reklam
» » “Səfir özbaşına maliyyə yoxlaması keçirə bilməz” - Sabiq XİN rəhbəri Ukraynadakı diplomatlarımızın pul davasından danışdı

reklam

“Səfir özbaşına maliyyə yoxlaması keçirə bilməz” - Sabiq XİN rəhbəri Ukraynadakı diplomatlarımızın pul davasından danışdı

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə bu ölkədəki sabiq səfirimiz Tələt Əliyev arasındakı qarşıdurma səngimək bilmir. A.Xudiyevin T.Əliyevin 2001-10-cu illərdə səfir olarkən 2,4 milyon yeyintiyə yol verməsi barədə ittiham irəli sürməsi və bununla bağlı Ukraynanın Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğuna müraciət etməsi qalmaqala çevrilib.

Artıq Azərbaycan XİN bu məsələ ilə bağlı araşdırmalara başlayıb. Bu barədə uzun illər Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuş, hazırda Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qalmaqalla bağlı modern.az saytına danışarkən məlumat verib:
 
"Ukraynada keçirilən prezident və parlament seçkilərində iştirak etmişəm. Səfərlər zamanı Tələt Əliyevlə də görüşlərim olub. O, Ukraynanın keçmiş prezidentləri Leonid Kuçma, Viktor Yuşşenko, Viktor Yanukoviçlə, o cümlədən digər yüksək vəzifəli şəxslərlə əlaqələr quran biri olub. Hesab edirəm ki, səfir kimi vəzifəsinin öhdəsindən layiqincə də gəlib. Bir səfir kimi Ukraynada azərbaycanlıların himayədarı, dayağı olub. Ancaq indi Tələt Əliyev səfir olduğu dövrdə, yəni 2008-ci ildə səfirlik binasının təmirinə ayrılmış 2,4 milyon dollar vəsaiti mənimsədiyinə, binanın təmir olunmadığına görə ittiham olunur. Əgər belə bir hal olubsa da, ay yoldaş Azər Xudiyev, səni ora səfir göndəriblər, sən Azərbaycanın səfirisən, Ukraynanın səfiri deyilsən ki... Sən niyə orada Azərbaycanla bağlı məsələ haqda Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakova şikayət edirsən? Demək ki, sənin şikayətin məqsədlidir. Buradan da görünür ki, Azər Xudiyevin bu hərəkətləri şəxsi qərəzlikdir”.
İbrahimov bildirib ki, diplomat, məmur qərəzli olmamalıdır: "Hər şeyə düzgün qiymət verməli və seçməlidir. İndi, ay Azər Xudiyev, sən uzun illər orada çalışmış azərbaycanlı diplomatı aparıb erməni əsilli daxili işlər nazirinin əlinə verirsən ki, bunu məhv elə. Düzünü deyim ki, mən Azər Xudiyevin bu hərəkətlərini bir azərbaycanlı kimi qəbul edə bilmirəm. Mətbuatdan da tanış oldum ki, Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı məsələ Xarici İşlər Nazirliyi tərəfindən araşdırılır. Əgər belə bir hallar olubsa, Azər Xudiyev Azərbaycanın müvafiq orqanlarına məlumat verməliydi. Sənin əgər damarlarında azərbaycanlı qanı axırsa, belə etməməliydin. Hesab edirəm ki, hər bir səfir təmsil etdiyi bölgədə Azərbaycanın güzgüsüdür. O, təmsil etdiyi ölkədə azərbaycanlılarla görüşməli, problemləri ilə yaxından maraqlanmalıdır. Ta aparıb bir azərbaycanlını erməni əsilli daxili işlər nazirinin əlinə verməməlidir. Düşünürəm ki, Xarici İşlər Nazirliyi bu məsələni şəffaf şəkildə araşdıracaq. Mən burada ona görə Tələt Əliyevi müdafiə edirəm ki, onu tanıyıram. Əgər kiminsə bu işdə günahı varsa, cəzasını çəkməlidir. Amma o cəzanı azərbaycanlı verməlidir, erməni yox. Bunu Azər Xudiyev başa düşməli idi. Ona görə də mən belə adamların səfir olmasına təəssüf edirəm. Yəqin ki, Xarici İşlər Nazirliyi gələcəkdə bizim diplomatik korpuslarda çalışan bu cür adamlarla bağlı ciddi tədbirlər görəcək”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Yeni Müsavat”a açıqlamasında bir çox mətləblərin üstünü açdı: "Burada əsas məsələ Xarici İşlər Nazirliyinin indi araşdırmalara başlamasıdır. Görünür, bundan öncə mənimsəmə faktı olmayıb. Demək, səfir özbaşına hansısa nəticələrə gəlib. Orada hansısa nöqsanlar varsa, səfirliklərə aid qurumlar mövcuddur. Onlar qərar çıxarmalı və bunun əsasında səfir bu və ya digər addımlar ata bilər. Azərbaycan səfirliyi üstündə qanunlarımız durur. Ondan irəli gələn addımlar atılır. Əgər yeyinti halları varsa, Azərbaycanın hüquq-mühafizə orqanları bunu araşdırmalıdır. Yeri gələndə o ölkənin yerli hüquq-mühafizə orqanları ilə də əməkdaşlıq qurmaq olar. Səfirlik, sadəcə, buna şərait yaratmalıdır. Bunun üçün Azər Xudiyevin Ukrayna Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciətinə nə gərək var idi? Azərbaycan Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun Xarici Əlaqələr İdarəsi var. Bunların vasitəsilə işlər görülür”.

Sabiq XİN rəhbəri səfirimizin Ukraynanın erməni əsilli daxili işlər nazirinə müraciətinə də mövqe bildirdi: "Burada erməni faktorundan əvvəl qanunlara riayət olunmalıdır. Erməni və ya digər millətin nümayəndəsi olması burada əsas deyil. Əsas olan bizə aid olan hüquqların kiməsə verilməsidir. Dövlətimizə aid suveren hüquqlar var. Nəyə görə sən bu suveren hüquqları kiməsə verirsən? Səfirin də hüquqları var. Amma səfir məhkəmə, müstəntiq ola bilməz. Təəssüflər olsun ki, nazirlikdən gizli şəkildə belə bir addım atılıb. Təlimat yoxdursa, bu çox ciddi bir səhvdir. Tələt Əliyev və Azər Xudiyevin fəaliyyətindəki nöqsanların bu və ya digər şəkildə ictimailəşməsi mümkündür. Xarici İşlər Nazirliyi elə bir qurumdur ki, nöqsanları gərək xidməti imkanlar daxilində araşdırsın və sonra nəticə çıxarsın. Mən hər iki şəxsin yaxşı və ya pis işləmələri barədə nəsə deyə bilmərəm. Bu mənim təbiətimdən də uzaqdır. Bunlar qanunazidd fikirlər də ola bilər. Ciddi yoxlamalardan sonra addımlar atılır. Səfir özbaşına maliyyə yoxlaması keçirə bilməz. Araşdırmalardan sonra Azər Xudiyevin geri çağırılıb-çağrılmayacağı yönündə hər hansı bir fikir söyləyə bilmərəm. Qanuna riayət edərkən bu məsələni qanun çərçivəsində həll etmək lazımdır”.


Paylaş:


Müəllif : Tarix:
8-11-2018, 15:50
  


loading...
Загрузка...