reklam
» » Cahangir Hacıyevi Londondan da vurmağa başladılar – mülklərinə həbs qoyulur

reklam

Cahangir Hacıyevi Londondan da vurmağa başladılar – mülklərinə həbs qoyulur

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri, 15 illik həbsə məhkum olunmuş Cahangir Hacıyevə qarşı yeni cinayət işi başlanmasına dair məlumatlardan sonra onun Böyük Britaniyada yaşayan xanımının da işinin dolaşdığı məlum olub.

Xatırladaq ki, C.Hacıyevin barəsində yenidən cinayət işinin qaldırılacağına dair “Yeni Müsavat” bir neçə ay əvvəl məlumat vermişdi. Belə ki, bu ilin yanvarında onun ən yaxın adamlarından hesab olunan Emin Sadiq qonşu ölkələrdən birində yaxalanıb və Bakıya ekstradisiya olunub. İstintaqın versiyasına görə, E.Sadiq Cahangir Hacıyev və Beynəlxalq Bank işi üzrə əsas fiqurantlardan biridir, bankın talanmasına yönəlmiş maliyyə maxinasiyalarının birbaşa iştirakçısıdır. E.Sadiq konkret olaraq Qazaxıstanda neft yatağının istismarına yönəlmiş investisiyanın mənimsənilməsində ittiham olunur. Söhbət Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva” tərəfindən ayrılmış 60 milyon dolların mənimsənilməsindən gedir. Habelə E.Sadiq “MBA-Moskva” bankına veksellərin satışında dələduzluq əməlinə yol verib.

Maraqlıdır ki, elə yanvar ayında hüquq-mühafizə orqanları sabiq milli təhlükəsizlik naziri, C.Hacıyevin qudası və biznes şəriki Eldar Mahmudovun ortaqlarından biri Sahib Ağayevi də Qazaxıstanda saxlayaraq, Bakıya gətiriblər.

İndi isə Beynəlxalq Bankdakı mənbələrin məlumatına görə, sabiq rəhbər C.Hacıyev bu dəfə də mənimsəmədə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Xəbərə görə, C.Hacıyev bankın Moskva filialındakı yeyintilərlə bağlı dindirilir. Onun həmin filialda maxinasiya edərək dövlətin və bankın pulunu öz şəxsi mənafeləri üçün mənimsədiyi iddia olunur. Hazırda istintaq bankdakı sənədlər və pul köçürmələri əsasında araşdırmanı davam etdirir.

C.Hacıyevin vəkili Aqil Layıcov “Yeni Müsavat”a açıqlamasında istintaq orqanından ona müdafiə etdiyi şəxs barəsində yeni cinayət işinin qaldırılmasına dair məlumat verilmədiyini bildirib: “Bu günə qədər mənə belə məlumat verilməyib”.

Bu günlərdə isə Böyük Britaniyanın məşhur “Daily Mail” qəzeti Azərbaycanla bağlı maraqlı yazı dərc edib. Yazıdan aydın olur ki, Londonda yaşayan bir azərbaycanlı qadına qarşı iş qaldırılıb. Buna səbəb onun “Harrods” adlı ticarət mərkəzində 10 il ərzində 16 milyon funt sterlinq dəyərində alış-veriş etməsinin aşkara çıxarılmasıdır. Bu məlumatı əldə edəndən sonra qadınla bağlı araşdırma aparan Böyük Britaniya Milli Cinayət Agentliyi müəyyən edib ki, bu şəxsin Londonda iki mülkü var və onların dəyəri 22 milyon funt sterlinqdir.

Milli Cinayət Agentliyi bu il korrupsiya və çirkli pullarla mübarizə ilə bağlı qəbul olunmuş qərara uyğun olaraq bu addımı atıb. Agentlik bu məsələ ilə bağlı Ali Məhkəməyə müraciət edib və məhkəmə artıq araşdırma prosesinə başlayıb.

O da bəlli olub ki, qadının əri xarici ölkədə bankir kimi fəaliyyət göstərib və hazırda həbsxana həyatı yaşayır. Milli Cinayət Agentliyi müəyyən hüquqi səbəblərdən hələlik qadının adını elan etməyib. Londonda 22 milyon funt sterlinqlik daşınmaz əmlakı olan bu qadın əmlakın qanuni gəlirlə əldə edilməsini sübut edə bilməsə, onların müsadirə ediləcəyi gözlənilir.

Milli Cinayət Agentliyi hesab edir ki, qadına məxsus bu iki evi onun əri bankirlik edərkən qanunsuz yolla əldə edib.

Araşdırmalar nəticəsində müəyyən olunub ki, 55 milyon funt sterlinqlik varidatı olan bu ailə 10 il əvvəl Böyük Britaniyada investor vizası alıb.

Milli Cinayət Agentliyini məhkəmədə təmsil edən Conatan Xoll bildirib ki, “qadın 10 il ərzində ”Harrods" ticarət mərkəzində 16 milyon funt sterlinq pul xərcləyib və bu məbləğin necə əldə edildiyini müəyyənləşdirmək istəyirik".

Bankirin xanımı məhkəməyə təqdim etdiyi izahatda ərinin bu pulları uğurlu biznes fəaliyyəti nəticəsində əldə etdiyini iddia edib. Milli Cinayət Agentliyinin nümayəndəsi qadının izahatında irəli sürdüyü fikirlərlə razı olmadıqlarını deyib. Buna səbəb onların qadının dövlət bankında işləmiş ərinin uğurlu biznes fəaliyyəti ilə bağlı internet məlumatlarını tapa bilməmələridir.

Cənab Xoll deyir ki, adam uğurlu biznesmen idisə, niyə onun belə fəaliyyəti ilə bağlı açıq mənbələrdə heç nə yoxdur?

Qadının vəkili Ceyms Lyuis Milli Cinayət Agentliyini müdafiə etdiyi şəxsin əri haqqında həqiqətə uyğun olmayan mövqedə günahlandırır. Vəkil bildirir ki, qadının əri doğrudan da uğurlu iş adamı olub. Lyuis onu da qeyd edib ki, qadının əri ölkəsində ədalətsiz məhkəmə hökmü nəticəsində həbsxanadadır. Vəkil hesab edir ki, qadının əri nə qədər ki, həbsxanadadır, əmlakın qanuni gəlirlə əldə edilməsini sübut edə bilməz. Bunun üçün onun ərinin azadlıqda olması lazımdır.

Virtualaz.org-un əldə etdiyi məlumata görə, məqalədə söhbət Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevdən və onun həyat yoldaşı Zamirə Hacıyevadan gedir.

Xatırladaq ki, Britaniyada son vaxtlar “çirkli pullar”la mübarizə tədbirləri daha da sərtləşdirilib. Böyük Britaniya hökuməti hələ ötən ilin aprel ayında korrupsiya ilə mübarizə çərçivəsində dünyada ilk dəfə olaraq oliqarxların daşınmaz əmlakının xüsusi reyestrini yaratmaq qərarı vermişdi. Bu ilin yanvarında isə Cinayətkarlıqla Milli Mübarizə Agentliyinə verilən yeni səlahiyyətlər bu ölkəyə gəlmiş istənilən şübhəli aktivləri təftiş etməyə imkan verir. Mənşəyi bəlli olmayan mülk haqqında qanun bu ilin yanvar ayında qəbul edilib. Qanun şübhəli bilinən şəxslərdən aktivlərinin mənşəyini qeyd etməsini tələb edir. Həmçinin bu ölkəyə 50 min funt sterlinqdən artıq sərmayə qoyanlar onun mənbəyini göstərməlidirlər.

Qanun qəbul olunarkən “Yeni Müsavat” olaraq onun tətbiqinin Böyük Britaniyada varidatı olan azərbaycanlı oliqarxları, məmur yaxınlarını da çətin duruma salacağını qeyd etmişdik. Son hadisələr göstərir ki, artıq proses başlanıb.

Xatırladaq ki, ötən il sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun da Londonda dəyəri milyonlarla dollar olan mənzil aldığı xəbəri yayılmışdı. Xəbərdə deyilirdi ki, Londonun mərkəzində tikilmiş çox bahalı “One Hyde Park” yaşayış kompleksində mənzil sahiblərindən biri də Anar Məmmədovdur. Təxminən 1,7 milyard dollara başa gələn dünyaca məşhur dəbdəbəli kompleksdə mənzillərin kvadrat metri 100 min dollardan başlayır. Kompleksdə ən ucuz mənzilin dəyəri 29 milyon dollardır.

Baş nazirin keçmiş müavini İsmət Abbasovun da oğlu üçün Londonun dəbdəbəli Doklands məhəlləsində çoxmənzilli 2 mərtəbədən ibarət böyük və lüks bir penthaus malikanə aldığı barədə dəfələrlə xəbərlər yayılıb. Bildirilir ki, bu mülk üçün 1,4 milyon funt-sterlinq ödənib.

Onu da qeyd edək ki, Böyük Britaniya, London yalnız Azərbaycandan deyil, dünyanın əksər ölkələrindən olan oliqarxların seçim yeridir. Dünyada “ofşorlar anası” kimi tanınan Britaniya vergidən azad “cənnətləri” ilə tanınır. Buna görə də varidatını qanundan yayındırmaq istəyən şəxslər dünyanın hər yerindən bu ölkəyə axışırlar. Lakin son zamanlar başladılan proseslər, çirkli pullara, şübhəli mülklərə dair araşdırmalar çoxlarının canına qorxu salıb, yerlərini narahat edib.

Londonda Z.Hacıyevanın mülkləri və xərcləmələri ilə bağlı başladılan prosesdə Azərbaycan hakimiyyətinin də rolunun olması mümkündür. Belə ki, bu proses C.Hacıyev-E.Mahmudov tandeminin Qərb qolunun sıradan çıxarılması əməliyyatının tərkib hissəsi sayıla bilər. Azərbaycanın hüquq-mühafizə orqanlarının əlində Hacıyevlərin Britaniya mülklərinin qanunsuz əldə olunmuş pullarla alındığını sübuta yetirəcək dəlillər yetərincədir. Nəzərə alsaq ki, Z.Hacıyeva Beynəlxalq Bank işi üzrə əsas firuqantlardan, bankdakı maliyyə fırıldaqlarına dair çox məlumatlı şəxslərdən biridir, Azərbaycan hakimiyyətinin əlindəki dəlilləri həvəslə Britaniya hüquq-mühafizə orqanlarına təqdim edəcəyini söyləyə bilərik.

Hüquqşünas Əkrəm Həsənov hesab edir ki, C.Hacıyevə qarşı yeni cinayət işinin qaldırılması mümkündür: “Xüsusən də Moskva filialı ilə bağlı belə bir cinayət işinin qaldırılması realdır. Bilirsiniz, Moskva filialının fəaliyyətindəki problemləri, yol verilən qanunsuzluqları araşdırmaq üçün müəyyən müddət tələb olunurdu. Hər hansı bir işi bağlayanda, orada baş verən qanunsuzluqları daha rahat aşkara çıxarmaq olur. Bu baxımdan, Moskvadakı filialın işi üzrə yeni faktlar əsasında cinayət işinin başlanması mümkündür. Düzünü deyim, birinci cinayət işi başlananda mən təəccüblənirdim ki, ittihamlar elə bu qədərdir? Mən özüm uzun müddət bank sistemində işləmişəm, Beynəlxalq Bankda hansı qanunsuzluqların baş verdiyini hamı bilirdi”.

Hüquqşünas deyir ki, Azərbaycan hüquq-mühafizə orqanları qanunsuz gəlirlər hesabına əldə olunduğunu isbatlayan dəlillər təqdim edərlərsə, Hacıyevlərin Böyük Britaniyadakı mülklərini geri ala bilərlər: “Əvvəla, qeyd edim ki, C.Hacıyev kimi tədbirli insanlar əmlakı, vəsaitləri öz adlarına saxlamırlar. Hansısa ofşorlarda qeydiyyatdan keçən şirkətlərdən istifadə edirlər. Bu baxımdan, C.Hacıyevin adına nəyinsə olacağını gözləmirəm. Amma yoldaşının adına nəsə varsa və mənşəyi araşdırılırsa, ilk növbədə ona qarşı burada cinayət işi açılmalıdır. Bu iş çərçivəsində dəlillər Britaniyaya təqdim oluna bilər. Sübutlar yetərli olsa, qarşı tərəfi qane etsə, əmlakı geri almaq mümkün olar. Lakin birdəfəlik bilmək lazımdır ki, heç bir halda dövlətə vurulan zərəri tam bərpa etmək mümkün deyil. Çünki talanan pulların bir xeyli hissəsi xərclənib, ofşorlara yatırılıb və sair. Amma bütün bunlara rəğmən, bu istiqamətdə işlərin davam etdirilməsi mütləq lazımdır”.

Onu da qeyd edək ki, Hacıyevlərin işi Azərbaycan hakimiyyətində təmsil olunaraq milyonlar qazanan digər məmurlar üçün də ibrət dərsi sayıla bilər: hara getsələr də, əvvəl-axır ölkəyə qaytarılacaqlar.

“Yeni Müsavat” bu məqamda biznesmen Hüseyn Abdullayevin işini xatırladır. Avropaya üz tutmasına rəğmən hakimiyyət onu İstanbulda tutaraq ölkəyə gətirməyi bacardı. Bəzi məlumatlara görə, onun həbsində yalnız siyasi mövqeyi deyil, sahibi olduğu 1 milyard dollara yaxın varidatı da mühüm rol oynayıb. Bu qədər pulun Hüseyn Abdullayev kimi proqnozlaşdırılmayan bir adamın nəzarətində qalması, təbii ki, istənilən hökuməti rahatsız edərdi. Hazırda həmin varidatın böyük bir qisminin H.Abdullayevin anası Zeynəb Abdullayevanın adına olduğu deyilir. Xatırladaq ki, Zeynəb Abdullayeva 2016-cı ildə Azərbaycanı gizli şəkildə, qanunsuz yolla tərk edib.
“Yeni Müsavat”


Paylaş:


Müəllif : Tarix:
1-08-2018, 09:16
  


loading...
Загрузка...