reklam
» » Azərbaycanlı şagirdlər “İnfomatrix-2018” yarışmasında 2 qızıl medal qazanıblar

reklam

Azərbaycanlı şagirdlər “İnfomatrix-2018” yarışmasında 2 qızıl medal qazanıblar

10-13 may tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə “İnfomatrix-2017” beynəlxalq kompüter layihələri üzrə yarışlar keçirilib.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Azərbaycanı mötəbər yarışlarda Gəncə şəhər “İstək” liseyi, Akademik Zərifə Əliyeva adına lisey və “Kaspi” liseyinin şagirdləri təmsil edib.

Azərbaycanlı şagirdlər 11 kateqoriya üzrə 2 qızıl medal qazanıblar.

Gəncə şəhər “İstək” liseyinin kompüter müəllimi Zaur Balaqadəşov “Report”a açıqlamasında bildirib ki, təmsil etdiyi məktəbin komandası 1 qızıl və 1 gümüş medal qazanıb. Mini Sumo-Robotics kateqoriyası üzrə layihə iştirakçıları olan şagirdlər sözügedən kateqoriya üzrə “Best of Best” seçilməklə 1000 ABŞ dolları məbləğində mükafata da layiq görülüblər.

“İstək” liseyi olaraq bu yarışmada ölkəmizi uğurla təmsil etdik. Belə qələbələr onların gələcək həyatlarındakı uğurlara bir qapı açacaq. İyun ayında ABŞ-da keçiriləcək “Genius” olimipadasında şagirdlərimiz də iştirak edəcək və inanıram ki, medallar qazanaraq ölkəmizi layiqincə təmsil edəcəyik”, - deyə Z. Balaqadəşov əlavə edib.

Akademik Zərifə Əliyeva adına liseyin İKT üzrə direktor müavini Kərim Tahiroğlu isə bildirib ki, əvvəlki illərlə müqayisədə bu il liseyin şagirdləri daha yüksək nəticələr əldə edib.

“Proqramlaşdırma kateqoriyası üzrə iki komandamız bürünc medal qazandı, lego sumo - robotexnika kateqoriyasında isə bir komandamız qızıl, digəri isə bürünc medallar əldə etdilər. Nəticə etibarı ilə uşaqlar üçün bir şansdır, öz layihələrini işləyib hazırlaya bilirlər. Gələcəkdə öz ixtisasları ilə bağlı bacarıq və vərdişlər əldə edə bilirlər, öyrəndiklərinin real həyatda tətbiq etməyi bacarırlar, bu kimi yarışları bu baxımdan böyük bir əhəmiyyət kəsb edir”, - deyə K. Tahiroğlu qeyd edib.

“Kaspi” liseyinin xarici əlaqələr üzrə rəhbəri Sahil Əliyev isə lisey şagirdlərinin bu yarışmada əldə etdiyi nəticələri yüksək qiymətləndirib:

“Liseyimiz 12 şagird və 7 layihə ilə yarışmaya qatılıb. “Hardware control” və “Programming” kateqoriyaları üzrə ümumilikdə 5 gümüş və 7 bürünc medal qazandıq. Bu nailiyyətə çox sevinirik. Şagirdlərimizin hazırladıqlar “ağıllı zibil qutusu” layihəsi isə yarışmada daha çox diqqət çəkdi. Hətta Rumıniyanın bir çox aparıcı TV kanalları şagirdlərimizdən bununla bağlı geniş müsahibələr də aldılar”, - deyə S. Əliyev vurğulayıb.

Qeyd edək ki, “İnfomatrix -2018” beynəlxalq kompüter layihələri üzrə yarışlara 43 ölkədən 500-dən çox şagird 331 layihə ilə qatılıb.


Paylaş:


Müəllif : Tarix:
14-05-2018, 09:02
  


loading...
Загрузка...