reklam
» » Eldar Əzizovdan gözləntilər - nələri dəyişə biləcək...

reklam

Eldar Əzizovdan gözləntilər - nələri dəyişə biləcək...

Eldar Əzizovun Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı təyin edilməsindən sonra onun bu vəzifədə hansı işlər görəcəyi çoxlarını maraqlandırır.

Məlumdur ki, son illərdə BŞİH-in çoxsaylı səlahiyyətləri əlindən alınıb. 2016-cı ildə prezidentin fərmanı ilə Dövlət Reklam Agentliyi yaradılıb. Fərmanda deyilirdi ki, agentlik ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etmək məqsədilə yaradılıb. Bununla da Bakı şəhərində reklam yerləşdirilməsi kimi çoxmilyonlu gəlir mənbəyi BŞİH-in əlindən alınıb. Nəticədə bu ilin yanvarında Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olan Reklam və İnformasiya İdarəsi ləğv olunduğunu elan edib.

2016-cı ildə həmçinin BŞİH-in nəzdində olan parkinqlər özəlləşdirilməyə çıxarılıb. Bunlardan biri Azadlıq meydanındakı, digəri isə Füzuli küçəsindəki (Qış bağının altındakı) yeraltı avtomobil dayanacaqlarıdır. Hər iki kifayət qədər gəlirli parkinq 2014-cü ildən məhz BŞİH-in nəzdində fəaliyyət göstərirdi.

Bundan əlavə, Bakı şəhəri üzrə parkinqlərə və duracaq yerlərinin təşkili üçün parkomatlara nəzarət BŞİH-dən alınaraq Bakı Nəqliyyat Agentliyinə həvalə olunub. Paytaxtda avtobus marşrutlarını müəyyən etmək, duracaqlar yaratmaq, taksi fəaliyyəti ilə bağlı məsələlər də BŞİH səlahiyyətlərindən çıxarılıb.

Nəhayət, bu ilin avqustunda prezidentin daha bir fərmanı ilə Bakı “hökuməti”nin ən ciddi rıçaqlarından biri olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib.

Fərmana əsasən, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir.

Beləliklə, BŞİH-in əsas gəlir mənbələri olan böyük sahələr ondan alınıb. Belə bir şəraitdə E.Əzizov nə edə biləcək? Bakı həyatında nələri dəyişməyə nail ola bilər?

Paytaxt təsərrüfatına yaxından bələd olan, Bakı Baş Tikinti İdarəsinin rəisi və Bakı Şəhər Soveti sədrinin 1-ci müavini vəzifəsində işləmiş Əzim Məsimov bildirir ki, Bakı şəhər hakimiyyətinin əksər səlahiyyətləri, fəaliyyət sahələri əlindən alınıb: “Paytaxt şəhərini idarə edən qurum faktiki olaraq ”ikinci hökumət" sayılır. Bu, sovet dövründə də belə olub, indi də dünya ölkələrində belədir. Şəhərin bütün təsərrüfatı - polisindən tutmuş, vergisinə, kanalizasiyasına qədər - bu hökumətə tabe olmalıdır. Vaxtilə belə idi, amma yavaş-yavaş hər şey alınıb. Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin quru adı var. Bələdiyyənin adı var, özü yoxdur. İcra hakimiyyətinin isə əksər fəaliyyət sahələri əlindən alınıb".

Mütəxəssis deyir ki, Bakı “hökuməti”nin nəyəsə nail olması üçün ilk növbədə normal səlahiyyətləri olmalıdır: “Deyirlər ki, tutalım, Əhmədlidə bir binanın zirzəmisinə su dolub, ”Azərsu" gəlib həll etsin. Axı bunun “Azərsu”ya nə aidiyyəti? Bina kimin balansındadırsa, bu işə də o baxmalıdır. Şəhərin yol təsərrüfatını alıblar, su təsərrüfatını alıblar. Hərəsi bir qurumdadır, ona görə də hər şey baş-ayaq gedir. Kim harada istəyir orada tikir, kim istəyir sökür. Şəhərin baş planını hələ də hazırlamayıblar. 20 ilə yaxın Bakıya rəhbərlik edən adam buna nail ola bilməyib.

Bakı “hökuməti”nin səlahiyyətləri bərpa olunmalıdır. İlk növbədə şəhərin baş planı hazırlanmalıdır. İkinci növbədə isə şəhərin strukturu qurulmalıdır. Bakının hüquqi statusu dəqiqləşməlidir, bunsuz şəhərin fəaliyyət göstərməsi mümkün deyil. Belə dağınıqlığın nəticəsidir ki, məsələn, Xocasəndə bütün dağ yamacını tikiblər. Bakı ətrafında ikinci şəhər böyüklüyündə yaşayış massivləri salınıb - heç bir plansız. Kim tikib, kim imkan yaradıb belə biabırçılığa? Heç yerdə də kanalizasiya çəkilməyib, indi qalıblar sürüşmələrin əlində. Hələ bir Yaponiyadan alim gətirirlər problemi həll etmək üçün. Bu, nə işdir ki, Azərbaycanda onu bilən yoxdur?"

Ə.Məsimovun fikrincə, əvvəlki səlahiyyətləri bərpa olunmasa, BŞİH-in yeni rəhbərinin nələrsə əldə etməsi mümkün deyil.
“Yeni Müsavat”


Paylaş:


Müəllif : Tarix:
20-11-2018, 13:41
  


loading...
Загрузка...