» » “İnter” Ramazanovu niyə buraxdı, Abışovu necə saxladı?

“İnter” Ramazanovu niyə buraxdı, Abışovu necə saxladı?

 
Səbuhi Məmmədov: “Ağabalanı saxlasaydıq, nə özü qazanacaqdı, nə də biz” “İnter” mövsümün ilk yarısında olduqca yaxşı çıxış etdi. Çempionatda keçirdiyi 14 matçda 9 qələbə qazanan, 4 dəfə rəqibləri ilə heç-heçə oynayan və yalnız 1 görüşdə məğlub olan “bankirlər” ölkə kubokunun da yarımfinalına adlayıb. Amma əsas hədəfi avrokuboklar zonasında düşmək olan bakılıların işi mövsümün ikinci yarısında asan olmayacaq. Buna səbəb isə komandaya tətbiq olunan transfer qadağasıdı. Paytaxt klubu iki “transfer pəncərəsi” dönəmində heyətinə yeni oyunçu cəlb edə bilməyəcək ki, bu da komandanın rəqiblərə nisbətən zəifləməsinə səbəb olacaq.

Daha doğrusu, rəqiblər heyətini gücləndirə biləcək, “İnter” isə bundan məhrumdu. Odu ki, qışda həm rəhbərliyin, həm də məşqçilər korpusunun qarşısında duran əsas məqsəd heyəti qorumaq idi. Çünki bu, avrokuboklara getmək üçün hava-su kimi vacibdi. Bunu dəfələrlə baş məşqçi Zaur Svanadze və klub rəsmiləri də açıqlamalarında bildirmişdilər. Futbolçular da “İnter”ə sadiq qalacaqları, qışda komandadan ayrılmayacaqları haqda dəfələrlə ağızdolusu danışmışdılar. Amma klub rəhbərliyi bunu tam bacarmadı. Görünür, bəzi futbolçular da vədlərinə əməl etməyəcək. Belə ki, srağagün klubda ilk ayrılıq baş tutdu. Heyətin əsas simalarından biri, yığma üzvü, son vaxtlar əla formada olan Ağabala Ramazanov müqavilə müddəti bitməmiş komandadan ayrıldı. O, “Qarabağ”a transfer olundu.

Yayda “Sumqayıt”dan ayrılandan sonra “İnter”lə 1 illik müqavilə bağlayan və keçirdiyi 16 oyuna 5 qol vuran hücumameyilli yarımmüdafiəçi bakılılara sadiqlik nümayiş etdirmədi. Maraqlıdı ki, bu keçiddən “İnter” heç nə qazanmayıb. Bəli, Svanadze ötən sayımıza açıqlamasında bunu təsdiqləmişdi. İndi isə sual yaranır: niyə həmişə peşəkarlığı ilə seçilən “İnter” əsas oyunçularından birini pulsuz buraxmalıdı? Axı bu hansı məntiqə, hansı peşəkarlığa sığır? Ola bilər ki, Ağabalanın müqaviləsində 6 aydan sonra anlaşmanın qarşılıqlı razılıq əsasında ləğv olunması haqda bənd var. Amma bu ona əsas vermir ki, klub istedadlı oyunçusunu kiməsə bağışlasın.

Özü də çempionatdakı əsas rəqiblərindən birinə. Məsələ ilə bağlı “İnter”in rəsmi mövqeyini klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovdan öyrəndik: “Ağabala kimi futbolçunu heç kim elə-belə klubdan buraxmaq istəməz. O, dəfələrlə rəhbərliyə və baş məqçiyə getmək istədiyini bildirdi. “İnter”də qalmaq istəmirdi. Deyirdi ki, təkliflər var, getmək istəyirəm. Bu səbəbdən də qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdik. Bəli, çoxları Ramazanovu havayı buraxdığımıza görə bizi qınayacaq. Amma “İnter” centlmenlik etdi. Tutaq ki, klubu sevməyən bir oyunçunu saxladıq. Sabah o bizə nə verəcək? Məşqlərdə, oyunlarda özünü doğrultmayacaq. Onu saxlasaydıq, nə özü qazanacaqdı, nə də biz. Yəni əsas məsələ futbolçunun istəyidi. İstək olmayandan, özü istəməyəndən sonra tərəflərin qazancı heç nə olacaq”. Komandanı tərk etmək üzrə olanlardan biri də Ruslan Abışov idi. “İnter”ə keçəndən sonra özünü yaxşı tərəfdən göstərən, cari mövsüm meydana çıxdığı 16 görüşdə 7 qol vuran yarımmüdafiəçi “Neftçi”nin diqqət mərkəzində idi. Deyilənə görə, “ağ-qaralar” həm yarımmüdafiədə, həm də müdafiənin mərkəzində oynamaq bacarığına sahib 29 yaşlı futbolçuya “İnter”dən qat-qat çox məvacib təklif edib. Çoxları Abışovun böyük məbləğə klubu dəyişəcəyini gözləyirdi.

Çünki Ruslanın pula hərisliyi hələ “Xəzər Lənkəran”a, ardınca isə “Qəbələ”yə keçidlərindən sonra hamıya məlumdu. Niyə indi “Neftçi”yə gedib artıq qazanmasın ki?! Amma Abışov komandada qalmağa üstünlük verdi. Əldə etdiyimiz məlumata görə, Ruslan məvacibinin müəyyən qədər qaldırılması şərti ilə “İnter”də qalıb. Ağabalanın gedişindən sonra rəhbərlik Abışovun istəyini yerinə yetirib və pulunu artırıb. Amma Səbuhi Məmmədov bunu təkzib etdi: “Srağagün klubun yeni prezidenti Azər Əliyev komanda ilə görüşüb, qış planları, gələcək perspektivlər haqda söhbət edib. Həmin vaxt Ruslan Abışovun meneceri, qardaşı Sərxan da burda idi. Onlar rəhbərliklə görüşüb, məsələni müzakirə etdilər. Abışov özü komandada qalmaq istədiyini bildirdi. Müqaviləsi elə əvvəlki kimidi. Bildiyimə görə, Ruslanın məvacibində hansısa dəyişiklik olmayıb. Artıq “İnter”i hansısa oyunçu tərk etməyəcək. Biz təlim-məşq toplanşına hazırlaşırıq. Yanvarın 10-da Antalyaya gedəcəyik”.




Paylaş:


Müəllif : Tarix:
8-01-2017, 23:21
  
loading...