X
“Nurgun Holding” işə qəbul elanı ilə avtomobil satır? – ARAŞDIRMA » Regionxeberleri.com “Nurgun Holding” işə qəbul elanı ilə avtomobil satır? – ARAŞDIRMA » Regionxeberleri.com

reklam
» » “Nurgun Holding” işə qəbul elanı ilə avtomobil satır? – ARAŞDIRMA

reklam

“Nurgun Holding” işə qəbul elanı ilə avtomobil satır? – ARAŞDIRMA

Bu günlərdə bəzi saytlarda yayılan bir vakansiya elanı LEGİON-un diqqətini çəkdi.

Belə ki, “Nurgun Holding” sürücü fəaliyyəti üzrə işə qəbul elan edib və öz elanında namizədlər üçün gündəlik ödəniş, habelə, qabaqcadan depozit şərti qoyub.

Elanda deyilir: “Sürücülük vəsiqəsi, iş təcrübəsi olan və Bakı şəhərini yaxşı tanıyan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi aprel ayının 9-dur.

Şərtlər: Avtomobil şirkət tərəfindən təmin edilir. Gündəlik olaraq avtomobil üçün 30 manat əlavə ödəniş etmək (avtomobilin ödənişi bitdikdən sonra sürücüyə qalacaq). İlkin olaraq 1000 manat depozit qoymaq”.

Elanda həmçinin qeyd olunur ki, namizədlər ancaq 25-45 yaşları arasında, məsuliyyətli, dəqiq, ciddi, səliqəli olmalıdırlar: “CV göndərərkən mövzu qismində “Sürücü” sözünün yazılması mütləqdir”.

LEGİON-a maraqlı gəldi, bu elanda söhbət vakansiyadan gedir, yoxsa, kredit üsulu ilə avtomobil satışından söz açılır? Ümumiyyətlə, hər hansı şirkətin işə götürdüyü şəxslərdən depozit tələb etməsi nə dərəcədə qanunauyğundur?

Xatırladaq ki, bu günlərdə “Mətanət A”nın sabiq satış meneceri Fəxri İsmayılov dövlət başçısına müraciət edərək, şirkət rəhbərliyinin onun maaşından hər ay “depozit” adıyla pul tutmasını, mənzilini də “DəmirBank”a girov qoynmasını qeyd etmişdi. “Mətanət A” şirkəti bu məlumatı təkzib edib və Fəxri İsmayılovun şikayətlərini işıqlandıran Qafqaz Xəbər Agentliyinə və F.İsmayılova qarşı iki milyon manatlıq (!) məhkəmə iddiası qaldırıb.

Biz “Nurgun Holding”in qeyri-adi “iş elanı” ilə bağlı hüquqşünas, Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov bildirdi ki, hər hansı şəxsi işə götürərkən, ondan depozit tələb etmək qanunsuzdur: “Ölkədə işəgötürənlə işçi arasındakı münasibətlər Əmək Məcəlləsiylə tənzimlənir. Əgər “Nurgun Holding” avtomobilə görə depozit tələb edirsə, elə əmək müqaviləsi depozitdir. Güman ki, onlar bu “vakansiya”ya dair əmək müqaviləsi yox, başqa bir müqavilə imzalayacaq, maşının pulunu hissə-hissə alacaqlar”.

İlqar Abbasov indiyədək belə bir “işə qəbul” ilə üzləşmədiyini qeyd etdi: “Görünən odur ki, bu, faktiki avtomobil satışıdır, amma adını “işəgötürmə” qoyublar”.

Hüquq müdafiəçisi, Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, şirkət işçiyə etibar etdiyi nəqliyyat vasitəsinə dair, işçi ilə mülki müqavilə bağlaya bilər: “Lakin ondan depozit tələb etmək düz deyil. Əmək müqaviləsində də depozitdən söz açılmır. Hətta şirkətin avtomobili əsasında həyata keçirilən işlərdə mülki-hüquq müqaviləsi yox, əmək müqaviləsi bağlanmalıdır. Əgər vətəndaş öz avtomobilində xidmət göstərirsə, o zaman, sürücü əmək müqaviləsi bağlamadan, mülki xidmət müqaviləsi bağlaya bilər”.

Əmək hüquqları mütəxəssisi, hüquqşünas Azər Quliyev də işçilərdən depozit tələb olunmasını qanunsuz hesab edir.

“Mən bilmirəm, o şirkət hansı formada müqavilə bağlayır, işçilərlə münasibəti hansı əsaslarla tənzimləyir. Lakin əmək qanunvericiliyində depozit tələb etmək ziddir. Mən sizin dediyiniz elandakı kimi bir halla, “işəgötürmə” ilə üzləşməmişəm”.

Biz məsələyə aydınlıq gətirmək üçün “Nurgun Holding”in mövqeyini də öyrənməyə çalışdıq.

LEGİON əməkdaşı nurgun.az saytında yerləşdirilən 447-33-66, 447-00-81 ofis nömrələrinə dəfələrlə zəng etsə də, əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz qaldı.


Paylaş:


Müəllif : Tarix:
27-03-2017, 09:01
  


loading...