reklam
» » İki ildir istifadəyə verilən binanın lifti işləmir - PROBLEM

reklam

İki ildir istifadəyə verilən binanın lifti işləmir - PROBLEM

Paytaxtda növbəti hündürmərtəbəli bina qalmaqalı... Bu dəfə Bakının Xətai rayonu Babək prospekti-94 ünvanındakı görünüşü ilə göz oxşayan 15 mərtəbəli binanın sakinləri min bir zəhmət bahasına aldıqları şəxsi mənzillərində yaşamaq istəmirlər.
 
Son 6 ildə Bakıda 700-dən artıq hündürmərtəbəli bina tikilərək sakinlərin istifadəsinə verilib. Buna baxmayaraq, əksər binaların sakinlərinin şikayətləri bitib tükənmək bilmir ki, bilmir. Səbəblər müxtəlif olsa da, nəticə eynidir. Yəni MTK-lar sakinlərin qarşılaşdıqları problemləri nəinki həll etmir, hətta eşitmək belə istəmirlər.
 
"Gövhər" MTK-nın tikib artıq sakinlərin istifadəyə verdiyi binanın sakinləri də evləri olmasına baxmayaraq, Bakının müxtəlif rayonlarında kirayədə yaşayırlar. Səbəb isə...
 
Cəmilə Həsənova Bakək prospekti-94 ünvanındakı 6-cı binanın sakinidir. İki ildir 15-ci mərtəbədə yeni aldığı mənzilində yaşayır. Əgər buna yaşamaq demək mümkünsə: "Düz iki ildir köçmüşəm. 15-ci mərtəbədə yaşayıram. Düz iki ildir hər ay binanın lift probleminin həll olunacağını deyirlər. Bu aydan o aya ümidlə yaşayırıq. 15 mərtəbəyə lift quraşdırılması bu qədər çətindirmi? Yəni əgər liftsiz yaşamaq mümkündürsə, onda digər binalarda da lift qurulmasın. Düz iki ildir 15-ci mərtəbəyə çıxıb düşürəm, evimdə ağır xəstəm var. Evimə lazımi bazarlıq belə edə bilmirəm".
 
Fatma Quliyeva 15 mərtəbəli binanın 14-cü mərtəbəsindən ev alıb: "Düz bir ildir bu binada yaşayıram. MTK sədri hər ay liftin bu gün-sabah işləyəcəyi ilə bağlı vəd verir. Binanın giriş blokları bərbad durumdadır. Heç bir şərait yoxdur yaşamağa. Pul verib ev almışıq, yaşaya bilmirik".
 
Gülşən Eldarova da bina sakinidir. Ev alsa da, şəraitsizlikdən anasının evində yaşayır: "Dəfələrlə demişik ki, blokun qapısı belə yoxdur. İçəri dolan zibillərin əlindən yuxarı qalxmaq mümkün deyil. Kommunal xidmətləri çox bahadır. Binanın yarısına qaz verilib, yarısına yox".
 
Nazim Əsədov 2017-ci ilin dekabr ayında yeni aldığı mənzilə köçüb: "Ötən ilin fevralında "Gövhər" MTK-nın rəhbərliyi mənimlə müqavilə imzaladı ki, bina hazırdır, təmir et və gəl yaşa. Olan qalanımı topladım, hətta bankdan kredit götürüb təmiri bitirdim və köçdüm. Düz bir il ötür, amma sakinlərin rahatlığı və təhlükəsizliyi ilə bağlı heç bir iş görülməyib. Dedilər, 3-4 aya tam hazır olacaq. Mən də inandım. Gördüyünüz kimi, bu yaşayış binası natamam tikilidir. Bir ədəd lifti insanların başını aldatmaq üçün gətirib qoyublar həyətə, quraşdıran şirkət deyir ki, pulumu versinlər, mən də sizi liftlə təmin edim".
 
Bundan başqa, pilləkənlərdə məhəccərlər, lift üçün nəzərdə tutulan şaxtaların qapısı belə yoxdur. Yəni hər anı təhlükəli olan yaşayış binasının qarşısı isə bir növ baxımsız ərazini xatırladır. Daş, çınqıl, qum, istifadəyə olunmayan lift qutusu və s...
 
"Gövhər" MTK-nın təsisçisi Eldar müəllimlə görüşüb problemlərin nə vaxt həll olunacağı ilə maraqlanmaq istədik. Görüşdük, amma o, müsahibə verməkdən imtina etdi. Dedi ki, bina hələ tamamlanmayıb, sakinlərin problemi isə bina tam istifadəyə verildikdən sonra həll edilə bilər. O ki, qaldı Eldar müəllimin düz iki ildir aydan-aya həllini uzatdığı problemlərə, təsisçi deyir ki, mənim bacardığım budur, sakinlər oturub gözləsinlər. Yəni "burda mənəm, Bağdadda kor xəlifə". Nə deyirik, gözləyək...



Paylaş:


Müəllif : Tarix:
15-05-2018, 16:26
  


loading...