

“Səbəb isə odur ki, nazirlik kadr tapa bilmir. Nazirlik əgər hansısa irəliləyişlər, dəyişikliklər ortaya qoymaq fikrindədirsə, rus bölməsi ilə bağlı digər pedaqoji sahələrlə əlaqədar stimullaşdırıcı tədbirlər həyata keçirməlidir. Hazırki vəziyyət ondan ibarətdir ki, problem həll oluna bilmir və süni maneələrlə vətəndaşların rus bölməsinə qəbulunun qarşısı alınır. Guya rus bölməsində yer yoxdur və uşaqlar yalnız Azərbaycan bölməsində təhsil almalıdırlar. Problem öz aktuallığını qoruyur ki, bu da bir və ya iki günün məsələsi deyil. Uşaq var ki, tam olaraq məktəbəqədər hazırlığı rus dilində keçib. Amma indi ciddi bir çətinliklə üzləşib. Nazirlik əslində qısa bir müddət ərzində bu problemi dəyərləndirməli idi. İş görülməyib və ona görə də bu cür narazılıqlar mövcuddur.

Bunun çıxış yolu isə ingilis dilinin ümümtəhsil məktəblərində yaradılmasıdır. Bununla bağlı isə ali məktəblərdə yeni ixtisaslar açmaq olar. Ən çox problem olan şəhərlərdə - yəni Bakı, Sumqayıt və Gəncədə ingilis dili bölməsinin açılmasının vaxtıdır. Dövlət başqa dillərdə tədris bölmələrinin açılamsı ilə bağlı seçim etməlidir. Çünki “Təhsil Haqqında” qanunun 7-ci maddəsi də buna imkan verir. Eyni zamanda isə rus bölməsinə olan tələbatın bir qismini də azaltmış olacaq. Məsələnin digər bir tərəfi də ibtidai sinif müəllimlərinin əməkhaqqının digər pedaqoqlardan fərqli olmasıdır. Bu fərqin olması şərtdir. Çünki ibtidai sinif müəllimi daha çox əziyyət çəkir. Məndə olan məlumata görə Türkiyədə ilk okulda (İbtidai məktəbdə) işləyən müəllimlərinin əməkhaqqı digərlərindən 20 faiz fərqlidir. Bunu təsdiq etmək lazımdır ki, rus bölməsində işləyən müəllimlərin sayı artsın. Hazırda vəziyyəti süni maneələrlə yoluna qoymağa çalışırlar ki, bu da heç bir effekt verməyəcək”.


Paylaş:


Müəllif : Tarix:
17-08-2018, 11:24
  


loading...
Загрузка...